«Atamı ayda bir dəfə görürdüm»
Ərturqut Əliyev «Son dəfə Türkiyəyə gedəndə telefon alacaqdı, amma qayıtmadı»
“Yeni Müsavat” bir neçə aydır sizə fərqli bir layihə təqdim edir. Tanıdığınız, bildiyiniz məşhurların “gözünün işığı” olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Övladını necə yetişdirib, ona necə ata (ana) olub? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir, valideynlərindən çoxmu fərqlidir? Rubrikanın adı “VARİS”dır. Bu adın cəmiyyətdə hansı assosiasiya yaratdığının üzərindən kinayəli bir təbəssümlə ötüb, bugünkü qonağımızın təqdimatına keçək.
Etiraf edim ki, onun axtarışı, razı salınması... üçün aylardır dil tökürdüm. Vasitəçilər, tanış dostların köməyi. Bütün ümidlərimi itirdiyim vaxt isə elə dostlardan biri zəng vurub, söhbətin baş tutacağını xəbər verdi. Haqqında danışdığımız şəxs isə eks prezident Əbülfəz Elçibəyin yeganə oğlu, varisi Ərturqut Əliyevdən qeyrisi deyil. O halda girişi çox uzatmadan söhbətə keçək. Mətbuata demək olar ki, danışmayan varisin düşüncələri, həyata, atasına yanaşması, planları, düşüncələri... Bir sözlə, hər şey...
- Ərturqut Əliyev deyəndə sizi tanıyırlar? Yoxsa bu adın əvvəlində bir “Əbülfəz Elçibəyin oğlu” izahatını da vermək lazımdır?
- Yox, tanıyırlar.Amma hər yerdə yox. Özümü təqdim edəndə sadəcə Ərturqut kimi təqdim edirəm. Atamın kimliyini qabartmıram heç vaxt. Tanıyanlar qoy özümə görə tanısınlar.
- Bütün məşhur ataların övladlarında olduğu kimi bu, sizdə də kompleks yaradır? Bu adın ağırlığı varmı üzərində?
- Bu bir kompleksdir, düz deyirsiz. Özümə görə yox, atamın adına görə qorxuram. Birdən elə bir şey edərəm ki, Elçibəy adına yaraşmaz.
- Elçibəyin oğlu özünə harda çərçivələr cızır? Sizin sərhədləriniz harda başlayır, harada qurtarır?
- Elçibəyi tanıdıqları yerlərdə onun adına xələl gəlməsin deyə daha məsuliyyətli davranıram. Sadə bir insan, ancaq Ərturqut kimi tanıdıqları yerə isə özüm olaraq gedirəm. Adi bir cavan oğlan kimi məclislərdə oluram.Siyasət adamları olan yerdə isə maksimum ehtiyatlı davranıram.
- Bu adın, statusun üstünlüyünü çox yaşayırsız?
- Üstünlük əgər rahatçılıq mənasında deyirsizsə, heç bir rahatçılıq görməmişəm. Əksinə əziyyəti daha çox olub. Amma adımın əvvəlində “Əbülfəz Elçibəyin oğlu” titulunun yazılması, hə, bax bu üstünlükdür.
- Əziyyət deyərkən? Onun oğlu olduğunuza görə nə kimi əziyyətlər yaşamısınız?
- Həmyaşıdlarım necədir, mən də o cürəm. Sadəcə atamın kimliyinə görə fərqlənmişəm. (Bu sualın cavabına aşağıda bir daha qayıdırıq-S.T)
- Bəs sizin atanız dostlarınızın atasından nə ilə fərqlənib? Prezident, siyasətçi olmasını bir kənara qoyaq. Ata kimi, insan kimi...
- Əslində o vaxt balaca idim. 5-6-cı sinifdə oxuyurdum. Normal insanların ataları necə idisə, mənimki də elə idi.
- Azərbaycanlılar oğullarını ifrat həddə çox istəyirlər və onlarla bağlı böyük planlar qururlar adətən. Məsələn, yeganə oğluna, varisinə nə məsləhətlər verərdi? Onun sizlə bağlı hansısa istəkləri var idi?
- Deyəsən, mən o vaxt həyatla bağlı məsləhət alacaq yaşda deyildim. 10-11 yaşım vardı. Çox istəyirdi ki, oğlu idmana getsin. Lap böyüyəndə isə hərbçi olmamı istəyirdi. Qismət olmadı bizə. İnşallah nəvələrində qismət olar ona.
