Alimlərin “ağzını açıq qoyan” kəşf
Yarasaların sayının azalması uşaq ölümlərini artırır
Yarasalar bir çox insana qaçınılması lazım olan qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında mühüm rol oynayırlar. ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib. Yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edir.
Tək bir yarasa hər gecə minlərlə həşərat yeyir. Bu, tarlalarda pestisidlərə ehtiyacı xeyli azaldır.
Digər tərəfdən, ABŞ-da yarasa populyasiyası təxminən 20 ildir ağ burun sindromu adlı xəstəliklə mübarizə aparır.
Təxminən 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya gətirildiyi güman edilən “Pseudogymnoascus destructans” göbələyinin yaratdığı xəstəlik insanlara təsir etmir, ancaq yarasaları öldürə bilir.
Bir koloniyaya yoluxduqda bütün qrupu məhv etmək gücünə malik olan göbələk hazırda ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində rast gəlinir.
Çikaqo Universitetinin ekoloji iqtisadçısı Eyal Frank təəccüblü bir araşdırma aparıb və yarasa populyasiyasının azalması ilə uşaq ölümü arasında əlaqəni ortaya qoyub.
Dünən (sentyabr 6-da) “Science” jurnalında dərc edilən araşdırmada, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərin istifadəsinin 31 faiz artdığı qeyd edilib.
Pestisidlərin hava və su ilə qarışa biləcəyi və insan sağlamlığına təsir göstərə biləcəyi biliklərinə əsaslanaraq, Frank bu maddələrdən istifadənin artdığı bölgələrdə uşaq ölüm nisbətlərini digərləri ilə müqayisə edib.
Bildirilib ki, ağ burun sindromu nəticəsində yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadənin artması nəticəsində uşaq ölümləri 8 faiz artıb. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.
Tədqiqatçılar ölümlərə başqa səbəb olmadığından əmin olmaq üçün narkotiklər, valideyn işsizliyi, geni dəyişdirilmiş bitkilər və hava kimi amilləri də nəzərə alıblar. Lakin o, bu ölümləri yarasa populyasiyasının azalmasından başqa heç nə ilə əlaqələndirə bilməyiblər.
“Washington Post” qəzetinə yeni araşdırması haqqında danışan Frank deyib: “Yarasalar uzaq durmağı üstün tutduğumuz, lakin ekosistemlərdə həqiqətən təsirli rol oynayan bir növün gözəl nümunəsidir”.
Frankın iştirak etdiyi başqa bir araşdırma Hindistanda qarğaların ölümü, çürüyən heyvan cəmdəklərinin suyu çirkləndirdiyini və vəhşi təbiətdə itlərin sayının artmasına səbəb olduğunu, xəstəliyin və quduzluğun yayılmasına və ən azı 500 min insanın ölümünə səbəb olduğunu müəyyən edib.
Beynəlxalq Yarasaların Mühafizəsi Təşkilatından Uinifred Frik, iştirak etmədiyi araşdırmanın məlumatlarını görəndə ağzının açıq qaldığını söyləyib.
“New York Times” qəzetinə verdiyi açıqlamada heyvanların dəyərli “ekosistem xidməti” təqdim etdiyini söyləyən Frik deyib: “Biz bu xidmətləri az qiymətləndiririk, çünki biz onları çox vaxt ölçə bilmirik”.
Tədqiqatda iştirak etməyən digər elm adamları bəzi çatışmazlıqları qeyd edərək, tapıntıların təəccüblü, lakin etibarlı olduğunu söyləyiblər.
“British Columbia” Universitetindən ətraf mühit üzrə iqtisadçı Frederik Noak qeyd edib ki, körpələrin pestisidlərə necə məruz qalması və doğum çəkisi kimi sağlamlığa başqa hansı təsirlərin baş verməsi kimi suallar cavabsız qalır.
Bard Kollecinin Felisia Kising birbaşa məlumat əldə etmək üçün sahə tədqiqatlarının aparılmasının lazım olduğunu deyib: “Əsas məlumatları görmədən bu əlaqələri dəstəkləyən sübutların gücünü qiymətləndirə bilmərəm, lakin burada edilən araşıdrmaların təxminləri heyrətləndiricidir.
Kising həmçinin deyib ki, tapıntılar hamını mühafizə səylərini gücləndirmək üçün səfərbər etməlidir: “Bu araşdırma yarasaların nəslinin kəsilməsinin nəticələrindən yalnız bir neçəsini əhatə edir və yarasalar itirdiyimiz növlərdən yalnız biridir”.