

... Yaxud müharibədən çıxarılmalı dərslər
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
İzlədiyimiz görüntülər gündəlik həyatımıza necə təsir edir?
Təyyarə ilə toqquşmaya tab gətirən sığınacaqlar
Azərbaycan sərhədlərində müharibə başlayır
Müharibələr, çevrilişlər və yeni Suriyalar...
Son bir ildə 5 dayə dəyişilib
Elşən Sultanzadə: «Məhəmməd peyğəmbər nə Meraca çıxıb, nə də Ayı bölüb»
Bağışla məni ATA…
Çox gərgin bir dövrə qədəm qoymuşuq; proseslər hər an nəzarətdən çıxa bilər
«Ermənistanın atəşkəsi intensiv pozmaqda konkret məqsədləri var»
«Hələ indiyə qədər belə gülləbaran olmamışdı»
Tərəflər bunu necə hesablayır? Bir güllə açıldığında atəşkəs pozulmuş sayılır, yoxsa atışma mərhələsində?
Rusiyalı hərbi ekspert Qarabağda savaşın başlayacağı təqdirdə mümkün ssenarilərdən yazır
«Milyarderlər ittifaqı»nın ən qalmaqallı üzvü Qarabağ münaqişəsinin həlli üçün nə təklif edir
Bu günlərdə evdəki təmirlə bağlı ustadan o qədər işi birdən istədim ki, sakitcə alətlərini yığışdırdı: - Xanım, siz ağdamlı ustalara müraciət edin. Düzdür, baha işləyirlər, amma bizim burda indi-indi gördüklərimizi onlar eeeeeeeeeeeee, o vaxt orda görüb gəliblər deyə hər şeydən başları çıxır...
Və getdi...
Haralı olduğumu bilməyən ustanın sağ əlini başının üstündən qolu çatana qədər yuxarı uzadıb, nəfəsi çatana qədər dediyi “eeeeeeeeee”si, “o vaxt, orda”sı divarlardan asılı qaldı...
Damarlı, kobud əlini uzatdıqca üzündə dartılan cizgiləri deyirdi ki, “qolum çatsa əlimlə tavanı deşib Allaha qədər uzadaram”...
Arıq, bir dəri-bir sümük boğazı gərildikcə damarları deyirdi ki, “nəfəsim çatsa “eeeeeeeeeeeee”ləri Allah eşidənə qədər uzadaram”...
Əllərini nə şimala, nə cənuba, nə şərqə, nə qərbə... düz Allaha tərəf uzatdı. Adı üstündə: Ruhlar şəhəri!
“Eeeeeeeeeeeee, o vaxt orda”...
Amma mən bu gün kimi xatırlayıram. Səs indi də qulaqlarımdadı:
- Gözünü yum və mən aç deməyincə açma! Açma, açma, açma, açma, açma, aç!
Qaranlıq, içi paltarla dolu şkafın içində dizlərimi qarnıma yığıb sakitcə oturmuşam. Qaranlıq qorxumu tapılacağımın əminliyi dağıdır. Bilirəm ki, məni axtarırlar. Unutmayıblar...
Və... orada gizləndiyimi hamı bilirdi...
Onlardan da, özümdən də qaçanda, gizlənəndə, dərslərim qəliz olanda, tapşırıqları çözə bilməyəndə, çıxılmaz vəziyyətə düşəndə, həyəcanımı kiminləsə paylaşmağa utananda... Hətta sözə qulaq asmayıb nadinclik edib yıxılıb əziləndə kimsə görməsin deyə dizimin qanı kəsənə qədər... Oradaydım...
Orada bütün çıxmazlarımdan çıxış yolunu tapa bilirdim. Qanım damarlarımda bir başqa sürətlə dövr edir, ruhum bir başqa ruh olurdu. Mən bu havasız zülmətdəki hüzurun adını heç vaxt çözə bilmədim...
Nənəm hər dəfə məni ordan tapanda “Ay bala, bağrın çatlayar, heç olmasa qapısını aralı qoy” deyərdi...
Zaman keçdikcə özümü hüzur şkafına güclə sığışdırırdım. Nənəm isə “Artıq böyümüsən, şkaf səni götürmür, aşar üstümüzə, içində qalıb ölərsən, tərgit orda oturmağı” deyirdi...
...İlk atılan qradların da səsindən qorxub şkafa qaçmaq istəyəndə istiqamətimi eşitdiyim qışqırıq müəyyənləşdirdi: Ora yox, zirzəmiyə!
Sakitlik düşəndən sonra zirzəmidən evə qalxdıq. Qonşunun evini viran qoyan qradın qəlpəsi pəncərənin şüşələrini sındırıb, şkafın qapısından keçmişdi... Mənim hüzur şkafımı dağıtmışdı...
...Mənim yaşıdlarım Qarabağı görən sonuncu nəsildi. Dizindəki ilk çapığı ilə qanı o torpağa qarışan, uşaqlığı hələ də xarabalıqlar arasında ruh kimi dolaşıb öz yelləncəyini axtaran sonuncu nəsil...
Bizdən sonra gələn və sənədlərində doğum yeri Ağdam, Şuşa, Laçın yazılan sonuncu qarabağlılar oranı qucaqda tərk ediblər. Onlar sənəd üzərində qarabağlıdırlar... Bəzən bu söhbətlər onlar üçün çox darıxdırıcıdır... Onlardan sonra gələn nəslin isə doğum yeri müxtəlifdir... Onlar üçün bu söhbətlər qoca deyingənliyidir... Qısası, mənim yaşıdlarım ölüb qurtarmayınca məmləkətin Qarabağ dərdi də qurtaran deyil...
Onlar üçün vətən kitabdan oxuduqları sonu nidalarla bitən cümlələr, mənim nəslim üçünsə şkafın qaranlıq küncündəki hüzurdur.
“Eeeeeeeeeeeee, o vaxt orda” qoyub gəldiyimiz hüzur...
İndi orda küləklər əsir, amma kimsənin saçlarını dağıtmır...
...Günəş doğur, amma kimsəni yandırmır...
...Yağış yağır, amma kimsəni islatmır...
Çünki kimsəsizdir...
Amma bizim bu darısqal həyatımıza rəğmən hardasa eeeeeeeeeeeee oralarda böyük, geniş, boş və hüzurlu bir şəhərimiz var... Ruhlar şəhəri... Ruhun şad olsun, ruhlar şəhəri...