- Yadımdadır, illər əvvəl bacınız Çilənay xanım da bizə müsahibəsində demişdi ki, atamı evdən daha çox ictimai həyatda görürük. Hər halda, o yaşda sizdən daha böyük idi və təhlil etmək qabiliyyəti yüksək idi. Siz necə düşünürsüz? Elçibəy daha çox sizin atanız idi, yoxsa siyasətçi idi?
- Çilənay düz deyib, elə idi. Daha çox siyasətçi idi.
- Özünə bu iradınızı deyirdiz?
- Yox. Çünki üzünü görəndə dərhal çəkinirdim.
- Niyə? Ailədə demokrat deyildi Elçibəy?
- Xeyr, demokrat idi. Zarafatımızı edirdik, düzdü. Amma irad demək, nəsə söyləmək bizə yad idi.
- Zarafatlarınız hansı mövzuda olurdu?
- Sadəcə əl-qol zarafatı. Güləşərdik, o məni yıxmağa çalışardı, mən onu. (gülür)
- Siz rəsmi olaraq “prezidentin oğlu” statusunda da olmusuz. Bizim uşaqlar zarafatla Pənah Hüseynin oğluna deyirdilər ki, atan cəmi bir dəfə baş nazir olub, onda da sən uşaq olmusan. Eyni zarafat sizin üçün də keçərlidir.
- (gülür) Hə, mənim onda 5 yaşım vardı. Elə mənə də eyni zarafatı edirlər.
- Atanızın prezident olması xəbərini necə eşitdiyinizi xatırlayırsız?
- Televizorda eşitdik. 5 yaşında prezidentin nə olduğunu bilmədiyim üçün heç bir hiss də keçirmədim.
- Bəs o bir il müddətində necə yaşamısız?
- Atamı tanıyanlar yaxşı bilir. O, hər zaman bu prinsipi müdafiə edib ki, mənim uşaqlarım o birilərindən heç nə ilə fərqlənməməlidir. Öz oğlunu xalqının digər övladlarından seçmirdi.
- Qoymurdu siz o çərçivədən çıxasız? Məsələn, icazə vermirdi özünüzü prezident oğlu kimi aparasız?
- Həmişə deyirdi ki, siz o biri həmyaşıdlarınızdan heç nə ilə fərqlənməməlisiz. O da bu xalqın övladıdır, siz də.
- Heç sizin də elə arzularınız olmayıb? Prezident oğlunun arzularından danışıram.
- 5 yaşında prezidentin nə olduğunu bilən uşaq var ki? (gülür) Onda qala hansısa istəyimiz ola.
- Atanız özünüzü prezident ailəsi kimi hiss etidrməyə qoymurdu?
- Yox, niyə ki? Elə o həyatı yaşadıq, prezident ailəsi olduq, kifayət idi. İndiki prezident ailəsi kimi olmasaq da, yaşadıq.
- Elçibəy sizə yasaqlar, qadağalar qoymuşdu? Prezident ailəsi olsaz da, nələrə icazəniz yox idi atanız tərəfindən?
- Evdən eşiyə çıxmırdım, nə yasaq olacaqdı ki?
- Niyə çıxmırdız ki?
- 5 yaşında uşaq idim də. Gedəsi yer var idi?
Atam prezident olanda mən onun üzünü görməmişəm. Ayda bir dəfə görürdüm üzünü. Bütün siyasət adamları kimi on gündə bir, ayda bir dəfə gəlirdi evə.
- Atalar qızlarına bir cür, oğullarına başqa cür yanaşırlar. Sərtlik, mülayimlik, tələbkarlıq baxımdan ən azı. Sizdə vəziyyət necə idi? Çilənay xanımla sizə münasibət məsələsində bir fərq var idi?
- Düzü, atam heç vaxt mənim işlərimə qarışmazdı. Mənə yasaq da yox idi. Bəlkə də nə vaxtsa qoyub, hər halda yadımda deyil.
- Elçibəy deyəndə hərənin gözü qabağında bir tablo canlanır. Sizin tablonuz hansıdır?
- Onu daha çox Kələkidə, Xəlil yurdunda görürəm. Dağa necə baxdığı yadıma düşür.
