vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜSAHİB  
17:06 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 3120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ədəbiyyat araq zavodu deyil»

«Mənim şeirlərim «Torqovı» əhlinin genetik yuxularıdır»

Emin PİRİ

MÖVZU İLƏ ƏLAQƏLİ

AzVision.az-ın müsahibi tanınmış şair, Türk Törə Ocağının başqanı Elxan Zal Qaraxanlıdır.

 

- Son vaxtlar elə də gözə görünmürsünüz. Sanki mediadan, ədəbi mühitdən uzaqlaşmaq yolunu seçmisiniz.

- Məncə, elə də uzaqlaşmamışam. Hər gün olmasa da, ayda bir dəfə bədii yazılarım çıxır. Məncə, yazıçı şəklindən tanınmaqdansa, yazılarına görə tanınsa, daha yaxşıdır. Sözün düzü, son dövrdə yaradıcılıqla və yaradıcılıq axtarışları ilə məşğul olmuşam. İnşallah, payızda yenə sıx-sıx görünərəm.

 

- «Torqovı peyzajı» kitabınız ədəbi mühitdə səs saldı. Hətta özünüz də bir çox gənc yazarın həmin şeirlərdən bəhrələndiyini deyirsiniz.

- «Torqovı Peyzajı» mənim uzun illər yazdığım şəhər şeirlərinin toplusudur. Orada 80-ci illərin şeirləri də var, 2000-ci illərin də. Bu, Bakı, Bakının sakinləri haqqında upuzun nağıldır. Bu kitab birinci çapda «Yaquar yerişli vaxt» adlanırdı. «Yaquar yerişli vaxt» az tirajlı nəşr idi, amma qısa müddətdə burada və Türkiyədə yayıldı. Türkiyədə yaşayan tanınmış tatar şairi və alimi Çulpan Zarif kitab barədə demək olar ki, bir kitab həcmində yazı yazdı. Bu yazı Azərbaycan jurnallarında və saytlarında dəfələrlə yayınlandı. Azərbaycanda Vaqif Səmədoğlu, Çingiz Əlioğlu, Vaqif Bayatlı, Firuz Mustafa, Səlim Babullaoğlu, Zahir Əzəmət kimi çox istedadlı insanlar ondan söz etdi, yazılar yazdılar. Buna görə onun ikinci nəşri məsələsi gündəmə gəldi. Mən dostum Əyyub Qiyasın məsləhəti ilə kitabın adını dəyişdirdim. Xatırlayırsınızsa, eyni adda («Yaquar yerişli vaxt») almanax nəşr olunmuşdu. Əlbəttə, həmin almanaxın adı mənim şeirimdən götürülmüşdü və orada mənim 47 şeirim çap olunmuşdu. Nə isə...

Daha geniş tirajlı təkrar nəşr «Torqovı peyzajı» adıyla çıxdı və bu ad da şeirimin bir misrasıdır. Bu dəfə kitab daha çox rezonans doğurdu, amma sözün düzü, mən bunu gözləmirdim. Əvvəla oradakı şeirlərin əksəriyyəti «Azərbaycan», «Ulduz, «Alatoran», «Yaquar yerişli vaxt» jurnallarda nəşr olunub. İkincisi bu şeirlərin üslubu, obrazlar sistemi, deyim tərzi Azərbaycan insanı üçün yeni idi və belə əsərlərin qavramın adətən müəyyən vaxt tələb olunur. Allaha çox şükür ki, elə mənim yaşadığım zamanda nəinki bu şeirləri oxuyan, hətta mətbuatda onlar barədə onlarla yaxşı yazılar yazan istedadlı gəncliyimiz var. Yaşlı nəsillə gəncliyin sözü üst-üstə düşürsə, demək bu kitab alınıb.

 

- Gözəl türkçü şeirlərinizin olmasına baxmayaraq, daha çox bu kitabın üzərində dayanırsınız...

