vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
18:51 | 24 noyabr 2022 | Cümə axşamı Məqaləyə 740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xankəndi üçün Xerson planı

Qarabağı qan çanağına döndərmək istəyirlər

Təhməz ƏSƏDOV

Ermənistanın bir sıra informasiya resurslarında separatçı rejim daxilində kadr dəyişikliyi baş verdiyi və 9 “nazir”in işdən çıxarıldığı xəbəri yayılıb. Qarabağ separatçılarının lideri Araik Arutyunyanın niyə “nazirlərini” hansı səbəbdən qəfil istefaya göndərdiyi yavaş-yavaş gün üzünə çıxmağa başlayır.

Araik Arutyunyanın Moskvanın təlimatı ilə hərəkət etdiyi heç kəsə sirr deyil. Moskvanın Qarabağdakı əsas adamı isə təbbi ki, indiki halda Ruben Vardanyandır. Kreml Ruben Vardanyanı Araik Arutyunyanın yerinə hazırlamaqla Qarabağla bağlı planının etibarlı əllərdə olduğuna əmin olmaq niyyətindədir. Ruben Vardanyan isə Xankəndidə qondarma rejimin “rəhbəri” olmadan öncə öz komandasını formalaşdırmaq istiqamətində artıq real addımlar atmağa başlayıb.

Belə ki, separatçıların yeni “xarici işlər naziri” vəzifəsinə Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın gətiriləcəyi bildirilir. Nəzərə alsaq ki, Oskanyanın (Robert Köçəryan rejiminin xarici işlər naziri olub) iştirak etdiyi Azərbaycan-Ermənistan keçmiş Dağlıq Qarabağ münaqişəsi o dövrün danışıqlar mərhələsinin ən çətin dövrü hesab olunur, o zaman, keçmiş XİN başçısının hansı səbəbə qondarma rejimə eyni “vəzifəyə” gətirildiyini anlamaq çətin deyil. 

30 ildə Ermənistanın aqressiv xarici siyasət yürütməsi və keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həllinin “dalan”a dirənməsi üçün əllərindən gələni edənlər arasında Oskanyanın da “xidmətlərini” görməmək mümkün deyil. 

Rusiyanın “təyinatı” ilə baş tutan belə bir qərarın verilməsinin əsası səbəbi çox güman ki, Oskanyanın mövzunu mükəmməl bilməsi ilə bağlıdır. Belə görünür ki, Rusiya bölgədə erməni kartını əldən verməmək üçün Qarabağ variantını əldən buraxmaq istəmir və keçmiş “Qarabağ klanı”nın ən məşhur simaları Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq V.Osakyanın erməni ictimaiyyətində müəyyən qədər də olsa nüfuzunun qalması amilini nəzərə alıb. Ruben Vardanyanın bu məsələdə naşı olduğu nəzərə alan Moskva döyüşə qocaları qoşmaq niyyətindədir kimi görünür. 

Əgər iki ay əvvəl Nensi Pelosinin İrəvan səfərini xatırlasaq, Ermənistanda bu səfərlə bağlı “sürü düşüncəsinə” əməl etməyən tək-tük siyasət adamına rast gəlindi ki, onlardan biri də məhz Vardan Oskanyan oldu. Oskanyan həmən vaxt açıqlama verdi ki, “Ermənistan İran əleyhinə bəyanatlar platformasına çevrilməməlidir”. Əslində bu açıqlama io demək deyildi ki, haylar da anlamağa başlayıblar ki, “Pelosi-nənəsi” onları göz yaşlarına dolayıb, cəncələ salıb. Xeyr! Bu açıqlamada yenə Rusiya amili ön plana çıxır. Rusiya V. Oskanyan vasitəsilə erməni cəmiyyətinə xəbərdarlıq edirdi ki, bu Amerikanın sizin üzərinizdən qurduğunuz bir oyundur.

Əslində, Nikol Paşinyanın son açıqlamalarından açıq sezilir ki, “rusiyalı” milyarder Ruben Vardanyanla olduğu kimi Vardan Oskanyan ilə də baş nazirin ulduzları barışmayacaq.

