vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBAHİSƏ  
11:01 | 12 yanvar 2017 | Cümə axşamı Məqaləyə 3483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...Çünki ora ittifaq deyil»

Arif Məlikov: «İllərdir Bəstəkarlar İttifaqının qapısını açmıram...»

Cavid ZEYNALLI

MÖVZU İLƏ ƏLAQƏLİ

APA-nın əməkdaşı Cavid Zeynallı bəstəkar Arif Məlikovdan uzun müddət gündəmdən düşməyəcək müsahibə götürüb. VAXT.AZ həmin müsahibəni təqdim edir.

Bura Bakı Musiqi Akademiyasıdır. Köhnə adla desəm, Azərbaycan Dövlət Konservatoriyası. Kimi saxlayıb «Arif Məlikovun sinfi hansıdır?» soruşsanız, bir nəfər cavab verməyəcək, az qala ətrafdakı bütün tələbələr yer-yerdən ikinci mərtəbədəki 309-cu otağı nişan verəcəklər. Amma təkcə nişan verməkmi, yox, həm də qabağa düşüb yol göstərəcək, «Arif Məlikov burda oturur» deyəcəklər. Sayğı, ehtiram və qürurla! Qapıdan girəndə görəcəksən: qara piano ilə üzbəüz stol, stolun arxasında oturan yorğun, son dərəcə ciddi bir adam tələbələrini yığıb başına, dərs keçir.

Maestro ömrün 83-cü yanvarını yaşayır. Amma sağlam görünür, deyəsən, sözünə baxmayan bircə ayaqlarıdır. Köməyə əsa gələndə ayaqların etibarsızlığını dərd eləməyə dəyməz! Əsas barmaqlardır, barmaqlar. Tanrıya şükür, onlar korşalmayıb, ağ-qara dilləri hələ də özünə doğma bilir. Bir də nə xoş ki, Arif Məlikov ömrün bu çağında da həyat eşqini saxlayır, dərs deməkdən, tələbə yetişdirməkdən usanmır. Və yəqin ki, o tələbələr indi necədirsə, on illər sonra da maestronun tələbəsi olduqlarına görə özlərini xoşbəxt sayacaqlar.

Diktofon ortalıqda. Müsahibəyə başlayar-başlamaz sualım yarımçıq qalır. Əslində söhbətə mən yox, Arif Məlikov özü başlayır:

- «Məhəbbət əfsanəsi»ni bizimkilər 62-ci ildə Qriqoroviçin quruluşunda tamaşaya qoyublar. Əla quruluş idi. O vaxt ifaçılar da yaxşı idi. «Məhəbbət əfsanəsi»nin premyerası Leninqradda olub. 1961-ci ildə. Sonra Novosibirskdə, Praqada tamaşaya qoyuldu. Təsəvvür edin, 60 dəfə premyerası keçirilən əsər öz vətənində tamaşaya qoyulmayıb. Baxın, (stolunun üstündəki «Независимая газета»nı göstərir) qəzetdən oxuyuram ki, mənim əsərim, «Məhəbbət əfsanəsi» baleti Sankt-Peterburq Teatrında oynanılacaq. Demişəm: Bir milyon da gətirib qabağıma qoysalar ki, «Məhəbbət əfsanəsi»ni Bakıda səhnəyə qoyaq, icazə verməyəcəyəm.


- Yəni möhkəm incimisiniz və acığa düşüb icazə vermirsiniz...

- Necə yəni incimişəm? Bu qədər vicdansızlıq görməmişəm. Üçüncü, ya dördüncü quruluşu Azərbaycanda olmuşdu, onu apardıq Moskvaya. Çox gözəl çıxış oldu. Zalda Maya Plisetskaya oturmuşdu. Mənə dedilər ki, bu cür tamaşanı Azərbaycanda niyə öldürdülər?  Nə bilim niyə öldürdülər? Çünki paxıllıq çəkirdilər. Çünki uzun illər Polad Bülbüloğlu mədəniyyət naziri oldu. Neçə dəfə tapşırıq verilib ki, «Məhəbbət əfsanəsi»ni Bakıda tamaşaya qoyun, premyerası keçirilsin, deyiblər, gözümüz üstə, nəticə yoxdur.


