vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:23 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Məhkəməsi borcluların tərəfini tutdu

Bizə ibrət olsun!

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Avropa Birliyinin Məhkəməsi (European Court of Justice) İspaniya banklarının əleyhinə qərar verib. Həmin qərara əsasən sözügedən bankların ipoteka kreditləri üzrə faizləri hesablama qaydası düzgün hesab edilməyib. İndi İspaniya bankları borclulara artıq tutduqları faizləri geri qaytarmalı olacaq. Bu isə təxmini 3-4,5 milyard avro edir. Qərar İspaniyanın bank sisteminə ağır zərbə olub və bankların səhmlərinin dəyəri dərhal düşüb.

Bax, ədalət, qanunçuluq budur! Avropa Birliyinin problemləri, böhranı, İspaniyanın, onun bank sisteminin ürəkaçan olmayan durumu bəllidir. Buna baxmayaraq, Məhkəmə bankların aqibətini deyil, istehlakçıları, xalqı düşünərək HAQQIN tərəfini tutdu. Bizdə isə ötən il Konstitusiya Məhkəməsi «Qanuni qərar versəniz, banklar çökər» hədəsi nəticəsində qanunsuz və ədalətsiz qərar verərək dollar kreditlərinə «haqq» qazandırdı. Bizdə də banklar faizləri kütləvi olaraq düzgün hesablamır. Amma məhkəmələrimiz «İndi nə deyirsiz, bütünü kredit müqavilələrini qanunsuz sayıb faizləri yenidən hesablayaq?!» deyərək Qanunu deyil, məqsədəuyğunluğu rəhbər tutur və borcluların haqlı tələblərini təmin etmir. Qoy Avropa Məhkəməsindən öyrənsinlər! Təsəvvür edin, bizdə uzaq başı 1-2 milyard dolların söhbəti gedirdi. İspaniya bankları isə azı 3 milyard avro qaytarmalı olacaqlar.

Yeri gəmişkən, Avropa Məhkəməsinin İspaniya banklarına qarşı bu ilk qərarı deyil. 2013-cü ildə Məhkəmə İspaniyada ipoteka kreditlərini ödəyə bilməyənlərin evlərindən çıxarılmasını da qanunsuz hesab etmişdi. Həmin dövrdə İspaniyada kreditləri ödəyə bilməyənlərin intihar halları artmışdı. Buna görə də Məhkəmə işə qarışdı və insanların kütləvi evdən çıxarılmasının qarşısını aldı. Nəticədə İspaniya bu sahədə ədalətli qanun da qəbul etməyə məcbur oldu.

Bəs biz hazırda nə edirik? İntihar hallarına baxmayaraq, borcluların dərisinə saman təpirik, qorxuduruq, döyürük, həbs edirik, evsiz-eşiksiz qoyuruq, ailələrini dağıdırıq və s. Çünki dəfələrlə demişəm: reallıqda nə Avropaya, nə də İslam dünyasına deyil, barbar cəmiyyətlərinə daha yaxınıq. Hələ bu harasıdır? Borcların daha cəld yığılması üzrə qanunlara dəyişikliklər də hazırlanır! Bu barədə yaxında yazacağam…