- Sözün düzü, `türkçü şeir` ifadəsi mənə çatmır. Yəqin «Yaquar yerişli vaxt» kitabı ilə eyni vaxtda nəşr etdirdiyim «Türk əsri»nin türküləri» kitabında olan şeirlərdən gedir. Mən onlarla «Torqovı peyzajı»nda olan şeirlər arasında elə bir fərq görmürəm. «Türk əsrinin türküləri» türk çölünün, «Torqovı peyzajı» isə türk şəhərinin nəğmələridir. Mən rəhmətlik anamın məsləhəti ilə türk bədii düşüncəsinin arxivinə girdim və türklərin artıq unutduğu bədii düşüncə tərzinə yeni həyat verdim. Amma onların Azərbaycan cəmiyyətində elə də çox oxucusu olduğunu güman etmirəm. Yəqin ki, nə vaxtsa olacaq. İndi bizdə türkçülük yalnız şüarçılıq şəklindədir. Amma yavaş-yavaş bu rəssamlıqda da, ədəbiyyatda da, arxitekturada özünü büruzə verməyə başlayır.

Mənim çöl şeirlərim «Torqovı» əhlinin genetik yuxularıdır. Onlar babalarının savaş həvəsini seviş həvəsində axtarırlar. Mən bunu «Polonez»də belə ifadə eləmişəm: «Seviş də bir savaşdır, Pani Anna, mən bir fatehə dönürəm səninlə olanda». Sözün düzü, «Polonez»dəki şeirlər bu iki kitabda toplanmış şeirlərin sintezidir və bəlkə də buna görə bu qədər məşhurluq qazandı, ölkə sərhədlərini adlayıb keçdi, müxtəlif dillərdə, müxtəlif ölkələrdə nəşr olundu. Amma `türkçü` dediyin şeirlər, tənqidçi Əsəd Cahangirin və bir necə qələm adamının diqqətini cəlb etdi. Hətta Nizami Cəfərovun kitaba yazdığı ön söz daha çox dostu Elxan Zal haqqındaydı, nəinki bu kitab barədə. Düşünürəm ki, sənin kimi istedadlı və milli gənclər vaxt gələcək, bu şeirlər barədə daha dolğun fikirlər söyləyəcəklər.

 

- Bəlkə müasir dönəmdə türkçü kimi tanınmaq sərf etmir?

- Mənim sonuncu kitabım, «Anıt məzar» türkçü dediyin şeirlərin üslubunda yazılıb və orada onların daha modern formaları var. Hazırda isə «Xaqannamə» adlı dastan üzərində işləyirəm. İkincisi isə, mən Azərbaycan tarixində bir türkçü fondu öz qonorarları ilə maliyyələşdirən yeganə yazıçıyam. Kirayədə yaşayıram, heç yerdə işləmirəm... və türk xalqları arasında əlaqələri sıxlaşdırmaq üçün müxtəlif layihələr həyata keçirirəm. Jurnal nəşr edirəm. Söz düşmüşkən deyim ki, «Ulu Çinar» jurnalının türk xalqlarının ədəbiyyatına həsr olunmuş növbəti nömrəsi yaxın zamanlarda çıxacaq.

 

- Ergenekondan «Torqovı»ya gəlmək. Bozqırlardan şəhər asfaltına at çapmaq. Bu, nə dərəcədə düzgündür? Çünki şeirlərinizin dəyişimi məkan aspektindən bunu göstərir.

- Sən yaxşı olar, diqqətlə oxuyasan, mən Ergenokondan `Torqovı`ya gəlməmişəm, Ergenekonu `Torqovı`ya gətirmişəm. Kosmopolit bir şəhəri türk Bakısına çevirmişəm, mənim Bakımda «supermarket vitrinindən yal oynadan ayğır baxır», «türk hamamı boyda dənizdə su qızları ölən günü çimizdirir». Mənim təsəvvürümdə zaman və məkan həmişə iç-içədir. Torqovı şerləri ilə türkçü dediyin şeirlər həmişə paralel yazılıb və eyni vaxtda kitab kimi nəşr olunub – 2008-ci ildə.

