vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
16:23 | 7 noyabr 2014 | Cümə Məqaləyə 5117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ovcumun içi kimi bilirəm...»

... və ya xəstəlikləriniz barədə ilk məlumatlar «əlinizin içindən gəlir»

QIZILGÜL, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

07.11.14 - ... və ya xəstəlikləriniz barədə ilk məlumatlar «əlinizin içindən gəlir»...

Əl - qiymətli məlumat xəzinəsidir, onu kitab kimi oxuyub insanın keçmişi, gələcəyi, xarakteri, eləcə də sağlamlığı barədə gərəkli məlumatlar əldə eləmək olar. Ancaq bundan ötrü əlləri doğru-dürüst oxumaq lazımdır.

Ovuc içinin qırmızıya çalması qaraciyər zəhərlənməsinin, hepatit, ya da hepatoz xəstəliyinin əlaməti ola bilər. Ovucdakı mərmərəbənzər ləkələr vegetativ sinir sistemində olan problemlərin göstəricisidir.

Ovucun dərisinin rəngi sarımtıldırsa, bu, qaraciyər, ya da öd kisəsi xəstəliklərindən (hepatit, öddaşı xəstəliyi, öd yollarının xəstəliyi, xolangit, xolesistit) xəbər verir. Barmaqların, xüsusən, ovucun dərisi xırda lövhəciklər şəklində soyulursa, deməli, orqanizmdə A və D vitaminləri çatışmır. Ovuc parça-parça soyulursa, dərhal dermatoloqa müraciət edin, əlinizdə göbələk xəstəliyi əmələ gəlir.

Səhhətin barometri

Soyuq əllər – periferik qan dövranı pozuntusunun və orqanizmdə nikotin turşusu çatışmazlığının əlamətidir. Bu çatışmazlığı aradan qaldırmaq üçün vitamin preparatları qəbul etmək, ya da qida rasionuna nikotin turşusu ilə zəngin yeməklər – süd məhsulları, ət, balıq, göbələk, qarabaşaq, lobya, kələm əlavə etmək olar.

Ovcunuzun içi istidən alışıb yanırsa, deməli, dərman, spirtli içki, kimyəvi maddələrlə zəhərlənmiş qaraciyəriniz öz funksiyasını yerinə yetirə bilmir.

«Qarışqa gəzişməsi» sindromu endokrin sisteminin problemli olduğunu göstərir. Əlləriniz tərləyirsə, bu da endokrinoloji problemlərdən xəbər verir. Bu hal qalxanabənzər vəzin hiperfunksiyasının əlaməti də ola bilər. Ovuc içinin quru və solğun olması isə əksinə – qalxanabənzər vəzin hipofunksiyası (hipetireoz) əlamətidir.

Barmaqların ucundakı ləkələr də xəstəlik əlaməti sayıla bilər. Əgər çeçələ barmaq tez-tez keyləşirsə, bu, ürək-damar sistemi nasazlığından xəbər verir. Baş barmağın keyləşməsi isə tənəffüs sistemi xəstəliyinin əlamətidir. Barmaqların sonuncu falanqasının dərisində qırışa oxşar uzun-dərin kəsiklər varsa, endokrinoloji sistemə diqqət yetirmək gərəkdir. Bu ya hipetireoz, ya da şəkərli diabet əlaməti ola bilər.

Əgər barmaqların ucu al-qırmızı rəngdədirsə, həzm sisteminin qeydinə qalmaq lazımdır. Tünd-qırmızı, hətta bənövşəyi rəngdə olması böyrək və qaraciyərdəki problemi göstərir. Venera təpəciyindəki ləkələr (xiromantlar baş barmağın başlanğıcındakı təpəciyi belə adlandırırlar) cinsiyyət orqanlarında hansısa xəstəliklə bağlı ola bilər.

Sağ əlin işarə barmağının yan səthi qaşınırsa, deməli, yoğun bağırsağın fəaliyyəti pozulub. Şəhadət barmağın arxa səthində dərinin kobudlaşması daha çox öd kisəsi xəstəlikləri zamanı müşahidə olunur.

Oynaq şaqqıltısı

Oynaqların vəziyyəti də bəzi xəstəliklərin xəbərdarlıq siqnalıdır.

Barmaq əzələlərinin ümumi tonusunun düşməsi ilə müşayiət olunan, həddindən artıq elastik (yaxud əksinə, elastikliyini itirmiş) oynaqlar qaraciyər və öd kisəsinin fəaliyyətində nasazlığı göstərir.

Oynaqların xırçıldaması orqanizmdə kalsiumun çatışmazlığına işarədir. Oynaqların formasının deformasiyaya uğraması – artrozu bidirir. Bu, ən çox podaqradan əziyyət çəkən insanlarda müşahidə olunur.

Oynaqlarda ağrıyla müşayiət olunan şiş, qızartı varsa, təcili həkimə müraciət etmək lazımdır, çünki bu, poliartrit əlamətidir. Adsız və işarə barmaqlarının ikinci və üçüncü falanqasında müşahidə edilən ağrı isə diz oynaqlarındakı ciddi fəsadla əlaqədardır.

Əlin forması da xəstəlik göstəricisi ola bilər. Hələ qədimdən məlumdur ki, ovuc nə qədər genişdirsə, insan o qədər sağlamdır. Ancaq geniş ovuclu, gödək barmaqlı adamlar daha çox qan dövranının pozulması və qan təzyiqi xəstəliyinə meyilli olurlar.

