vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
10:10 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın sağ əli...

Srağagünə qədər XİN rəhbəri, dünən hakim partiya - AKP-nin sədri, bu günsə Türkiyənin baş nazir olan Davudoğlu kimdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Türkiyənin pakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçirilib. Gözlənildiyi kimi qurultay yekdilliklə xarici işlər naziri Əhməd Davudoğlunu AKP-nin sədri və baş nazir seçdi. Bununla da AKP-də Davudoğlu dövrü başladı...

Davudoğlunun Konyadan başlayıb baş nazirlik postuna qədər uzanan həyat yoluna nəzər salaq.

Əhməd Davudoğlu 1959-cu ildə Türkiyənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub. 4 yaşında olarkən anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula köçür. İstanbulda Hacı Süleyman Bəy məktəbində təhsil aldıqdan sonra İstanbul Oğlanlar liseyində təhsilini davam etdirir. Liseyin alman təmayüllü olması Əhmədin həm Qərb, həm də Şərq mədəniyyətini təhlil etməsinə şərait yaradır. Burada o, Kafka, Höte, Bertold Brext və digər tanınmış yazıçı və mütəfəkkirlərin əsərlərini oxuyur, türk ədəbiyyatını dərindən mənimsəyir, Əhməd Həmdidən Füzuliyə, Fərabidən Əhməd Cövdətə qədər bir çox alim və mütəfəkkirin əsərləri ilə tanış olur. Həmçinin, Əhməd liseydə təhsil aldığı illərdə futbol və güləşə maraq göstərir.

Ə.Davudoğlu ali təhsil üçün ölkə xaricinə üz tutmaq əvəzinə yerli universitetlərdən birinə daxil olmağa üstünlük verir.

Tekstil sənayesi sahəsində və ticarətlə məşğul olan atası Mehmed Davudoğlu oğlunun marketinq ixtisasına yiyələnməsini istəyirdi. Beləliklə, Əhməd 1977-ci ildə liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə, bir il sonra isə elə həmin universitetin Siyasi elmlər fakültəsinə daxil olur. O, 1982-ci ildə İqtisadiyyat, bir il sonra isə Siyasi elmlər fakültəsini bitirməklə Boğaziçi universitetinin iki fakültəsində təhsili eyni zamanda başa vuran ilk tələbə olur. 1984-cü ildə Ə.Davudoğlu həkim Sara xanımla ailə həyatı qurur.

Universiteti bitirdikdən sonra Əhməd Boğaziçi Universitetinin İctimai İdarəetmə fakültəsində magistratura pilləsi üzrə, Siyasət və Beynəlxalq Münasibətlər fakültəsində isə doktorantura pilləsi üzrə təhsilini başa vurur. Ə.Davudoğlu 1989-cu ildə iki təklif alır. Bunlardan biri ABŞ-dan, digəri isə Malayziyadan idi. Seçim qarşısında qalan Əhməd ətraflı götür-qoy edir. Onun fikrincə, Amerika cəzbedici deyildi. Qərb mədəniyyətini kifayət qədər tanıdığını düşünən Əhməd biliyini Malayziyada artırmaq qərarına gəlir. Əhməd ailəsi ilə birlikdə Malayziyaya yola düşərkən onun artıq iki qız övladı var idi.

Malayziyada İslam Konfransı Təşkilatının (İKT) qurduğu Beynəlxalq İslam Universitetində işləməyə başlayan Əhməd yerli mədəniyyətlə tanış olmaq üçün heç bir fürsəti fövtə verməməyə çalışır. Əhməd Davudoğlu ölkəsinə qayıtdıqdan sonra hərbi akademiyalardan Müstəqil Səyaneçilər və İş Adamları Dərnəyinə (MÜSİAD) qədər bir çox yerlərdə konfranslar verir.

1990-95-ci illər arasında ölkədən xaricdə bir sıra vəzifələrdə çalışdıqdan sonra 96-99-cu illərdə Mərmərə universitetində pedoqoji fəaliyyətlə məşğul olur. Ə.Davudoğlu 1993-cü ildə dosent, 1999-cu ildə isə professor elmi vəzifələrini alır. Bundan sonra o, bir müddət Bəykənd Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.

Ə.Davudoğlunun 80-ci illərdə Türkiyənin hazırkı prezidenti Abdullah Güllə tanış olur. Belə ki, onun dərc olunmuş məqalələrindən biri A.Gülün nəzərini cəlb edir. Bundan sonra o, R.T.Ərdoğanla tanış olsa da A.Güllə olan münasibətləri daha isti idi.

Davudoğlunun istedadını və zəkasını hiss edən A.Gül ona dövlətdə vəzifə təklif edir. Təklifdən bir müddət sonra A.Gülün Baş nazir olması ilə Ə.Davudoğlunun müşavirliyi rəsmiləşir. Beləliklə, 2002-ci ilin noyabr ayında Əhməd Davudoğlu Türkiyə Baş nazirinin Baş məsləhətçisi kimi yeni vəzifəsinin icrasına başlayır. A.Gül Baş nazir postunu R.T.Ərdoğana təhvil verdikdən sonra da Ə.Davudoğlu öz vəzifəsini icra edir. Həmin illərdə o, «kölgə Xarici İşlər naziri» kimi Türkiyənin xarici siyasi kursunun müəyyənləşdiricisi rolunu ifa edir. Avropa Birliyi (AB) ilə münasibətlər, Kiprə dair müzakirələr, İraqda baş verən proseslərdə Türkiyənin hansı rolu oynayacağını müəyyənləşdirən başlıca fiqur olur.

Vəzifəyə gətirildikdən 2-3 il sonra istefa verməyi və həyatını elmi və pedaqoji fəaliyyətə ayırmaq istəyən Davudoğlunun istəyini A.Gül və R.T.Ərdoğan eşitmək belə istəmirlər. R.T.Ərdoğanın xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə səfər edən, hökumətin adından rəsmi əlaqələr quran Davudoğlu Türkiyə diplomatiyası tarixində misilsiz bir Baş müşavirə çevrilib.

Ə.Davudoğlu 2009-cu il may ayının 1-də Xarici İşlər naziri vəzifəsinə təyin olunur. Bir il yarımın ərzində 11 ölkəyə səfər edən Davudoğlunun əsas məqsədi Türkiyəni «mərkəz ölkə»yə çevirmək idi.

Uzaqgörən siyasəti ilə Türkiyədə önəmli çəkiyə malik olan Davudoğlu Ərdoğanın ən sadiq kadrlarındandır. Odur ki, Ərdoğan prezident seçildikdən sonra AKP sədrliyinə və baş nazir postuna onun namizədliyini irəli sürdü. Gözlənildiyi kimi Davudoğlu ötən gün rəsmən AKP-nin lideri və Türkiyənin baş naziri elan edildi. (azvision.az)