Məyus olmaq olmaz
Güney türklərinin hüquqları demokratik cəmiyyətdən keçirmi?
İran coğrafiyası qaynama nöqtəsinə yaxınlaşmaqdadır. Bu coğrafiyadakı xalqların həmin qazandan alacaqları nəsib o qazanda necə qaynamalarına çox bağlıdır. Azərbaycan türkləri İran tarixinin müxtəlif dövrlərində baş vermiş qaynamaların tam mərkəzində dayanmış və nəticədə çoxmilyonlu bir xalq olsa da nəsibini almamış, əksinə köləliyə, tapdanmağa məhkum olunub. Zənnimizcə, İranda baş vermiş son etiraz aksiyalarında da Azərbaycan türklərinin nisbi passivlik nümayişinin bir səbəbi də həmin tarixi təcrübədən qaynaqlanan qorxudan doğur.
Haşiyə əvəzi tarixi ekskurs. 1905-11-ci il “Məşrutə hərəkatı” adlanan və İran
tarixində bu gün də qızıl hərflərlə yazılan inqilab Azərbaycan türkləri ilə
bağlıdır ki, həmin inqilabi prosesin başında təbrizli Səttərxan
dayanırdı.
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Azərbaycanın güneyi rus
qoşunlarının işğalı altında idi. Dünyanı sarsıdan Fevral inqilabından sonra
İranda da canlanma yarandı və 1917-ci il mayın 1-dən Təbrizdə mitinq və
nümayişlər keçirilməyə başlamışdı.
1920-ci il aprelin 7-də isə Təbrizdə üsyan başlandı və qalib gəldi. Şeyx Məhəmməd
Xiyabaninin başında olduğu üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara malik
Milli Hökumət yaratdı. Azadistan Respublikası elan olundu. Tehranda Böyük
Britaniya nümayəndəliyinin dəstəyi ilə sentyabrın 11-də Təbrizə qəfıl hücum təşkil
edildi və 4 günlük mübarizədən sonra azad respublika ingilis-fars ittifaqı tərəfindən
devrildi.
İkinci dünya müharibəsi Böyük Britaniya silahlı qüvvələri ilə Sovetlər Birliyi
hərbi hissələrinin İran ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə Rza şah
istibdad rejiminin süqutu ilə nəticələndi. Xarici müdaxilə və Şah rejiminin
yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu.
Proses müxtəlif bölgələrdə fərqli formalarda təzahür etdi. Güney Azərbaycanda
isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin
yaranması ilə nəticələndi. Milli Hökumət imperialist qüvvələrin sazişi nəticəsində
çox az yaşadı.
1979-cu il İran İslam İnqilabından bəhs edilərkən bir çox tarixçilər əslində
inqilabın Təbrizdən başlanıldığını görməzdən gəlirlər. Həmin il fevralın 18-də
(29 bəhməndə) Təbrizdə Ayətullah Məhəmməd Kazim Şəriətmədarinin çağırışı ilə əhali
üsyana qalxdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə
baxmayaraq üsyan ertəsi gün də davam etdi.
Yenə həmin xalq-islam inqilabı tərəfindən milli hüquqlarının təmin ediləcəyi vədi
ilə aldadılan və İran İslam inqilabının əsas iştirakçısı olan Azərbaycan türkləri
bu gün də mübarizə aparır. Yüzlərlə mübariz insanı zindanlarda işgəncələrə məruz
qalır, öldürülür, ölkədən qovulur və bu mübarizə yenə də Qərbi qane etmir.
Çünki dinc mübarizə Qərbin maraqlarına cavab vermir. Qərbə qan tökülməsi, qanla
müşayiət olunan qalibiyyət lazımdır ki, bu cinayətin üzərindən öz maraqları
üçün istifadə etsin. Lakin tarixi təcrübə göstərir ki, bizim qanımız Qərb üçün
öz maraqlarını təmin etmək üçün müvəqqəti istifadədən ötrü lazımdır. Nəticədə
Azərbaycan türkü adlı kimlik onların vecinə də deyil.
Keçilən acı tarixi təcrübə, yəni Qərbin namərdliyi İran coğrafiyasındakı azərbaycanlılarda
inamsızlıq yaradıb. Lakin hesab edirəm ki, İİR ərazisindəki türklər məyus
olmamalıdır. İndiki durum nisbətən fərqlidir. Hazırda planlaşdırılan dəyişiklik
nəticəsində İrandakı türklərə müstəqillik, birləşmə, hətta mədəni muxtariyyət vəd
edilməsə belə, demokratik bir cəmiyyətin qurulması bəs edir. Çünki demokratik cəmiyyətlərdə
mübarizə daha asan olur. Ona görə də hesab edirəm ki, yaxın hədəfimiz İran
coğrafiyasında demokratiyanın bərqərar olmasıdır. Güneyli soydaşlarımız
İrandakı son etiraz aksiyalarına dəstək verməli və demokratik rejim uğrunda
mübarizə aparmalıdırlar.