vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
23:03 | 18 yanvar 2017 | Çərşənbə Məqaləyə 2930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan reallığı

Əvvəl yol çəkirlər, sonra piyada keçidi yada düşür...

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Qaradağ rayonunun Səngəçal qəsəbəsində 9 yaşlı uşağı maşın vuraraq öldürüb. Faciəli hadisə ərazidə yerüstü və ya yeraltı piyada keçidinin olmaması ilə bağlıdır. Bu gün hadisəyə sərt reaksiya verən qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayaraq ərazidə piyada keçidinin tikilməsini tələb edirlər.

Bakıda yerüstü, yaxud yeraltı piyada keçidləri olmayan, nəticədə sürücüləri qatilə, piyadaları mərhuma çevirən başqa yollar da var. Məsələn, Nobel prospektinin «Elektrotok» qəsəbəsindən keçən hissəsi. Sakinlər bu yolda hər ay onlarla piyadanın ölümünə şahidlik edirlər. Bundan başqa, Bakı-Zabrat yolu, Y.Səfərov küçəsi və digər yollarda piyada keçidlərinin olmaması və ya düzgün yerdə olmaması piyada vurulması hallarını artırır.  

Səbəb isə budur ki, avtomobil yollarının layihələndirilməsi və tikintisi zamanı bir çox hallarda piyada keçidlərini nəzərə almırlar. Mütəxəssislər hesab edirlər ki, layihələndirilmə zamanı 10-20 il sonra əhalinin məskunlaşması, yerüstü və yeraltı piyada keçidləri, suötürücü kanallar, hətta heyvanlar üçün keçidlər belə nəzərə alınmalıdır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bizdə qanunla bunlar tənzimlənsə də, əksər hallarda iş zamanı bu məsələlərin üzərindən keçirlər. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, belə hallar yolun avtomobil üçün olduğunu düşünmədən irəli gəlir:

«Məhz yolun layihələndirilməsi və tikintisi zamanı müəyyən elementlərin kənarda qalması bu problemi yaradır. Bizim  ölkəmizdə hələ sovet dövründən qalmış şəhərsalma-tikinti, məskunlaşma normaları var. Normalarda yaşayış məntəqələrində, onların  yaxınlığında piyada keçidləri necə olmalıdır, harada olmalıdır, hansı vəziyyətdə olmalıdır, bunlar hamısı gödstərilmişdi. Müstəqillik əldə edəndən sonra da milli qanunvericilikdə bu elementlər var və nəzəri cəhətdən burada heç bir problem yoxdur. Amma bizdə bunların üzərindən keçirlər. Düşünürlər ki, yol avtomobil üçündür. Əslində isə yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyi nəzərə alınmalıdır. Piyadanın təhlükəsizliyi nəzərə alınmayıbsa, bu səhvdir. Bu səhvlər təkrarlanır, yol tikilir, istismara verilir və belə acı nəticələr qarşıya çıxır».

Ekspert hesab edir ki, bu problemin qarşısını almaq üçün layihə sənədləri hazırlayarkən bütün amillərin, o cümlədən piyadaların təhlükəsizliyinin nəzərə alınmasıdır. Təhlükəsizlik amilləri nəzərə alınmayan layihələr isə ümumiyyətlə, həyata keçirilməməlidir.

Bu layihələri hazırlayıb həyata keçirən qurum isə «Azəravtoyol» ASC-dir. Amma  bu layihələr həm DYP, həm də icra hakimiyyətləri, FHN, ETSN və digər dövlət orqanları ilə razılaşdırılır. Yəni, hər hansı yol layihəsi hazırlanarkən bu sadalanan qurumların hər birinin rəyi və nəzarəti olmalıdır.

«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə hesab edir ki, yol hərəkətinin təşkilində hər hansı problem varsa, bununla «Azəravtoyol» deyil, müvafiq icra qurumlar, yəni yol polisi məşğul olmalıdır.

«Amma bununla belə biz balansımızda olan yollarda piyada keçidlərinin tikintisi ilə bağlı təkliflər veririk. Biz öz başımıza piyada keçidi inşa edə bilmərik. Bizim mütəxəssislərimiz tərəfindən bununla bağlı təkliflər hazırlanır. Onu Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndəririk. Komissiyanın qərarı əsasında hər hansı keçid inşa oluna bilər».

Bakı şəhərində bir çox ərazilərdə piyada keçidinin tikintisinə ehtiyac yarandığını deyən «Azəravtoyol» rəsmisinin sözlərinə görə, buna səbəb əhalinin artması, yeni yaşayış massivləri salınmasıdır. Nəcəflinin sözlərinə görə, hazırda Bakı şəhərində indi 12 yerdə piyada keçidi inşa olunur və bu rəqəm artırılacaq.

Bakı Nəqliyyat Agentliyindən isə paytaxtdakı bütün piyada keçidləri ilə bağlı vəziyyəti təhlil edilərək yekun nəticə hazırlandığını deyirlər. Agentlikdə əmindirlər ki, bu da gələcəkdə keçid problemlərini həll etməyə imkan verəcək.