- Yaşayış yeriniz Bakı və Kələki arasında tez-tez dəyişib, səhv etmirəmsə...
- Bəli. Özüm Kələkidə doğulmuşam. 5 yaşına qədər Bakıda qalmışıq. Prezidentlikdən sonra kəndə qayıtmışıq. İndi də Rəsulzadə qəsəbəsində yaşayırıq.
- Bəs indi Elçibəyin oğlu nə işlə məşğuldur?
- Heç yerdə işləmirəm. Kooperasiya Universitetini bitirmişəm. Bura daxil olub, burda oxumaq da öz istəyim olub.
- Bu illər ərzində Elçibəyin oğlu ilə kimlər maraqlanıb?
- Heç kim.
- Heç iş təklif edən olmayıb?
-Yox.
- (zarafatla) Deyəsən, bu, sizin məndən müsahibəniz olacaq. Çünki cavablarınız “hə”, “yox”dan uzağa getmir.
- Mən çox danışmağı xoşlamıram.
- Mən isə sual verməyi xoşlayıram. (gülüşlə) Və istəyirəm, oxucuda da, özümdə də sizinlə bağlı olan marağı təmin edim. Məsələn, tələbəlik dövrünüz necə keçib? Kooperasiya Universitetinin tələbəsisiniz. Hər kəs sizi Elçibəyin oğlu kimi tanıyırmı?
- Yox, bir dekan bilirdi, bir də rektor. Tələbə yoldaşlarım bilmirdi. 4 il boyunca da bilmədilər. Özüm demədim.
- İnanmaram. Azərbaycan kimi balaca ölkənin universitetində heç kim sizin Elçibəyin oğlu olmanızdan xəbər tutmadı?
- Yox. Mən əsgərliyimi də elə çəkdim. Əli Ağaoğlunun bacısı oğlu ilə Türkiyədə tanış idik. Amma mən onlara Elçibəyin oğlu olduğumu demədim. Prinsipim budu ki, o, məni tanımaq istəyirsə, tanıyacaq. Məni tanımadan nəsə yaxşılıq etmək istəyirsə, bunu edəcək. Qorxmuram, çəkinmirəm, amma bilmələrini də istəmirəm. Məktəbdə də başıma belə bir iş gəldi. 5-ci sinifdə oxuyurdum, dostlarımla yaxşı münasibətlərim vardı, zarafatlar edirdik. Amma mənim Elçibəyin oğlu olduğumu biləndən sonra o zarafatları etmədilər, səmimi münasibətlərimiz zəiflədi. Ona görə də tələbəlik dövrümdə bunu saxladım.
- İlkin müşahidələrimə görə, bəzi jestləriniz, mimikalarınız mənə atanızı xatırlatdı. Bəs sizə ətrafınızdakılar nə deyir? Hansı cəhətlərinizlə atanıza bənzəyirsiz?
- Deyirlər, fiziki olaraq bənzərlik çoxdur. Amma sizin dediyiniz mənada... (düşünür) Axı Elçibəy heç kimə bənzəmirdi. Hamının istədiyi mənada bu, mümkün deyil.
- Siyasət sizə nə dərəcədə yaxındır?
- 0. Siyasəti sevmirəm, xoşlamıram. Heç nəyini.
- Uşaqlıqdan yaranıb siyasətə antipatiya?
- Hə, bəlkə də.
- Atanızın görüşlərində, müsahibələrində iştirak etmisiz yəqin. Gözünüz çox şey görüb siyasətdə.
- Yox, deməzdim. Çox xəbərim olmayıb onun fəaliyyətindən.
- Sağlığında onun ailəsi mətbuata danışmazdı. Ailəsinə qarşı çox mühafizəkar idi Elçibəy?
- Elə bir qadağası olmayıb. Amma biz özümüz mətbuatla danışmaq istəməmişik.
- İndi bəzi siyasətçilərin övladları da siyasətdədir. Çoxlu nümunələr var bununla bağlı. Cəmiyyətin də yəqin sizinlə, sizin siyasətə gəlməyinizlə bağlı gözləntisi olub. Məsələn, nə əcəb aktiv gənclərin, gənclər təşkilatlarının sırasına qatılmadınız? Doğrudanmı içinizdə belə bir istək yox idi?
