vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
17:21 | 30 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 3700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ürəyimizdə dağa dönən Lələ Təpə

Heç bir filmdə görmədiyiniz, kitablarda oxumadığınız müharibə həqiqətləri haqda döyüş yazısı...

Nurşən QULİYEV, lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Blindaja girən əsgər komandirin onu çağırdığını dedi. Buşlatını geyinib, silahını götürdü. Əsgərlərdən bəziləri yatmışdı, bəziləri xısın-xısın söhbətləşirdilər. Əyilib blindajdan çıxdı. Hava ayazımışdı, göydə ulduzlar sayrışırdı. Sakitlik idi. Heç elə bil müharibədə, əsgərlərin tez-tez dediyi kimi, «cəhənnəmin ortasında» deyildilər.

Səngərdə dayanıb, ətrafa baxdı. Növbətçi əsgərlər səngər boyu açılmış «pəncərə»lərdən düşmən mövqelərini müşahidə edirdilər.

Bir neçə gün əvvəlki hücumu xatırladı. O gecə də indiki kimi sakitlik idi. Şaxtalı hava adamın sümüyünə işləyirdi. Bir neçə gün yağan qar səngisə də, ətraf ağappaq idi. Bədirlənmiş ayın işığı qarın üstünə düşür, hər tərəf süd rəngində görünürdü.

Dan yerinin ağarmasına az almış səngərin birinci bölmənin yerləşdiyi hissəsində atışma başladı. Komandiri olduğu üçüncü bölmənin bir neçə əsgərini götürüb, birinci bölmənin mövqeyinə yollandı. Digər bölmələrdən də köməyə gəlmişdilər. Atışma gedirdi. Mövqe tutub, onlar da silahlarını işə saldılar. Birinci bölmənin komandirindən öyrəndi ki, düşmən kəşfiyyatı sol cinahdan, yol tərəfdən səngərə yaxınlaşıb. Postda dayanmış əsgəri vurublar. Ağzından güllə yarası alan əsgər özünü itirməyib, pulemyotdan düşmən əsgərlərinə atəş açıb. Ermənilər geri çəkilib, mövqe tutublar.

O, düşmənin atəş nöqtəsinin yerini dəqiqləşdirib, bir pulemyotçu və qumbaraatan əsgərlə sağ cinaha keçdi. Düşmənin daldalandığı yeri bilirdi - qoşa qovaq ağacının dibindən atəş açırdılar. Onlara tərəf bir az da yaxınlaşdılar. Pulemyotçunu 20-25 metr sağa göndərib, mövqe tutmasını, işarə gözləməsini tapşırdı. Avtomatını yanındakı əsgərə verib, qumbaraatanı götürdü. Pulemyotçunun gözü onda idi. Dizi üstə çöküb, pulemyotçuya atəş işarəsi verdi, eyni anda mərmini düşmənin atəş açdığı nöqtəyə buraxdı. Sonra yerlərini dəyişib, avtomatdan qovaqların dibinə güllə yağdırmağa başladılar. Pulemyotçu da öz işindəydi. Artıq ağacların dibindən səs gəlmirdi... Çarpaz atəş öz işini görmüşdü.

Sonra dünənki dəhşətli hadisəni xatırladı, əti ürpəşdi. Düşmənin atdığı mərmi səngərdəki zabitlərdən birinin düz qucağına düşmüşdü. Onun bədəninin yalnız bəzi hissələrini tapıb toplaya bilmişdilər.

Dərindən nəfəs alıb, yanvar gecəsinin təmiz, buz kimi havasını ciyərlərinə çəkdi. Elə bil bütün ağırlığı üstündən atdı. Qıvraq addımlarla komandirin blindajına yollandı. Bölmə komandirləri hamısı ordaydı.

Komandir - polkovnik-leytenant saatına baxıb, sözə başladı:

- Deməli belə... Saat 12-yə qalır. Səhər saat 6 radələrində bütün cəbhə boyu hücum başlayacaq. Artilleriya hazırlığından sonra biz Qazaxlar kəndinə hücuma keçəcəyik. Ancaq əsgərlərə heç nə deməyin. Əməliyyata 10 dəqiqə qalmış döyüşə hazır olsunlar.