Uzun barmaqlı, dar ovuclu və solğun dərili adamların sinir sistemi zəif olur. Belə adamlar həm də temperaturun və ya atmosfer təzyiqinin qəfil dəyişkənliyinə, eləcə də, saat qurşağının əvəzlənməsinə, gur səsə, emosional gərginliyə qarşı həssas olurlar. Gödək barmaqlı adamın olduqca həssas vegetativ sinir sistemi var. Beləsi daha çox bronxial astma, düz bağırsağın iltihabı və hipotoniya xəstəliklərindən əziyyət çəkir.

Ovcunun içi ətli adamlarda daha çox qan dövranı problemləri müşahidə olunur. Maddələr mübadiləsinin pozulması, qalxanabənzər vəzin fəaliyyətinin aşağı düşməsi də onlarda tez-tez rast gəlinən xəstəliklərdəndir.

Ağrı nöqtəsi konkret orqanın xəstəliyini göstərir.

Çin təbabətinə görə, bədənin energetik mərkəzi ovucun ortasında yerləşir. Ovucun içini barmaqla möhkəm sıxanda ağrı hiss olunursa, bu, həmin adamın sağlamlığında ciddi problemlərin varlığından xəbər verir.

Narıngül hazırlayıb

 

 

 

 

 

 

 

 

Hamınızı yasıma dəvət eləyirəm...

Vaqif SƏMƏDOĞLU

Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.  

Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub. 1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza açıldı və Kommunist Partiyasının o vaxtkı rəyasət heyəti içəri daxil oldu. Əvvəllər mənə elə gəlirdi Stalin İçərişəhərin qoşa qala qapısından da keçməz, başı tirə dəyər. Sən demə, Stalin balaca bir kişiymiş. Ağ hərbi forma geyinmişdi, gözümü ondan çəkə bilmirdim.

Mən yaşda az adam olar ki, Boris Pasternakla araq içsin, Fadeyevlə, İlya Erenburqla görüşsün.

Azərbaycanda indi klassik dediyimiz insanların çoxuna «əmi» demişəm. Yaxşı xatirimdədir, bu muzeydə (Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi nəzərdə tutulur - red.) Nizami Gəncəvinin portretinin müzakirəsi keçirilirdi. Birdən Zeynal Xəlil dedi ki, bu portretdəki kişilər hamısı çox gözəldir, nə bilirik, bəlkə Nizami adi adam olub? Atam da razılaşdı, dedi kişi düz deyir də, bəlkə Nizami Gəncəvi elə Zeynala oxşayıb – ikisi də gəncəlidir axı...

Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür. Təsəvvür eləyin, dəhlizlərlə gedirsən və bilirsən ki, nə vaxtsa bu dəhlizlərdən Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə qələm tutur, nə də piano çala bilirəm. Diktofon da mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan səni sevindirən yaxşı bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur. Görünür, ölümün müdrikliyi də budur, dünyaya suallarla gəlib, ömür boyu bu sualların cavabları ilə mübarizə aparıb, elə suallarla da ölürük. Suallara məğlub oluruq… Bu, dəhşətli məğlubiyyətdir.

Amma rahat ölürsən, çünki bilirsən ki, sənin kimi başqaları da bu suallara cavab tapa bilməyib. Bütün suallara cavab tapılsaydı, Allahın necə olduğunu, kim olduğunu və harada olduğunu bilərdik. Görünməsə də, bir işarə verərdi.

Üç-dörd ay əvvəl məşhur gürcü kinorejissoru, dostum Otar İoseliani Parisdən zəng vurmuşdu, ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstan kapitalizmin cənginə keçsin. Elə bunu deyib dəstəyi asdı… Milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya özü də dəhşətli və cavabsız suallarmış.

Bilirsiniz, deməyə nə qədər söz var? Amma bu sözlərin qarşısını xərçəng adlanan bir açar bağlayıb, danışmağa qoymur. Yaxşı ki, düşünməyə, arzulara mane ola bilmir.

Mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq...

Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir…

O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.

Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var.

Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun...

(Redaksiyadan: Vaqif Səmədoğlunun ingilis dilində nəşr olunmuş «Zülmətdə günəşə mahnı» kitabının təqdimat mərasimində etdiyi çıxışın mətni əsasında yazını Leyla Əliyeva çapa hazırlayıb)

 

 

Uşaqlara «böyük» hədiyyə

Nərgiz CABBARLI

Dəyərlərin ucuzlaşdırılması, onlara barmaqarası yanaşma həyatımızın hər sahəsinə olduğu kimi ədəbiyyatımıza, mədəniyyətimizə də nüfuz edib. Hətta o dərəcədə ki, ciddi bir təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin uşaq ədəbiyyatı dərsliyində müasir dövr uşaq ədəbiyyatı Gülzar nənə və onun yardıcılığı ilə xarakterizə olunur. Məsələ bu yaradıcılığın bəsitliyində deyil. Belə bir yanaşma problemin özünü ucuzlaşdırmaq olardı. Məsələ müasir uşaq ədəbiyyatının ümumi mənzərəsinin görünməzliyində, pərakəndəliyində, sistemsizliyindədir. Bu isə adi problem deyil.