Ümumən bu müqayisə düzgün deyil. Səməd Vurğun «Vaqif» yazıb deyə, «Aygün» poeması yazmamalıydı? İkincisi, Bakı əhalisi erməni deyil ki, türkdü də. Sadəcə, o kitabın uğuru çoxlarını narahat edir. Tovuzlu olsam da, onlar məni aşıq kimi təqdim eləyə bilmirlər, buna görə türk faşisti kimi təqdim etməyə çalışırlar. Mən onlar üçün nə Əli Kəriməm, nə Şaiq Vəli. Mən Türk Törə Ocağının başqanı Elxan Zalam. Haqqımı yeyirlər, şərləyirlər, tezliklə bədəlini ödəyəcəklər. Yaxınlarda `İrfan şeirləri` kitabını nəşr edəcəyəm. İndi nə deyəcəklər - vəhhabidir, nurçudur? Şeirin milləti, dini olmur, milli ornamentləri olur. Şeir müəllifin dünya görümüdür və mən dünyanı hamıdan fərqli görürəm. Mənim Bakımın səmasında qazlar uçur, küçələrində marallar gəzir, vitrinlərindən atlar baxır, Qala qapılarında Atillanın qılınçı sallanır. Bu, mənim Bakımdır, Elxan Zalın Bakısıdır. Burda Boston bizonları da var, Dəvəçi dəvələri də. Burda ilan mürgüləri də var, arabanın yedəyindən sallanan yorğa günün tüstüsü də. Mən eyni zamanda Altayda da varam, Bakıda da, Krakovda da, İstanbulda da. Mənim üçün zaman və məkan məhfumu mövcud deyil.

 

- Əsəd Cahangir bir şeirinizə mahnı bəstələmişdi. Onun axırı nə oldu?

- Bunu Əsəddən soruşsan daha yaxşı olar. O, istedadlı adamdır və bəstələdiyi musiqi xoşuma gəlir. Eşitdiyimə görə, bu mahnı Türkiyədə bir tədbirdə böyük rezonas doğurub.

 

- Adətən belə deyirlər ki, yazıçı, şair vəzifə tutmamalıdır. Bu, onun yaradıcılığına mənfi təsir göstərir. Amma siz özünüz də müharibə dönəmində müxtəlif vəzifələr tutmusunuz. Bildiyim qədər cəbhə bölgəsində özünümüdafiə dəstələrinin qurulmasında və bir sıra işlərdə iştirak etmisiniz.

- O zaman bizim birinci vəzifəmiz Tovuzu qorumaq idi və biz bunu bacardıq. İndi mən qarşıma Mahmud Kaşqarinin adını daşıyan ciddi bir Ümumtürk Fondunu ortaya çıxarmaq vəzifəsini qoymuşam və Allahın köməyi ilə bunun da öhdəsindən də gələcəyəm. Əsər yazmaq isə könül məsələsidir. İçində bir şey varsa, yazacaqsan. Vəzifənin buna nə dəxli var? Höte kansler olub, Vaqif vəzir. Sabir isə sabun bişirib...

 

- Həm ümümbəşəri dəyərlərdən danışmaq, həm də müharibə üçün əlindən gələni etmək... Bu bir qədər təzadlı görünmür? Yoxsa bu, içinizdən gələn milli eqodur?

- Mənə belə gəlir ki, sən «Savaş ayələrini» oxumayıbsan, Həmid Herisçinin yazısını oxuyubsan. «Savaş ayələri» bayaq dediyim kimi, Torqovı əhlinin, azərbaycanlıların, sənin, Əsəd Cahangirin genetik yuxularıdır və kifayət qədər ümumbəşəridir. Ordakı savaş insanın iç savaşıdır. İç savaşı olmayan türklər `gey` ordusuna çevrilir. Sən dinclik istəyirsənsə, həmişə savaşa hazır olmalısan. Savaşı udmaq üçünsə savaşçılar lazımdır. Mənim müharibə çağırışım belədir: «Qadınlar məhəbbət həsrətindədir, erkək gözlərindən geylər göyərir». Və yaxud, «Savaşın bitən yerdə başlayır köləliyin». Bu gün gey-paradları mədh eləmək daha çox dəbdədir, mən isə savaşı və sevişi təbliğ edirəm. İnanıram ki, nə vaxtsa bu şeirləri oxuya-oxuya türk kimi savaşan, türk kimi sevişən, türk kimi düşünən bir gənclik yetişəcək. Mənim hər iki kitabım onlar üçün yazılıb.

