vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
20:49 | 22 may 2020 | Cümə Məqaləyə 1730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şuşa üçün cəmi bir güllə

Müdafiə Nazirliyinin başı qarışıb

Səxavət MƏMMƏD

Hər il həm rəsmi şəkildə, həm də “rumka”ları toqquşdurub “gələn ili Şuşada, Cıdır düzündə bayram keçirməyi” arzulayırdıq. Arzu olaraq da qaldı. Biz arzulamağımızda olarkən, artıq ermənilər Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi keçirdilər.

Ha qondarma deyək, ha dırnaq içərisində yazaq, reallıq başqa şey deyir axı. "Seçki" keçirdilər, indi də and içdilər. Bəs, biz nə edirik? Heç nə! Xarici İşlər nazirliyi və Müdafiə nazirliyi elə davranır ki, sanki hadisə Afrikada baş verir. XİN rəsmi olaraq bəyanat belə verə bilmir. Srağagün yalnız mətbuat xidməti səviyyəsində açıqlama yaya bildilər. Müdafiə Nazirliyi? Onların başı təlimə qarışıb. Bəylər əlləri bellərində, durbinlə izləyirlər. Haranı?! Niyə?!

Gün ərzində rəsmi qurum olaraq yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şuşa ilə bağlı münasibət bildirdi. Onlar da Şuşanın hava proqnozunu yazdılar.

Səhər mətbuata göz gəzdirəndə belə bir başlıq gördüm: “Ordumuz yürüş edərək mövqe rayonlarını tutdu”. Təlim imiş. Erməni Şuşada “andiçmə” keçirən gün, təlim haqqında belə xəbər kimə lazımdır, nəyə gərəkdir?!

Neçə gündür hərbi təlimlərlə bağlı yayılan xəbərləri izləyirəm. Yeni dronlar qaldırırlar, silah sınaqdan keçirirlər. Əcəb edirlər, işlərinin adı nədir ki?!

Şəkilləri yəqin ki, görmüsünüz, Zakir Həsənov durbinlə qarşı tərəfi izləyir, Nəcməddin Sadıkov əlin belinə qoyub müşahidə aparır. Bizim bəzi jurnalistlərimiz də bəh-bəhlə yazırlar ki, ordumuzda elə silahlar var, belə silahlar var. Bir növ erməniyə “şiiişş” eləyirlər, erməni də Şuşada “andiçmə” keçirir. O silahlar hansı gün üçündür?!

Hər bir silahın istifadə məqsədi var. Ha qaldır, ha endir, ha göstər, erməni Şuşada andiçmə keçirəndən sonra o silahların “raqatka” qədər dəyəri yoxdur.

Bu gün İlham İsmayılla söhbət edən zaman çox fərqli və yerində bir bənzətmə etdi. Dedi, "müsəlmanlar üçün Qüds nədirsə, bizim üçün də Şuşa o olmalıdır, odur". Xatırladım ki, bütün müsəlman aləmi üçün Qüds müqəddəs torpaq hesab edilir.  Nöqtəsinə, vergülünə qədər haqlıdır! Amma biz hələ bunu dərk edə bilmirik. Dərk etsək yolu inanın ki, yarılamış olardıq. Biz bir bütöv ola bilsək, Şuşanı-Qarabağı Qüdsümüz seçə bilsəydik...

Boşuna “fərqli və yerində bənzətmə” adlandırmadım bayaq. Məsələ orasındadır ki, Qüds həm də xristian aləminin müqəddəs torpağıdır. Eynən, ermənilərin daimi və əlçatmaz arzularındakı “Artsax” kimi. Şuşa ermənilər üçün də müqəddəsdir. Öz qədim torpaqları olduğu üçün yox,  öz qədim-tarixi arzuları olduğu üçün.

Ermənilər bilir ki, ağlı başında olan hər bir azərbaycanlı bunu özünə təhqir biləcək, söyüş kimi qəbul edəcək. Biz bilməsək də, fərqinə varmasaq da, ermənilər bunu gözəl bilir. Məhz o səbəbdən də, “andiçmə”ni Şuşada keçirdilər. Onlar bu gün və eləcə də bu gündən etibarən bütün onilliklər boyu hər bir ağlı kəsən azərbaycanlını bu andiçmə ilə söydülər, təhqir etdilər.

İllər öncə erməni tərəfi Xocalı aeroportunun açılışını edəcəkdi, hətta Sərkisyanın da ora helikopterlə gələcəyi bildirilirdi. Səfər Əbiyev Hava Hücumundan Müdafiə (HHM) qoşunlarımıza Sərkisyanın təyyarəsi də daxil olmaqla, Qarabağa uçan bütün təyyarə və helikopterləri vurmaq göstərişi verdi. Erməni tərəfi vəziyyətin ciddiyyətini anladıqda, planlarını ləğv etməli oldu. Misalı niyə çəkirəm? Bu gün Şuşanı vurmağa ehtiyac yox idi. Sadəcə və sadəcə bir bəyanat və ciddiyyətini göstərmək üçün hazırda təlimə çıxardığın raketlərin yönünü Şuşaya çevirməyimiz yetərli idi.

Ermənilər bundan əvvəl də “andiçmə” keçirmişdilər - Xankəndində. Torpaqlarımızı işğaldan azad etməsək, yenə də edəcəklər. Zaman  ancaq ziyanımıza işləyir.

Dünənki rəsmi məlumata görə, cəbhədə atəşkəs 22 dəfə pozulub. Bu gün isə cəmi 23 dəfə. Cəmi bir güllə artıq. Yəqin ki, o gülləni də Şuşa üçün atıblar.

P.S. Bilirik, ölkəmizdə şimal küləyi əsir. Ancaq bunun qasırğa, tufan, tornado gücündə olduğunu bilmirdik, bu gün bildik. Sonra deməyin ki, ad çəkmədi, söhbət Rusiyadan gedir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)