«Mərkəzi Bankın tikintisi indiki yerində aparılmalı deyildi»
Komitə sədri Bakıda böyük söküntü və planlamadan danışır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qaşla-göz arasındakı ölüm
Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
-
Paytaxtı gözləyən xaos
Bakıda tikintiyə zootexniklər nəzarət edəcəklər?
-
Bakı yenidən qurulacaq
Paytaxtda 1000-dək yaşayış binası söküləcək, 30 mindən çox sakin köçürüləcək
-
«İşdən öz ərizəmlə çıxmışam»
Cahangir Qocayev istefasından danışdı
-
Tikintidə lisenziyalar dayandırıldı
DŞAK iki şirkətə və 2 iş adamına verdiyi sənədləri ləğv edib
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov paytaxtda aparılan söküntü və yeni tiklilərlə bağlı maraqlı müsahibə verib.VAXT.AZ APA-ya istinadən həmin müsahibəni təqdim edir:
– Müsahibəyə ilk öncə belə bir sualla başlamaq istərdim ki, Abbas Ələsgərov Bakı şəhərində nəyi dəyişmək istərdi?
– Nə etmək olarsa, hər şey edilib. Bu gün Bakıda gördüyümüz bütün dəyişikliklərin əksəriyyəti məhz prezident İlham Əliyevin adı ilə bağlıdır. Şəhərimizdə gözəl binalar tikilib, yollar salınıb. Hal-hazırda Bakıya gələn qonaqlar şəhərin gözəlliyinə heyran olurlar. Əslində ciddi və irimiqyaslı dəyişikliklər olub. Cənab prezident Bakı bulvarının inkişafı ilə şəxsən maraqlanır. Bulvar boyu ərazilərdə yerləşən istismara yararsız, bərbad vəziyyətdə olan zavodlar, şirkətlər köçürüldü. Bu gün Bakı bulvar dünyanın ən gözəl bulvarlarındandır. Bundan başqa, rayonlarımızın mərkəzləri elə də yaxşı vəziyyətdə deyildi. Amma cənab prezidentin göstərişi ilə mərkəzlərin abadlaşdırılmasına nail olundu. Digər bir məsələ şəhərin mərkəzində fasadların dəyişdirilməsidir ki, bu da çox gözəl addım idi. Sovet dövründə tikilən binalarin üzü sonradan gözəlləşdirilib.
– Abbas müəllim, ilk sualımı əbəs yerə bu formada vermədim. Heç kəsə sirr deyil ki, hələ o vaxt Mərkəzi Bankın binasının açılışı zamanı mərhum prezident Heydər Əliyev bildirib ki, binanın bu ərazidə tikilməsinin əleyhinə idi…
– Mərkəzi Bankın yeri ora deyildi. Bakının Baş planına görə də binanın tikintisi orada aparılmalı deyildi. Ona görə ki, Füzuli küçəsində dayanan zaman Sabunçu vağzalı görünməlidir. Hazırda Heydər Əliyev prospektində Mərkəzi Bankın inzibati binası tikilir. Heydər Əliyev prospektində Mərkəzi Bankın binasının tikildiyini eşidəndə çox şad oldum.
– Ümumi götürdükdə Bakında hansı tikinti normalarına ümumiyyətlə əməl olunmur?
– Şəhərsalmada əsas hüquqi sənəd normativ qaydalardır. Planlaşdırma işləri, layihə-smeta sənədlərinin hazırlanması, tədqiqat və geologiya, tikinti istehsalının təşkili və obyektlərin istismara verilməsi üzrə 2000-ə yaxın normativ sənəd mövcuddur. 10 illərdir ki, mütəxəssislər bu normaları əldə rəhbər tutur və texniki tərəqqinin inkişafı kimi onlara düzəlişlər və dəyişikliklər olunur. Bundan əlavə, bizim saytda bu normalarla tanış olmaq və tikintinin layihələndirməsi zamanı əldə rəhbər tutmaq olar. Normalara əməl etməmək olarmı? Təəssüf ki, bəzən olur. Lakin bunun üçün mövcud ekspertiza, texniki və müəllif nəzarəti orqanları prinsipiallıq göstərməlidirlər. Azərbaycanın prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində 10 il ərzində Bakı şəhərinin tikintisində meydana gələn dəyişikliklər bizim paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirdi. Bizim gözəl şəhərimizin statusunun aşağı düşməməsi üçün tikinti zamanı norma və qaydalardan kənarlaşmağa icazə vermək olmaz.
– Siz dəfələrlə «şəhərin tikilmiş hissəsində mərtəbəlilik 10-dan artıq olmamalıdır» deyə hündürmərtəbəli binaların tikintisini məqsədəuyğun olmadığı ilə bağlı fikirlər bildirsəniz də bu cür tikintilərin sayı artmaqdadır. Sizcə hansı tədbirlər görülməlidir ki, bu işlər birdəfəlik həll olsun?