 

- Heydər Əliyevin xatirəsinə həsr olunmuş poema yazdınız. Azərbaycan tarixinin əsasını iki mühüm şəxsiyyət üzərində qurursunuz: Şah İsmayıl Xətai və Heydər Əliyev…

- Elə şəxsiyyətlər var ki, onlar millətin istinad nöqtəsidir, istinad nöqtəsi yoxdursa, milli dövlət də yoxdur. Millətə qalib obrazı lazımdır, Şah İsmayıl da, Koroğlu da, Heydər Əliyev də məhz belə qaliblərdir. M.Ə. Rəsulzadə də, Ə.Elçibəy də böyük şəxsiyyətlərdir, amma mən nə edim ki, onlar qalib deyil. Heydər Əliyev olmasaydı, onda biz onu uydurmalıydıq. Azərbaycan ideyası cəmi 100 il öncə ziyalılar tərəfindən yaranıb və hökmdar möhürü ilə təsdiq olunmalıydı. Olundu da.

 

- Bu gün ədəbi mühitdə «atalar və oğullar», «Analar və qızlar» tendensiyası yaşanır. Elə sizin oğlunuz da Gənc Ədiblər Məktəbinin, AYB-nin üzvüdür. Eyni zamanda prezident təqaüdçüsüdür. Bu, sırf genetik prosesdir, ya bilmədiyimiz səbəblər var?

- Aşıq gördüyünü çağırar. Yazıçı uşaqları da öncə valideynlərinə bənzəmək istəyirlər. Bu, kimdəsə yaxşı alınır, kimdəsə pis. Təbiidir. Elə sənin atan da şairdir, sən də o yolu gedirsən. Mən şəxsən istəmirəm oğlum yazıçı olsun. Olmaq istəyirsə, bu, artıq onun seçimidir.

 

- AYB-nin bir neçə gün sonra qurultayı baş tutacaq. Hansısa bir vəzifə tutmaq istəyiniz var?

- Sözün düzü, yox. Heç vaxt da istəməmişəm. Mən aparata da yalnız Kaşqari Fondunun işlərinə görə gedib-gəlirəm. Bu işdə Anar müəllimin məsləhətlərinə və himayəsinə həmişə ehtiyac var.

 

- Ümumiyyətlə, bu qurultaydan gözləntiləriniz nədir? Sizcə AYB-də status-kvonun qorunması daha yaxşıdır, ya böyük dəyişikliklərin olması?

- Mən AYB-də ciddi islahatlar tərəfdarıyam. Həmişə də bu islahat ideyaları ilə çıxış etmişəm. Amma indi görürəm ki, radikal islahatların vaxtı hələ yetişməyib. Radikal islahatlar həmişə ağrılı keçir.

