vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
İSTİRAHƏT  
10:04 | 20 oktyabr 2013 | Bazar Məqaləyə 4268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlisu-Şəki-Qəbələ turnesi...

İlusu şəlaləsi, Sumu qala, boz qurdun canavara dönməsi

Ramilə Qurbanlı, kulis.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Qax rayonunun çox gözəl bir kəndidir İlisu. Camaatı da mehriban, istiqanlıdır. Tarixi kənddir, burdakı tarixi abidələr də bunu sübut edir. Yayda bu kəndin kefi daha kök olur, çünki Bakının istilərindən başını götürüb qaçmış şəhər adamları İlisunun istirahət yerlərini özlərinə məskən seçirlər. Yerli camaat da evlərini şəhərdən istirahətə gələnlərə kirayə verirlər. İlisuda hər həyətdə kirayəşinlər var. Maraqlısı odur ki, camaat dədə-baba evlərindən çıxmır, onu kirayə vermir, yeni, yaraşıqlı, içində isti-soyuq suyundan, hamam-tualetindən belə hər cür şəraiti olan, peyk antenalı evi məxsusi kirayə vermək üçün saxlayırlar.

O evdə heç gözləri də olmur, onlar üçün dədə-babadan qalma, bişmiş kərpicdən hörülmüş, üstü kirəmitli yastı evlər onlar üçün daha rahatdır. Deyirlər bu evlər onları qışda soyuqdan, yayda istidən gözləyir. Yayda isti demiş, onlar isti desə də bizim üçün bu isti hava sayılmaz. Bu necə istidir ki, üstdən nazik də olsa bir üst geyimi geyinməli olursan, ayağından corab çıxmır, üşüyərsən yoxsa. Səhər, axşam bəzən şıdırğı, tez də kəsən, bəzən narın, bir qədər uzanan yağış yağır. Günəş yeri-yurdu qurudar-qurutmaz yenidən yağış çisələməyə başlayır. Bayaqdan aydın görünən dağ zirvələrini qara bulud və qatı duman bürüyür. Hərdən dumanın dağdan üzü aşağı gəldiyini müşahidə edib qorxuya düşürdüm, İlahi, bu duman gəlib aşağılara qədər çıxsa, bir də çəkilməz, təbiətdir də, qarşısında kim dura bilər, birdən bu şıdırğı yağış kəsməz və Yaponiyada baş verənləri canlı surətdə yaşamalı olarıq. Doğrudan da oralarda yağan yağış ardıcıl olsa, Yaponiyadakı sunami İlisununkunun yanında damla hesab edilər. Yaxşı ki, elə yağışlar tez də kəsir. Nə duman aşağılara enmir, nə də çayların daşdığını gördüm, öz məcrasındaca adamları qorxutmadan, amma gurhagurla axıb gedir. 
Bir-neçə gün belə davam edir, bir gün səhər durub qırmızı, amma adamı yandırmayacaq gün çıxdığını görürsən. Belə yerdə, bir tərəfində dağ, o biri tərəfində şırhaşır gur çay axan, bağın içində olan xudmani evin həyətində samovara od salınmazmı, quzu kababı çəkilməzmi. Qonşunun gətirib həyətdəcə sənə təklif etdiyi nehrə yağını, təzə südü, qatığı, kənd çolpasını, yumurtasını demirəm. Bulaqların suyu isə can dərmanıdır, içdikcə içmək istəyirsən. 
Hərdən şəhərdən gələnlərin “Coca-Cola”, “Pepsi”, “Fanta” kimi zir-zibili alıb gətirdiklərini gərəndə gülmək məni tuturdu, a bala, bu bulaqların gül kimi, yox e, göz yaşı kimi dupduru təbii suyunu qoyub adam da “ximikat” içər, lap bulağın özünün gülməyi tutur. Ye-iç, sonra çıx bu dağların seyrinə, həm hərəkətdə olasan çəkin artmasın, həm də gəz, gör Azərbaycan təbiətinin möcüzələrini. Axşam yaxınlıqdan axan gur dağ çayının şırıltısının sədaları altında yorğanı ləzzətlə başına çəkib mışıl-mışıl uyuyursan, nə sabahkı yazını düşünürsən, nə də sosial şəbəkədə yayılan hansısa informasiyanı gözdən qaçırmağın məsuliyyətini daşıyırsan.