Gəlin «uşaq ədəbiyyatıdır» deyib keçməyək. Çünki bu, sadəcə ədəbiyyat məsələsi hesab oluna bilməz. Söhbət elə böyük bir sistemdən gedir ki, onun yoxluğunun ağır nəticələri görmək istəməsək və ya görməyi bacarmasaq da, göz önündədir. 

Hər şey sözdən, keyfiyyətli bədii mətndən, xüsusilə də sözün yaratdığı nağıl qəhrəmanından başlanır. Bir yazıçının düşüncəsindən ağ müstəviyə - kağıza, ya monitora düşən qəhrəmanın yolu isə həddindən artıq uzundur. Uşaqların nağıllar dünyasını yaratmaq, rəngləndirmək, təxəyyül gücünü zənginləşdirmək onun üzdə olan, görünən missiyasıdır. Əsl yol isə başqadır: nağılçının dünyasından rəssamın fırçasına, oradan rənglərlə dolu kitablara, kitablardan dəftərlərə, jurnallara, oradan cizgi filmlərinə – uşaqların sevimli qəhrəmanına qədər... Oradan da oyuncaqlar aləminə, yapışqanlar dünyasına, uşaq mebelləri aləminə; hələ uşaqlar üçün geyimləri, yataq dəstlərini, ayaqqabıları, çantaları, qələmdanları demirik. Göründüyü kimi, söhbət uşaq ədəbiyyatının böyük bir industriyanın tərkibinə daxil olması prosesindən gedir və burada dövlət nəzarətinin  (ideoloji tərbiyə məsələsi də işin içində olduğundan) mütləqliyi prosesin ayrılmaz şərtinə çevrilir.

Bu məsələdə biz uduzmuşuq – bu, faktdır. Uzağa getmədən kiçik yaşlı uşağı olanlar bircə anlıq başlarını qaldırıb balalarının əşyalarına fikir versinlər; düşüncələrindən, danışıqlarından, mənəvi dünyalarından əvvəl məhz əşyalarına. Çünki onların dünyasını ilk növbədə əşyaları, o əşyaların ifadə etdiyi zövq bəlirləyir. Elə oxuduqları, sevdikləri ədəbiyyatı da, nağıl qəhrəmanlarını da bu yolla görə bilərsiniz.

Mənzərə belədir: uşaqların ən çox sevdiyi nağıl qəhrəmanları – Kayo, Arı Maya, Marsupilami, Maşa, Mişa, Ben, Şrek... Ən yaxşı halda türk ekranlarının yerli cizgi qəhrəmanları – Minə, Mügə, Pepe, Şila, Jüjü, Nanə, Limon, Mıncır...

Nağıllarımızın bircə qəhrəmanı varmı? Biz hələ müasir nağıl qəhrəmanlarını demirik. Çünki yeni yaranan nağılların qəhrəmanları ya mətndə, ya da ən yaxşı halda kitab səhifəsində qalır. Səbəb yalnız onun uşaq sevgisi qazanmamasında deyil, həm də təqdimatındadır. Bu haqda bir az sonra.

Hələliksə «Bizim məşhur nağıl qəhrəmanlarımız var», - deyənlərə cavab verək. Hansısa bir uşaq «ana, mənə Cırtdan al», ya da «Tıq-tıq xanımın oyuncağını istəyirəm» deyirmi? Çətin. Əvvəla, onlar «yoxdurlar». İkincisi, üzə çıxsalar belə, müasir uşaq dünyagörüşünə və zövqünə görə artıq keçmişdə qalıblar. Onlar bizim uşaqlığımızın qəhrəmanları idilər. XXI əsrin balacası tam fərqlidir.

Bu məsələ açılan kimi bizdə də uşaq cizgi filmləri çəkildiyi, uşaq nəşrləri hazırlandığı, hətta yeni nağıllar, əsərlər yarandığı deyiləcək. Haqlı olaraq. İlyas Tapdıq, Zahid Xəlil, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli... uşaq şeirləri yazırlar.  Sevinc Nuruqızı, Gülzar nənə, Aygün Bünyadzadə... uşaq nağılları qələmə alırlar (mətnlərin keyfiyyəti haqqında başqa zaman danışarıq. Mövzu, dediyimiz kimi, bəsit və bir yazılıq deyil).

Bizdə də «Göyərçin», «Göy qurşağı», «Yuva», «Elli», «Bala dili», «Bahar», «Arzu», «Günəş», «Sehirli xalat», «Ailəm» jurnalları, «Savalan», «Şəkər villası», «Tonqal», «Tumurcuq» qəzetləri çap olunur. Bizdə də «Təhsil», «Altun» və «Beşik» nəşriyyatları uşaqlar üçün kitablar çap edib. Bizdə də XX əsrin 30-cu illərindən başlayaraq cizgi filmlərinin çəkilməsi üçün çox iş aparılıb. «Cırtdan» , «Ayı və siçan», «Şir və öküz», «Fitnə», «Pıspısa xanım və Siçan bəy», «Cücələrim», «Tülkü həccə gedir», «Meşəyə insan gəlir», «Humayın yuxusu» kimi filmlər yadımızdadır. Ən çətin dövrdə - 1990-cı illərdə 19 cizgi filmi çəkmiş «Azanfilm»in fəaliyyətini də, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «3D» formatında yeni cizgi filmi çəkildiyini də əlavə edə bilərik.