Sonra komandir xəritəni açıb, ərazini, relyefi anlatmağa, kimin nə etməli olduğunu, hansı bölmənin neçə hərəkət edəcəyini, pulemyotçuların, qumbaraatan əsgərlərin, onların köməkçilərinin vəzifələrini izah etməyə başladı. Hamıya hər şey aydın olandan sonra dağılışdılar.

Blindaja qayıtdı. Üstünə qamış döşənmiş taxta yatağa uzandı. Sabahkı əməliyyatı düşünürdü. Necə olacaq? Uğurlu alınacaqmı? Kim öləcək, kim qalacaq, kim yaralanacaq, kim şikəst olacaq? Çox sakit idi. Belə şeylər artıq onun üçün adiləşmişdi. Əslində, burda olanların elə hamısı üçün...

Nə qədər mürgülədiyini bilmədi. Gözünü açanda saat 6-ya qalırdı. Əsgərlərdən bəziləri oyaq idi, qalanlarını da oyatdılar. Hücuma hazırlıq başladı...

Saat 6 tamam olsa da, artilleriya nədənsə susurdu. Bir az da keçdi, toplardan səs-səmir yox idi. Olmaya, hücum təxirə salınmışdı? Bəs niyə onlara bu barədə heç nə demirdilər? Nəhayət, 7-nin yarısına az qalmış ilk atəş açıldı. Artilleriya «işləməyə» başladı.

Dan yeri ağarırdı. Komandir bütün qrupu sıraya düzüb, tapşırıqlarını verdi:

- İrəlidə mən gedəcəyəm. Dediyim düzülüş qaydasında, hər kəs verilmiş tapşırığa uyğun hərəkət edəcək. Kiminsə məndən irəli keçib, özbaşına addım atmasını görməyim!

Komandir qara beretini düzəldib, əlini saqqallı üzünə çəkdi, bir anlıq fikrə getdi. Baxışlarını uzaqlardan ayırıb, əsgərlərə tərəf döndü:

- Mənimlə birlikdə öndə getmək istəyən beş nəfər könüllü irəli çıxsın.

O və daha dörd yaxın dostu irəli çıxdılar. Onlar həmişə belə edirdilər. İndiyə qədər iştirak etdikləri bütün əməliyyatlarda bir yerdə olmuşdular. Heç bir tərəddüdsüz beşi də bir addım irəli çıxdı. Onlarla yanaşı, daha bir neçə əsgər də bir addım irəli atdı.

Ancaq komandir beş dostu seçib, qalanlarına sıraya dönməyi əmr etdi.

Texnikanın dəstəyi ilə hücum başladı. Artilleriya «öz sözünü demişdi», düşmən səngərlərinə dəqiq atəş zərbələri endirilmişdi. Ermənilər itki versələr də, mövqelərini tərk etməmişdilər.

Atəş məsafəsində yer seçib, qumbaraatanlardan, pulemyotlardan, avtomatlardan atəş açmağa başladılar. Düşmən də cavab atəşi açırdı. Böyür-başlarından keçən güllələrin vıyıltısını aydın eşidirdilər. Ani ehtiyatsızlıq ölümə səbəb ola bilərdi.

Beləcə, xeyli vaxt keçdi. Durmadan səngərə güllə, mərmi yağdırırdılar.

Komandir bölmə komandirləri ilə göz-gözə gəlib «İrəli» qışqırdı. Zəncirvari qaydada sıralanmış əsgərlər ayağa qalxıb, atəş aça-aça səngərə tərəf yüyürməyə başladılar. Düşmən əsgərləri artıq müqavimətin yersiz olduğunu anlamışdılar. Səngərdən çıxıb atəş aça-aça geri çəkilirdilər.