Qəhrəmanlıq həm də məqamında geri çəkilməkdir
İlisu şəlaləsinə çıxmaq üçün oğul gərəkdir, bu doğma Qəbələdəki “7 gözəl”dən çox fərqlidir. Ona görə doğma ki çox reklam olunub doğmalaşıb bizə. İlisu şəlaləsinin reklamını görməmişəm, heç ehtiyacı da yoxdur. O qədər möçüzəlidir ki, yalnız gedib görmək gərəkdir. Şəlaləyə çox yaxın getmək olmur, o qədər hündürdən, sal qaya üzərindən gəlir ki, qayadan qopa biləcək parçalar adamın başına düşə bilər. Bu barədə bizi ora aparan “Niva”nın sürücüsü xəbərdar etməyi özünə borc bildi. Şəlaləyə qədərki 2 km-lik, yuxarı çıxan yolu “Niva” bizi 10 manata apardı, burdakı “xalturşiklər” özləri adamın qarşısını kəsib xidmətlərini təklif etməklə vurğulayırlar ki, sizin maşınla ora gedib çıxmaq olmaz, maşın sıradan çıxar, piyada gediləsi yol da deyil, çünki heç bir ayaqqabı yolboyu çapıq daşlara tab gətirməz. Belə yerdə adamın marağı daha artır. Deyirsən, ora axı necə bir yerdir. Gedib görürsən ki, aşağıda deyilənlər həqiqətdir, öz maşınımızla bura qədər gəlsəydik, Bakıya gərək maşını boynumuza alıb qaytaraydıq. Piyada da gedənlərin cırılmış ayaqqabılarını əllərinə alıb ayaqları da zədələnmiş halda qayıtdıqlarını görürsən, amma bu əzabla belə təbiətin möcüzəsini görməyə dəyər. Yeri gəlmişkən, səhərlə günortanın arasında sürücünün ora yeddinci gediş-gəlişi idi, deyir “sezon”da qazanıb, sonra bütün qışı o pula dolanırıq. Doğrudan da İlisu camaatının iş yeri yox, təbiət əkin-biçin üçün əlverişli deyil, saxladıqları mal-qaranın otunu da qonşu rayonlardan alırlar. Kirayəşin saxlamaqdan, turistləri gəzdirməkdən, onlara çolpa, meyvə, yumurta, süd-qatıq satmaqdan qazanırlar. 
Çaydan danışacaqdım, orda qaldığımız bir həftə boyu diqqətimi çəkən məqamın sirrini tapa bilmədim ki, bilmədim. Kəndin tən ortasından bir çay axır, gur, dərin, kifayət qədər geniş ərazisi var. Bir çaydır, amma çayın kəndin qurtaracağından gələn hissəsi dupduru, kəndin Bakıdan gedəndə girəcəyində axan hissəsi qapqaradır. Bu iki ayrı çaydırsa, bəs niyə eyni xətt üzrə gedir, yox əgər bir çaydırsa, niyə yarısı duru, şəffaf, yarısı qapqaradır. Çay boyu yuxarı-aşağı getdim, amma hardan, niyə bulandığını tapa bilmədim ki bilmədim. 
Çayın üstündəki tarixi körpü gözəl abidədir. Körpüdən keçə bilərsən, amma o tərəf sıldırım qayalıqdır və bu qayalıq tarixi qoruğa aparır. Yolda xəbərdarlıq yox, əmr formasında yazılıb ki, yuxarı çıxmaq qadağandır, çünki təhlükəlidir. İstədim çıxam, bir az çıxdım da, amma bir yanımdakı biri azyaşlı olmaqla iki qızıma baxdım, bir də ayağımız sürüşdüyü halda gedəcəyimiz yerə-aşağıya fikrimi dəyişib qayıtdım.
