vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
07:52 | 19 iyun 2013 | Çərşənbə Məqaləyə 2611 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağsaqqallara münasibət necədir?

Qloballaşma prosesi və sürətli elmi-texniki inkişaf xalqları bəzi milli-mənəvi dəyərlərdən təbii olaraq uzaqlaşdırır

Səbinə, milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan cəmiyyətində də bu proses iki cərəyanın ortaya çıxmasına səbəb olub. Birincilər, bu dəyərləri qoruyub-saxlamağa maksimum cəhd edirlər, ikinci cərəyanın tərəfdarları isə bunların gərəksiz olduğunu, xalqı inkişafdan saxladığını bildirirlər. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən sayılan ağsaqqallıq institutu da bu gün zəifləməkdə olan dəyərlərimiz sırasındadır.

AMEA-nın Folklor İnstitutunun doktorantı Hikmət Quliyev Milli.Az-a açıqlamasında Azərbaycanda ağsaqqallıq institutunun tarixinə nəzər salıb: “Türk mədəniyyətində ata kultuna, böyüklük kultuna bağlılıq dərin kök salıb. Hələ “Oğuz Kağan”, “Kitabi Dədə Qorqud dastanlarında, Azərbaycanın qədim nağıllarında xeyirxah ağsaqqal obrazına rast gəlinir. Bu mənbələrdə ağsaqqal obrazı iki təbiəti ifadə edir. Birincisi, müdrikliyi və təcrübəni, mifoloji aspektdə isə bitkinlik və sonu. Dastanlarımıza diqqət yetirəndə Dədə Qorqud kimi obrazların timsalında onların funksiyalarını da müəyyənləşdirmək olar. Qeyd edim ki, bu funksiyalar türk tanrıçılığında tanrıya verilən funksiaylardır. Övlad əta etmək, gələcəkdən xəbər vermək, qarşıdurmaları həll etmək, qan yatızdırmaq, barışdırıcılıq, elçilik, yol göstərmək təbiətlə cəmiyyət arasında və ya iki qütblər arasında vasitəçilik obrazı kimi xarakterizə oluna bilər”.

H.Quliyev bildirib ki, Azərbaycanda ağsaqqallıq institutunun formalaşması islam dini ilə bağlı deyil: “Söz yox ki, bu obrazların formalaşmasında dini dünyagörüşün də rolu olub. Din bura öz əlavə və müdaxillələrini edib. Amma məsələnin mifoloji aspekti göstərir ki, bu, heç də sırf dini dünyagörüşlə bağlı deyil”.

Tədqiqatçı bildirib ki, ağsaqqallıq institutunun formalaşmasını konkret hansısa xronoloji dövrə aid etmək mümkün deyil: “Dediyim kimi, qədim nağıllarda, dastanlarda belə bu obraz var. “Oğuz Kağan”, “Orxon Yenisey” abidələrində də şahın yanında müdrik vəzir obrazı olub. “Oğuz Kağan” dastanında Irkıl xoca obrazı var ki, çətin situasiyalarda məsləhətləri ilə Kaqanı vəziyyətdən çıxarır. “Koroğlu” dastanında da (Alı kişi obrazı) ağsaqqal mistik aləmin informasiyalarını profon aləmə, real aləmə ötürən obraz kimi görünür. Yəni ağsaqqallar adi insanlar deyil, mistik aləmlə bağlı, seçilmiş, bir qədər qeyri-adi insanlar olublar”.

Folklorşünas iddia edir ki, bu cür ağsaqqallar indi də var: “Müasir dövrümüzdə də hər bir kənddə, hətta qohumlar arasında belə başbilən ağsaqqal olur. Adətən onun məsləhətlərinə qulaq asırlar. Sadəcə olaraq, insanlar həmişə keçmişi ideallaşdırıb, müqəddəsləşdiriblər. Ona görə də bu gün gözümüzün qarşısında olan insanlar bizə adi gəlir. Yəni bu ənənə zəifləsə də, qalmaqdadır. Azərbaycanda hətta Ağsaqqalar Şurası da fəaliyyət göstərir. Qloballaşma milli mədəniyyətləri mərkəzdən qaçırırsa, ağsaqqal kultu, ata kultu milli mədəni dəyərləri mərkəzə doğru cəmləyir”.

Filosof Niyazi Mehdi deyib ki, «ağsaqqallıq institutu» dedikdə, qoca nəsillə bağlı təkcə sayğını yox, cürbəcür altyapılar, infrastrukturlar şəbəkəsi də nəzərdə tutulur: “Məsələn, Azərbaycanda Ağsaqqallar Şurası varsa, deməli, Dövlət ağsaqqallıq institutundan istifadə edir”.

N.Mehdi bu məsələdə idealizmə yol verməməyi xeyirli bilir:

“Bir nəsnəni biz yaxşı bilməliyik, ağsaqqaldan ağsaqqala fərq var. O qədər saqqalı ağ axmaq və yaramaz var ki… Ağsaqqallar institutunun bayrağı altında bütün yaşlı yaramazları sayğılı personaya çevirsək, doğrudan da, ölkə üçün böyük problemlər yaranar. Biz yaxın tariximizdə saqqalın ağlığından avtomatik sayğı qazanmış adamların ziyanını çox görmüşük. Əgər kimsə iddia edirsə ki, ağsaqqal tutaq ki, ailənin dağılmasının qarşısını alan faktordur, kimsə də faktlarla bunun tamamilə əksini sübut edə bilər. Göstərər ki, neçə ailə məhz ağsaqqalların, ağbirçəklərin aramsız və yersiz müdaxilələri ucbatından dağılıb. Yəni bunlar bir qədər nisbi və fərdi hadisələrdir. Məsələn, Avropada insanlar çətin çözülən məsələləri mütləq qanunların köməyi ilə çözməyə çalışır, bizdə isə ağsaqqallara müraciət edilməsi ənənəsi olub. Cəmiyyətin yaxşı idarə olunması üçün normal qanunlar olmalıdır və hamı qanuna tabe olmalıdır - bu, kifayət edər”.