Düşmən səngərinə bir neçə metr qalmış yüz-yüz əlli metr sağda partlayış baş verdi. Kimsə minaya düşmüşdü. Ən yaxın dostu, əsgərliyin ilk günündən bir yerdə xidmət etdiyi Vasif dördüncü bölmə ilə həmin istiqamətdən pulemyotla irəliləyirdi. «Birdən minaya düşən Vasif olsa...» Ağlına gəldi. Nə edəcəyini bilmədi. Partlayış baş verən tərəfə baxmağa ürək eləmirdi. Artıq heç nə haqqında düşünmürdü. Ağlından bircə şey keçirdi: «Təki o olmasın». Yaralını götürmək üçün arxadan yaxınlaşan texnikaya baxdı. Yaralını ehmallıca BTR-in üstünə qaldırdılar. Mina bir ayağını qoparmışdı, digər ayağına baxıb qısa boğazlı əsgər çəkməsini gördü. Dərindən nəfəs aldı - Vasif deyildi. Vasif uzunboğaz çəkmə - «sapoq» geyinirdi...

Səngərə girdilər. Silahlar, meyitlər... Bir hovur dincliklərini alıb, səngərdən çıxdılar - düşmənin nəfəs almasına, dayanıb əks-hücuma keçməsinə imkan vermək olmazdı.

Yenə zəncirvari düzülüşlə, bir-birini qoruya-qoruya irəliləyirdilər. Sol tərəf sərhəd, Araz çayı idi. Onların qrupu sərhəddən mövqe tutub, sağa doğru bölmə-bölmə düzülmüşdü. Sonra digər qoşun növləri sıralanırdı. Hücum bütün cəbhə boyu gedirdi. Mühasirə, yaxud pusqu təhlükəsi vardı. Bu səbəbdən bütün birliklər əlaqəli şəkildə hərəkət edirdi.

O, bir neçə nəfərlə dəmir yolun kənarı ilə irəliləyir, atəş açılan nöqtələrə güllələr yağdırırdılar. Bir qədər gedəndən sonra haradansa onlara tərəf atəş açıldı. Dərhal dağınıq halda yerə uzandılar. Baş qaldırıb ətrafa baxmaq mümkün deyildi - o dəqiqə güllə vıyıldayırdı. Güllənin haradan atıldığını müəyyənləşdirib, atəş nöqtəsini susdurmaq lazım idi. Ancaq necə? İnilti eşitdi. Onunla Mehdinin arasında uzanmış Rövşən yerində qıvrılırdı. Mehdi də, o da Rövşənə tərəf süründülər. Paltarının düymələrini açıb güllənin yerini tapsalar da, artıq gec idi. Rövşən keçinmişdi. Güllə onun ağciyərini parçalamışdı, yaradan qan süzülürdü. «İnpaket»dən çıxardığı bint, pambıq əlində qaldı...

Nəhayət, atəşin haradan atıldığını görə bildi. Onlara göz verib, işıq verməyən bir qədər aralıdakı ağacın üstündə oturan düşmən əsgəri idi. Başı ilə snayperə ağacı nişan verdi. Bircə atəşdən sonra tappıltı səsi eşidildi. İrəliyə yol açıq idi.

Qazaxları keçib Cocuq Mərcanlı kəndinə girdilər. Cocuq Mərcanlıda ciddi müqavimətlə üzləşmədilər. Kənd boş idi, düşmən geri çəkilmişdi. Uzaqda Lələ təpə görünürdü. Cocuq Mərcanlını arxada qoyub, Mehdili kəndinə tərəf irəliləmək istəyirdilər ki, dayanmaq əmri gəldi. Sağ cinah irəliləyə bilmirdi, ona görə Arazboyu çox irəli getmək olmazdı. Mühasirəyə düşə bilərdilər.

Dayandılar. Komandir dərhal mövqe tutmaq, düşmənin əks-hücumunu dəf etməkdən ötrü hər kəsə özü üçün bir nəfərlik dairə formasında çala qazmaq əmri verdi. «Sapyor lopatkaları» işə düşdü. Hər kəs özünün sığışa biləcəyi boyda çala qazmağa başladı.

İlk mərmi Vasifin yanında partladı, zərbənin gücü onu bir neçə metr kənara tulladı. Əli ilə «Yaxşıyam» işarəsi versə də, vəziyyəti heç də yaxşı deyildi. Beyni, qulaqları uğuldayırdı, heç nə eşitmirdi. Vasifin qolundan tutub, çalasına apardı. Sonra öz yerinə qayıtdı.

