vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
12:41 | 8 noyabr 2011 | Çərşənbə axşamı Məqaləyə 3723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yazıçılar birliyində intihar»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Yazıçılar Birliyində vəziyyəti düzgün anlatmaq üçün qələm acizdi. Paytaxtın mərkəzində yerləşən bu yarlı-yaraşıqlı binada bir zamanlar şair, yazıçı, dramaturq əlindən ayaq basmağa yer yox idi. Hara baxırdınsa əli kitablı, saçları daranmamış adamlar gözə dəyirdi. Siqaret tüstüsündən və araq iyindən baş çatlayırdı. Amma indi bunların heç biri yoxdu. 1500-ə yaxın üzvü olan qurumun dəhlizlərindəki səssizlik adamı lap vahiməyə salır.

Qəzzafi devriləndən sonra Yazıçılar Birliyinin qara günləri başlayıb. Yeni təmirdən çıxan dairəvi iclas zalının əvvəlki hay-küyündən əsər-əlamət qalmayıb. Bir neçə ay əvvəl tərif demək üçün burada az qala növbəyə dururdular. Sonuncu dəfə qocaman yazıçılardan biri Qəzzafinin yeni doğulan nəvəsinə həsr etdiyi “Dövlətdə dəvə, övladda nəvə” şeirlər kitabının təqdimatını keçirirdi. Mərasimdəki səs-küy şəhərin o başında eşidilirdi. Amma indi...
Diktatoru əli, ayağı, səsi, sözü ilə müdafiə edənlərin, yalan olmasın, sutkanın 24 saatı şəninə tərif deyənlərin bir də gözə dəymir. Elə bil Qəzzafi qaçanda şair və yazıçıların titullarını, göydələnlərdəki mənzillərini, maşınlarını, xoşbəxt günlərini özüylə aparıb.
Ona görə də bu saat hərə öz canının hayındadı. Nə telekanallarda görünürlər, nə də qəzetə-filana müsahibə verirlər. Kimə telefon açırsan min bir bəhanə gətirir. Biri deyir ki, xəstəyəm, nəyimsə qalxıb, o biri deyir rayona getmişəm, qayınanamın vəfatının 57-ci ildönümüdü, belə kədərli gündə efirə çıxsam, yaxşı qarşılanmaz. Bir başqası mobil telefonunu söndürüb. Qəzzafinin bağışladığı təzə mənzilinə nə zaman telefon açırsan nəvəsi cavab verir. Cavabı da həmişə eyni olur- Babam tapşırıb ki, kim zəng etsə, de ki, evdə yoxdu.
Cəmi bir neçə ay öncə bütün rəsmi məclislərin yaraşığı sayılan, həmişə yuxarı başda görməyə adət etdiyimiz, televizoru söndürəndə də ekranda görünən şairin evinə zəng etdim. Yaxşı ki, özü götürdü. Dedim ki, şair, istəyirəm sizdən müsahibə götürüm. Ötən il ən ali mükafata layiq görülən “Bizim Qəzzafi Dadaş, dəmir yaddaş” kitabınız haqqında danışasız. Şair daş atıb başını tutdu. Dedi ki, özünün yaddaşı pozulub, heç nə xatırlamır.
Qocaman bir yazıçı vardı, yəqin yadınızdadı, Qəzzafinin ötən doğum günündə yeni tamamladığı “Qəzzafi- dünyanın doğan günəşi” adlı on cildliyi haqqında ağızdolusu danışırdı. Sonuncu kitab çap olunan gün Qəzzafi həmin yazıçının özünə pul, xidməti avtomobil, oğluna babat vəzifə verdi, yazıçının Müəmmər adı qoyduğu nəvəsinə təzə istifadəyə verilən binada mənzil ayırdı. Rəhbərin tapşırığı ilə Müdafiə Nazirliyində çalışan generallardan biri yazıçının qızının əri təyin olundu. İndi həmin yazıçının Yazıçılar Birliyindəki yaraşıqlı kabinetini toz basıb. O gün eləmədim tənbəllik, həmin yazıçıya zəng vurub müsahibə üçün vaxt istədim. Dedi ki, nə müsahibə, xalqımın yolunda ölümə də getməyə hazıram. Amma əlimdə işim var, yeni əsər yazıram. “Dünyanın bəlası, şeytanın balası Qəzzafi” adlı on bir cildlik kitab yazıram. Əsərdə Qəzzafi adlı zülmkarın xalqıma vurduğu ziyanlardan bəhs edəcəm. Onu da dedi ki, guya bu əsəri hələ Qəzzafi hakimiyyətdə olarkən yazmaq istəyib, lakin qrip virusuna yoluxduğu üçün yaza bilməyib.
Yazıçılar Birliyində yel vurub yengələr oynadığı bu günlərdə təşkilatın bərk gedən üzvlərindən biri axır ki, dünən telekanalların birində göründü. Özünü yazıçı-şair, dramaturq, araşdırmaçı-tənqidçi adlandırmaqdan doymayan həmin adam ötənlərdə “Qəzzafi, xalqın sənə borcu var” adlı qalın bir kitab çap etdirmişdi. Kitab mağazaları bu əsərlə dolan gündən müəllifin də cibləri Qəzzafinin göndərdiyi pullarla dolmuşdu. Həmin yazıçı-şair, dramaturq, araşdırmaçı-tənqidçi efirə çıxıb dedi ki, o, həmişə Qəzzafi rejiminin əleyhinə olub. Kitabın “Qəzzafi, xalqın sənə borcu var” adı ilə çıxması nəşriyyatın günahı üzündən imiş. Əslində kitabın orijinalda adı belədi- “Qəzzafi, sənin xalqa borcun var”. Bu adam Müvəqqəti Hökumətin ünvanına o qədər tərif yağdırdı ki, axırda az qaldı ürəyi dayansın.
Bu gün səhər bir xəbər şəhərə ildırım sürəti ilə yayıldı. Yox, Qəzzafi tutulmamışdı. Yazıçılar Birliyindəki bəzi yazı-pozu adamlarının xoşbəxt günlərini də özü ilə aparan Qəzzafinin harda gizlənməsini onsuz da heç kim bilmir. Xəbər bir başqa xəbər idi. Dedilər ki, “Qəzzafi and içəndə” lirik-psixoloji poemasının müəllifi kimi tanınan şair Yazıçılar Birliyindəki kabinetində intihar edib.
Mən Yazıçılar Birliyinin şəhərin mərkəzində yerləşən binasına çatanda ora xeyli adam yığışmışdı. Hamı şairin necə intihar etməsini öyrənməyə çalışırdı. Şairin yarlı-yaraşıqlı kabinetində ölü-filan yox idi, siqaret tüstüsü də otaqdan çəkilməmişdi. Dedilər ki, şair özünü Qəzzafinin ona bağışladığı Çex çilçırağının yerindən asıb.
Yazı masanın üstündə xeyli əlyazma qalaqlanmışdı. Yaxınlaşıb baxdım. “Qəzzafi and içəndə” lirik-psixoloji poemasının əlyazması idi. Şair əsərin adının üstündən çarpaz xətt çəkib öz əli ilə belə yazmışdı- “Qəzzafi qan içəndə”...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)