Xəstəsi ölən həkim danışdı
«City Hospital»ın cərrahı əməliyyat etdiyi xəstənin ölümündə ittiham olunur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATV-nin aparıcısı xəstəsini öldürdü
«Öz savadsızlığı ilə bir insanın həyatına son qoyan Vasif İsmayılın bazarı bağlanmalıdır»
-
Məsələyə aydınlıq gətirən uroloq həkim Vasif İsmayıl APA-ya açıqlamasında deyib ki, bu fikirlər qarşı tərəfin subyektiv fikridir:
«Obyektiv olaraq onu söyləyə bilərəm ki, bu xəstədə həqiqətən də sidik kisəsinin çıxarılmasına ehtiyac var idi. Sidik kisəsi çıxarılandan sonra sidik hardansa çıxmalı idi və bunun üçün bağırsağından istifadə olundu. Bu, işin normal qaydasıdır. Bu əməliyyat urologiyanın ən böyük, fəsadlı və ölümlü əməliyyatıdır. Bu sözü mən onlara demişəm. Xəstəyə bu söz söylənilib və əməliyyata girmədən öncə razılığı barədə kağız da alınıb. İndi sadəcə qarşı tərəfin etirazları var. Bu məsələdə xəstənin yaxınını başa düşürəm. Onlara hər hansı irad bildirmək düzgün olmazdı. Amma bu, xəstə yaxının subyektiv fikridir».
V.İsmayıl qeyd edib ki, xəstənin ailəsinin məsələ ilə bağlı məhkəməyə müraciət edərək, ekspertiza rəyi tələb etməyə tamamilə haqqı var. Onun sözlərinə görə, bunun xaricində deyiləcək bütün fikirlər subyektiv sözlər və tamamilə dedi-qodudan ibarətdir: «Mən rəsmən xəstə yaxınının məsələyə baxış tərzi ilə razı deyiləm. Burada hər hansı həkim səhlənkarlığından söz getmir. Sadəcə, xəstənin vəziyyətinin pisləşməsi, hətta yara sağalmasının gecikməsinə və yaraların da açıqlamasına səbəb bu xəstədə baş verən auto-immun reaksiya (əzələ zəifliyi) olub. Xəstə yaxını niyə demir ki, normal gəzən xəstənin əməliyyatdan 3 gün sonra gözündən başqa heç bir orqanı hərəkət etmirdi? Çünki onu söyləyəndə hamı başa düşəcək ki, xəstənin nəsə daxili problemi olub və nəticədə bu hal baş verib. Xəstənin həyatını qurtarmaq olardı. Bu xəstənin müalicəsini davam etdirmək lazım idi. Sadəcə, xəstə yaxınları bizimlə əməkdaşlıq yerinə, tamamilə dava yolunu seçdilər. Bu xəstənin üzərində işləmək lazım idi. Lakin xəstənin yaxınları bizə imkan vermədilər. İnsanların məsələyə bu cür yanaşmaları ilk növbədə onların özünə ziyandır. Bunların hamısının nə üçün aparıldığı məlumdur. Azərbaycanda ola bilsin ki, bu işlər bir qədər işləyir. Həkimin üstünə gedib pul almaq, onun həyatını qaraltmaq mümkündür. Amma bunlar mənimlə işləməyəcək. Mən işimi hər zaman qaydasında görmüşəm. İşin içində olanlar bilir ki, kim kimdir, kim nə iş görür. Onda belə çıxır ki, ağır xəstələri əməliyyat etməyək. Bu, sadəcə olaraq Azərbaycanda səhiyyə sistemini baltalamaqdır. Mən başa düşürəm ki, səhiyyə sistemində çox qüsurlar var. Amma həqiqətən də hökumət, dövlət bunu düzəltmək üçün çox işlər görür. Bizim də əlimizdən gələni etməliyik ki, bu tendensiya düzəlsin. Qanuni çərçivələr daxilində hər şeyə hazıram və geri də addım atan deyiləm. Bunun çox sadə yolu var. Məhkəməyə baş vurular, ekspertiza keçirilib, qərar verilər. Mən işimi düzgün görürəm və bunun üçün də çalışıram ki, başıma belə oyunlar gəlməsin».