Heydər Əliyev Fondunun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan cizgi filmləri toplusunu hazırladığını da söyləmək lazımdır. Bunlar faktdır. Amma bütöv bir sistemin parçası olmadıqca yetərsizdir, pərakəndədir. Belədə qeyri-peşəkar işlə peşəkar işin qarışığından yaranmış qeyri-müəyyən mənzərə yaranır.

Proses isə adətən bu cür reallaşır: ya uğurlu bir mətn zəif rəssam işi ilə təqdim olunmuş kitabda «ölür», ya da uğurlu mətnlə uğurlu rəssam işinin oxucuya uğurlu təqdimatı reallaşa bilmir və yarıda qırılır (televiziya, animasiya, multiplikasiya variantları yaranmır, oxucuya çatdırılma prosesi baş tutmur). Məsələn, Elçinin «Mənə niyə gülürlər» nağılı və Ələkbər Salahzadənin «Oxatan kirpi» şeirli nağılı vardı ki («Beşik» nəşriyyatında dərc olunub), onlarda yeni obraz yaranmışdı. Rəssam təxəyyülü ilə yazıçı təxəyyülünün uğurlu işbirliyi baş tutmuşdu. O yol davam etdirilməli idi, amma kitabla «bağlandı».

Bir sözlə, uşaqlara çatma, sevilmə, dəyər qazanma, nağıl qəhrəmanına çevrilmə prosesi bizdə «kitab mərhələsi»ni adlaya bilmir. Halbuki bütün bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini tənzimləyən, hərəkətə gətirən, tətikləyən proseslərdir.

Nəticədə bu gün kiçik yaşlı uşağı olanlar yuxarıda sadaladığımız nağıl qəhrəmanlarının obrazına xeyli pul xərcləyirlər. Evlərimiz, uşaqlarımızın əyni-başı, otaqları, ən əsası beyinləri arımayalarla, kayolarla, marsupilamilərlə, şreklərlə doludur. Ən acınacaqlısı, bunu uşağın özü istəyir. Biz hələ uşaqlarımızın əsasən türk kanalları vasitəsilə (məsələn, «Yumurcaq», «TRT cocuq») tanıdığı nağıl qəhrəmanlarının dili ilə danışmağa başlamasını, onları yamsılamasını demirik...

Uşaq tərbiyəsi, uşaq psixologiyası məsələləri ilə məşğul olanlar bu faktın yetərincə narahatlıq doğurmalı olduğunu təsdiqləyərlər.

«Qloballaşan dünyada bu, adi haldır», - deyənlər də tapılacaq. Olsun. Qoy uşaqlarımız onları da tanısın, sevsin. Amma məsələnin məğzi başqadır. Məsələ bizim olan və ya olmalı olan nağıllarda, uşaq ədəbiyyatında, onun qəhrəmanlarındadır; bizim olmalı, hələ dünyaya demirik, öz uşaqlarımıza təqdim etməli olduğumuz cizgi filmlərindədir; onların təqdimatı üçün ayrılmış xüsusi uşaq kanalındadır; bu qəhrəmanları uşaqların məişətinə - əşyalarına qədər daşımalı olan sistemimizin yoxluğundadır.

«Kadr yoxdur», «yazan yoxdur», »çəkən yoxdur» deyiləcək. Yanlış fikirdir. Məsələn, kiçik bir uşaq nəşriyyatı olan «Beşik» nağıl qəhrəmanı yaratmağa çalışan 20 rəssamla işləyirdi – onların yalnız ikisi orta nəslə aid idi, qalanları tələbə gənclərdi ki, kiçik bir təkana ehtiyacları vardı. Az da olsa qonorar verildiyi üçün nəşriyyata axın-axın gəlirdilər.

Bu misalları artırmaq da olar. Amma artırmadan nəticəni vurğulayaq: sistem qurulmalıdır. Mətndən son nöqtəyə - əşya dünyasına qədər yolu izləyəcək bir sistem olmalıdır. Bu məsələni «nağıl yazılmır», «uşaq rəssamı yoxdur», «animator tapılmır» kimi problemlərlə məhdudlaşdırıb dar çərçivədə düşünmək yanlışdır. Daha geniş perspektivdə görmək gərək. Yerdə qalan kadrları da itirmədən.

Uşaq ədəbiyyatının keyfiyyət göstəricisi isə başqa yazının mövzusu olacaq.

 

 

Kim necə tərbiyə verir?

Uşaq tərbiyəsi bütün dövrlərdə aktual və mübahisə doğuran mövzu olub. Bu problem ənənələrlə elmi dəlillərin üz-üzə gəlib dil tapmadığı məsələ sayılıb... Müasir dünyada artıq uşaq tərbiyəsi ənənə ilə elmi yanaşmanın sintezi əsasında qurulur. Bu baxımdan bəzi ölkələrdəki tərbiyə üsulları çox maraqlıdır.

Almaniyada gənclər valideyn olmağa tələsmirlər ki, uşağı təminatlı böyütsünlər. Ona görə də almanlar təxminən 30 yaşında ata-ana olurlar. Hamiləlik zamanı gələcək ana uşaq otağı, oyun meydançası hazırlayır, körpəni evdə 3 yaşına qədər tərbiyə edəcək dayə axtarır. 4 yaşından uşağı «oyun qrupuna» göndərirlər ki, o, başqa uşaqlarla ünsiyyətdə daha yaxşı inkişaf eləsin. Bundan sonra uşaq bağçada tərbiyə alır.