Sünsülü macərası, yaxud xilaskarın canavara çevrilməsi 
Sünsülü nədir? Onu İlisululular yaxşı bilir, danışım siz də bilin. Sonra Azər Axşamın, Kamilənin tanışları, dostları onların yaxalarından tutub Sünsülü istəsələr günah məndə deyil, çünki İlisudan yüzlərlə elm və mədəniyyət adamları yetişməsinə rəğmən indinin tanınmış simaları onlar ikisidir. 
İlisunun mərkəzi küçəsi boyunca kafe, restoranlar da çoxdur. Özlərinin təbirincə desək bu yerləri əsasən gəlmələr işlədir, çünki yerli əhalidə o qədər pul yoxdur. Gəlmələr arasında gürcülər də var, gürcü mətbəxi, gürcü çörəyi təklif edirlər. İlisudan çıxıb Bakıda iş adamı olan şəxsin də balaca kafesi var ki, orda İlisu mətbəxi təqdim olunur. Narın yağış yağan sərin İlisu axşamında gəzintidən qayıdarkən istədik İlisunun adla deyilən sünsülü yeməyinin dadına baxaq, İlisuda olasan sünsülü yeməyəsən, Azərbaycan xanlarının buraxdıqları səhv qədər olmasa da hər halda tarixi səhv olar. Sifariş verib üşüyə-üşüyə üstü örtülü kənarları açıq kafedə oturduq. 
Şəki ləhcəsi sayaq şirin İlisu ləhcəsində danışan ofisiant qardaş yeməyin 15 dəqiqəyə hazır olacağına vəd verib getdi, arada soyuq qəlyanaltıları gətirəndə “az qalıb” dedi, bu “az qalıb”dan düz 2 saat sonra sünsülü nəhayət ki, süfrəyə gəldi. Gördük ki, bu xörək əslində saatlarla vaxt aparan ətli xəmir xörəyidir, əslində hələ tez hazırlayıblar. Xəmirdən müxtəlif fiqurlar hazırlanıb süzülür, üstünə də yaxşı bişirilmiş quzu əti qoyulur, ədviyyatları da yerində. Dadlıdır, amma artıq gecə 12-dən sonra xəmir xörəyi yemisənsə, yatmaq barədə söz belə gedə bilməz. Biz gözləyincə saat 12 oldu, neynəyək, imtina edəsi deyildik ki. Odur ki, sünsülünü yemək naminə bu gecəki yuxunu səhər yuxusu ilə əvəz etməli olduq. 
Nəticədə bu gecə oyaq qalıb bildik ki, dağın, meşənin ətəyində ev tutub qalmağın canavarla üzləşmə kimi təhlükəsi də var. Dağdan xeyli aralıdakı kərpic evində uyuyan ev yiyəsi bizi xəbərdarlıq etmişdi ki, gecələr həyətə canavar gələ bilər, bayıra çıxmayın, amma təhlükənin bu qədər real olduğunu bilməzdik. Gözünü sevdiyim boz qurdun həyətdə qoşa fara kimi parıldayan gözlərini görməsəydim. Xilaskarım boz qurd həm də məni parçalamaq arzusu ilə həyətə enən canavar imiş. Özü də pəncərəyə baxıb bu arzu ilə yanan gözlərini görməsəydim inanmazdım, başqası danışsaydı, yenə inanmazdım. Mən də elə bilirəm itdir, sonradan anlayıb, yanımdakıları da harayladım ki, itin belə gözü olmur, bu canavardır və bizə baxır. Səhər oyananda elə bilirdim yuxu görmüşəm, bacımın 9 yaşlı oğlu əhvalatı yadıma salmasaydı elə belə də düşünəcəkdim. 