Düşmən artıq nəfəsini dərmişdi. Həm Mehdili kəndi tərəfdən, həm də Lələ təpənin üstündən, əsasən də minaatan və tanklardan atəş açmağa başladılar. Mərmilər ətrafda partlayır, yerin altını üstünə çevirirdi. Əsgərlər, zabitlər qazdıqları çalalara sıxılır, az qala torpağın altına girirdilər.

Düşmənin atdığı mərmilərdən biri yaralıları götürmək üçün gəlmiş BTR-in yanında partladı. Zərbənin təsiri BTR-i bir neçə metr kənara atıb, aşırdı. BTR-dən çıxan sürücü dəli kimi o tərəf, bu tərəfə qaçır, qışqırırdı. Əsgərlərdən biri onun ayağından tutub, yerə yıxdı. Kontuziya almışdı, ağlı başında deyildi. Bu vaxt daha bir mərmi düşdü. Vəhşi bağırtı partlayışın səsinə qarışdı. Başını qaldırıb baxdı - mərminin qəlpəsi əsgərlərdən birinin qolunu biləyindən kəsmişdi. Əsgər əli ilə kəsilmiş biləyini tutub bağırırdı. Kəsik qolundan qan fışqırırdı. Komandiri qaça-qaça düşmən tərəfə üz tutan əsgərə çatıb onu yerə yıxdı. «Jqut»u çıxarıb, qolunu bağladı. Onu, BTR-in sürücüsünü və daha bir neçə yaralını başqa BTR-lə geri göndərdi.

Sonra ətrafa göz gəzdirib, düşmənin hücumuna hazır olmaq əmri verdi. Az keçmədən erməni əsgərlər göründü. Onlar itirdikləri mövqeləri geri qaytarmaq ümidi ilə əks-həmləyə keçmişdilər. Ancaq atışma uzun sürmədi. Həmlənin qarşısı alındı. Ermənilərin elə bir gücü də qalmamışdı. Bir-iki candərdi həmlədən sonra sakitləşdilər.

Yorğunluq, aclıq, soyuq hamını əldən salmışdı. Komandirə baxdı. Polkovnik-leytenant işarə ilə bütün bölmə komandirlərini yanına çağırdı:

- Bütün cəbhə boyu irəliləmək mümkün olmayıb. Sağ cinahda düşmən mövqeləri güclüdür, bizimkilər cəbhəni yara bilməyiblər. Bizsə çox irəliləmişik, ona görə də əmr gəlib, dayanıb gözləməliyik. Təcili səngər qazıb, müdafiəni gücləndirməliyik. Ermənilər hər an hücuma keçə bilər, vaxt itirmək olmaz. Əsgərlər «Suxoy payok»larını yeyib, səngər qazmağa başlasınlar. Arxadan isti çay və yemək gətirilir.

Səngər iki günə hazır oldu. Sonuncu torpağı kənara atıb, ermənilərdən «trofey» kimi götürdükləri «DŞK» pulemyotunu səngərin belinə qoydu. Lüləsini düşmən tərəfə çevirdi. Səngərin hazır olduğunu bildirirmiş kimi, bir qatar güllə buraxdı.

Sakitlik uzun sürmədi. Ermənilər dinc oturmur, artilleriyadan, minaatanlardan, texnikalardan atırdılar. Lələ təpənin üstündən səngərlərini birbaşa nişan alan tanklar isə lap zəhlələrini tökmüşdü. Kəşfiyyat xəbər gətirmişdi ki, həmin tankları rus əsgərləri idarə edir.

Mərmilər artıq bir neçə nəfəri sıradan çıxarmışdı. Vasif ağır kontuziya aldığı üçün Bakıya - hospitala göndərilmişdi. Kapitan rütbəli zabit də ağır kontuziya ilə hospitala yola salınmışdı. Qəlpə bölük komandiri Fikrətin körpücük sümüyünü sındırmışdı. Nə qədər inad etsə də, qrupun komandiri onu təkidlə hospitala göndərdi. Fikrət də onlara "buraları sizə tapşırıram" deyib, getməli oldu.