Bağçada uşağa onun müstəqil düşünüb qərar çıxarmaq qabiliyyətini inkişaf etdirən oyunlar öyrədirlər. Müxtəlif mövzulara (oyuncaqların yığışdırılması, böyüklərə kömək, pis davranış və s.) həsr olunmuş ümumi toplantılarda uşaqlar öz fikirlərini sərbəst deyə və müstəqil qərar verə bilir, ardınca qərarın həyata keçirilməsini izləyirlər.

Almanlar övladlarına onların hüquqlarını hələ uşaqkən başa salırlar. Almaniyada uşağı döymək, təhqir eləmək, üstünə qışqırmaq və cəzalandırmaq olmaz. Burada avtoritar tərbiyə yoxdur, yalnız qaydalar və ənənələr var. Uşaq hər şeyi sərbəst etməyə öyrəşir – yıxılıbsa, özü durmalı, suyu yerə dağıdıbsa, özü silməlidir.

Balacalar öz otaqlarında istədiklərini eləyə bilərlər, çünki bu, onların ərazisidir, ancaq başqa otağa keçəndə özlərini ədəbli aparmağa borcludurlar.

Uşaq ata-anasının əşyalarına icazəsiz əl vura bilməz. Gəzintiyə çıxmaq, televizora baxmaq, qonaq getmək kimi məsələlər isə ailədaxili qrafik əsasında baş tutur.

Fransada əksər analar uşaq doğulandan təxminən bir ay sonra işə çıxır, uşağı isə dayəyə tapşırırlar. Ölkədə analıq məzuniyyətinin müddəti 10 həftədir. Bu, bahalıq və uşağın xərclərinin çox olması ilə bağlıdır.

Övladını çox erkən bağçaya verən fransızların fikrincə, uşaq kollektivdə  daha yaxşı inkişaf edir, oyun oynamağı, oxumağı, saymağı, yazmağı, şəkil çəkməyi daha tez öyrənir, intizamlı və müstəqil olur. Doğulan kimi uşağı əvvəlcə körpələr evinə, sonra uşaq bağçasına, daha sonra məktəbə göndərirlər. Fransada uşaq çox tez sərbəstləşir: məktəbə, alış-verişə özü gedir, hətta yemək də bişirir.

Ailədə ikinci, üçüncü uşaq dünyaya gəlirsə, əksər hallarda ana işdən çıxıb uşaqların tərbiyəsi ilə məşğul olur. Fransada işləməyən ananın uşağını dövlət uşaq bağçasına götürmürlər.

Almaniyada olduğu kimi Fransada da uşağı cəzalandırmaq yolverilməzdir, ana uzaq başı uşağa acıqlana bilər. Uşaq qayğıyla əhatə olunsa da, bir günah işləyəndə valideynlər onu qayğıdan məhrum edir, övladlarını yaxşı işlərə həvəsləndirmək üçün ona pul da verirlər.

Özünü yaxşı aparmağı, böyüklərə qulaq asmağı, şıltaqlıq eləməməyi, dalaşmamağı fransızlar uşağa lap erkən yaşlarından təlqin edirlər. Bu cür tərbiyə uşağın sonralar özünü kollektivdə də tərbiyəli aparmasını şərtləndirir. Nənə-babalar nəvələrini yalnız bayramlarda, bir də tətillərdə görə bilirlər.

İtaliyada uşağın dünyaya gəlməsi həm ailə, həm də yaxınlar üçün böyük bayramdır. Ənənəyə görə, nəvəyə nənə-baba göz qoyur. İtalyanlar uşağı çox tərifləyirlər, bu da çox vaxt onun tərbiyəsini korlayır. Burada uşaq bağçasına yaxını-doğması olmayan, ya da nənələri işləyən uşaqlar gedirlər.

İtalyan tərbiyəsindəki problemlər üç amillə bağlıdır: uşağın tərbiyəsinə həm ailədə, həm məktəbdə çox da diqqətli yanaşmırlar; italyan valideynlər heç də həmişə uşağa yaxşı nümunə ola bilmirlər; bir də uşağı gec, hardasa 10-12 yaşlarında tərbiyə etməyə başlayırlar. Erkən yaşda isə, demək olar, uşağın tərbiyəsinə məhəl qoymurlar.

İtalyanlar ailə naharına və bayramlara böyük əhəmiyyət verirlər. Bayramlarda bütün ailə, qohum-əqrəba iri masa arxasında toplaşır.

Norveçdə tərbiyənin əsas prinsipi uşağın rahatlığını təmin etməkdir. Bütün uşaq müəssisələrində azyaşlıların rahatlığı, tədrisin onları yormaması, gərginləşdirməməsi üçün hər şərait yaradılır. Bu səbəbdən Norveçdə uşaqların inkişaf səviyyəsi başqa ölkələrdəkindən fərqlənir.

Hüquq bərabərliyi uğrunda mübarizə Norveçdə hər iki cinsdən olan uşaqların tərbiyəsinə də ciddi təsir göstərir. Bu ölkədə faktiki olaraq oğlan və qız oyuncaqları, oğlan və qız idman növləri yoxdur. Hər kəs istədiyi oyunu oynaya, istədiyi peşəni seçə bilər.

