vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
18:26 | 24 fevral 2019 | Bazar Məqaləyə 21138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnsan”

Esse

Vüqar ZİFƏROĞLU

İnsan yaradılmışların əşrəfidir. Qadir Mövlamız onu xəlq edərkən, digər canlıları ona boyun əyməyə, itaət etməyə əmr etdi! Onu digərlərindən üstün qıldı. İnsana elə bir nemət bəxş etdi ki, bütün yaradılmışlar onun necə bir seçilmiş varlıq olduğunun fərqinə varsınlar. İnsan İlahi hikmətin bir təcəssümü olan ruhu və sinəsində hər zaman məhəbbət və ədalət həsrəti ilə döyünən qəlbi ilə fərqləndi. Və o zaman Allah insana mələklər qədər yüksəlmək üçün bir hədd cızmadı. Onun öz həyatı boyu kamilliyə çatması, mənən böyüməsi, ruhən ucalması üçün heç bir maneə qoymadı. Amma, heyvanlar kimi aşağı düşməsi, alçaq və rəzil, iyrənc bir məxluqata çevrilməsi üçün bir hədd də yaratmadı. Çünki şüurlu, ruhu və qəlbi ilə yaradılmışların əşrəfi olan insan, yüksəlməkmi, düşməkmi seçimində sərbəst buraxıldı. Yaradanın eşqinə mələklərin belə itaətlə biət etdikləri İnsanın özünə həvalə edildi bu seçim.

İnsan xisləti qədər çətin, anlaşılması mümkün olmayan bir qarışıq nəsnə yoxdur. Onun ruhunun dərinliklərində nə hiss etdiyi, qəlbindən nələr keçdiyini duymaq, gözlərindən oxumaq olmur. O, öz içində və ya seçdiyi sifətlərin içində gizlənməyi bacarır. Aldadır...

İnsan son dərəcə qəribə bir varlıqdır! Çox zaman nə istədiyini özü də bilmir! Elə hey nəsə istəyir, tələb edir. İstədiyinə çatır, sonra birdən düşünür ki, əslində istədiyi heç bu deyilmiş… Artıq yeni bir şey arzulayır, yenə də eyni şey təkrar olunur və həyatı da belə davam edir…

Ömür dediyin isə, çox qısadır. Nə qədər yaşamağından asılı olmayaraq elə hey düşünürsən ki, görəsən hər şeyi çatdıra bilərəmmi… Həyat davam etdikcə bütün acı və çətinliklərə sinə gərməyi öyrənirsən, elə hey hədəf qoyursan və bu hədəflərə çatmaq üçün hər şey edirsən, əlindən gələni də, gəlməyəni də…

Və ümid edirsən… Ümid dediyin isə, hər gecədən sonra yeni doğan günəşə bənzər… Ümidlər insanı yaşadır… Ümid var olduqca həyat davam edir, ümidlərin tükəndikdə isə sən artıq ölüsən, canlı ölü. Həyatı sonsuz və qaranlıq boşluqla dopdolu olan bir heç nə!

Həyat dediyin isə böyük bir yalandır… İçində hər şey var… Və həyatın parlaqlığı sənin gözlərini bürüyəndə insanlığını itirirsən… Əvvəl yalan danışmağı öyrənirsən… Sonra hər cür alçaqlığı, xəyanəti… Halbuki bu dünyaya sən günahsız gəlmişdin. Bəlkə də gələcək günahlarını bildiyinə görə həyata atdığı ilk addımında ağlayır insan. Bu dünyaya ağlayaraq göz açır. Onu gözləyən pisliklərə, çətinliklərə, yalanlara ağlayır, gedərkən isə yuyulub kəfənlənir. Günahlarından təmizlənmək üçün, arınmaq üçün...…