- Yəni Opera və Balet Teatrı Arif Məlikova paxıllıq edir? Bu nə dərəcədə ağlasığan işdir? 

- Bunu məndən yox, onların özündən soruşun. Bu tamaşa bizim Opera və Balet Teatrına layiq deyilsə, niyə bütün dünyada səhnəyə qoyulur? Layiqdirsə, niyə vətənimdə nümayiş olunmur? Mən bir dəfə bir azərbaycanlı jurnalistdən eşitmədim ki, onlardan soruşsun: niyə bu əsəri tamaşaya qoymursunuz?


HAŞİYƏ: Söhbətə başlayanda mən tamam başqa məsələlərdən söz salmaq istəyirəm, maestro «Məhəbbət əfsanəsi»ndən danışır. Məsələn, soruşmaq istəyirəm ki, bu yaşda hər gün dərsə gedib gəlmək, tələbələrlə məşğul olmaq çətindirmi? Ömür necə keçir, indi kimlər üçün darıxır, hansı dostlarını xatırlayır, 80 yaşdan sonra insan dünyanı hansı rəngdə görür? Maestro isə içi mən qarışıq, bütün jurnalistləri ittiham edir. Həm də haqsız ittiham edir. Bir də məni incidən odur ki, Azərbaycan klassik musiqisinin istiqamətini dəyişən, 60-dan artıq teatrda premyera keçirən bu böyük sənətkar hələ də köhnə söhbətləri unutmaq istəmir...  


- Arif müəllim, bu çox soruşulub. Teatrın cavabı belə olub ki, «Məhəbbət əfsanəsi» mürəkkəb əsərdir, onu səhnələşdirmək imkanımız yoxdur...

- Əgər ifaçılar çatışmırsa, dəvət edin. Futbolçu dəvət etmək olur, teatr ifaçısı yox? Bu tamaşanı Qriqoroviçin quruluşunda öldürdülər. Qriqoroviç dahidir. İndi onun 90 yaşı var. Moskvada yaşayır. Və deyirlər ki, Qriqoroviçin quruluş verdiyi bütün əsərlər arasında ən yaxşı yeri «Məhəbbət əfsanəsi» tutur.


«Nə edək ki, bizim teatrımız ölüdür»


Baxın, son vaxtlar, 2-3 ayda altı dəfə premyerası keçirilib. Hamısında olmasa da, əksər premyeralarda iştirak etmişəm. İndi özümü pis hiss edirəm. Zəng edib yenidən dəvət etdilər, dedim, təəssüf ki, gələ bilməyəcəyəm. Yaponiyadan mənə zəng vurdular ki, sizin baletinizi hazırlamaq istəyirik. Mən də icazə verdim. İki gün sonra hesabıma qonorarı köçürdülər. Braziliyada, Nyu-Yorkda tamaşamı göstərirlər, bizim öz teatrımızda yox. Biz sadəcə, vicdansızıq. Nə edək ki, bizim teatrımız ölüdür.


- Azərbaycanda yaradıcılığını qiymətləndirdiyiniz bəstəkarlar kimdir?

- Vallah, bilmirəm. Dükanda da deyiləm ki, deyəm, 700 qram ondan ver, 500 qram o birindən. Biz dünyada yeganə dövlətik ki, 5-6 yüksək səviyyəli baletimiz var. «Yeddi gözəl», İldırımlı yollarla», «Babək» və s. Mən Konservatoriyada dərs deyirəm, cavanları tərbiyə edirəm. Hesab edirəm ki, böyük iş görürəm. Kimsə bunu başa düşmürsə, bu onun vicdanına qalsın.


- Tələbələriniz sizin ümidinizi doğruldurmu?

