vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:00 | 12 iyun 2022 | Bazar Məqaləyə 1559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-dan aralanan uğur

... Yaxud federasiyaya bağlı olmayan çempionluq

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

2012-ci ilin yayıdır. “Neftçi” futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanır. Prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Tahir Süleymanov, baş məşqçisi Böyükağa Hacıyev olan komanda. Klub SOCAR-dan maliyyələşsə də, rəhbərlik xarakter göstərib Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) komandaya təsirini minimuma endirir. Avropada, yerli liqada uğurlar qazanılır.

Sonra Sadıq Sadıqov təklənir, Rövnəq Abdullayevin futboldakı nadir uğurlu kadrlarından biri istefaya göndərilir, klub AFFA-da Elxan Məmmədovgilin qeyri-rəsmi nəzarətinə keçir. “Neftçi”nin qara günləri başlayır. Davamlı rəhbər, prezident dəyişikliyi bu köklü klubu nəticə baxımından məhv edir. 

Yəni AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.

“Qarabağ”a baxın. Müstəqil klubdur. Komandanın oturuşmuş sistemini qurmağı bacarmış baş məşqçisi, baş məşqçinin də işinə müdaxilə etməyən rəhbərliyi var. 2014-cü ildən bu yana Avropa kuboklarının qrupunda oynamadıqları il olmayıb. Davamlı yerli çempionluqlar da öz yerində.

Çünki AFFA-nın olmadığı yerdə uğur olur. AFFA-nın olduğu yerdə uğur olmur.

“Qəbələ”nin pulunun yaxşı olduğu vaxtları yadınıza salın. AFFA-ya bağlıllğı olmayan daha bir müstəqil klub idi. Dalbadal iki dəfə Avropa Liqasının qrupuna düşdü. Klubun peşəkar idarəetməsi formalaşdı.

Və indi adı “Şamaxı” olan eks “Keşlə”ni yada salın. AFFA-nın nəzarətində olmuş bir komanda. Kluba 3-4 ildə 15 milyondan artıq vəsait ayrılıb. Nəticə? Avropada bir mərhələ belə adlaya bilməyiblər.

Ona görə ki, AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.

Və… Azərbaycan milli komandası. Hər seçmə mərhələ üçün sonuncu yeri əvvəlcədən “bron” edən bir komanda. FİFA reytinqində Afrikanın qəbilə komandalarından da geriyə - 129-cu yerə düşmüş bir komanda Milli ruhdan əsər-əlaməti qalmayan  bir komanda. Legioner toplusu…

Və… 

Dünən Slovakiyada mini-futbol üzrə Avropa çempionu adını qazanmış bir komanda var. Federasiyaya bağlılığı olmayan MİLLİ KOMANDA. Heyətinə göz gəzdirdim, bir nəfər də olsun, əcnəbi yoxdur. Milyonlara yox, qəpik-quruşa oynayan və meydanda əsl xarakter göstərən azərbaycanlı balaları… Futbol oynamağı bacaran oğlanlar. Futbolla oynayanlara isə vicdan dərsi verən çempionlar.

Deməli, biz azərbaycanlılar futbolda ermənidən, gürcüdən geri qalmırıq. İstək olanda, doğru idarəetmə formalaşanda əsl KOMANDA yaratmaq mümkündür.

“Qarabağ” kimi. Mini-futbol milisi kimi. Amma yetər ki, orda AFFA olmasın.

Çünki AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)