Norveçdə «Kişi ol!», «Sən qızsan, qız belə hərəkət eləməz!», «Qız bu işlə  məşğul olmaz!», «Kişi ağlamaz!» kimi iradlara rast gəlmək mümkün deyil.

Finlandiyada uşaq doğulanda ana ilə yanaşı ata da məzuniyyətə çıxır. Məktəblərin çoxuna uşağı bilik səviyyəsini yoxlamadan götürürlər. Məktəbdə bütün fənlər kurs kimi keçilir, daha doğrusu, əvvəlcə bir fənn, sonra başqa fənn üzrə kurs keçilir. Burada paralel öyrənmə üsulu yoxdur.

Finlandiyada uşağa qarşı fiziki zorakılığa qanuni qadağa var. Uşağına şillə vuran valideyn hətta həbsxanaya salına bilər. Bu ölkədə uşaqlar özləri polisə gedir, valideynlərindən şikayət eləyib onları həbsxanaya saldırırlar.

Böyük Britaniyada uşaqları ciddi tərbiyə altında böyüdürlər. Hələ körpəlikdən uşağa bir sıra qadağalar qoyur, hisslərini büruzə verməməyi öyrədirlər. İngilis valideyn uşağına hədsiz sevgi göstərib onu əzizləmir. Bu da uşaqda  möhkəm xarakterin və cəmiyyətdə nəcib davranışın formalaşmasına gətirib çıxarır.

ABŞ vətəndaşlarının əsas devizi belədir: uşaq tək böyüməməlidir! Buna görə də amerikalı ailələrdə ən azı iki uşaq olur. Amerikalıların fikrincə, tək uşağın böyüməsi də, inkişafı da çox çətindir. Valideynlər uşaqlarını özləriylə hər yerə aparırlar. Amerikada ailənin uşaqlarla birgə kinoya, ya hansısa gecəyə getməsi yürüşü xatırladır. Məhz buna görə bir çox ictimai müəssisələrdə uşaqları yedirmək və geyindirmək üçün ayrıca otaqlar var.

Çin qanunlarına görə, ailədə yalnız bir uşaq ola bilər. Bu qaydanı pozan ailələri böyük məbləğdə cərimə gözləyir. Əksər ailələr oğlan uşağına üstünlük verirlər deyə qız olacağını bilən qadınları abort elətdirirlər.

Tərbiyəyə gəlincə, Çində uşaq 3 aylığından körpələr evinə verilir, 6 aylıq uşaq isə artıq bağçaya gedir. Çinlilər 2 yaşlı bütün normal uşaqlara saymağı, yazmağı və oxumağı öyrədirlər.

Yapon tərbiyəsi ixtilafsızlıq prinsipi üzərində qurulub. Uşaqları sakit tərzdə danlayırlar, qışqırmaq isə ümumiyyətlə məqbul deyil. Yapon ailəsində 5 yaşına qədər uşağa heç bir qadağa yoxdur. Uşağı əzizləyir, heç vaxt danlamır, nə istəsə eləməyə icazə verirlər. Bu yolla uşaq özü dünyanı dərk edir.

Orta məktəbə gedəndə uşağa münasibət bir az sərtləşir, onları qabiliyyətinə görə ayırır, davranışına və uğurlarına görə həvəsləndirirlər. Bu yolla yapon uşaqları arasında rəqabət, intellektual yarış mühiti yaradılır.

Yaponlar uşaqlara böyüyənə qədər iki həqiqəti təlqin edirlər: başqasıyla onun istədiyi kimi rəftar elə ki, səninlə də o cür davransınlar; valideynlərin hərəkətini mühakimə etmə.

Afrika adətinə görə, ana övladını kürəyinə şəlləyib özüylə hər yerə aparır. Avropadan gələn uşaq arabaları burada antimilli element sayılır və ənənəyə sadiq olanlar arasında böyük etirazla qarşılanır.

Puerto-Rikoda valideynlər südəmər uşaqlarını 5 yaşına qədər olan böyük bacı-qardaşlarının öhdəsinə verirlər.

Honkonqda isə əksinə, ana uşağını heç kəsə etibar eləmir, hətta övladını qucağına alan atanı da bir dəqiqə gözdən qoymur.

Qərb ölkələrində uşağı ağlayandan təxminən üç dəqiqə sonra sakitləşdirir, onu qucağa alıb yelləyirlər. Afrikada isə uşağın ağlamağına 10 saniyə keçməmiş reaksiya verir, körpəni dərhal əmizdirirlər. Balidə uşağı cədvəl üzrə yox, tələbatına uyğun yedirmək qəbul olunub.

Bunda  başqa, Qərbdə uşağı gündüz yatırma anlayışı da yoxdur. Qərblilərin  fikrincə, uşaq gün ərzində yorulmalıdır ki, gecə rahat yatsın. Maraqlıdır, Çində və Yaponiyada uşaqlar valideynləri ilə yatırlar. Bu, bir yandan yerə qənaət məqsədi güdür, o biri yandan da hesab edirlər ki, uşaq qaranlıqdan qorxmur və rahat yatır.

