vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
18:23 | 17 aprel 2014 | Cümə axşamı Məqaləyə 1854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATV-nin aparıcısı xəstəsini öldürdü

Mərhum Səriyyə Ələkbərovanın ailəsi: «Öz savadsızlığı ilə bir insanın həyatına son qoyan Vasif İsmayılın bazarı bağlanmalıdır»

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azad Azərbaycan» (ATV) televiziyasının «Çox yaşa» verilişinin aparıcısı, həkim Vasif İsmayıl əməliyyat etdiyi xəstənin ölümündə günahlandırılır. Xəbərə görə, Bakı şəhər sakini, 58 yaşlı Səriyyə Ələkbərova həkim savadsızlığının və televiziya reklamının qurbanı olub. O, ATV kanalında yayınlanan «Çox yaşa» verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən əməliyyat edilib. Elə yanlış əməliyyat nəticəsində də dünyasını dəyişib.

Bunu virtualaz.org saytına mərhumun həyat yoldaşı Zakir Ələkbərov bildirib.

Z.Ələkbərovun sözlərinə görə, həyat yoldaşı bu il fevralın 5-də «City Hospital» özəl tibb müəssisəsində əməliyyat olunub: «Vasif İsmayıl bizi inandırdı ki, Səriyyənin sidik kisəsi çıxarılandan sonra vəziyyəti yaxşılaşacaq. Biz də əməliyyata razı olduq. Amma səhv həyata keçirilən əməliyyat həyat yoldaşımın həyatına son qoydu».

Şikayətçi qeyd etdi ki, Səriyyə Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub: «O, əvvəllər bir neçə dəfə əməliyyat olunmuşdu. Şişin təkrar-təkrar kəsilməsi əziyyət verdiyindən Vasif İsmayıla müraciət etdik. Vasif İsmayıl isə sidik kisəsinin ümumiyyətlə götürülməsini məsləhət gördü və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra evə sağlam qayıdacağını dedi».

Ailəsi iddia edir ki, xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib: «Əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə ürəyi dayandı, böyrəkləri və bağırsaqları öz funksiyasını itirdi. Bağırsağın fəaliyyətini artırmaq üçün ona prozerin və bizə məlum olmayan başqa iynələr vuruldu. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxdı. Həm də ağciyərində durğunluq yarandı, tənəffüs çatışmazlığı baş verdi».

Yanlış əməliyyat və müalicədən sonra Səriyyə Ələkbərovanın durumu ağırlaşıb. O, mart ayının 8-nə qədər «City Hospital»da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif İsmayıl xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib. Amma məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalaraq irinləyib.

«Bunu sonradan xəstəni göstərdiyimiz digər həkimlər söylədilər. Amma bir aydan sonra Vasif İsmayıl sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət etməyi məsləhət gördü» - deyə Z.Ələkbərov bildirdi.

Bir ay yarım «City Hospital»da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün »Medistyle» özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, məsələ ilə bağlı mətbuata açıqlama verən uroloq Vasif İsmayıl isə xəstənin müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişdiyini deyib: «Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağciyərində də ləkələr var idi.

Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı».

Zakir Ələkbərov isə həkimin dediklərinin yalan olduğunu söylədi: «Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan verməmişik. Faktiki olaraq biz bir ay yarım onu reanimasiyada saxlamışıq və bu müddət ərzində əməliyyatı və müalicəsi üçün 22 min manat xərc çəkmişik. Üstəlik, bu müddətdə ona vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də öz hesabımıza almışıq. Biz görəndə ki artıq «City Hospital»da xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir, onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq. Başqa klinikada isə baxan kimi bizə onun ölümcül olduğunu, müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir neçə həkim dedi ki, sidik kisəsinin götürülməsi onun ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən sonra əməliyyat etməli idi. Amma o, bunun fərqinə varmadan xəstəni tələsik əməliyyat edib. İkincisi, o, əməliyyat zamanı xəstənin bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağciyərində ləkələr olub və əməliyyat sonra onun ağciyərində durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs bilməli idi ki, ağciyərində belə bir problemi olan adamı əməliyyatdan sonra nə gözləyə bilər».

Z.Ələkbərov V.İsmayılın məhkəməyə veriləcəyini qeyd etdi: «Biz Səhiyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyik. Həyat yoldaşımın ölümündə günahkar olanlar qanun qarşısında cavab verəcəklər. Üstəlik, iddia ərizəsində klinikaya ödədiyimiz vəsaitin geri qaytarılmasını tələb edəcəyik Biz dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik. Vasif İsmayıl bir insanın həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına baxmayaraq hələ də ATV-də «Çox yaşa» verilişini aparır və özünün reklamı ilə məşğuldur. Bu reklam isə insanların həyatı bahasına başa gəlir. Həm ATV telekanalı, həm də Vasif İsmayılın əməkdaşlıq etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə deyərlər, bazarını bağlamalıdır».

Səhiyyə Nazirliyindən virtualaz.org saytına hadisə ilə bağlı nazirliyə rəsmi müraciət edilməsinin vacib olduğunu dedilər: «Nazirliyə müraciət ediləcəyi təqdirdə araşdırma aparacaq. O ki qaldı həkimin məhkəməyə verilməsinə və polisə şikayət edilməsinə, bu, onların hüququdur».

«City Hospital»dan isə hadisə ilə bağlı açıqlama vermək istəmədilər.