«Təəssüflənirəm»
Çingiz Qənizadə İmamverdi İsmayılovun cavabını verdi
Milli Məclisin deputatı İmamverdi İsmayılov həmkarı Çingiz Qənizadəni qaçqın və məcburi köçkünlərə ünvanlı yardımı ayrılması mövzusundakı çıxışına görə tənqid etmişdi. Çingiz Qənizadə onun ünvanına səslənən tənqidlərə cavab olaraq Modern.az saytına danışıb.
Deputat həmkarının çıxışından təəssüfləndiyini deyib.
«Mən həmkarım İmamverdi İsmayılovun barəmdə etdiyi qərəzli çıxışdan təəssüflənirəm. Onunla bir məqsədə xidmət etdiyimizi düşünürdüm.
Mənim Milli Məclisdə qaçqın və məcburi köçkünlərlə bağlı qaldırdığım məsələlər deputat həmkarlarımın bir hissəsinin də dəstəyini qazanmışdı. Zaman mənim haqlı olduğumu sübut etdi. Cənab prezidentin son fərmanı qaldırdığım məsələlərə də toxunur. Mən məsələ qaldırmışdım ki, qaçqın və məcburi köçkünlərə ayrılan müavinətlər onların özlərinə verilsin və ödəmələr də onlar tərəfindən həyata keçirilsin. Belə olduqda, büdcə vəsaitinin mənimsənilməsi hallarının qarşısı alınır, dövlət tərəfindən ayrılan ünvanlı vəsaitlər sahiblərinə çatdırılır».
Çingiz Qənizadə İmamverdi İsmayılova Hesablama Palatasının saytına daxil olaraq «QAÇQINKOM»la bağlı sənədləri oxumağı tövsiyə edib. O həmin sənədlərin tapılmasında həmkarına yardım etməyə hazır olduğunu da vurğulayıb.
«İmamverdi İsmayılov qeyd edir ki, Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heç bir neqativ hal aşkar etməyib.
«Mən fikirlərimdə hüquqşünas olaraq yalnız faktlara söykənmişəm. Həmkarıma tövsiyə edərdim ki, Hesablama Palatasının saytına daxil olmaqla, son illərdə komitədə aparılmış yoxlamalar və büdcə vəsaitinin mənimsənilməsi ilə bağlı rəsmi açıqlamaları oradan oxusun. Ehtiyac varsa, ona bu qərarları tapmaqda kömək edə bilərəm.
«Bir sözlə, mənim qaldırdığım məsələlər dövlətə xidmətdir, onun mənim barədə dediyi fikirlər isə ayrı-ayrı şəxslərə xidmət edir».