vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:31 | 21 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 1555 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsraildən Suriyaya misli görünməmiş zərbələr

“Hizbullah”ın və İran qüvvələrinin obyektləri - bazaları, silah anbarları dağıdılıb, HHM batareyası və radar məhv edilib, çoxsaylı tələfat var

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail dünən gündüz və yanvarın 21-nə keçən gecə səhərə yaxın növbəti dəfə Suriyadakı hədəfləri bombalayıb. İsrail aviasiyası Suriyaya misli görünməmiş miqyasda raket zərbələr endirib. Və ilk dəfə olaraq İsrail ordu komandanlığı bu əməliyyat barədə rəsmi məlumatla çıxış edib.

İsrail ordu komandanlığı hava zərbələrinin Suriya ərazisindən İsrail ərazilərinə “yer-yer” tipli raketin buraxılmasına cavab olaraq endirildiyini bildirir.

Hava zərbələrinin hədəfi İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” (Sepahe Qods) briqadasının obyektləri - silah anbarları, təlim düşərgəsi, İran kəşfiyyatına aid qərargah vurulub. Suriya Hava Hücumundan Müdafiə qüvvələrinə də zərbə endirilib - HHM batareyası məhv edilib. Bundan başqa İsrail ordusu Rusiya istehsalı olan Pantsir qurğusuna endirilən dəqiq zərbənin videosunu yayıb.

Rusiya Müdafiə Nazirliyi əməliyyat nəticəsində Şam hava limanındakı infrastrukturun zədələndiyini və 4 Suriya əsgərinin öldüyünü etiraf edib.

İsrail hərbçiləri bildirir ki, Suriya hava hücumundan müdafiə vasitələri İsrail təyyarələrinə onlarla raket buraxıblar, buna cavab olaraq Suriya HHM qüvvələrinin batareyası məhv edilib.

“İranın İsrail ərazisinə dünənki hücumu bu ölkənin Suriyadakı hərbi iştirakının arxasında hansı məqsədin dayandığını bir daha təsdiq edir. Suriya rejimi onun ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və o, İsrail əleyhinə hərəkətlərə yol verməməlidir. İsrail müdafiə ordusu istənilən ssenariyə hazırdır və İsrail vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa bundan sonra da hərəkət edəcək”, -açıqlamada bildirilir.

İsrail ordusunun mətbuat xidməti hava zərbələrinə dair görüntülər də yayıb. Bu kadrlara əsasən Suriyanın hava hücumundan müdafiə batareyası İsrail təyyarələrinə tərəf iki raket buraxır, amma raketlər hədəfə dəymir və cavab zərbəsi ilə batareya məhv edilir.

Lakin Suriya rejimi və Rusiya rəsmi KİV-ləri növbəti dəfə əmin edirlər ki, İsrail təyyarələrindən buraxılan raketlərin “böyük əksəriyyəti” havada məhv edilib.

Suriyalı bloqqerlər isə İranın və “Hizbullah”ın obyektlərində böyük dağıntılar və tələfat barədə xəbərlər yayırlar. Bildirilir ki, Dəməşq aeroportu rayonunda, habelə Əl-Kisua və Cəmahiriyyə rayonlarında güclü dağıntılar var.

Londonda mənzillənmiş Suriya insan haqları monitorinq qrupu isə bildirir ki, yanvarın 21-də gecə İsrail aviasiyası hərbi münaqişə tarixi ərzində Dəməşq ətrafındakı obyektlərə ən irimiqyaslı və misli görünməmiş zərbələr endirib. Nəticədə İrana aid obyektlər, o cümlədən Suriya hava hücumundan müdafiə qüvvələrinin mərkəzləşdirilmiş sisteminin radarı məhv edilib. İsrail raketlərinin əksəriyyəti hədəfə dəyib, silah anbarları, “Hizbullah”ın və İran qüvvələrinin bazaları dağıdılıb. Çoxsaylı tələfat var.

Qeyd edək ki, İsrail bundan əvvəl də dəfələrlə Suriya ərazisinə hava zərbələri endirimişdi. Buna cavab olaraq ötən il oktyabrın əvvəlində Rusiya Suriyaya S-300 zenit-raket kompleksləri göndərmişdi. Bildirilirdi ki, bundan sonra İsrail Suriyada heç bir hədəfi vura bilməz. Göründüyü kimi, hər hansı dəyişiklik yoxdur.