vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:10 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 ilin «uğuru» ...

... Yaxud yerində addımla marş!

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hay-küy, vay-şivən, hiss-həyəcan... Amma reallıq sonda görünəndi. Millimiz yenə doğma 5-ci pillədədir və bu, maksimum nəticəmizdi. İndi yola «Niyə də yox?!» şüarıyla çıxanlar hesabat versin. Şüarla, hay-küylə 1-2 oyun udmaq olar, böyük hədəflərə çatmaq üçün potensial yoxdursa, ümidlənmək belə qəbahətdir.

AFFA-nın indiki rəhbərliyinin hesabat verməsi lazımdı. 10 il ərzində xərclənən yüzmilyonların nəticəsi 5-ci pillə olmamalıdır. Ayına 100 min avro maaş alan baş məşqçin varsa, deməli, buna uyğun futbolçun, potensialın da olmalıdır. Belə kadr ehtiyatın yoxdursa, məşqçiyə sərvət paylamağın mənasızdı, çünki milyonlar sənə millinin nəticələrini yaxşılaşdırmağa imkan verməyəcək. O pullar Robert Prosineçkiyə yox, gələcək nəsillərin hazırlanmasına, bünövrəyə, uşaq futboluna xərclənməlidir. Həm də daha diqqətlə...

Xorvat məşqçi oyunçu seçimində, heyətin qurulmasında 1-2 səhv edə bilər, lakin aşağı-yuxarı eyni səviyyədə olan futbolçularla bundan artığı mümkün deyil. 10 xal toplamışıqsa, bu, özü də təsadüfdür, San Marinonun hədiyyəsidir, real gücün əksi deyil.

Rəşad Sadıqov milli karyerasını başa vurdu və faktiki Almaniya ilə matçda meydana buraxmağa mərkəz müdafiəçimiz yoxdur. Ölkə futbolunun reallığı, 10 ildir Azərbaycan futboluna rəhbərlik edənlərin «xidmət»i bundan ibarətdir. Topçiləmə festivallarıyla futbol inkişaf etdirilmir.

Çexiya ilə dünənki matç göstərdi ki, millimizin oyununda, nəticələrdə heç bir inkişaf yoxdu. Layiq olduğumuz məğlubiyyəti aldıq. Prosineçkinin bir neçə oyunçu ilə bağlı seçimlərini alqışlamırdıq və Cavid Hüseynov, Ruslan Kurbanov, Maqomed Mirzabekov, Rahid Əmirquliyev yanılmadığımızı göstərdi. Düzdü, 1 aydır futbol oynamayan Əfran İsmayılov istedadı, fərdi keyfiyyətləri hesabına bizi təəccübləndirdi, qeyri-sabit Kamran Ağayev bu dəfə ən yaxşılardan biri oldu, amma reallıq budur ki, futbolçu potensialımız çox kasaddır.

Millinin oyununda «Qarabağ» üslubu aşkar seçilirdi. Ağdam klubunun bütün oyunçuları ən yaxşılar idi, ansamblı Mirzabekov, Kurbanov, Cavid Hüseynov pozurdu. «Neftçi», «İnter» və başqaları miskin duruma düşməsəydi, layiqli gənc nəsil yetişdirilsəydi, rəqabət olsaydı, daha güclü milli komanda görərdik. Amma AFFA rəhbərliyi 10 ildir papağını günə verib, futbolu deyil, şəxsi büdcələrini inkişaf etdirib, ortaya real iş qoymayıb.

«Qarabağ», «Qəbələ» kimi müstəqil klublar olmasaydı, yəqin ki, ölkə futbolu çoxdan sıradan çıxmışdı. Xüsusilə ağdamlıların ayaqda qalması, klub rəhbərliyinin real iş görməsinə görə hələ də Azərbaycan futbolundan danışa bilirik. «Roma» ilə Çempionlar Liqası matçına gələn azarkeş sayı ilə dünənki milli matçı müqayisə etmək belə yersizdi. Halbuki bizdə milli həmişə daha çox dəstək görürdü. Deməli, AFFA rəhbərliyi doğru yolda deyil, düzgün işlər görmür, bacarıqsız, səriştəsizdilər.

Əslində, bu reallığı artıq hamı dərk edir və yəqin ki, Kayzerslauterndəki matçdan sonra AFFA-dan da hesabat istəniləcək. Hər il dövlət büdcəsindən 100 milyon manata yaxın vəsait xərclənir, lakin nəticələr 10-15 il əvvəlki kimidir, yerimizdə addımlayırıq. Maliyyə 40-50 dəfə (!) artıb, amma biz yenə də qrupun autsayderiyik. Artıq dövlətin futbol təsərrüfatını idarə edənlərə qulaqburma verməsi zamanıdır.

Ortada uğur etalonu olan «Qarabağ» nümunəsi var. Zəhmətin, düzgünlüyün, səriştənin, bacarığın, saf niyyətin və qazanılan uğurun nümunəsi... (futbolinfo.az)