vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
09:46 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 variantdan imtina edilib

Bir daha MSŞT üzrə beynəlxalq idarə heyətinin son qərarı haqqında

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mədən sənayesində şəffaflıq təşəbbüsü» (MSŞT) üzrə beynəlxalq idarə heyətinin 35-ci iclasının Azərbaycanla bağlı qərarını şərh edərkən əldə edilən nəticədə prezidentin son anda məsələyə müdaxiləsinin əhəmiyyətli rol oynadığını bildirdiyimə görə bəzi həmkarlarım tərəfindən fərqli münasibətlər, onların statusları ətrafında müzakirələrdən iştirak edən bir sıra şəxslər tərəfindən isə qərəzli yanaşma və qeyri-obyektiv dəyərləndirmələrlə üzləşdiyimə görə aşağıdakıları bildirirəm.

Birincisi, beynəlxalq idarə heyətinin qərarı MSŞT Koalisiyasinda təmsil olunan yerli QHT-lərin əksəriyyətinin maraqlarına cavab verir. Onların İdarə heyətinə ünvanladığı məktubların hər ikisində Azərbaycanın bu təşəbbüsdən çıxarılması və ya fəaliyyətinin dayandırılmasına çağırış olmayıb. Belə ki, İdarə Heyətinə ünvanlanan məktubların birində Azərbaycanın statusunun olduğu kimi saxlanılması, ikincisində isə statusun geri qaytarılması xahiş edilib.

İkincisi, Azərbaycanda son anda baş verən dəyişikliklər QHT Koalisiyasının prezidentə müraciətindən sonra müşahidə olunub və bu dəyişiklər İdarə Heyətinin qərarına təsirsiz ötüşməyib. Belə ki, İdarə Heyətinə 4 variantda təqdim olunan qərar layihələrindən biri üzvlükdən azad olma, üçü isə statusun dayandırılması ilə bağlı olub. Məhz, son günlərdə baş verən və MSŞT üzvü olan QHT-lərin praktiki problemlərinin həllinə yönələn dəyişikliklər İdarə Heyəti üzvlərinin fikirlərində dəyişikliyə və əvvəldən təqdim olunmuş 4 seçim variantından imtinaya gətirib çıxarıb, uzun sürən müzakirələrdən sonra çıxış yolu kimi beynəlxalq Katiblik tərəfindən İdarə Heyətinə kombinələşdirilmiş alternativ qərar layihəsi təqdim edilib. Nəticədə də MSŞT İdarə Heyəti Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarı əvvəlki seçim varinatlarından fərqli olan üzvlüyün dayandırılmasının təxirə salınması və yeni dövr üçün hökumətə yeni islahedici tədbirlər planının təqdim olunması, onun icrası üçün Azərbaycana növbəti iclasa qədər vaxtın ayrılması, həmçinin 26 iyul 2017-ci ildə Azərbaycana növbədənkənar qiymətləndirici göndərilməsindən ibarət olub.

Üçüncüsü, bu və bundan əvvəlki müzakirələr zamanı beynəlxalq Katibliyin və İdarə Heyətinin vahid mövqeyi belə olub ki, onların qərarları yalnız MSŞT çərçivəsində fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə yönəlir və şamil olunur.

Nəhayət, yekunda onu deyə bilərəm ki, baxmayaraq ki, İdarə Heyətində Avrasiya regionunu təmsil edirəm, amma Azərbaycan vətəndaşı olduğumdan, MSŞT qaydalarına və maraqlar münaqişəsinə görə ölkəmizlə bağlı müzakirələrdə iştirak edə bilmərəm və təbii ki, bu məsələdə səsvermə hüququna da malik deyiləm. Lakin, Azərbaycanla bağlı müzakirələrdən öncə mənə ayrılan vaxt çərçivəsində fikrimi ifadə etmək hüququmdan istifadə edərək verdiyim bəyanatda beynəlxalq idarə heyətinin üzvlərinə MSŞT-nin tətbiqi sahəsində fəaliyyətə cəlb olunmuş yerli QHT Koalisiyasının mövqeyini və Ermənistanın növbəti iclasda gözlənilən üzvlük məsələsinə etirazımı çatdırmışam.

Bu gün də hesab edirəm ki, İdarə Heyətinin qərarı Azərbaycan dövlətinin və MSŞT çərçivəsində fəaliyyətə cəlb olunmuş yerli QHT-lərin əksəriyyətinin maraqlarına cavab verir. MSŞT Koalisiyası yeni islahedici tədbirlər planını yeni imkanlar kimi qiymətləndirir, elədə də Ermənistanın MSŞT-nin «qapılarını döydüyü» ərəfədə Azərbaycanın kənarda qalmasını düzgün hesab etmir.