vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
İSTİRAHƏT  
17:04 | 23 noyabr 2022 | Çərşənbə Məqaləyə 1037 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalan nəticəsində tapılan şəhər

Nəbatilərin paytaxtı – Petra

İradə QƏDİROVA

Dünyanın 7 yeni möcüzəsindən biri olan Petra və ya Əl-Batra paytaxt Ammandan 236 km məsafədə, dəniz səviyyəsindən 900 m yüksəklikdədir. Nəbatilərin paytaxtı olan Petra yunan dilindən tərcümədə qaya deməkdir və “yalan nəticəsində aşkar olunmuş şəhər” statusu var.

Belə ki, 1812-ci ildə isveçrəli səyyah İohan Lüdviq Burkxard Petranı tapmaq istəyinə düşür, lakin buralara kimi gəlib çıxan səyyah bədəvilərdən Petra deyib soruşanda onlar firəng səyyahın nə axtardığını başa düşmürlər. Çünki özləri buranı Petra adlandırmırdılar. İohan düşünüb ki, yəqin bədəvilər şəhəri ondan gizlətməyə çalışır. Sonra zəvvar geyimi geyinib və Petraya yaxın dağda Musa peyğəmbərin qardaşı Harunun qəbrini ziyarət edəcəyini bildirərək yerlilərdən yol göstərməyi xahiş edib. Bədəvilər də İohanı möhtəşəm qayalıqlardan keçirərək Petraya kimi gətirib çıxarıb. O vaxtdan bəri üç əsrdir ki, Nəbatilərin paytaxtı ağlımızı zəbt edir.

Bütün kompleks çox genişdir. Bura məşhur görünüşü olan Əl-Xazna (Xəzinə), teatr, amfiteatr, məbədlər daxildir. Petraya bənzər bir məbəd isə bir qədər yüksək təpələrdədir ki, ora bir az yürüş etmək lazım olur.

Ən maraqlı məqamlardan biri orada yerləşən mağaralarla bağlıdır. Belə ki, abidə 1985-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına salındıqdan sonra hökumət orada yaşayan bədəviləri köçürməyə çalışmışdı. Tərs xarakterli olan yerlilər mağaraları yalnız bir şərtlə tərk etməyə razı oldular – əraziyə nəzarət tamamilə bədəvilərdə qalmalıdır. Bu gün də kompleks ərazisindəki insanlar məhz həmin bədəvilərin nəslindən olanlardır.

“Hollywood”un dünyaca məşhur rejissoru Stiven Spilberqin 1989-cı ildə ekranlaşdırdığı və baş rolda Harrison Ford və Şon Konnerinin oynadığı “İndiana Cons və son Səlib yürüşü” filminin bəzi səhnələrini bu məbəddə çəkib.

İordaniyaya səfər edib bu bənzərsiz tarixi incini görmək istəyənlər üçün bəzi vacib məsləhətlər:

– Abidəni görmək üçün bir gün ayırmağınız daha yaxşı olar;

– Yaxınlıqda çox qəşəng hotellər var ki, orada gecələyə bilərsiniz;

– Girişdə bilet aldıqdan sonra ayaqlarınıza yazığınız gəlsə, Xəzinəyə kimi maşınlar aparıb gətirir. Onlar üçün də ayrıca bilet alırsınız. Qayıdan baş rahat olması üçün bileti gediş və gəliş üçün götürün.

– Payız, yaz ayında getdikdə azca külək və sərin olacağını nəzərə alın.