Faktlar göstərir ki, tərbiyə uşağın intellektual inkişafına əsaslı təsir edir. Məsələn, Nigeriyada 2 yaşlı uşaqların 90 faizi sərbəst yuyunur, 75 faizi alış-veriş edir, 39 faizi isə boşqab yuya bilir. ABŞ-da isə mütəxəssislər məsləhət görürlər ki, valideynlər 2 yaşlı uşağa təkərli arabanı çəkməyi öyrətsinlər.

Hazırladı: Narıngül ƏLİYEVA

 

 

«Uşaqlar kimi uşaq ədəbiyyatına da qayğı gərəkdir»

Zahid Xəlil: «İyirmi ildən sonra «müasir uşaq ədəbiyyatı» deyə bilməyəcəyik»

Dövr dəyişir, zəmanə uşaqları yeni nağıllar istəyirlər. Dünya ədəbiyyatı bu istəyi qarşılamağa çalışır. Azərbaycan uşaq ədəbiyyatı isə hələ də «Cırtdan»da ilişib qalıb. Belə getsə, elə Cırtdan boyda da qalacaq.
Tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil Azərbaycanda uşaq ədəbiyyatının bugünkü vəziyyətiylə bağlı narahatlığını bölüşür:

- Bugün uşaq ədəbiyyatının ağırlığını qocalar çəkir. Sovet dövründə yazanların əksəriyyəti inersiya ilə köhnə işi davam elətdirir. Mövzular dəyişib, çalışırlar dövrə uyğun işləsinlər, amma bütövlükdə bu ədəbiyyatı yaşadan onlardır.

Uşaq ədəbiyyatına təzə gələnlər də var. Mənimlə görüşürlər, kitablarını gətirirlər. Onlar da təqaüdə çıxmış müəllimlərdir. Fikirləşirlər ki, uşaq ədəbiyyatının məqsədi tərbiyə etməkdir, mən də bir-iki tərbiyəvi əsər yazım, olsun uşaq ədəbiyyatı. Mən Yazıçılar Birliyinə gedəndə cavan uşaq yazarları yaxınlaşırlar, şeirlərini oxuyurlar. Baxıram, ədəbiyyatın qayda-qanunlarını yaxşı bilmirlər.

Bu gün uşaq ədəbiyyatına gəliş yox dərəcəsindədir. Belə getsə, 20 ildən sonra «müasir uşaq ədəbiyyatı» ifadəsini işlədə bilməyəcəyik. Bunun  qayğısına qalmalıyıq. Niyə sovet dövründə bizim uşaq ədəbiyyatımız yaxşı inkişaf eləmişdi, SSRİ miqyasında ən qabaqcıl yerlərdən birini tuturdu? Ona görə ki, Azərbaycanda uşaq ədəbiyyatının inkişafı üçün çox böyük xidmət göstərən, ona dayaq duran insanlar, instansiyalar vardı. Televiziyada, radioda proqramlar açılmışdı, uşaq yazıçıları gəlib çıxış edir, uşaqlarla görüşürdülər. Yazıçılar İttifaqının o zamankı sədri Mirzə İbrahimov qərar çıxarmışdı ki, «Azərbaycan» jurnalı hər nömrə uşaq ədəbiyyatına yer versin. Bu, ona gətirdi ki, İlyas Tapdıq, Qəşəm İsabəyli, Aləmdar Əlizadə, Rafiq Yusifoğlu kimi uşaq yazıçıları yetişdi.

- Sizcə, ənənəni dirçəltmək üçün neyləmək lazımdır?

- Birinci növbədə, uşaq yazıçılarına qayğı göstərməliyik. Azərbaycan Yazıçılar Birliyinin beş-altı nəşri var. Hər birinə tapşırılmalıdır ki, mütləq uşaq səhifəsi verməlisiniz. 9-10-cu sinif şagirdləri tez-tez mənə öz şeirlərini göndərirlər. Onları azacıq düzəltməklə çap eləmək olar. Demirəm yazdıqları şedevrdir, amma onları çap eləsələr, fərəhlənərlər, sözə-sənətə maraqları artar.

Televiziyalarda o qədər əttökən verilişlər var, niyə efirə bir uşaq yazıçısını çıxarıb uşaqlarla beş-altı kəlmə danışdırmırlar? Mən 25 il televiziyada uşaqlar üçün veriliş aparmışam. Tanınmış rus yazıçısı Yuri Kuşak yazırdı ki, hətta Moska televiziyasında belə veriliş görməmişəm... Filip Mironov vardı, Moldova yazıçısı; deyirdi, təəssüf ki, bizim televiziyalarımız Azərbaycanı tutmur, yoxsa o verilişə məmnuniyyətlə baxardım... Bu ənənələri bərpa eləmək lazımdır. Axı uşaq ədəbiyyatı olmadan uşaqları necə tərbiyələndirmək olar? 

- Uşaqlar üçün yazılmış dünyaca məşhur əsərlərin sirri nədədir? O əsərləri yalnız uşaqlar oxumur, böyüklər də mütaliə edirlər...

- Dünya uşaq ədəbiyyatı fəlsəfə üzərində qurulub. Məsələn, Andersenin «Noxud üstündə yatan şahzadə qız» əsəri – onu yalnız uşaq ədəbiyyatımı saymalıyıq? Bu, Andersenin cəmiyyətdə hökm sürən qaydalara etirazı idi. Fikrimcə, dünya uşaq ədəbiyyatı özündə böyük məna daşıdığına görə yaşayır. Onun ömrü ona görə uzundur.