Təxminən iki ay əvvəldən Qarabağın Azərbaycanın tərkib hissəsi, suveren bir ərazisi kimi tanımağa hazır olduğunu bəyan etməyə başlayan Nikol Paşinyan ona qarşı istər ölkə daxilində ruspərəst müxalifət liderləri, istərsə də xaricdən olan təzyiqlərə cavab olaraq bütün vəziyyəti çılpaqlığı ilə ortaya qoydu:

“Kimi günahlandırmaq istəyirlər? Ermənistan “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb və onun müəllifləri Vardan Oskanyan və Robert Köçəryan, Serj Sərkisyan, eləcə də Edvard Nalbəndyan hakimiyyətə gəlmək üçün bunu şərt kimi qəbul ediblər. Robert Köçəryan da 1998-ci ildə hakimiyyətə gəlmək üçün ilkin şərt kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırmışdı. Serj Sarkisyan masanın üzərinə kapitulyasiya kağızı qoyub getdi. Biz Qarabağı Azərbaycandan qopara bilməyəcəyik. Sülh üçün Praqaya gedəcəm”.

Praqa səfəri və ondan sonrakı aqibət hər kəsə məlumdur. Öz istəyi ilə görüşdə tərəflərdən biri olmaq istəyən Emmanuel Makronun Praqadan sonra anti-Azərbaycan bəyanatları, əsassız iddiaları və Azərbaycanın ərazi bütövlüyünə təhdid xarakterli fikirləri Ermənistan baş nazirini bu dəfə Qərb üçün oynamağa vadar etdi. 

Elə bu səbəbdən də Rusiya artıq ipə-sapa yatmayan Paşinyanı cəncələ salmaq, götürdüyü öhdəlikləri əlində rıçaq edərək ona təzyiq göstərmək üçün Oskanyan kimi ciddi variantları gözdən keçirmək qərarını verdi kimi görünür.

Vardan Oskanyanın bu ilin 13-14 sentyabr döyüşləri ilə bağlı “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqaləsinə nəzər salsaq orada onun Ermənistan-Azərbaycan münasibətlərinin gələcək yol xəritəsi ilə bağlı Moskvanın baxışlarını görə bilərik.

O həmən məqalədə etiraf edib ki, “Azərbaycan ordusu Şuşaya girəndən sonra “bütün Artsaxı işğal etmək” bir neçə saatın işi idi. Yalnız Ermənistanın kapitulyasiya aktına qol çəkməsi vəziyyəti xilas etmişdi. Bununla da Oskanyan məhz sentyabrdakı lokal döyüşlərə görə Rusiyanın rəhbəri olduğu KTMT-ni onlara yardım etməməkdə, Azərbaycanın üzərinə qoşun yeritməməkdə tənqid və təhqir edən Nikol Paşinyana “Əgər Rusiya 44 günlük müharibə zamanı Şuşanın ardınca Azərbaycanı durdurmasaydı, səni kapitulyasiya sənədinə imza atmağa razı salmasaydı bu gün Xankəndi və sülhməramlıların müvəqqəti nəzarətindəki digər bütün ərazilərdə də hazırda Azərbaycan əsgərinin postları olacaqdı” mesajını verdi və bu ağır məğlubiyyətdən qismən qurtulduqları üçün Kremlə minnətdar olmalı olduqlarını işarə edir. 

Beləcə, Moskva növbəti dəfə Ermənistana adamı vasitəsilə “sənin xilaskarın mən oldum” demiş oldu.

Oskanyan həmən məqalədə onu da bildirib ki, Ermənistan “Dağlıq Qarabağla” bağlı mövqeyini dəqiqləşdirməlidir: “Dağlıq Qarabağ prosesinin gedişatı öz yerindən tərpənib. Bu proses sürətini artırdığı bir zamanda biz onunla yanaşı getmirik, öz yerimizdə durmuşuq. Əgər biz sürətlə uzaqlaşan bu “qatara” tullana bilməsək, qatar tezliklə stansiyadan uzaqlaşacaq”.

O, bu yazısında bunun üçün Ermənistanın, Qarabağ və diasporun səylərini birləşdirməyi təklif edib: “Bunun üçün biz 3 istiqamətdə: diplomatik, hərbi və beynəlxalq çərçivədə işləməliyik. Əgər xarici siyasətdə fəaliyyətsizliyimiz, daxildəki tərsliymiz davam edərsə, yaxın gələcəkdə Dağlıq Qarabağın qalan ərazisinin əldən çıxması, Sünikin itirilməsi təhlükəsi gözləyir”.

