vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
11:14 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3084 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəzi məmurlar deputatlara təkəbbürlə baxırlar»

Millət vəkillərinə arxa çevirən vəzifəli şəxslər

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Milli Məclisin deputatının statusu haqqında» qanunun 14-cü maddəsində (Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ) göstərilib ki, deputat Azərbaycan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Maraqlıdır, deputatlar vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilirlərmi? Modern.az saytı bu sualla bir neçə deputata müraciət edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, vəzifəsindən asılı olmayaraq, heç bir məmur deputatı təxirə salınmadan qəbul etməkdən imtina edə bilməz. 

«Amma məmurların böyük bir qismi «Deputatın statusu haqqında» göstərilən maddəyə əməl etmir. Bəzən deputatın sorğusuna da cavab vermirlər. Hətta bəzilərinin xidməti telefonuna zəng edirsən, həmin məmurun özü yox, köməkçisi cavab verir. Ya da məmurla bizi telefon əlaqəsinə birləşdirmirlər. Hətta bəzi icra orqanlarının nümayəndələri deputatlara təkəbbürlə baxırlar. Bu hallar bizi çox narahat edir. 

Mən çox az hallarda məmurlara müraciət edirəm. Amma belə hallara rast gəlmişəm. Mən 1990-1995-ci illərdə deputat olan zaman belə bir hadisələrlə rastlaşmamışdım. O, vaxt deputata böyük qayğı, sevgi vardı. İstənilən vəzifəli şəxs istəyirdi ki, deputatla münasibəti yaxşı olsun. İndi isə əksinədir. Belə şey olmaz axı. Bu haradan qaynaqlanır? Azərbaycanda yalnız prezident və deputatlar xalq tərəfində seçilir. Necə ola bilər ki, yüksək ad daşıyan, toxunulmazlıq hüququ olan deputatlara bəzi məmurlar tərəfindən etinasızlıq göstərilir? 

Amma başqalarına çox böyük qayğı göstərirlər. Ona görə də hesab edirəm ki, deputatların hər biri bu məsələdə çox ciddi tədbirlər görməlidir. Çünki bəzi deputatların başqa yerdə işləri olduğuna görə onlara ehtiram olunur. Amma kimin ki, başqa yerdə səlahiyyətləri aşağıdır, onlara kifayət qədər ehtiram yoxdur. Əgər xalqımız, dövlətimiz bizə etimad göstərib deputat seçibsə, hər kəsin borucudur  ki, bizi eşitsin. Deputatın nüfuzunun yüksək olması, xalqının nüfuzunun yüksək olması deməkdir».

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, onun məmurlarla görüşündə heç bir problem yoxdur.

«İstənilən zaman baş nazir Artur Rəsizadən tutmuş bütün nazirlərlə, hökumət üzvləri ilə telefon danışığı aparıram, görüşlər keçirirəm. Bu istiqamətdə elə bir ciddi problemim yoxdur». 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, parlament üzvü səlahiyyətlərini həyata keçirmək üçün müxtəlif dövlət, hökumət orqanlarının təmsilçilərilə görüşmələr, yazışmalar və digər xarakterli əlaqələr qurur.

«Bu, deputatın vəzifəsinin tələbidir. Deputat  ictimai problemləri parlamentin tribunalarına gətirir. Digər yandan, bu problemləri işıqlandırıb cəmiyyətin diqqətini çəkmədən real danışıqlarla məsələlərin aktuallığını həmin hökumət nümayəndələrinə izah etməklə həll yolları axtarır. 

Bu illər ərzində yaxşı əməkdaşlıq formatı quran, parlament üzvlərinə meydan verən və onlarla təmasları nazirliyin işinin irəli getməsində mühüm vasitə sayan insanlar çox olub. Məsələyə bir qədər soyuq yanaşanlar da olub. Hesab edirəm ki, bu yerdə ümumiləşdirmək doğru olmaz. Həqiqətən də ötən dövr ərzində parlament üzvü kimi mənim  baş nazir Artur Rəsizadə və digər nazirlərlə on dəfələrlə görüşüm olub. Bütün bu görüşlərimin hamısı təmsil etdiyim Bərdə bölgəsi ilə əlaqədar olub. Görüşlər Bərdədəki sosial-iqtisadi durumu özündə ehtiva edib. Bu görüşlərin çox böyük faydası olub. Hesab edirəm ki, belə münasibət dövlət quruculuğu prosesində kiçik də olsa, mühüm damladır. Lakin ən başlıcası insanlarımızın bizim üzərimizə qoyduğu etimadı və öhdəliyi doğrultmaq üçün olan addımlardır».

İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov bildirib ki, onun məmurlarla görüşündə heç bir problem yoxdur.

«Mən ölkə rəhbərliyi, nazir, komitə sədrləri ilə rahat görüşlər keçirə bilirəm. Bu barədə heç bir problemim yoxdur. İstədiyim yerə zəng vurur, vaxt təyin edib, görüşürəm. Bəzi sorğularımın cavabları isə məni qane etmir».