vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
10:13 | 10 fevral 2017 | Cümə Məqaləyə 2155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siqaret bazarı da ölür?

Yeni qaydalar və qaçaqmalçıların cəngində qalan istehlakçı

Mətin RƏŞADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq yarım aydır ki, Azərbaycanda tütün məmulatlarının nağdsız satışı ilə bağlı qanunvericilik qüvvəyə minib. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız qaydada aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır.

Qərarın əsas məqsədi şəffaflığı təmin etmək olsa da, onun icrası ilə əlaqədar müvafiq maarifləndirmə və hazırlıq işlərinin aparılmaması, yeni qaydalara uyğunlaşmaq üçün müəyyən keçid dövrünün olmaması, habelə sahibkarların bütövlükdə belə qərara hazır olmaması nəticəsində onun strateji məhsul olan siqaret bazarına vurduğu ziyan artıq göz qabağındadır.

Bazarda apardığımız müşahidələr, eləcə də topdan və pərakəndə satış obyektlərinin nümayəndələri ilə apardığımız söhbətlər zamanı yeni qaydaların heç də birmənalı olmadığı, onun həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğu qənaətinə gəldik. Müşahidələrimiz onu göstərdi ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün, adətən, iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığıdır.

Vəziyyət Bakıdan uzaqlaşdıqca, daha da acınacaqlı hal alır. Piştaxtalarda leqal siqaretlərin yerini qaçaqmalçılıq yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutur. Belə siqaretlərə qarşı mübarizə isə ənənəvi olaraq aparılmır. Nəticədə həm dövlət, həm də biznes itirir. Qazanan isə kontrabanda ilə məşğul olan cinayətkar qruplardır.

Bakıdakı dükanlardan birinin sahibi deyir ki, yeni qaydalardan sonra siqaretləri nağdsız qaydada almaqdansa, asan yolla təklif edilən kontrabanda siqaretləri nağd alıb-satmaq daha rahatdır: «Əksər insanlar üçün fərqi yoxdur, əsas odur ki, siqaret olsun. Üstəlik, bu siqaretlər daha münasib qiymətə – 1,00-1,50 manata təklif edilir».

Görünür, siqaretlərin belə ucuz olması onların qanuni yolla gətirilib satılmadığına görədir.

Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatlarının əldə edilməsi, saxlanması və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Bunun üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər də edilmişdir.

Bazarda rast gəldiyimiz «kontrabanda» siqaretlərindən NZ, «Korona», «Kent», «Cavallo», «Marlboro», «Manchester», «Senator», «Continent», «Winston», GM, D&J, «West», «Government», «Mehr», «M1», «Dulao», «MM», «RM», «S&K» və digərlərinin adını çəkmək olar. Təəssüf ki, bu siyahını uzatmaq da mümkündür.

Qanuni siqaretlərin dükanlara paylanmasında meydana çıxan problemlər onların qiymətlərinin süni şəkildə artırılması ilə də nəticələnib. Müşahidələrimiz onu göstərdi ki, əvvəllər 2,50 manata satılan «Winston» siqaretləri hazırda 2,70-2,80 manata, 2,70 manata satılan «Kent» 3,30-3,40 manata, 1,60 manata satılan «West» isə 1,80-1,90 manata satılır.

Bakıda topdansatış obyektlərindən birinin nümayəndəsi deyir ki, siqaretin distribütorluğunu həyata keçirən şirkətlər də şikayət edirlər ki, dükanların çoxu onlardan mal ala bilmir. Deyilənə görə, əvvəllər bir həftəyə 10 mindən çox topdan və pərakəndə satış obyekti siqaret alırdı, indi isə bu rəqəm 25-30 dəfə azalıb. Təkcə bu rəqəmlərə diqqət yetirməklə məsələnin nə qədər ciddi olduğunun fərqinə varmaq mümkündür.

Beləliklə, yeni qaydaların fəsadları – qanuni siqaretlərin qıtlığı, «kontrabanda» siqaretlərinin geniş vüsət alması, qiymətlərin süni şəkildə artması, istehlakçıların mənşəyi bilinməyən məhsullarla üz-üzə qalması və dövlət büdcəsinə gedən vergi və rüsumların azalması – deyəsən, hələ aysberqin görünən hissəsidir. Bu vəziyyətin nə qədər davam edəcəyi isə məlum deyil. (strateq.az)