Ən faciəli hadisə isə iki gün əvvəl baş vermişdi. Minaatan mərmisi kəndin içində daldalanmaq və dincəlmək üçün qazılmış böyük çalaya düşüb, həmin vaxt orada olan 5 əsgəri öldürmüşdü. Mərmi onların bədənlərini elə hala salmışdı ki, hansı əzanın kimin olduğunu müəyyənləşdirmək mümkün deyildi.

Bu səhər heç halı yox idi. Başında, boğazında ağrılar hiss edirdi, deyəsən, soyuqlamışdı. Blindajın torpaq divarında ocaq yeri düzəltmişdilər. Çaydanı ocağın üstünə qoyub səngərə çıxdı. Hava işıqlanmışdı. Fevral ayı olsa da, qar yağmırdı. Amma havalar şaxtalı, soyuq keçirdi. Bu gün də havada şaxta vardı. Üşüdüyünü hiss edib, buşlatının yaxasını bağladı. Baxışları Lələ təpəyə zillənmişdi. Fikir onu aparmışdı. Bircə həmlə ilə təpəni ələ keçirə bilərdilər. Heyf ki, dayanmaq əmri verilmişdi. Lələ təpəni tutsalar, ətraf ərazilər tam nəzarət altına alınacaqdı.

Düşmən mövqeləri tərəfdən atılan mərminin səsinə fikirdən ayıldı. Mərminin uçuş səsindən hara düşəcəyini təxmin eləməyə çalışdı. Onun təxmininə görə səngərdən xeyli arxaya düşməliydi. Elə də oldu. İkinci mərmi də arxada torpağa düşüb partladı. Daha atmadılar. «Yəqin nişangahları pozulub, hədəfi vura bilmirlər» düşündü. Gülümsünüb, blindaja girdi. Blindajdakılar çay içirdilər. Qaynar çay tökülmüş dəmir parçı əlləri arasına aldı. İstilik bütün bədəninə yayıldı. Üzünü Mehdiyə çevirdi:

- Kəşfiyyatçılar deyir ki, tankları ruslar idarə edir.

- Mən də eşitmişəm - Mehdi cavab verdi.

- Gəl, sabah səhər - o, Mehdiyə təklif etdi - hava işıqlanmamış ermənilərin mövqelərinə tərəf gedək, görək nə öyrənə bilirik. Amma gərək komandir bilməsin.

Mehdi razılıq əlaməti olaraq başını yırğalayıb – «Bu tanklar bizim lap zəhləmizi töküb. Bircə addım qalıb e, Lələ təpəni tutmaqdan başqa çarəsi yoxdu» - dedi.

Mehdi haqlı idi. Tanklar artıq hər səhər Lələ təpəyə çıxıb səngərləri atəşə tutmağı «səhər yeməyi» halına gətirmişdilər. Ya biri, ya da ikisi səhər işıqlanan kimi Lələ təpəyə qalxıb, lüləsini səngərlərə tərəf çevirir, «ürəyini» boşaldırdı.

Axşam komandir yavərini göndərdi - bölmə komandirlərini kənddə qaldığı «qərargah-ev»ə çağırırdı.

Lampa işığında stolun arxasında oturmuşdular. Komandir hamının gəldiyini yəqin edəndən sonra sözə başladı:

- Vəziyyət dəyişib, Lələ təpədən tankların birbaşa hədəfi olmağımız, yaralıların, ölənlərin artması narahatlıq yaradır. Cəbhə xəttinin nə vaxt birləşəcəyi də məlum deyil. Təhlükəsiz mövqelərə geri çəkməyimizi istəyirlər.

Otaq buz kəsdi, hamı bir-birinə baxdı. Komandir də pis vəziyyətdə qalmışdı. Vəziyyətdən asılı olaraq cəbhə xəttində manevr edilməsinin, postların irəli, geri çəkilməsinin mümkünlüyünü komandir də, otaqdakılar da bilməmiş deyildilər. Amma kəndi boşaltmaq...

Komandir üzünü ona tutdu:

- Hə, jurnalist, nə deyirsən?

Cavab birbaşa oldu:

- Mən geri çəkilməyin qəti əleyhinəyəm.

Digər bölmə komandirləri də sualı gözləmədən bir səslə onun sözlərini təkrarladılar.

