«Obrazın ölüm səhnəsini yazanda ağlamışdım…»
«Siyasətçilərin kitabları, adətən, qıcıq doğurur – Obamanın «Atamın arzuları» kitabı istisna olmaqla»
Tərcümə etdi: Mənsur MATT
MÖVZU İLƏ ƏLAQƏLİ
«New York Times» «By the book» rubrikasında Hind əsilli ingilis yazıçısı Salman Rüşdinin müsahibəsini təqdim edib.
S.Rüşdi oxucular tərəfindən kifayət qədər maraqla qarşılanan müəllifdir. Mif və fantastikanın geniş yer aldığı əsərləri daha çox Hindistandan bəhs edir. Yazıçının «Şeytan ayələri» əsəri rəsmi şəkildə Hindistan və bir neçə islam ölkəsində qadağan olunub. Bununla yanaşı, həmin əsərin yayılması, tərcümə edilməsi və satılması insanlar arasında tabuya çevrilib. Haqqında mənfi fikir formalaşdırılan müəllifin bəzi ölkələrə girişi də qadağandır. Müxtəlif illərdə fərqli din xadimləri tərəfindən ölümünə fərman verilməsinə baxmayaraq, müəllif 2007-ci ildə Böyük Britaniya kraliçası II Elizabet tərəfindən Cəngavər ordeninə layiq görülüb. Hal-hazırda Böyük Britaniyada yaşayır.
- Hal-hazırda şəxsi stolunuzda hansı kitablar yer alır?
- Artıq oxuyub bitirdiyim və zövq aldığım Ta-Neysi Kotzun «Dünya ilə mənim aramda», növbəti oxuyacağım Cek Veterfordun «Çingiz xan», kim olduğumu xatırlamaq və yenidən kəşf etmək üçün çox əlverişli olan Coan Didionun «Ağ albom» kitabları, oxuduğum zaman ən azından qolf oyunu barədə məni təkrar düşünməyə vadar edən P.Q.Vudhauzun «Axmağın ürəyi» əsəri, bir də Sol Bellounun «Humboldtun hədiyyəsi» az-çox gözə dəyir.
- İndiyədək ən sevdiyiniz yazıçı kim olub?
- «İndiyədək» ifadəsi çox uzun bir müddəti əks etdirir. Bu elə bir zaman kəsimidir ki, burda Kafka da ola bilər, hansı ki fərqli zamanlarda olsaq da, eyni dünyanı paylaşırıq, digər tərəfdən də öz təxəyyülünün zərif yaradıcılığına və nəsrinin gözəlliyinə görə Dikens. Hər halda bu kəsimdə Coys da digərlərindən geri qalmır.
- Hansı janrda oxuyarkən xüsusi zövq alırsınız və hansılardan, sözün əsl mənasında, qaçırsınız?
- Doğrudan da, qiraət kataloqum yoxdur. İstənilən halda diqqətimi cəlb eləyən hər kitabı oxuyuram. Amma işimə görə hal-hazırda daha çox oxuduğum bir janr var. Daha çox sənədli romanlar oxuyuram, çünki Nyu-York Universitetində məhz bunu tədris edirəm. Bu baxımdan, Meylerin «Gecə qoşunları», Kenillinin «Şindlerin siyahısı», Kapotenin «Soyuqqanlı» əsəri və digərlərini deyə bilərəm.
- Fətva məsələsi ortaya çıxarkən gizləndiyiniz anlarda sizə bilavasitə yardım edən və ya ehtiyac duyduğunuz kitablar var idimi?
- Məlum hadisələr zamanı maarifçi yazarların kitablarına müraciət edirdim. Volterdən «Kandid», Didrodan «Fatalist Jak» və Russodan «Etiraflar». Həmçinin, Con Stüart Milin «Azadlıq haqqında» əsəri. Amma eyni zamanda daha bir neçə kitabı əlimə alıb sadəcə bir az gözdən keçirmişdim. Filip Rasın «Faktlar» əsərini bəyəndiyimi, eyni zamanda Kurt Vonnequtun «Fokus-pokus» kitabının bəyənmədiyimi xatırlayıram, mənə əvvəlki qədər təsir bağışlamamışdı, məyus olmuşdum, çünki onun digər kitablarını çox bəyənmişdim – «Titanın sirenləri», «Pişik üçün nənni» və əlbəttə ki, «Sallaqxana – nömrə beş».
- Sizi güldürən sonuncu kitab hansıdır?
- P.Q.Vudhauzun «Vusters məcəlləsi». Kristofer Hitçensin çıxışı var orda. O (eləcə də mən) inanırdı ki, ingilis ədəbiyyatında ən görkəmli anti-nasist tənqidçi olacaq:
«Spod, sizlə bağlı tək problem odur ki, London səhnəsini çirkinləşdirmək üçün bir ovuc ağıldankəmi yoldan çıxara bilirsiniz. Onların səsini eşidirsiniz: «Hayl, Spod!» Və elə bilirsiniz ki, bu, «Xalqın səsi»dir. Bu, sizin yaratdığınız içi boş qozadır. «Xalqın səsi»ndə isə deyilir: «Bu qorxulu eşşək Spodun çantalar haqqında dediyi sayıqlamalara bir baxın! Heç yastığınızın tükləri arasında da bu cür yaramazla qarşılaşa bilməzsiniz!»
Bura az-çox Kristofer Hitçensin məni güldürdüyünü də əlavə edə bilərəm. Hitçens darıxdığım yumoristdir.