- Əlbəttə, istedadlı tələbələr var, onlar bu gün bəstəkar kimi yetişirlər. Bəlkə sorağı az yayılıb, amma yetişən, istedadlı tələbələrimiz çoxdan var. Bu sinifdə istedadlı insanlar yaranır. 27 il mənimlə ünsiyyətdə olan tələbəm olub. Dərs dediyim tələbələr dünyanın istənilən səhnəsində çıxış edə bilərlər.


- Rektor Fərhad Bədəlbəylinin sizin 80 illik yubileyinizdəki çıxışını xatırlayıram. Fərhad müəllim dedi, 90-cı ildə siz həbsxanalardan onlarla günahsız insanı azad etdirmisiniz. İstəyirəm, bu haqda danışaq...

- Mən iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşam. Bu status mənə açılmayan qapıları açmaq imkanı verib. O gün Anar da televiziyada dedi ki, Moskvada oturanlar əsasən sağıcılar idi və onlar SSRİ Ali Sovetinin tribunasından onsuz da heç nə demirdilər. Anar idi, mən idim, Tofiq İsmayılov idi... Biz millətimizi sevirdik və lazım olanda sözümüzü deyirdik. Mən müdafiə naziri Yazovun yanına getmişəm. Generallar görmüşəm və onların barəsində nə düşünmüşəmsə, onu demişəm. Heç nə edə bilmirdilər. Çünki onların arasında SSRİ Ali Sovetində deputat oturmurdu. SSRİ daxili işlər nazirinə dedim ki, Mərdəkan həbsxanasına döyülmüş, şikəst edilmiş 49 nəfər gənc azərbaycanlı gətirilib.


«49 nəfərin hamısını bir gündə həbsxanadan çıxartdırdım»


Nazir dedi, ola bilməz. Cavab verdim ki, mən faktı deyirəm və özüm orda olmuşam. Həbsdə olanlar məni görəndə dedilər, Arif müəllim, bizə siqaret lazımdır. Oturdum maşına, getdim Mərdəkan bazarına. Bir yeşik ucuz, filtrsiz siqaret aldım. Onlar yarım saata yaxın mənimlə danışmadılar, ancaq siqaret çəkdilər, siqaret tüstülətdilər. Ondan sonra açıq söhbət başladı və 49 nəfərin hamısını bir gündə həbsxanadan çıxartdırdım. Bir qoca mənə yaxınlaşdı ki, oğlum, sən Arif Məlikovsan? Dedim, hə. Dedi, gəl əlindən öpüm, sən mənim oğlumu həbsdən qaytardın. Kitab yazmışam: «Mən ittiham edirəm». Orda çoxlu faktlar var. Həmin kitabda yüzdən çox soyad var. Hər soyadla ayrı-ayrılıqda məşğul olmuşam. Vaxt var idi, Bakıda yeganə adam idim ki, gecələr maşınla gəzirdim. Qadağa var idi. Siz bilirsiniz, fövqəladə vəziyyət nədir? Onlar sadəcə, məni güllələyə bilmədilər. Bu da ola bilərdi. Amma istəmirəm bu haqda danışam.


- Uzun illər Bəstəkarlar İttifaqına münasibətiniz yaxşı olmayıb. İndi necədir vəziyyət?

(Siqaret yandırır. Qəribə gəldi, hə? Sinifdə dərs zamanı siqaret çəkən müəllim. Bəlkə, belə qəbul edək: Arif Məlikov sinfi ev, tələbələri övladları bilir. Yəni bu qədər məhrəm).

- Uzun illərdir Bəstəkarlar İttifaqının qapısını açmıram. Çünki ora ittifaq deyil. Bəstəkarlar İttifaqı vaxtilə ittifaq idi. Orda Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, biz gənclər var idik. Boş vaxtımızı Bəstəkar İttifaqında keçirirdik.


- Tofiq Quliyev sədr olanda necə, gedib-gəlirdiniz?

- Nadir hallarda gedirdim. Ondan sonra getmədim. Deyirlər, təmir ediblər.


- Bəli, təmir işləri aparılıb...

- Təmir çox yerdə gedir, deməli, hamısına heykəl qoyaq? İş görmək lazımdır. İş də getmir. Çünki eqoizm var.