Bəs necə olmalıdır? “Ziyalı ideyası axmaq oxumuşlara avtomatik nüfuz gətirməməlidir. Ruhani ideyası da eləcə, yazıçı, filosof ideyası da eləcə. Yaşlı adamlarla, (əgər yaramaz deyilsə), nəzakətli davranmaq əxlaqımızda qalmalıdır”.

Psixoloq Tariyel Faziloğlu isə deyir ki, Azərbaycan müstəqillik qazananda SSRİ dövründə mövcud olmuş informasiya və psixoloji savaş sistemləri ortadan qalxdı: "Demək olar ki, Azərbaycan həm informasiya, həm də psixoloji savaşda əliyalın qaldı. Buna görə də Azərbaycanı öz təsir bölgəsinə salmaq istəyən güclər ölkəmizi hər iki istiqamətdə işğal etməyə, xalqın təməl daşları olan ailə institutu, ağsaqqal institutu, dövlətçilik institutu və əxlaq kodeksini məhv etmək yönündə işlər gördülər. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda insanlar nə istədiklərini bilmir, ora bura vurnuxurlar".

Psixoloq hesab edir ki, ağsaqqallıq institutu Azərbaycan xalqının əsas bağlayıcı institutudur: “Ağsaqqal tarixən sosial, iqtisadi və psixoloji sahədə cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi cıxış edib. Hər bir ailənin, məhəllənin, kəndin və daha böyük yaşayış məskənlərinin sözünə sayğı duyduğu ağsaqqalları var idi. Bu ağsaqqallar nüfuz dairəsində olanları idarə edir, onların yanlış hərəkət etmələrinə mane olurdular. Nəticədə cəmiyyətdaxili qarışıqlıqlar daha az olur, ailədaxili münaqişələr, cinayətlər daha az törədilirdi. Boşanmalar, demək olar ki, barmaqla sayılacaq qədər az olurdu. Əxlaqsızlıq isə ən böyük günah sayılırdı. Ən əsası isə dövlətin, millətin hansısa təhlükə ilə üz-üzə qaldığı zaman ağsaqqallar qısa zamanda milləti təhlükəyə qarşı səfərbər edə bilirdi”.

Müsahibimiz deyib ki, iqtisadi anlamda da ağsaqqal institutunun rolu böyük olub: “Ağsaqqallar nüfuz dairəsində olanları işləməyə, halal zəhmətə ruhlandırır, onları bir-birlərinə köməyə cəlb edirdi. Bundan başqa ailə təsərrüfatları ölkənin əsas iqtisadi dayaqlarından biri kimi çıxış edirdi. Bu da insanların birgə əməkdaşlıq və halal iqtisadi münasibətlər zəminində çalışmasına və inkişaf etməsinə səbəb olurdu”.

Onun sözlərinə görə, psixoloji anlamda da ağsaqqal institutu cəmiyyətin əsas qoruyucu dayaqlarından biri kimi çıxış edib: “Azərbaycan xalqına xarakterik olan geniş ailə modelində ailənin əsas idarəedicisi ağsaqqal və ağbirçəklər idi. Onlar da insanın bütün yaş dövründəki keçirdiyi psixoloji böhran dövrlərində ailənin bütün fərdlərinə lazımi köməyi göstərirdilər. Ailəyə daxil olan yeni uşağın saxlanılması və onun sevgi ilə böyüdülməsində, ilkin yeniyetməlik böhran dövründə yeniyetmənin özünə qapanmasının qarşısını almaq üçün ailənin hansısa üzvünün onunla daha yaxından maraqlanması və dost olmasında, ilk sevgi zamanı keçirilən stress zamanı ona dəstək olunmasında, ailə qurulduğu zamanı yaşanacaq psixoloji gərginliklərdən onların xilas edilməsində, ailədaxili münaqişələrin böyümədən həll edilərək ortadan qaldırılması və bununla da ailənin qorunmasında, ailənin maddi sıxıntılar üzündən psixoloji gərginlik yaşamasının qarşısının alınmasında, ailə üzvünün qarşılaşdığı sıxıntılar zamanı düşdüyü stress və depressiyadan tezliklə çıxmasında ağsaqqallar və ağbirçəklər əsas rol oynayırdılar”.

Psixoloq deyir ki, hətta ən demokratik və işlək qanunlar belə insanların psixoloji, ruhi sabitliyini tam təmin edə bilmir: “Ağsaqqal institutu həm də insan faktoruna söykənir. İnsanlar bütün yaşlarda və bütün psixoloji durumlarda ünsiyyət istəyirlər, mənəvi dayaq axtarırlar. Ağsaqqalların təkcə bioloji varlıq kimi deyil bir institut kimi cəmiyyətdə fəaliyyət göstərməsi cəmiyyəti balanslaşdırır. Cəmiyyətdə dayanıqlı prinsiplər, əxlaq və davranış kodeksini müəyyənləşdirir. İnsanlar nəyin pis, nəyin yaxşı olduğunu fərdi qaydada, valideynlərinin və ya nə vaxtsa baxdığı bir filmdəki prinsiplərlə müəyyənləşdirmir. Cəmiyyətin yazılmamış qanunları, əxlaq kodeksi olur və insanlar pis mənada seçilməmək üçün istər-istəməz o qanunlara riayət etməyə çalışırlar”.