Avokado necə hazırlanır?
Məşhur Meksika resepti ...
Avokado ilə ilk tanışlığım 15 yaşımda, anam limonlu və bibərli yaşıl sıyığın dadına baxmağı təklif etdiyində baş tutmuşdu. Mənim üçün bu, çox uğursuz bir təcrübə idi və mən dərhal yox dedim. Bir neçə il sonra avokado ilə rastlaşmalarım qızlarla birlikdə sırf Marqarita üçün getdiyimiz Meksika restoranlarında baş verirdi, Meksika yeməkləri isə çox ürəyimizcə oldu (xüsusilə onların rəngarəng qabları) və biz tez-tez naços ilə quakamole yeməyə başladıq.
Son illərdə avokado o qədər çox populyar olub ki, reseptlərin və istifadəsinin sayı hesabı yoxdur, faydalı xüsusiyyətləri haqqında isə uzun-uzadı danışmaq olar. Bəli, yüksək kalorilidir, amma o qədər faydalıdır ki, onu gözü bağlı qorxmadan yeyə bilərsiniz. Avokadoda faydalı yağlar və amin turşuları mövcuddur, möcüzəvi şəkildə dəriyə təsir edir.
Avokadonu alarkən diqqət yetirəcəyimiz ən önəmli məqam əlbəttə onun rəngidir - o, yaşıl olmalıdır. Səthdə heç bir sıyrılma olmamalıdır. Daha sonra saplağını qırın və rənginə baxın - əgər açıq yaşıldırsa rahatcasına alın. Mən, barmaqla basanda bir azca yumşaq olan, yetişməmiş avokado almağı sevirəm.
Avokado bizim ailəmizin mütəmadi qonağıdır. Demək olar ki, onu səhər yeməyində gün aşırı istifadə edirəm. Mən qeyri-adi bir şey hazırlamıram. Mənə elə gəlir ki, avokado ilə sadəlik - müvəffəqiyyətli və ləzzətli bir yeməyin rəhnidir. Avokado ilə eksperiment aparmaq olar, çünki o, özü özlüyündə tamamən yağlıdır, duzlu və ya şirin dada malik deyil. Fantaziyanız və zövqünüz sizin imzalı reseptiniz ola biləcək hər hansı uyğun birləşməni seçə bilər.
Avokadonu (yetişmiş və yumşaq) çəyirdəyinə toxunmadan ikiyə bölürəm. Meyvəni ayırıram. Sonra qabığını soyuram, lətini doğrayıram, qızardılmış tostun üzərinə qoyuram, üzərinə limon şirəsi çiləyirəm və duzlayıram. Səhər yeməyi hazırdır. Bu tost o qədər doyumludur ki, nahara qədər sizə bəs edəcək. Daha doyurucu səhər yeməyi üçün bəzən avokadonun üzərinə qızardılmış toyuq yumurtası qoyuram.
Avokadonun digər yarısının üzərinə limon suyu sürürəm və daha sonra istifadə etmək üçün qida plyonkasına bükürəm.
Quakamole resepti (2 nəfərlik):
1 yetişmiş avokado - kub formasında doğrayırıq;
Yarım limon (şirəsi);
Duz və istiot zövqə görə;
1 ədəd orta pomidor - kub formasında doğrayırıq;
Yarım dəstə doğranmış keşniş;
Təzə Çili bibəri.
Bütün inqrediyentləri doğrayırıq və bir qabda qarışdırırıq. Duzu və limon suyunu əsirgəməyin. Süfrəyə naços çipsləri və ya tostla verilir.
Nuş olsun!