«Diplomu aldım ki, qızı versinlər»
«Səhərə kimi kürəyimizi bir-birimizə çevirib yatdıq»
Publika.Az-ın “Ev Havası” layihəsinin növbəti qonağı qocaman və qocalmayan jurnalist İsrail Musayevdir. Müsahibə "Divani-hikmət" mədəni məclisində baş tutur.
- “Ən əvvəl” haradırsa, oradan başlayaq...
- Şəmkirdə doğulmuşam, amma Bakıda böyümüşəm. Ona görə arada zarafatla deyirəm ki, mən sizdən daha çox bakılıyam. O vaxt Bakının aldadıcı parıltısı çoxunu bura gətirmişdi. Ancaq əvvəlki ab-hava çoxdan qalmayıb. Deyirdilər ki, bakılılar xüsusi bir millətdir. Bu kosmopolitlik baxımından yaxşı idi. Lakin, bunun çürük olması ortaya çıxdı. Hadisələr baş verəndən sonra Bakıya axın başlandı, baxmayaraq ki, ümumi mədəniyyət aşağı düşdü, amma saflaşdı. Nə idisə, o oldu. Bir baxımdan sintez oldu. Bakı gələnləri dəyişə bilmədi, özü dəyişdi.
- Yaxşı sintez idi?
- Mənim yaşımda olan adamlar üçün bu çətin idi, yaxşı sintez deyildi. Bakının ab-havasını ancaq mənim yaşıdlarım hiss edə bilər. Bakının nostaljisi yaxşıdır. Bakı gələnləri dəyişdirə bilmədi.
- Bakıda böyüməyin nəyi yaxşı idi?
- Mənim bəxtim gətirdi ki, Bakıya gəldim. Mən doğulmamış atam dünyasını dəyişib. Gah anamın, gah da nənəmin yanında qalmışam. Kənd yeri mənlik deyildi. 12 yaşıma qədər kənddə qaldım. Kəndə aid nə iş tapşırsalar yarıtmırdım. Uşaqlıqdan təbiət elmlərinə meylli idim. Texniki peşə məktəbində oxumuşam. Pafosla desəm, həm orta təhsil aldım, həm də tokar sənətinə yiyələndim. Təəssüf ki, həmin məktəbdə təbiət elmlərini keçmirdilər. Amma mən astronomiyanı çox sevirdim, öyrənirdim. Oxuyub bitirdikdən sonra Sumqayıtda işləməyə göndərdilər. Daha sonra xüsusi hazırlaşmadan sənədlərimi filologiya fakültəsinə verdim. Asanlıqla qəbul olundum.
- Niyə filologiya fakültəsi?
-Elə bilirdim ki, şair olacağam. İkinci kursdan başa düşdüm ki, oxumaq üçün universitet lazım deyil. Lakin, sevdiyim qız dedi ki, diplom almasan məni sənə verməyəcəklər. Mən də diplomu aldım ki, qızı ala bilim.
- Bəs jurnalistika?
- Azərbaycanda siyasi vəziyyət dəyişdiyi vaxt, Xalq Cəbhəsi yarandığı zaman mən də ora qoşuldum. İşlədiyim zavodda kommunist partiyasının biletlərini yığdığım üçün rus əsgərləri gecə ilə gəlib məni evdən apardılar. Şüvəlan həbsxanasında bir ay qaldım. Eyni kamerada qaldığım rus qocanın köhnə “Oqonyek” jurnalları var idi. Jurnalların kənarına yazı yazmağa başladım. Həbsdən çıxandan sonra orada jurnalın kənarına yazdığım yazını hazırlayıb çapa verdim. O mənim jurnalist fəaliyyətim dövründə ən böyük yazım oldu. Yazı “Azadlıq” qəzetində 5 sayda getdi. Yazının adı “Suverenliyə atılan güllələr” idi. Elə o yazı ilə də “Azadlıq” qəzetinin qurucusu Nəcəf Nəcəfov məni yanına çağırdı. 90-nın əvvəllərində ən yaxşı siyasi analitik mən olmuşam.
- İndi niyə siyasi analitik yoxdur?
- Siyasi analitiklərin formalaşması üçün mühit yoxdur. Ümumiyyətlə, təkcə Azərbaycanda yox, bütün dünyada jurnalistika geriyə gedir. Hər şeydə belədir. İnsanlıq, elm cəmi bu 400 yüz ildə inkişaf edib. İndi də yerində sayır. İndi gənclər dindən məlumatsız halda dindarlaşır.
- Din inkişafa mane olur? Din amili olmasaydı nə dəyişərdi?
- Əlbəttə, hər şey fərqli olardı. Mən təkcə Azərbaycanı nəzərdə tutmuram. Qloballaşan dünyadan danışıram. Mən kosmopolitəm. Heç gərək Azərbaycanda doğulmayaydım...
- Freydin axırı nə oldu?
- Freydi mən bir dəfə udmuşam. İnsanda 90 min ildir ki, şüur var. Şüur isə instinkti həmişə uda bilmir. Gəncliyimdə tanış xanımlardan biri ilə eyni otağı, hətta eyni yatağı paylaşmaq məcburiyyətində qaldım. Səhərə kimi bir-birimizə kürəyimizi çevirib yatdıq. Səhər düşündüm ki, mən Freydi uddum. Sonra o qızı bir də görmədim.
- Aşıq Ələsgər sevgisində səmimidir, ya Məhəmməd Füzuli?
