vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
12:26 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 2937 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsas məqsəd yeni bazarlara çıxmaqdır

Ekspertlər qeyri-neft ixracının daha da artacağını proqnozlaşdırırlar

Şəbnəm MEHDIZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin aprel ayı ərzində 377 şirkət tərəfindən 143 milyon ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub. «APA-Economics» İqtisadi İslahatlar Mərkəzinin nəşr etdiyi «İxrac icmalı»nın II buraxılışına istinadən xəbər verir ki, apreldə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya qərarlaşıb. 2017-ci ilin 4 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 2016-cı ilin müvafiq ilə müqayisədə 22 faiz artıb.

Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak edib. Azexport.az portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında ilk dəfə portala sifariş daxil olan ölkələr isə Hindistan, Çin, İspaniya, Gürcüstan, Yəmən, Əlcəzair, Sinqapur, Avstraliya və Fələstindir. Azexport.az portalına aprel ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 29,9 milyon ABŞ dolları olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar ayında «azexport.az» portalına 48 milyon ABŞ dolları, fevral ayında 6,5 milyon ABŞ dolları, mart ayında isə 27 milyon ABŞ dolları, aprel ayında isə 29.9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan məhsullar arasındadır.

İqtisadçı-alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, qarşıdakı əsas hədəf yeni bazarlara çıxış əldə etməkdir: «Bizim əsas ixracatımız kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə bağlıdır. Bu məhsullar da daha çox Rusiya bazarına çıxarılır. Bütövlükdə aqrar sektoru ixrac qabiliyyəti ilə ümumi qeyri-neft sektorunun ixrac qabiliyyətinin artmasına səbəb olur. Lakin təkcə aqrar sektorla kifayətlənmək olmaz. Ümumiyyətlə, qeyri-neft sektoru məhsullarının ixrac potensialının artırılması bizim əsas hədəflərimizdəndir. 2017-ci ilin birinci rübünün yekun nəticələrinə əsasən də ümumilikdə bu sahədə artım müşahidə edilir. Təbii ki, rəqəmlərdə əks olunan artımın müxtəlif səbəbləri var. O cümlədən, ixrac prosedurlarının sadələşdirilməsi də burada rol mühüm oynayan amillərdən biridir. Düzdür, hələlik daha çox ənənəvi bazarlara məhsul göndəririk. Yəni keçmiş MDB ölkələrinə və Rusiya bazarlarına göndərilən məhsulların həcmi daha çoxdur. Lakin hazırda əsas məqsədlərimizdən biri də yeni bazarlara çıxış əldə etməkdir. Belə ki, Körfəz ölkələrinin və Avropa Birliyinə daxil olan ölkələrin bazarına daha çox məhsulun ixrac olunması istiqamətində işlər görülür. Bütün hallarda sözügedən sektorda müşahidə olunan tendensiya müsbətdir. Qeyri-neft məhsullarının ixracatında artım birmənalı şəkildə müsbət hal kimi qiymətləndirilməlidir. Bunun dayanıqlı olması üçün Azərbaycan yeni bazarlarda sənaye məhsulları ilə çıxış əldə etməlidir. Məhsulların diversifikasiyası bu baxımdan çox önəmlidir. Yəni aqrar məhsulların, sənaye məhsullarına keçidinin təmin olunması çox vacibdir. Qeyd etdiyim kimi hazırda daha çox aqrar məhsullarının ixracı üstünlük təşkil edir. Lakin gələcəkdə yeni bazarlara çıxış təmin olunarsa, sənaye məhsullarının da ixracına imkan yaranacaq. Yevlaxda keçirilən müşavirə zamanı prezident İlham Əliyev iş adamlarına tapşırıq və tövsiyələrində də qeyd etdi ki, digər ölkələrin bazarlarına çıxış təmin edilsin».

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, ixrac potensialı yaxın gələcəkdə daha da artırılacaq: «2016-cı ilin sonlarından başlayaraq prezidentin göstərişinə uyğun olaraq qeyri-neft sektorunun inkişafı ilə əlaqədar xüsusi tədbirlər həyata keçirilir. Bununla bağlı strateji proqram tərtib olunub və  proqramın əsas məqsədi 11 sahə üzrə qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Göründüyü kimi, son bir ildə bu sahəyə diqqət xüsusilə artıb. Hələlik əsasən kənd təsərrüfatı, turizm, tikinti sahəsində irəliləyişlər daha çox hiss edilir. Artıq 2017-ci ildən bu sahədə görülən işlər öz bəhrəsini verməyə başlayıb. İxrac olunan məhsullarımızın həcmi ötən illə müqayisədə xeyli artıb. Hələlik daha çox yaxın qonşu ölkələrə məhsul ixrac edirik. Ümumilikdə, düşünürəm ki, bu sahənin inkişafı yaxın illərdə daha da artacaq. Çünki yaxın illər ərzində sənaye parkları və sənaye məhəllələri istifadəyə veriləcək. Sənaye məhsullarımız gələcəkdə bir çox ölkələrin bazarlarına çıxarılacaq. Hazırda bir sıra sənaye müəssisələri fəaliyyətə başlayıb. Məsələn, Sumqayıtda STP fəaliyyət göstərir. Orada günəş batareyaları, müəyyən qurğular, kabellər və digər məhsullar istehsal edilir. Həmçinin Sumqayıtda polietilen, gübrə zavodlarının bu ilin axırı gələn ilin əvvəllərinə kimi fəaliyyətə başlayacağı gözlənilir. Bu zavodların ixrac potensialı kifayət qədər böyükdür. Bundan başqa, Mingəçevirdə 9 zavoddan ibarət böyük sənaye parkı tikilir. Bu zavod da emal sənayesi sahəsinə aiddir. Belə ki, sözügedən zavodda kənd təsərrüfatı məhsullarının emalı həyata keçiriləcək. Hesab edirəm ki, görülən bu işlər yaxın gələcəkdə ümumi ixrac həcmini daha da artıracaq. İxracın həcminin artması ölkəyə daha çox valyuta axını deməkdir ki, bu da öz növbəsində manatın stabilləşməsinə gətirib çıxarır».