Və bir də ayılırsan ki, artıq zamanın çatıb… Getməlisən… Bütün illərin boyu etdiklərinin günahları və əslində etməli olduqlarının peşmanlığı ilə… Amma faydası da yoxdur ki, bu peşmanlığın… Zamanı çatanda «kaş ki bunu edəydim»,- desən də heç nə edə bilmirsən. Çünki artıq sonunla baş-başasan… Çünki qısa ömrün, parlaq və yalnız yalanlardan ibarət həyatın sona çatır. Və sən də o sonun axırıncı səhnəsindəsən…

Və bir də “qürur” var, “şərəf”, “mənlik” var. İNSANA xas olan keyfiyyətlərdir bunlar. Xas insana məxsus xas keyfiyyətlərdir. Elə bir keyfiyyətlərdir ki, nə pul, nə şan-şöhrət, heç bir şey, heç bir parlaqlıq bu keyfiyyətlərlə müqayisə edilməz, edilə bilməz! Məhz bu keyfiyyətlərdir insanı öz insanlıq simasında saxlayan, ona yaradılmışların əşrəfi kimi qürurlu bir ad yaraşdıran! Onu iyrənc bir məxluqa çevrilməkdən saxlayan – şərəf, mənlik və qürur!

Dünyada heç bir nemət, heç bir maddiyyat, heç bir insan, şəxsin öz qürurundan, mənliyindən üstün tutula bilməz! Əgər bir neməti öz qürurunu satmaq hesabına əldə edərsənsə, o zaman o artıq nemət sayılmaz. Zəhər olar! Əgər var-dövlət, mal-mülk qürursuzluq, xasiyyətsizliklə əldə edilərsə, o zaman onun sənə gətirdiyi ad-san yox, sadəcə utanc, qınaq və pis ad olar! Bu dünyadan köçdükdən sonra adını çəkdikləri zaman bir “rəhmətlik” kəlməsini belə yaraşdırmazlar sənə!

Əgər bir insanı, hətta sevdiyin, qiymətləndirdiyin ən yaxın dostun, qohumun, ürək sirdaşın olsa belə, qürurundan, mənliyindən üstün tutarsansa, ona xoş olsun deyə qürurunu alçaldarsansa, özünü əyərsənsə, o zaman həmin insanın gözündən düşərsən! Həm qürurundan olarsan, həm də yaxınından! Yalvarmaqla, qürurunu alçaltmaqla, mənliyini ayaq altına atmaqla yaşanmaz! Nə ad qazanmaq olar, nə dövlət, nə də sevgi və hörmət saxlamaq!

Bəzən insanı iblislə müqayisə edirlər. Qınamayın, mən qəbul edə bilmirəm. İblis də yaradılışdan bir mələk idi. Və o, lənətlənsə də, Yaradana qarşı gələrək asi olsa da, onun asiliyinin səbəbi sevgisi idi. O, öz yaradanına olan sevgi və diqqətini yaradılmış, xislətində xəyanət, yalan və günah olan bir insana boyun əyməklə bölüşmək istəmirdi. İnsan isə, həm yaradanına, həm insanlığına, həm ruhunun və qəlbinin təmizliyinə, hisslərinə xəyanətlə doldu. Mövlanə demiş, bizlər elə bir məxluqlarıq ki, bəzən mələklər bizdən olmadıqlarına üzülər, bəzən şeytanlar bizimlə bir olmadıqlarına şükür edərlər...

Və insan yaradılmışların içində yeganə varlıqdır, öz təbiətinə, öz ruhuna, öz ürəyinə qarşı gəlir, xəyanət edir!

İnsan olmaq çətindir. Amma ən vacib olanı da elə bunu bacarmaqdır. Hər kəs bacarmır bu insanlığını saxlamağı...

Və yazıqlar olsun o kəslərə ki, ucalmaq əvəzinə düşməyi seçdilər. Və xəyallarda, yaddaşlarda yalnız ürəkbulandıran, iyrənc bir məxluq olaraq qaldılar. Özləri haqqında heç bir işıqlı, təmiz, gözəl xatirələr qoymadan...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)