- Səmimiyyəti ölçmək imkanı yoxdur. Aşıq ədəbiyyatı ola bilər ki, çox yumşaqdır. Məhəmməd Füzuli heç vaxt qeyri-səmimi ola bilməz.
- Bəs rus ədəbiyyatı?
- Anna Axmatova çox sərtdir. Onun həyatını, yaradıcılığını, elədiyi “qələtləri” yaxşı bilirəm. Mariya Svetayeva isə insanın bütün hisslərini dilə gətirir. Onun kədərinin içində də işıq var. Mariya Svetayeva başqa aləmdir. O kişiləri əlcək kimi dəyişirdi. Başqa cür heç bacarmazdı da... Onun ilham qaynağı sevgi, kişilər idi.
- Bizdə niyə “qələtdən” bol şairə yoxdur?
- Bunun üçün qadınlara heç vaxt münbit şərait olmayıb.
- “Alma” qəzeti üçün darıxırsınız?
- Hə, çox darıxıram. Orada gənclərin inkişafı üçün çox yaxşı münbit şərait, mühit var idi. İndi mətbuatda yaxşı çıxışları olanların çoxu orada yetişdi. “Alma”nın bağlanmasına səbəblər var idi. Yaxşı gəncliyin yetişməsini istəmədilər. “Alma”da mən qonorar almırdım. Maaşımı isə uşaqların arasında bölürdüm.
- İndi elə şərait olsa, gənclərlə birlikdə yenə də qəzet çıxararsınız?
- İndi də maliyyə verənlərdən təkliflər var. Lakin, düşünürəm ki, mənə şərtlər qoyulacaq, çərçivələr çəkiləcək. İstədiyim kimi əl-qolum açılmayacaq. O qorxu imkan vermir ki, yeni qəzet üçün işə başlayam. Yoxsa “Alma”dan da yaxşı qəzet çıxarmaq olar. Yenə də yaxşı yazarlara şərait yaratmaq olar.
- İndiyə qədər nə yığmısınız?
- Arada həyat yoldaşım deyir ki, qocaldın, hələ də oxuyursan. Az oxu, bir az da yaz. Deyirəm ki, oxumaq yazmaqdan daha dadlıdır. Mütaliə qədər məni çəkən heç nə yoxdur. Yaxşı oxumuşam. İnsana mütaliədən başqa heç nə qalmır. Bir də ki, insanın gözünün içindən bir işıq gəlir. O işığın rəngi süd rəngində olur. Onu hər adamda görmək olmur. Hər adam da o işığı görə bilmir. Mənə bu dünyada o işıqdan başqa heç nə lazım olmayıb. O işıq üçüncü gözün, dünyanın dərkinin işığıdır. Zülmət qaranlıqların dərkindən, idrakdan yaranan işıqdır.
- Dalay Lama deyir ki, dünya dağılacaq.
- Təbiət elmlərini bilənlər bilir ki, göydə iki bürcün yaxınlaşması elə dünyanın məhvi üçün səbəb ola bilər. Guya deyirlər, dünya dağılır, ərzaq yığın. Dünya dağılırsa, ərzaq niyə yığırlar?
- Biz niyə oxumuruq?
- “Alma”da olanda bütün gəncliyin oxumalı olduğu tərcümə edilməmiş əsərlərin tərcüməsini çapa verirdik. Məqsəd o idi ki, gənclik oxusun. Buna nə qədər nail olurduq, onu bilmirəm. Mütaliəsiz gəncliyin heç bir sferada sonu yoxdur. İllah da ki, ictimai-siyasi sektorda olan gəncliyin iddiasının altında təhsil, güclü mütaliə dayanmırsa, onun iddialarının heç bir anlamı yoxdur.
- Quran deyir ki, beşikdən qəbir evinə qədər oxuyun. Müsəlmanlar isə mütaliədən qaçaqdır. Dahilərin çoxu isə ateist olub. Bu necə təzaddır?
- Haydeggerin “Nitşe” adlı iki cildlik əsəri var. Orda Nitşedən öz aləmində nasist və dindar düzəltməyə çalışıb. Haydeggeri sevənlər çoxdur. Ancaq mən onu elə də bəyənmirəm. Ancaq dinin üstünə çox getməyə razı deyiləm. Hamı öz işi ilə məşğul olmalıdır, öz inancına aid olmalıdır. Quranda faydalanması mümkün olan yaxşı məqamlar var. İstənilən halda İslam dini ilə dünya vidalaşıb. Dini düşüncələr, insanların inancları elmi inkişafın yanında çəkidə yüngül gəlir. Mənəvi çatışmazlıq olanda din yada düşür. İnanc insanı qoruyur. Məsələn, evdən çıxan adam salavat çəkirsə və ya xaç çevirirsə, ona elə gəlir ki, başına pis iş gəlməz. Bəzən də bu iddiası doğru çıxır. Təbiətin hələ bizim şüurumuzun dərk etmədiyi çox işləri var.
- 20, 30 il əvvəlki xoşbəxtlik anlayışınızla indikinin arasında nə fərq var?
- Gənclikdə insan elə düşünür ki, bütün dünya onundur. Onu bir kitab, bir gözəl baxış da xilas edir, xoşbəxt edir. Düzdür, mən indi də şeir yazıram, kitabdan, gözəl baxışdan xoşbəxt oluram. Lakin, yaş öz işini həmişə deyir. Mənim yaşıdlarımı xoşbəxt edən şeylər indi başqadır. Bu yaşda adamı isti döşəmədə üzüüstə uzanıb televizora baxan nəvədən çox heç nə xoşbəxt eləmir.