Komandir üzünü yana çevirdi. Kövrəldiyini görmələrini istəmirdi, amma gözündən düşən yaş damlaları onu ələ verdi. Köksü qabarmışdı, əsgərləri ilə fəxr edirdi.

- Mən də sizin kimi düşünürəm. Onlara da sözümü demişəm. Amma hər halda sizin mövqeyinizi bilmək istəyirdim. Sizin də fikrinizi lazımi yerlərə çatdıracağam.

«Qərargah-ev»dən çıxdılar. Ətraf zil qaranlıq idi. Göz-gözü görmürdü. Dağılmış evlərin arasından səngərə tərəf irəliləməyə başladılar. Qatı qaranlıqda ayaqları ilişir, bir-birindən tuta-tuta yeriyirdilər. Ermənilər atmağa başladılar. İlk mərmi bir qədər uzağa düşdü. İkinci, üçüncü mərmilər də təhlükəsiz yerdə partladı. Növbəti mərmi isə onların yaxınlığına guruldadı. Mehdinin səsi gəldi:

- Başımı qan aparır!

Qaranlıqda birtəhər Mehdini tapdılar, uçmuş divarın arxasına sürüdülər. Kibriti çəkib yaranı axtarsalar da, tapa bilmədilər. Amma Mehdinin sifəti qanın içindəydi. Atəş isə dayanmaq bilmirdi. Düşmən onların yerini bilirmiş kimi aramsız mərmi yağdırırdı.

«İnpaket»i açıb, pambıq və binti çıxardı. Mehdinin yalnız ağzını, burnunu və gözlərini açıq saxlamaqla başını tamam sarıdı.

Bu vaxt daha bir mərmi düşdü. Bəhramın qışqırığı gəldi. Partlayışın gücü onu divara çırpmışdı. Bəhramı divarın arxasına sürüyüb, kibrit yandırdılar. Sinəsini tutub yerdə qıvrılırdı. Ön hissəsinə avtomat «maqazin»ləri taxdığı gödəkcəsini çıxarıb, paltarının yaxasını açdılar. Bəhramın sinəsində qaraltı vardı. Gödəkcəsinə taxdığı «maqazin»lərdən biri qırılıb tökülmüşdü. Mərmi qəlpəsi «maqazin»i və içindəki güllələri doğramış, bədənə çatanda təsirini itirmişdi. Bəhramın sinəsindəki qaraltı zərbənin təsirindən əmələ gəlmişdi. Onu «maqazin», ən əsası da Allah saxlamışdı.

Yerlərini dəyişə-dəyişə, yıxıla-dura özlərini səngərə saldılar. Blindaja girəndə hamısını gülmək tutdu. Divarda yanan ocağın işığında Mehdi yalnız gözləri, burnu və ağzı görünən əcaib məxluqa oxşayırdı.

Sarğını açdılar. Qan Mehdinin başında, sifətində quruyub qalmışdı. Ancaq yaranı tapmaq yenə də asan olmadı. Nəhayət, Mehdinin qulağında kiçik bir cızıq tapdılar. Bu qədər qan həmin cızıqdan axmışdı. Qulaq yaman qanayan olur axı. Buna da xeyli güləndən sonra dağılışdılar.

Ona elə gəldi səhər tez açıldı. Mehdi ilə səngərdən çıxdılar. Üzümlüklə erməni mövqelərinə tərəf ehtiyatla irəliləyirdilər. Demək olar ki, üzüm sahəsinin ortasına qədər getmişdilər, bir ins-cins yox idi. Oturub yorğunluqlarını aldılar, ətrafa diqqət kəsildilər. Yox, heç kim yox idi. Sükutu təkcə quşların səsi pozurdu. Vaxt itirmək olmazdı. Bir azdan hava tam işıqlaşmağa başlayacaqdı, düşmən əsgərləri onları görə bilərdi. Bir qədər də irəlilədilər. Mehdi birdən ona əli ilə səssiz olmaq işarəsi verdi. Başı ilə irəlini işarə elədi. Səs gəlirdi. Rusca danışırdılar. Bir az da diqqətlə qulaq asanda səsi aydın eşitdi:

- Nu, davay, Saşa, zavodi motor. Poexali, etix azerov nakazat.