- Siz «Axırıncı aşırım», «Sehirli xalat» və başqa filmlərə musiqilər yazmısınız. Yeni təkliflər varmı?

- Sizin adını çəkdiyiniz filmlərdən başqa «İyirmialtılar», «Qərib cinlər diyarında» filmlərinə də musiqi yazmışam. Mən Orta Asiyada işləmişəm. Firdovsinin «Şahnamə» əsəri əsasında 6 seriyalıq film çəkirdilər, onun musiqisini mən yazmışam. Leninqrad studiyasında filmə musiqi yazmışam, indi onunla fəxr edirlər. O ki qaldı sualınıza, sözün düzü, film musiqisi məni yorub.


- Son sualım: sizi «Azərbaycan musiqinin canlı əfsanəsi» adlandırırlar. Necə hissdir bunları eşitmək?


- Mən tələbə yetişdirirəm, onlarla fəxr edirəm. Yəni öz işimlə məşğulam. Evimə, kabinetimə gəlsəniz, pianomun altında, üstündə mindən çox şəkil, afişa görə bilərsiniz. Dünyanın hər yerindən olan tanınmış insanlarla şəkillərim var. Bütün dünyanı gəzmişəm. Bir hadisəni xatırladım. Sonda onu danışım.


«Sözün düzü, film musiqisi məni yorub»


Tailand kralı üçün simfoniya çalınmalı idi. Məni də dəvət etdilər. Uçuşdan əvvəl Heydər Əliyevlə görüşdüm. Biz ümumiyyətlə, Heydər Əliyevlə tez-tez görüşürdük. «Məhəbbət əfsanəsi» Qazaxıstanda nümayiş olunanda Şərəf Rəşidov (Özbəkistan KP MK-nın I katibi – C. Zeynallı) və Heydər Əliyev tamaşaya baxıblar. Sonra «Bolşoy Teatr»da premyerası olanda Heydər Əliyev dedi, biz necə xoşbəxt xalqıq ki, mən lojada oturmuşam və Arif Məlikovun yazdığı əsərin alqışlanmasını görürəm. Hə, Tailanda getməzdən əvvəl Heydər Əliyev məni qəbul etdi, soruşdu ki, nə yenilik var? Dedim, Tailanddan dəvət almışam. Dedi ki, bəs niyə getmirsən? Dedim, gedəcəm. Yenə soruşdu: tək gedirsən? Düyməni basdı ki, qeyd edin, Arifə neçə adam lazımdırsa, bilet alın, Tailanda göndərin. «Bolşoy teatr»da premyeralar keçirilir. Adətən, vəzifəli şəxsləri dəvət edirlər. Mən demişdim ki, tamaşalarımın premyeralarına tələbələrimi dəvət edin. Zalda bir nəfər də olsun nazir, ya başqa vəzifəli şəxs yox idi. Yalnız tələbələrim idilər.


Müsahibəyə sözardı: Görüşüb ayrılanda söhbətimizin diktofona düşməyən hissəsi:

 

Mən soruşuram:

- Maestro, soruşmağı tamam unutdum. Dərs demək üçün xaricdən dəvətlər gəlib?

 

O deyir:

- Əlbəttə! Getməmişəm. Məndən soruşurlar ki, bu illər ərzində niyə getməmişəm? Bu sualı mənə xaricdə də verirlər. Dəvət ediblər ki, 20 min dollar maaşla gəl işlə, imtina etmişəm. Amma istəmirəm bunu yazasan.

 

Yenə mən: 

- Başa düşürəm, fikirləşirsiniz ki, «özünü tərifləyir» deyərlər. Amma burda yazmamalı bir şey yoxdur, yazacağam. Aylıq 20 min dollarlıq təklifdən imtina etmisinizsə, deməli, yaxşı yaşayırsınız...

 

Yenə o:

- Əlbəttə, yaxşı yaşayıram. Güzəranımda heç bir çətinliyim yoxdur. Pis odur ki, ümumən teatr adamları kasıb yaşayırlar.