– Pilot layihələrdə məhəllədaxili və ya həyətdaxili yaşayış evlərinin tikintisində 16 mərtəbədən az hündürlük 75% təşkil edib və bu, artıq sevindiricidir ki, sahibkarlar planlaşdırma həllərində tövsiyələri nəzərə alırlar. Yaxşı olardı ki, sahibkarlar bir mərtəbədə bəzən 9 mənzilə yaxın koridor tipli mənzillərin layihələndirilməsinə vərdiş etməsinlər.
– Paytaxt sakinlərinin daha çox marağına səbəb olan məsələ Bakının 9 rayonunda həyata keçiriləcək pilot layihə və 1000-ə yaxın yararsız vəziyyətə düşmüş yaşayış binalarının sökülməsidir. İlk olaraq neçə mərtəbəli binalardan, hansı ərazilərdən başlanılacaq? Və o binalarda yaşayan sakinlərin taleyi necə olacaq?
– 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş «pilot layihə»yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb.
Yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.
Torpaqdan istifadə planında tikinti altında olan ərazilərin mümkün ayrılma sərhədləri koordinat nişanları ilə birlikdə göstərilməsi tövsiyə olunur. Belə təfsilatlı layihəqabağı prosedur tikinti altında olan ərazinin ayrılmasının düzgün seçimini nəzərdə tutur.
Planlaşdırma həlləri 185 hektar ərazidə 450 min kvadratmetr qəzalı və yaşayış üçün yararsız tikilinin söküntüsünü nəzərdə tutur.
Eyni zamanda ümumi yaşayış sahəsi 2 milyon 200 yüz min kvadratmetr olan 200-dən çox orta və çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, hal-hazırda Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Nizami rayonlarında artıq 20-dən çoxu tikilir.
Qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan «pilot layihə»nin uğurla həyata keçirilməsi, Azərbaycan prezidentinin təşəbbüsü ilə əsasən sahibkarların vəsaiti hesabına vətəndaşların sosial məsələlərini həll edən əlamətdar hadisədir və biz onların bu prosesdə daha çox iştirak etməsi üçün əlimizdən gələni edirik. Qəzalı və yaşayış üçün yararsız binalardan əhalinin köçürülməsi mürəkkəbliyinə görə sahibkarlara kompensasiya üçün bizim planlaşdırma həllərində bəzən tikinti sıxlığı 30%-dək artırılır.
Buyurun, bu layihədə Komitə tərəfindən 1 hektar ərazidə binanın tikintisi necə olmalıdır təklif edilib. Sahibkara deyilir ki, bina tikintisi üçün yer götürəndə 1 hektardan az sahə götürmə. Bir binaya 33 sot torpaq ayrılmalıdır. Ona görə də sahibkarlar 1 hektar yerdə söküntü işləri aparıb, 3 çoxmərtəbəli bina tikə bilər.
Qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan «pilot layihə»nin reallaşdırılması zamanı təklif edilib ki, sahibkarlar sökülən binaların sakinlərinə ya pul versinlər, ya da kirayə evlə təmin etsinlər. Bina tikiləndən sonra isə həmin sakinlər yeni binada, əvvəlki evindən bir az da çox yaşayış sahəsinə malik evlə təmin olunsunlar. Bu məsələlər artıq sahibkarla sakin arasında olan məsələdir.
– Bakı şəhərində mərkəzi yollarda yaranan tıxaclara səbəb kimi bəzən səhv şəhərsalmanı göstərirlər. Gələcəkdə həmin yollarda tunellərin inşası və yaxud da yolların genişləndirilməsi ilə bağlı hər hansı plan varmı?
– Hamımız şahidiyik ki, son dövrlərdə cənab prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər görülüb, yeni yollar salınıb, onlarla yol ötürücüləri, körpülər, tunellər, piyada keçidləri inşa edilib, yeni metro stansiyaları tikilib, avtobus parkı təzələnib, Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi yaradılıb. Bu istiqamətdə ardıcıl və davamlı işlər görülür.
Biz hazırlanan planlaşdırma sənədlərində bu sahə ilə məşğul olan digər dövlət qurumları ilə əlaqəli şəkildə yeni təkliflər veririk. İlk növbədə şəhərin əsas nəqliyyat arteriyalarını təşkil edən radial və dairəvi yolların məntiqi sonluğa çatdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, müasir iri şəhərlərdə nəqliyyat problemlərinin həlli kompleks yanaşmaların tətbiqini tələb edir. Burada küçə-yol şəbəkəsinin yenidənqurulması ilə yanaşı, müasir idarəetmə və digər texnologiyalardan istifadə edilməsi zəruridir.
– «Sovetski» ilə bağlı işlər nə yerdədir?
– «Sovetski» adlanan ərazidə hal-hazırda söküntü və yenidənqurma işləri həyata keçirilir. Ərazidə plana uyğun olaraq ilk növbədə şəhər əhalisinin istirahəti məqsədilə yaşıllığın salınması nəzərdə tutulur. Eyni zamanda yenidənqurma tədbirləri nəticəsində ətraf ərazilərdə mövcud olan nəqliyyat problemlərinin həlli ilə əlaqədar tədbirlər həyata keçiriləcək, Nərimanov prospekti və digər küçələr yenidən qurulacaq və bu şəhərin mərkəzini tıxaclardan azad edəcək.