Motor nərilti, gurultu ilə işə düşdü. Deyəsən, tankın ikisini də işə salmışdılar. Deməli, Lalə təpəyə çıxıb, atmağa başlayacaqlar. Təcili geri dönüb əsgərləri xəbərdar etməliydilər. Üzümlüyün arası ilə geri qaçmağa başladılar. Tanklar Lələ təpəyə çıxana kimi səngərə çatacaqdılar. Çünki tankların dayandığı yerdən Lələ təpəyə xeyli yol vardı.

Elə də oldu, hamı səngərdə yerini tutandan sonra Lələ təpədə iki tank göründü. Dörd-beş mərmi buraxıb təpədən endilər. Mərmilər boş ərazilərə düşdü.

Gün çıxsa da, hava şaxtalı idi. Səhər yeməyi gətirmişdilər - isti çay, noxudlu şorba. Ancaq o, başqa şey haqqında düşünürdü. Tankların tələm-tələsik Lələ təpədən enməsi içində narahatlıq yaratmışdı. Elmarı, Mehdini, Maarifi bir də tatar balası Muradı blindajda qoyub, çıxdı.

Səngərdə dayanıb ətrafa göz gəzdirdi. Növbətçilər yerlərində, qalanları da öz işində idi.

Bu an düşmən tərəfdən nəsə atdılar. Top idi. İlk mərmi səngərin üstündən keçib xeyli arxaya düşdü.

İkinci atəş. Mərminin səsindən təhlükəni hiss etdi. Onların olduğu yerə doğru uçurdu. Mərmi yerə çathaçatda səngərə uzandı. Partlayışdan hər yan toz-dumana büründü. Zərbə onu səngərin divarına necə çırpmışdısa, huşunu itirdi. Nə qədər belə qaldığını bilmədi, özünə gələndən sonra gözünü açıb göyə baxdı, hər şey fırlanırdı. Bir anlıq nə baş verdiyini anlamağa çalışdı. Son olaraq səngərə uzandığını və partlayışı xatırladı. Huşu yerinə gəlirdi. Blindajdakıları düşündü. Mərmi blindajın küncünə düşmüşdü. Qalxmaq istəyəndə Murad içəridən çıxdı. Üzü, başı qan içindəydi. Ağzından qanlı noxudlu şorba axırdı. Bir anlıq Muradın beyninin dağıldığını düşündü. Amma yox, Murad başından yaralanmış, qan axaraq ağzına dolmuşdu, qanla birlikdə noxudlu şorbanı tüpürürdü. Muradın yarasını sarımaq istəyirdi ki, blindajın ağzında Mehdi göründü. Onu, Muradı tapdalayıb qışqıra-qışqıra səngərdən çıxdı. Mərminin qəlpələri Mehdinin paltarını cırıb əynindən çıxarmışdı. Arxa tərəfdən başından qurşağına qədər bədəni deşik-deşik idi.

Elmar da yaralanmışdı. Amma özünü idarə edirdi. Xoşbəxtlikdən Mərdana bir şey olmamışdı. Muradla Elmarın yaralarını Mərdan sarımağa başladı, o, Mehdinin arxasınca səngərdən çıxdı. Mehdi ona qulaq asmır, dəli kimi bağırırdı. Bütün bədəni qan içindəydi, onu təcili səhra hospitalına çatdırmaq lazımıydı. Yadına düşdü ki, kənddə Daxili Qoşunların maşınları var. Mehdini çiyninə alıb kəndə doğru yol aldı. Mehdi çox yekəpər idi, altında birtəhər yeriyirdi. Tərslikdən ermənilər də avtomatdan, pulemyotdan atmağa başlamışdılar. Mehdini daşımaqla yanaşı, güllələrdən də qorunmalı idi. Maşınlara çatanda dizləri lap bükülmüşdü. Silah-sursatla dolu idi maşınların içi. Ordakı əsgərlərlə maşınlardan birini boşaltdılar.

