16:42 | 23 avqust 2013 | Cümə
Məqaləyə 5424 dəfə baxılıb
Şriftin ölçüsü
“Soruşurlar ki, sizdə aquapark var?”
Nabrandakı istirahət mərkəzləri turist korluğu çəkir
İyulun 21-də “Nabran Holiday Village” akvaparkının hovuzunda 3 yaşlı İmran Cəfərzadənin başına gələn faciənin ölkədaxili turizmə nə qədər zərər vurduğunu araşdırmaq qərarına gəldik. Anlaşılan və başadüşüləndir ki, faciədən sonra məlum istirahət mərkəzinə axın səngidi, çünki müəssisənin lisenziyası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geri alındı. Amma Nabranda istirahət mərkəzi tək “Nabran Holiday Village” deyil.
Digər istirahət mərkəzlərinə gedənlər məlum faciədən qorxaraq fikrindən daşına, bu ərazidə istirahət etməkdən imtina edə bilərlər. Dolayısı ilə Nabranın bazarı ölə bilər.
Turizm eksperti Bahadur Bilalovun sözlərinə görə, “Nabran Holiday Village”nin lisenziyasının geri alınması doğru addım deyil: “İstirahət mərkəzlərinə nəzarət etməli olan əlaqədar orqanlar baş verən hadisədən sonra canfəşanlıq etməli deyildilər. Bu tipli obyektlərin rəhbərlərindən vaxtında tələb edilməlidir ki, turizmin dirəyi, bel sütunu olan təhlükəsizlik məsələlərinə ciddi önəm versinlər. Turizmdə təhlükəsizlik anlayışı müxtəlif parametrləri əhatə edir və bu parametrlərə dəqiqliklə əməl edilməsi mütləqdir. Əlaqədar təşkilatlar obyekt rəhbərlərindən bunu tələb etməlidirlər. Sahibkar min bir əziyyətlə obyekt ərsəyə gətiribsə, onun qapadılması doğru deyil. Siz baxın, axır vaxtlar Bakıda müxtəlif marşrutlarda işləyən avtobus sürücülərinin günahı ucbatından qəza hadisələri baş verir, bəyəm həmin marşrut xətti dərhal bağlanırmı?”
Müsahibimiz hesab edir ki, İmranın faciəsindən sonra məlum hadisə daxili turizmə ziyan vurmayacaq: “Nabran turizm bazarının ölməsini gözləmirəm, hesab edirəm ki, bu, baş verməyəcək. Belə bədbəxt hadisələrdən heç xarici turizm mərkəzləri də sığortalanmayıb. 2 il bundan öncə Misirin Şərməlşeyx kurortunda dəhşətli bir hadisə baş vermişdi, köpək balığı rusiyalı turistin qolunu qoparmışdı. Amma o istirahət mərkəzinin bazarı ölmədi. Əminliklə deyə bilərəm ki, bu hadisə daxili turizm bazarına təsirsiz ötüşəcək, amma istirahət mərkəzlərinin rəhbərləri təhlükəsizlik məsələlərinə ciddiliyi artırmalı və qiymət siyasətlərinə yenidən baxmalıdırlar”.
Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanovun sözlərinə görə isə bu cür hadisələr bütövlükdə turizm sektoruna mənfi təsir göstərir: “Belə hadisələr baş verəndən sonra əvvəlcədən edilmiş rezervasiyalar ləğv olunur, müştərilər bu məkanı seçməkdə tərəddüd göstərirlər. Nabrandakı hadisədən sonra da belə hallar oldu. Bu, turizm mövsümünün qızğın çağında ölkənin və turizm mərkəzlərinin gəlirlərinə ciddi zərər vurur”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə “Gündəlik Teleqraf”a açıqlamasında bildirdi ki, istirahət mərkəzləri bu barədə hesabatı nazirliyə ilin sonunda təqdim edir: “Ona görə də hələlik bu barədə nəsə demək çətindir. Amma baş verən faciədir, qəsdən törədilməyib, ona görə də istirahət mərkəzlərində dincəlmək istəyənlər hələ də var”.
Nabranda fəaliyyət göstərən bir neçə istirahət mərkəzi ilə əlaqə saxlayıb müştəri problemlərinin olub-olmaması ilə maraqlandıq. “Atlant” istirahət mərkəzindən bizə bildirildi ki, məlum hadisə onların fəaliyyətinə təsir etməyib. İstirahət mərkəzinin rəsmisi deyir ki, oteldə hər şey öz qaydasındadır və müştəri azlığı hiss edilmir.
“Green Ville” İstirahət Mərkəzinin meneceri isə bildirdi ki, insanlar İmran Cəfərzadənin başına gələnlərdən sonra ən çox akvapark deyilən hovuz qurğusundan çəkinir: “Mərkəzimizdə dincəlmək istəyənlər əvvəlcə soruşurlar ki, akvapark var? Bizdə olmadığını biləndə məmnuniyyətlə xidmətimizdən istifadə edirlər. Amma əvvəllər bizə zəng edən müştərilər akvaparkın olub-olmadığı ilə maraqlanır, deyəndə ki, yoxdur, adi hovuzlarımız var, gəlməkdən imtina edirdilər”.
“Caspian Sea Resort” İstirahət Mərkəzinin rəsmisi də oxşar açıqlama verdi: “Bizim daimi müştərilərimiz o hadisədən sonra da gəlir, amma heç vaxt Nabranda olmayan, bizdə istirahət etməyən insanlar gəlməkdən imtina edirlər.
İnsanların içində qorxu yarandı. Bizdə akvapark yoxdur, amma heç vaxt Nabrana gəlməyən insan üçün artıq o faciə yetərli səbəbdir ki, gəlmək fikrindən daşınsın. Hamı elə fikirləşir ki, Azərbaycanda bütün istirahət mərkəzləri faciə baş verən otel kimidir. Biz qonaqlarımıza əlimizdən gələn formada xidmət göstəririk, həqiqətən də, gələnlər razı qalır. Amma gəlməyənlər hələ də qorxur. Bu da haqlı olaraq turizmə böyük təsir göstərdi”.