- Yox, istəmədim. Vətənpərvərlik baxımdan keçirilən tədbirlərdə, yürüşlərdə iştirak etmişəm. Amma siyasi tədbirlərdə yox. Elçibəy də vaxtında öz ailəsini qabağa vermədi. Kimlərsə öz övladını qabağa çəkdi, təkan verdi. Və indi dediyiniz kimi, onlar siyasətdə təmsil olundular. Amma atam bizi digər gənclərdən fərqləndirmədi. Biz də seçimimizi istədiyimiz yöndə etdik.
- Onun sizə münasibətindən razı idiz?
- Razı idim. Həm mən onda uşaq idim. Heç vaxt deməzdi ki, nəyisə elə, nəyisə eləmə. Deyirdi, həyatınızı necə istəyirsiz, elə yaşayın. Bu da mənim uşaq olmağımla bağlı idi təbii ki. Yəqin indiki yaşımda olsaydı, fərqli məsləhətlər verərdi. Atamı itirəndə 13 yaşım vardı.
- Məsələn, ondan nə istəyərdiz? Sizə nə alsın, sizi hara aparsın?
- Yadımdadır, ondan cib telefonu istəmişdim.Əvvəl deyirdi ki, sən hələ uşaqsan, olmaz. Amma son dəfə Türkiyəyə gedəndə demişdi ki, gələndən sonra alacaq. Amma o səfərində geri qayıtmadı.
- Bəs atanızla bağlı arzularınız vardı? Onu harda görmək istərdiniz?
- Onu Bütöv Azərbaycanın prezidenti görmək istəyirdim.Bilirdim ki, Azərbaycanı bütöv görmək onun ən böyük arzusudu .
- Bu, yəqin ki, sizinçün ağrılı məqamdır, amma mən bunu soruşmaq istərdim. Atanızı itirdiyinizi ilk dəfə kimdən, necə eşitdiniz? Xatırlayırsız?
- Kənddə idim. Həyətdə ağac suvarırdım. Dedilər ki, Bakıya gedirik. Amma bilmirdim nəyə gedirik. Axşam saatları idi, gəlib çatdıq. Evin qapısından girəndə Almurad əmim qabağa gəldi və xəbər verdi.
- Nə hiss etdiz o anda?
- Heç nə hiss eləmədim. Amma çox pis olmuşdum.
- Yəqin hazır idiz onun ölümünə. Hər halda xəstəliyindən xəbər tutmuşduz.
- Yox, heç mən onun xəstəliyi barədə də xəbərdar deyildim. Adi bir soyuqdəymə kimi bilirdim. O ilk anda heç nə hiss etməməyim isə şokun nəticəsi idi. Adam başa düşmür nə itirib. Amma illər keçəndən sonra anlayırsan.
- Ərturqut indi işləmir. Bəs necə dolanırsız? Ancaq prezident ailəsi statusunun verdiyi imtiyazlarla?
- İmtiyaz deyəndə ki... Sadəcə təqaüd verirlər.Bunu tam olaraq status kimi qəbul etmək də olmur. Status verirlərsə, bunun yanında onun adına prospekt də olmalıdır, küçə də, heykəl də. Heç nə yoxdur. Elçibəyi qoyuram bir tərəfə. Ən azından Rəsulzadənin adına nəsə etməli idilər, amma etmirlər. İnanmıram ki, Məmmədəmin üçün etməyənlər bundan sonra Elçibəy üçün nəsə etsinlər.
Bu qanundan bizim ailəyə şamil olunacaq hissə ancaq pensiya və diplomatik pasportdu. Pensiya artıq verilir, amma pasport haqqında hələ heç kim heç nə demiyib. Statusla bağlı ilk müsahibəmi sentyabrın 7-də “Azadlıq” radiosuna verdim. Sentyabrın 8-də Sosial Müdafiə Fondundan zəng etdilər. Mənə dedilər ki, sənədləri götürün, gəlin. İndi də əminəm ki, bu müsahibədən sonra da zəng edib, pasport üçün sənədləri istəyəcəklər. (gülür)
Bundan başqa, anamın təqaüd məsələsi də vardı. Yaşlılığa görə ayrılan təqaüd. Sosial müdafiə fondundan mənə zəng edəndə dedilər ki, onu da verəcəyik.Neçə il idi ki, yığılmışdı. Amma anam onu götürməyə gedəndə deyildi ki, iki təqaüddən birini götürməlisiz. Yəni onu demək istəyirəm ki, bu anamın adına olan pensiya kimi sayılır.