Muradla Elmar da gəlib çıxdı. Onlar kabinəyə mindilər, Mehdini maşının yük yerinə ağzı üstə uzandırdılar. Buşlatını çıxarıb, üstünü örtdü. Maşın sürətlə irəlilədikcə şaxtalı hava içəri dolurdu. Mehdi elə hey «Üşüyürəm, üşüyürəm» bağırırdı. Küləyin içəri dolmaması üçün ön tərəfdəki tenti əli ilə tutmuşdu. Şaxta əllərini dondursa da, barmaqları keyisə də, tenti buraxmırdı. Artıq əllərini, üzünü hiss etmirdi, təkcə Mehdinin iniltisini eşidirdi.

Səhra hospitalına çatan kimi həkimlər yaralılara yardıma başladılar. Mehdi əməliyyata götürüldü.

O, maşına oturub geri qayıtdı. Səngərə çatmalarına az qalmış bədəninin sağ tərəfində - qabırğasında ağrı hiss etdi. Əlini ağrıyan yerə apardı, yaralanmışdı. Baş verənlərin həyəcanından ancaq indi hiss etmişdi ağrını. Ağır deyildi yarası.

Olanlar barədə komandirə məlumat verdi, yaralandığını da dedi. Komandir onu Horadizdə vaqonlarda yaradılmış ambulatoriya göndərdi. Onu müayinə edən həkim qəlpənin qabırğasına dəyib dayandığını dedi. Əməliyyat edib qəlpəni çıxartdı, yarasını sarıdı, infeksiya əleyhinə iynə vurub, 2-3 gün burada qalmalı olduğunu bildirdi.

Ambulatoriyada yerbəyer olanda buşlatının qolundan əlinin yarısı boyda qəlpə tapdı. Qəlpəni əlində tutub baxır, özünün də ölümdən döndüyünü sanki indi anlayırdı.

Səhəri gün vəziyyəti pisləşmiş, ağrıları artmışdı. Bədənində səpkilər də əmələ gəlmişdi. Həkim müayinə zamanı bildirdi ki, səpkilər kimyəvi zəhərlənmənin əlaməti ola bilər. Həkimin sözlərindən sonra yadına düşdü ki, bir neçə gün əvvəl səngərin ətrafında iynədən yoğun, mismara oxşayan bir şey tapmışdılar. Arxası pərli idi, üstündə isə sarı rəngli maddə vardı. Səngərin içinə, arxa tərəfinə tökülmüşdü. İynələrdən biri ehtiyatsızlıqdan çeçələ barmağına batmışdı.

Xatırladı ki, həmin vaxt ermənilərin atdığı mərmilərin bir neçəsi yerə düşmədən - göydə partlamışdı, onlar hətta mərmilərin yararsız olduğunu düşünmüşdülər. Deməli, ermənilər kimyəvi silahdan istifadə etmişdilər.

Həkim ona antibiotik vurub, Bakıya hospitala göndərilməli olduğunu dedi.

Gecəni narahat yatdı. Günortaya yaxın sanitar əsgər onu çağırdıqlarını dedi. Vaqondan çıxanda əsgər və zabitlərin əhatəsində olan Ağamusa müəllimi tanıdı. Tələbəsi olduğu Bakı Dövlət Universitetinin qəzetinin baş redaktorunu. Ağamusa müəllim qəzet üçün cəbhədən reportaj hazırlamağa gəlmişdi. Burada universitet tələbələrindən olub-olmadığını soruşanda əsgərlər onun adını vermişdilər.

Ağamusa müəllim ondan müsahibə aldı, tez sağalmasını arzulayıb, getdi.

Həkim isə sabah onu Bakıya yola salacaqdı. Və o, bir daha Cocuq Mərcanlıya, Lələ təpənin bir addımlığına qayıtmayacaqdı.

Yalnız 22 il sonra, aprel ayında, xaricdə səfərdə olanda eşidəcəkdi ki, onun arzusu həyata keçib - Lələ təpə işğaldan azad edilib...

23 il sonra isə o, Lələ təpəyə bir addım qalmış yaşadıqlarını yazacaqdı. 1994-cü ilin yanvar-fevralında baş verənləri bir daha içindən keçirə-keçirə...

26 yanvar 2017-ci il