- Bəs sizi ağladan sonuncu kitab hansı olub?
- Oxuyarkən ağlamıram, həqiqətən. Baxmayaraq ki, çox sevdiyim «Təlxək Şalimar» əsərimdə bir obrazın ölüm səhnəsini yazanda ağlamışdım.
- Sizi əsəbləşdirən kitab hansı olub?
- Ağlıma biri də gəlmir. Məni əsəbləşdirə biləcək kitablardan yayınmağı bacarıram. Hərçənd, elə insanlara rast gəlmişəm ki, doğrudan da, kitablar onları qəzəbləndirib. Siyasətçilərin kitabları, adətən, qıcıq doğurur – Obamanın «Atamın arzuları» kitabı istisna olmaqla. Bir dəfə təsadüfən bir kitab dükanında Donald Trampın kitabını gördüm və sürətlə ordan uzaqlaşdım.
- Hindistan haqqında ya da hind və anqlo-hind yazıçılar barədə yazılmış bəyəndiyiniz kitab varmı?
- E.M.Forsterin «Hindistana səyahət», Anita Desainin «İşıqlı gün», Suketu Mehtanın «Maksimum şəhər» əsərləri.
- Ədəbi kişi, ya da qadın qəhrəmanınız kimdir? Eyni zamanda mənfi qəhrəmanınız.
- Qəhrəmanım – Cənab Leopold Blum, heyvanların və quşların içalatını ləzzətlə yeyir.
O həm də anti-qəhrəmandır. Amma müsbət tərəfləri daha çoxdur… Deyə bilərəm ki, Frodonun da (red. C.R.Tolkien – «Üzüklərin hökmdarı») kifayət qədər fanatı olmuşam. Baxmayaraq ki, o, Semuayz Qemci ilə ortaq qəhrəman idi.
Mənfi qəhrəmana gəldikdə isə, bu gün, doğrudan da, yaxşı təsvir edilmiş obrazlar var. Dikensin bir neçə belə obrazı olub. Yuria Hip. Vekford Skvirs. Yenilərdən isə Jozef Hellerin «Maddə-22» romanındakı Milo Minderbinder.
- Uşaqlığınızda necə oxucu idiniz? Sevimli kitablarınız və müəllifləriniz hansılar idi?
- Mənim dövrümdə Hindistanda hər bir uşaq P.Q.Vudhauzun və Aqata Kristinin əsiri idi. Hər ikisinin də külliyyatını oxumuşam. Artur Rensomun «Qaranquşlar və Amazon» əsərini də sevirdim. İnana bilmirdim ki, ingilis uşaqlar rayon göllərində qayıqlarla bu qədər azad və kimsənin nəzarəti olmadan təhlükəli macəralar yaşaya bilirlər.
- Bu gün sizi siz edən bir kitabın adını soruşsalar, bu hansı olardı?
- «Min bir gecə».
- Bəs prezident üçün hansı kitabı məsləhət görə bilərsiniz?
- «Min bir gecə».
- Deyək ki, bir ədəbiyyat gecəsi təşkil edirsiniz. Hansı üç müəllifi dəvət edə bilərsiniz?
- Yaşayanlardan – Oster, Delillo, Makyuen. Ölənlərdən – Coys, Prust, Kafka.
- Xəyal qırıqlığı deyərək mübaliğə etsək, hansı kitabı bəyənəcəyinizi güman edib oxumusunuz və peşman olmusunuz? Elə bir kitab xatırlayırsınızmı, bitirmədən örtüb kənara qoyasınız?
- Bəyənəcəyimi güman etdiyim… Həmişə bunu demək mənə çətin olub. Amma… «Midlmarç» (red. Corc Eliot).
«Get gözətçini çağır» (red. Harper Li) əsərini isə yarımçıq qoymuşam.
- Öz həyatınız haqqında kimə yazmaq istərdiniz?
- Bağışlayın, artıq özüm üçün bunu etmişəm.
- Yazdıqlarınız arasında ən çox bəyəndiyiniz və sizin üçün xüsusi əhəmiyyət kəsb edən əsər hansıdır?
- Ovladlarıma ithaf etdiyim iki əsər: «Harun və Nağıllar dənizi», «Luka və həyat yanğısı».
- Hansı əsərlər sizi təkrar-təkrar özünüzə qaytarır?
- Kafkanın «Çevrilmə», Bellounun «Oqi Marçın macəraları», Borxesin «Fantaziyalar», Kalvinonun «Ağacların baronu», Qrassın «Tənəkə təbili», Qarsia Markesin «Yüz ilin tənhalığı», Anqela Karterin «Qanlı otaq», Xristofer Loqun «Döyüş mahnısı», Derek Uolkotun «Omeros» əsərləri.
- Hansı kitabları hələ də oxumadığınıza görə utanırsınız?
- Qiraətimdə bəzi boşluqlar olub, amma buna görə utanmaq üçün artıq çox yaşlıyam. Ümid edirəm, «Midlmarç» barədə fikirlərimi dəyişməyə çalışacam.
- Oxuyacağınız növbəti kitab hansıdır?
- Saydıqlarımı təkrar oxuyuram hal-hazırda. Daha çox sənədli romanları. Riçard Kapuçinskinin «Şahənşah», Suzan Orleanın «Səhləb oğrusu», Ketrin Bunun «Gözəl əbədiyyət arxasında» əsərləri. (sim-sim.az)