- O cür ədəbiyyatı, doğrudanmı, uşaqlar oxuyurlar?

- Uşaqlar oxuyurlar. Amma o nağılın üst qatında olan mənanı götürürlər.

- Hər halda bu nağıllardakı ideyalar onların şüuraltısına ciddi təsir göstərir...

- Əlbəttə! Dünyada «Uzuncorab Peppi»ni, «Balaca və damda yaşayan Karlson»u yazan Astrid Lindqren var. Canni Rodari var, söz nəhəngi, onun «Çippolinonun başına gələnlər» əsərini xatırlayın. Hər birinin arxasında bir mesaj, bir ideya, böyük bir məqsəd dayanır.

- Yaxşı uşaq yazıçısı olmaq üçün nə tələb olunur, nələri bilmək, haraya qədər məlumatlı olmaq lazımdır?

- Nə qədər çox bilsən, o qədər yaxşıdır. Xüsusilə fizikanı, astronomiyanı bilmək gərəkdir. «Alisa möcüzələr diyarında» əsərinin müəllifi Luis Kerroll fizika-riyaziyyat mütəxəssisi idi. O, kəşf eləmişdi ki, yerin mərkəzində bir nöqtə var, orada saat dəyişmir. Herbert Uelsin »Zaman maşını» əsərində də Yer kürəsində zamanın dəyişmədiyi məkandan söz açılır.

Bizdə bir tərcüməçi Yan Larisin bir əsərini çevirib, qalıb əlində, çap eləyən yoxdur. Orada xırda böcəklərin, həşəratların, kiçik canlıların həyatından elə hadisələr təsvir olunur ki... Çünki o yazıçı biologiyanı yaxşı bilir. Yaxud rus uşaq yazıçısı Yuri Dmitriyev təbiətşünaslıq sahəsində çox məlumatlıdır. Onu oxuyanda kitabı yerə qoymaq olmur. Bildiyi şeyləri yazır, bir az da gözünə fantaziya qatır. Dmitriyevi 1987-ci ildən tanıyıram, vaxtilə hər ikimiz mükafat almışdıq.

- İndi nə yazırsınız?

- Beynimdə bir əsər hazırdır, amma yazmağa həvəsim yoxdur.

- Nə mane olur?

- Ovqat. Əvvəllər bilirdim ki, kitabım çıxacaq, oxucular da o dəqiqə reaksiya verəcəklər. İndi həvəssizəm, ancaq arı vərdişindən əl çəkmədiyi kimi, sadəcə, vərdişimdən qalmıram.

- İndi elə bir yazar varmı ki, deyəsiniz, bundan yaxşı uşaq yazıçısı çıxar?

- Elə bir adam tanımıram. Sevinc Çılğın imzalı yazar var, onun hekayəsini oxudum, gördüm qabiliyyətlidir. Mütaliəsini genişləndirsə, dünya ədəbiyyatına lazımi səviyyədə bələd olsa, uşaq yazıçısı ola bilər.

- Dünya ədəbiyyatını oxumadan yaxşı uşaq yazıçısı olmaq mümkün deyil?

- Olar, amma az sonra istedadın tükənəcək, yazdıqların məhdud dairədə qalacaq, Azərbaycan xalq ədəbiyyatı ənənələrindən kənara çıxa bilməyəcək. Halbuki biz o çərçivələri vurub dağıtmalıyıq.

- Yeri gəlmişkən, Azərbaycan xalq nağılları haqda nə deyə bilərsiniz? Bəzən deyirlər ki, bu nağıllar normal psixologiya üzərində qurulmayıb. Götürək elə qardaşlarının Məlikməmmədi quyuya sallamasını...

- Biz pisləməklə, ya tərifləməklə deyil, xalqın yaxşı cəhətləriylə yanaşı neqativ tərəfləri də var axı. Məgər bizdə qardaş qardaşı öldürmür? Oğul var, anasını öldürür ki, niyə bu torpağı mənə yox, qardaşıma verdin? «Məlikməmməd» yaxşı nağıldır... Uşaq yazıçısı folklordan qidalanmalıdır. Məsələn, mən Cırtdanın adını götürmüşəm, amma tamam başqa bir obraza salmışam. Bir qırıq boyu var, özü də çox zirəkdir, oddan yaranıb. Başqa bir nağılımda «Çınqı» var, o da Cırtdanın kiçik qardaşıdır, qığılcımdır. O, doğulan kimi başlayır qardaşını axtarmağa və gəlib Cırtdanı tapır.

- Niyə oddan yaranıb onlar?

- Bizdə zirək uşaq haqqında deyirlər ki, od parçasıdır.

- Yəni burada başqa bir məna, məsələn, dini çalar yoxdur?

- Yox. Mən o tərəfini qabaqcadan düşünmüşəm ki, deyəcəklər, şeytan da oddan yaranıb, amma mənim nağılımda elə deyil.

- Sizcə, din uşaq ədəbiyyatına sirayət etməlidirmi?

- Bunu heç vaxt eləməmişəm. Allaha inanıram. Amma məncə, dini motivlər uşaq ədəbiyyatına daxil edilməməlidir. İslam dininin çox gözəl tərbiyə üsulları var. Bununla belə, dini uşaq ədəbiyyatına gətirməyin tərəfdarı deyiləm.