Vardan Oskanyan bu fikirlərlə “Azərbaycanın postkonflikt dövründə Qarabağla bağlı yaratdığı reallığı dəyişmək üçün Ermənistanın mənim təcrübəmə ehtiyacı var” və Moskvanın tam da istədiyi şəkildə “Bütün məqsədimiz bir olmalıdır, “Dağlıq Qarabağın” Azərbaycanın suveren ərazisi olmadığı ilə bağlı iddialarımızı gücləndirmək üçün mütləq şəkildə bütün gücümüzü birləşdirib, eyni məqsəd uğrunda birgə fəaliyyət göstərməliyik” demək istəyir. 

Onun bu açıqlaması da təbii ki, Rusiyanın bölgədə geridə qalan işğal dövründə olduğu kimi möhkəmlənməsinə xidməti nəzərdə tutan bir planın tərkib hissəsidir. Beləcə, Qarabağın “münaqişəli ərazi” statusunu qoruyub-saxlamaq üçün Kremlin də yardımları ilə qeyri-qanuni erməni silahlı dəstələri vasitəsiylə bölgədə gərgin vəziyyəti saxlayaraq dünyaya Azərbaycanla Ermənistan arasında belə bir vəziyyətdə sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olduğunu göstərməyə çalışacaqlar. 

Amma Rusiyanın himayədarlıq etdiyi bu şəxslər və Ermənistan yaxşı analamalıdır ki, Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət “komandanın” formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil.

Necə ki, bunu ötən gün İrəvanda baş tutan KTMT sammitinin nəticəsi də bir daha göstərdi...

KTMT-nin sammitinin gözlənlən-gözlənilməz nəticələri nədənsə təşkilatın əski Baş katibi Nikolay Bordyujanı xatırlatdı. Vaxtı ilə Bordyuja az qala hər tədbirdən sonra kameralar qarşısına keçərək KTMT-nin hər zaman Ermənistanın yanında olacağıyla bağlı vədlər, Azərbaycanı isə pisləyən bəyanatlar verməsi ilə məşhur idi. Ermənistan cəmiyyəti və siyasətçiləri elə bilirdilər ki, erməni konyakı və Göyçə Gölündən tutulan forel balığının cazibəli gücü onları hər şeydən sığortalaya bilər. Amma artıq bu da baş vermədi. Beləliklə də Bordyujanın nağılları erməni nağıllar toplusunun bir parçası olaraq indi tarixin yaddaşında toz qalağı bağlamaq üçün yollandı. Eyni ssenari çox keçməz ki, Rusiyanın Qarabağa göndərdiyi “nazirlərinin” də başına gələr.


Hələ daha da betəri ...


Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Bunu Prezident İlham Əliyev son çıxışlarında xüsusilə bəyan edir: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Bəli, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı  ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər.

İstər rusiyalı Vardanyan, istərsə də suriyalı Oskanyan bilməlidir ki, Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədiblər. BU səbəbdən də Azərbaycanın bu şəxslərlə cinayətkar kimi davranmağa tam haqqı var.

Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Necə ki, 30 illik işğala 44 günə son qoydu, bu missiyanı da icra etmək Azərbaycanın güc strukturları üçün an məsələsidir. 

Bu gün qondarma rejimə qeyri-qanuni təyinatların, Azərbaycan ərazisində separatçılıq meyillərinin səngimək əvəzinə daha da alovlandırılması istiqamətində atılan bu addımların bir adı var - 10 Noyabr üçtərəfli sazişindən faktiki olaraq imtina etmək!

Rəsmi Bakının bu təxribatlara qarşı ən qısa zamanda hərəkətə keçəcəyi və Laçın yolunda sərhəd keçid məntəqəsi quraraq separatçı ünsürlər və  Qarabağ zəfərindən dərs almayıb hələ də suverenliyimizə müdaxilə həvəsiylə yaşayanlara layiqli dərsi verəcəyi gözləniləndir. Çünki erməni faşizmi və Moskvada, Parisdə müstəmləkə xəyalları quran çevrələrin ümidlərini birdəfəlik dəfn etmədikcə bu üzdəniraqların fəaliyyəti belə görünür ki, öz xoşluqları ilə məhdudlaşmayacaq. 

Bütün bu qərarlar sülhməramlıların məsuliyyət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsinə doğru növbəti addımın atılmasına çox əlverişli zəmin hazırladı. Bu isə bölgədə eskalasiya və yeni müharibə riskinin daha da artması anlamına gəlir. Erməni cəmiyyəti günah keçisini indidən öz arasında axtarsa, faydası var. Çünki tədbirli olmasalar, bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaq tərəf məhz onlar olacaq.