Bilirsən, bu günkü AYB Anarın əsəridir. Bu, Sovet dövründəki AYB deyil. Bütün postsovet məkanında yazıçıları bir təşkilatda yalnız Anar saxlaya bilib. Mən bilmirəm, bu, yaxşıdır, yoxsa pis. Fakt budur ki, həmin təşkilata böyük axın var və o, Sovet dövlətinin son günlərini xatırladır. Kiçik resursları olan nəhəng qurum. Hələlik bu qədər adamı bir yerdə saxlayan Anar müəllimin harizmasıdır. Burada istedad, zövq, dünyaduyumu, estetika kimi məsələlərdə böyük təzad var. Elə bil müxtəlif əqidəli adamları bir damın altına doldurubsan. Mənə qalsa, mən Rəşad Məcidin ideyasını dəstəkləyirəm. AYB-də yazıçı, şair adlandırılacaq adam ən uzağı 300-dən yuxarı deyil. Bu günkü strukturda vəzifə dəyişiklikləri heç nəyi dəyişməyəcək. Sadəcə adlar dəyişəcək. Amma bilirəm ki, Anar müəllim gələcək islahatlar üçün zəmin hazırlayır. Onlar baş tutacaq-tutmayacaq, bu, zamanın işidir. Bu gün isə bu qurumdan heç nə gözləmirəm. Elçin Əfəndiyevin, Rəşad Məcidin islahat çağırışlarına səs verən də görmədim. AYB-də sadəcə nəsə qopartmaq uğrunda mübarizə gedir, yeniliklər uğrunda yox.

 

- Ədəbi tənqidin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- Bayaq da söylədim, məni bədii söz adamlarının fikri daha çox düşündürür. Məsələn, Markes tənqidi oxucu ilə yazar arasında sipər hesab edirdi. Rəsul Rza isə onları ağcaqanada bənzədirdi. Bizə tənqidçilər yox, ədəbiyyatşünaslar lazımdır. Tənqidin ömrü bitib. Bulqakov «Master və Marqarita»da sonuncu tənqidçi Berliozu cəhənnəmə göndərib. Özü də başsız.

 

- Bu gün yaşıl nəsildə qəribə üzücü tendensiya yaşanır. Ya qısqanclıqdan, ya da başqa səbəblərdən gəncləri aşağılamaq, oxumamaq… Bu, nədən irəli gəlir?

- Ədəbiyyat araq zavodu deyil. Bir epoxada beş-on istedadlı gənc olar. Daha minlərlə yox. Heç bir istedadlı adam istedadlı gənci aşağılamaz. Daha çox kömək etməyə çalışar. Çin dünya bazarını ucuz keyfiyyətsiz mallarla doldurduğu kimi, bizdə də qəzetlər, jurnallar, saytlar belə ədəbi məhsullarla doldurulub. İndi orta, yaşlı nəsil, xüsusən onlar arasında olan ədəbi zövq sahibləri işini-gücünü buraxıb, bu makulaturanı oxumalıdırmı? Həm də bu çoxluğun içində istedadlı gənclər itib-batır, gözə görünmürlər. Onları kəşf etmək ədəbi jurnalların işidir. Amma onlar da qarşılıqlı güzəşt yolunu tutublar. Mən həmişə demişəm, istedadlılara arxa durmaq lazımdır, istedadsızlar onsuz da özlərinə yol açacaq. Ümid edirəm ki, nə zamansa bizdə istedadlı adamları özündə birləşdirən bir qurum yaranacaq və istedadlı adamların haqqını ədəbiyyat dəllallarına verməyəcəklər.

 

- Amma sizi tez-tez gənclərlə görürük...

- İstedadlı gənclərdən öyrənməli çox şey var. Yenilik həmişə gənclikdən gəlir və yeniliyi qəbul etməsən ciddi bir şey yaza bilməzsən. Necə deyərlər, tarixi gənclik yaradır. Gənc olmayan ədəbiyyat isə ölüdür.

 

- Ədəbi gəncliyin mənzərəsini necə görürsünüz? Hansı gənclər yalnız bu gün deyil, eyni zamanda «gələcək»dir.

- Onlar çox deyil, amma var. Düşünürəm, vaxtsız tərif və ya tənqid onların yaradıcılığına ziyan gətirəcək. Ədəbiyyat səbr tələb edən sənətdir. Bu, şou-biznes deyil. Biz vaxtsız tərifin Aqşinin taleyində necə mənfi rol oynadığını gördük. Qələm adamları həssas adamlardır, vaxtsız tərif də, tənqid də onlara pis təsir edir. İnan ki, istedadlı adam üçün böyük reklam ziyan gətirir. Çingiz Əlioğlu demiş, adamlara istedadlı olmağını bağışlamırlar...