Naşı əllərin yamaq vurduğu, bərpaya ehtiyacı olan Sumu Qala
Səhər tarixi abidələri gəzdik. Çoxdur tarixi abidə. Ən çox yadımda qalan Sumu, yaxud Sumuq qala oldu. XVII əsrə aid olan bu abidə haqda çox rəvayətlər var. Ağlasığanı ikidir, biri odur ki, bu qalanı İlisu sultanı tikdirib və onun adını daşıyır yəni Sumu qala. Qalanın yaranma tarixi də onun hakimiyyəti illəri ilə üst-üstə düşür. İkincisi odur ki, möhkəm qala olduğu üçün yerli əhalinin şivəsində sümük sözündəndir-Sumuq qala, yəni sümük qala. Əslində bu qala deyil, müdafiə qülləsidir. Tikintisində yalnız çay daşından və əhəngdən istifadə olunub. Qala baxımsız vəziyyətdədir. Ümumiyyətlə İlisu kəndi özü bütünlüklə bir tarixi abidə kimi baxımsızdır. Onun özünün də bu qala kimi diqqətə, nəvazişli ələ ehtiyacı var. O qədər baxımsız qalacaq ki, axır bir “himayədar” tapılacaq və bura yiyələnmək istəyinə düşəcək. O zaman yatmışlar oyanacaq. Əlqərəz, Sumu qalanın üstündəki lövhədə də sonluqdakı “q” hərfinin üstündən xətt çəkildiyi görünür, deməli Sumu qala kimi təsdiqlənib. Guya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur. Necə mühafizə olunur ki, bərbad gündədir, yuxarı çıxdıqca elə bilirsən taxta pilləkənlər indi ayaqların altından qaçacaq. Divarları sökülüb adamın başına tökülür. Adambaşına bir manatdan bilet satan (nazirliyin dəsti-xətti yalnız bunda özünü biruzə verir) xanımın dediyinə görə, qala 2005-ci ildə bərpa olunub. Düz deyir, bunun əlamətlərini qalanın lap yuxarı mərtəbəsində və üst hissəsində görmək olar, amma buna bərpa demək olmaz, çünki qalanın axırıncı mərtəbəsi içəridən primitiv üsulla sementlə suvanıb, üst hissəyə yalnız ağ dəmir vurulub. Bunun da adı restovrasiya, yəni bərpa deyil, yamaqdır, yamaq. 
Belə müdafiə qüllələri Qafqazda çoxdur, Şeyx Şamilin də köməyinə çatıb bu qüllələr. 
Hə, az qala unutmuşdum ki, məşhur “Qorxma, mən səninləyəm” filmi bu kənddə çəkilib. Polad Bülbüloğlu həmin bu qalanın üstündə əlini qulağının dibinə qoyub oxuyur, onu öldürmək istəyən bəy də - Həsənağa Turabov - deyir ki, “Ax kak on payot, duşu vnimaet, eşyo nemnoşka, ya nesmoqu eqo ubit”. 
Sumu qala barədə də bu qədər bəs eləyər. 
Oxucum, çox xahiş edirəm millətin oruc tutduğu, bir qismin ümumiyyətlə gəzintiyə, istirahətə imkanı olmadığı bir vaxtda bu yazı yekəxanalıq təsiri bağışlamasın. Biz də bu millət hansı vəziyyətdədirsə, elə o gündəyik, məqsəd də yalnız məmləkətimizin gözəl bir guşəsini təsvir edib ora diqqət yönəltməkdir. Əgər orda bir həftə adam kim istirahət etmişiksə, bu da ömür tariximizə yazılan çox az məzuniyyətlərdən biridir ki, illərlə planlaşdırıb nəhayət bu il taleyin acığına ondan çalmışıq. 
Ordan Şəkini, Qəbələni də gəzib, hərəsində bir-neçə gün qalıb Bakıya qayıtdıq. Şəkidə “Karvansara”da Türkiyə ilə Azərbaycanın birgə çəkdikləri “Mahmud və Məryəm” filminin çəkilişlərinin şahidi olduq. Qəbələdə isə Beynəlxalq Musiqi Festivalının... Amma onlar barədə heç nə yazmayacam, çünki məzuniyyət günlərimə düşüb. Bu bir zarafatdır, məndən olsa, orda da jurnalist missiyamı yerinə yetirərdim. Peşə xəstəliyimin baş qaldırmağına ailəm mane oldu. Sayələrində iki həftə elmin-texnikanın son nailiyyətlərindən yararlanmadan, gözlərim, qulaqlarım təbiətə açıq, qalan, hər bir şeyə bağlı istirahət etdik. Sağ əlimiz arzulayanların başına, sadəcə səy göstərmək yetər. Bir də unutmayın, cənnət elə Azərbaycan özüdür. Təbiətini deyirəm...