- Ananız demişkən, mətbuat Həlimə xanım haqda da çox məlumatlı deyil. Bu onun şəxsi istəyi ilə bağlı olub, yoxsa?
- Təbii şəxsi istəyi ilə. Anam evdar qadındır, orta təhsillidir. Onun da öz yanaşması var.
- Siz daha çox ananın təsiri altında olan övlad olmusuz, yoxsa atanın?
- Anamın. Çünki atamı daha az görmüşəm.
- Bəs ananız sizi hansı ruhda, necə tərbiyə edib?
- Bütün azərbaycanlı ailələrində olduğu kimi. Deyib, səhv etsən, anan döyəcək və düzələcəksən.(gülür) Atam anamın verdiyi tərbiyəyə qarışmazdı. Hər zaman deyərdi ki, ananız nə deyirsə, düz deyir. Anam daha çox bizi düzlüyə çəkirdi. Evə yubanmamaq, siqaret çəkməmək... Bu mənada çox narahat anadır.
- Turqutun gələcəklə bağlı planı necədir?
- Elçibəyin oğlu kimi üzərimə düşən işlərin öhdəsindən gəlməyə çalışacağam. Problemlərsə kifayət qədərdi.Atam əvvəllər Yasamalda qardaşı evində yaşıyıb, indi o ev satılıb və atamın ordakı bütün əşyalarını, kitablarını gətirib evin bir küncünə yığmışıq. Bundan başqa, Xaqani 33-də Azadlıq qəzetinin redaksiyasındakı kabinetindəki əşyaları da həmin bina hökümət tərəfindən alınandan sonra gətirib evə yığımışıq.Bütün bunları qoruyub saxlamaq , vaxtı gələndə ortaya çıxarmaq lazımdı. Əgər gələcəkdə öz imkanımızla bir ev ala biləriksə indiki evi muzey kimi qoruyub saxlamağı düşünürük.Elçibəy fondu yaratmağın da artıq zamanı çatdığını düşünürəm və bunu da inşalah edəcəyik.
- İş, ailə baxımdan?
- Normal bir iş istəyirəm. Azərbaycanda elə bir yer yoxdur ki, mən ora gedim və desinlər ki, gəl işlə.
- Hansisa işlə bağlı cəhd etmisiz?
- Bəli. Dövlət qurumuna cəhd eləmişəm. Açıq da olmasa, üstüörtülü şəkildə deyiblər ki, Elçibəyin oğlu olduğuna görə işə götürməyəcəyik.
- Bəs nə vaxtsa mühacirət etməyi düşünmüsüz?
- Yox, əsla. Mən burda bir şərait düzəldib, yaşamağı düşünürəm.
- Yaxşı, işdən danışdıq. Bəs şəxsi həyatla bağlı planlarınız nə yerdədir?
- Hələ subaylıq yaxşıdır. Subaylığa 26 yaşın sonu, 27 yaşda son qoyacam.
- Elçibəy öz müsahibələrində məntiq evliliyi gerçəkləşdirdiyini deyib. Siz də bu mənada onun yolunu davam etdirəcəksiniz?
- Yox, sevib evlənməyə daha çox üstünlük verirəm. Tapmasaq da, məntiq evliliyi olacaq. 27 yaşı keçməyəcəm. Anam da deyir, cavanlığını yaşa. 27-28 yaşdan o yana keçməyəcək evlənməyim.
- Ərturqut bəy, keçək sizin həyat tərzinizə. Məsələn, mənə maraqlıdır, mütaliəni sevirsiz?
- Kitabına baxır. Maraqlı kitab olanda oxuyuram. Son olaraq Türkiyədə olanda “İsrailin şifrəsi”ni oxumuşam, türkcə olub.
- Bəs vaxtınızı harda keçirirsiz? Harda əylənirsiz?
- Yayda Kələkidə oluram. Qışı da Bakıda. Məni heç kim barda, əyləncə məkanında görə bilməz. Məhlədə, öz yoldaşlarımla oluram daha çox.
- Və sonda... Sizə varis deyəkmi?
- Əlbəttə. Bir var maddi, bir var mənəvi varis. Özümü hər iki mənada varis hesab edirəm.