vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
09:21 | 21 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1539 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiyaya bağlı 200 illik şəbəkə var»

Orxan Qafarlı: «Bu şəbəkənin təmsilçiləri ədəbiyyatdan incəsənətə qədər özlərinə yer ediblər»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda «nurçu ovu» prosesi ən yüksək səviyyədə davam edir. Son 3 ayda bir sıra rəsmi şəxslər «nurçu» adı verilərək ifşa olunub, eyni zamanda nurçuluq cərəyanına mənsub sıravi insanlar da daxil olmaqla çoxlu sayda insan saxlanılıb.

Son günlər isə ölkə gündəmini yeni təhlükə xəbərdarlıqları zəbt edib. Bir sıra tanınmış ictimai-siyasi xadimlər, politoloqlar, cəmiyyət mühəndisləri Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda Azərbaycanda da rusiyapərəst qüvvələrin fəallaşdığı, obrazlı deyilsə, Rusiyanın Azərbaycandakı «beşinci kolon»unun fəaliyyətə keçdiyini iddia edir. 

Bir neçə gün əvvəl sabiq dövlət müşaviri Vəfa Quluzadə «beşinci kolon» təhlükəsi barədə xəbərdarlıq edib. İki gün əvvəl deputat Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunub, rusiyapərəst qüvvələrin fəallaşdığını bildirib. Sitat: «Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskənliyə yol verdilər, bununla da həqiqi iç üzlərini ortaya qoydular. 

Təəssüf ki, bu cür antiazərbaycan mövqe ortaya qoyanlar arasında Azərbaycana bağlı həm ölkə xaricində, həm də daxildə fəaliyyət göstərən insanlar da tapıldı. Bunlar o insanlardır ki, zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə olmalarına baxmayaraq, 23 illik müstəqillik dövründə ən çox bəhrələnən də onlar oldular». V.Əhmədov belə insanların Azərbaycan cəmiyyətinin müxtəlif sferalarında, hətta idarəetmə orqanlarında da olduğunu bildirib. Eyni zamanda nurçu təbliğatına da toxunub. 

Qeyd edək ki, hazırda hakimiyyət səviyyəsində «nurçuluq» cərəyanına qarşı təbliğat aparılsa da, Rusiya emissarları ilə bağlı çağırışlar daha çox müstəqil dairələrdən gəlir. Azərbaycanda hər iki qrupun xeyli güclü olduğu məlumdur. Ancaq maraqlıdır ki, rəsmi dairələr rusiyapərəstlərlə bağlı o qədər də narahat görünmür. Əcəba, söhbət təhlükədən gedirsə, belə çıxır ki, nurçuluq Rusiyadan daha təhlükəlidir? 

Türkiyənin «Bilgesam» Araşdırmalar Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı deyir ki, bir qayda olaraq «beşinci kolon» bir dövlətin daxilində bir qrupun, o dövlətin maraqlarına zidd fəaliyyət göstərən və ya düşmənə xidmət etməsidir. Ekspertin fikrincə, indiki halda «beşinci kolon» ifadəsi Azərbaycana düşmən olan Ermənistana çalışan qruplara deyilə bilər. Ancaq eyni zamanda O.Qafarlı deyir ki, son zamanlar «beşinci kolon» ifadəsi post-sovet respublikalarında yeni anlamda qəbul olunur: «Məsələn, Rusiya və Belarusda «beşinci kolon» qərbpərəst, liberal və avromərkəzçiləri ifadə edir. Belarusda prezident Lukaşenko öz müxalifətini məhz «beşinci kolon» adlandırır. Eyni zamanda Rusiyada iqtidara yaxın jurnalist və siyasətçilər sistemdən kənar müxalifəti «beşinci kolon» adlandırır». 

Azərbaycanda «beşinci kolon» ifadəsinin əsasən Rusiyaya bağlı qüvvələrə deyildiyini xatırladan O.Qafarlının fikrincə, Azərbaycanda Rusiyaya bağlı qrupların iki yüz illik bir şəbəkəsi mövcuddur: «Bu şəbəkə ictimai sektordan siyasi xadimlərə qədər uzanan bir şəbəkədir. Ədəbiyyatdan incəsənətə qədər özlərinə yer ediblər. Azərbaycanda hələ də rus dilinin bu qədər dəbdə olması məhz bu şəbəkənin gücünün göstəricisidir. Lakin bu qrup son illərdə Azərbaycan iqtisadiyyatında özlərinə yer edə bilməyib. Çünki Azərbaycan iqtisadiyyatının qapılara onların üzünə bağlı olub. Rusiyanın bu sahədə məhz yaxın gələcək üçün əsas planı Azərbaycan əsilli Rusiya biznesmenlərinin Azərbaycanda biznes qurmalarına yerləşməsinə yardımçı olmaqdır. «Milyarderler İttifaqı» və s. təşkilatlar bu planın bir hissəsi idi. Bu mənada Azərbaycanda çox güclü və böyük şəbəkələşmiş, Rusiyaya bağlı qrupların olduğunu deyə bilərik».

Nurçuluq və ya «hizmət hərəkatı»nın «beşinci kolon» qədər təhlükəli olmadığını deyən O.Qafarlıya görə, nurçuluq cərəyanı fərqli anlam daşıyır: «Fətullah Gülən camaatı «beşinci kolon»a bənzər bir təşkilatlanma deyil. Çünki bu təşkilatlanmanın ana məqsədi hər hansı bir dövləti başqa bir dövlətə birləşdirmək deyil. Gülən camaatının məktəblərini oxuyan şagirdlər və tələbələr türk yanlı gənclər olurlar. Bunun isə bizim milli maraqlarımıza zidd olduğunu düşünmürəm. Burda olan rahatsızlıq bu şəbəkənin öz inanclarını bütün millətə və dövlətə təlqin etməsi, biznesə nəzarət etməsi və öz aralarında bölüşdürməsidir. Bunun qarşısını almaq əlbəttə önəmlidir».