vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
12:31 | 10 oktyabr 2019 | Cümə axşamı Məqaləyə 27674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ərəb saçı” ...

... Yaxud səhra sakinlərinin Azərbaycanda qeyri-adi sərgüzəştləri

Vüsal BAĞIRLI

Baş rolda Andrey Mironovun getdiyi məşhur bir sovet kinokomediyasını yəqin ki, xatırlayırsınız. Film “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” adlanır.

Mövzuya davam olaraq, ərəblərin Azərbaycandakı ağlasığmaz macəralarından və sərgüzəştlərindən bəhs edən babat əsər yazmaq, yaxud da normal bir  film də çəkmək mümkündür.

Ruslar çukçaları, özbəkləri, kalmıkları öz lətifələrində necə əfəl, avam formada təsvim edirlərsə, anadolu türkləri də “anladımsa arap olayım”, “arap saçına döndü” məsəlləri ilə ərəblərə eyni münasibəti bəsləyirlər.

Öz-özümə fikirləşirəm, “dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım”ın ərəb görəndə xoşlanmamağının, ağız büzməyinin səbəbi nədir görəsən?

Əcəba, avropalı da eyni qaydada özünü dartıb  təkəbbür nərdivanına çıxaraq bizə üstdən aşağı baxmırmı?  Biz də onların gözündə həmin o “ərəb turisti” deyilikmi?

“Google”də “ərəblər Azərbaycanda…” yazıb axtarış verdim. Cürbəcürə, al-əlvan, rəngarəng məlumatlar, faktlar, informasiyalar göz oxşayırdı.

İlk əvvəl birinci məlumatın üzərində dayanaq: “Ərəblərin Azərbaycanda kef məclisləri”. 

Məqaləyə əlavə edilmiş fotoşəkildə, bir dəstə çalmalı, uzunətək ərəb gənc əsl bədəvi həyat tərzinə uyğun olaraq, hansısa rayona məxsus düzənlik ərazidə kef-bardaş süfrəsi qurur və ovladıqları çöl quşlarını elə istirahət etdikləri yerdəcə basmarlayıb yeyirlər. 

Keçək ikinci və üçüncü xəbərə -“Ərəblər Azərbaycanda qoyun ətini bahalaşdırdılar”, “Ərəblər Azərbaycanda qoyun-quzu qoymadılar”.  

Yəni, “yeməmisən qaz ətini, nə biləsən ləzzətini” deyimiylə eyş-işrət məclislərində, restoranlarda kabablayıb, şişə çəkdikləri  tərəkəmə qoyununu eləcə sürüylə də alıb, daşıyıb başqa yerlərə aparırlar. Və bu da ölkəmizdə ət qıtlığına səbəb olur. Qiymətlər qalxır qalxır, kasıbın evi yıxılır və sair. Ərəbinsə nə vecinə, pul-para xirtdəkdən.

Yaxud “Ərəb saçı” kimi qarmaqarışıq, xüsusən də “18+” məzmunlu - “Gənc qızların şeyx arzusu”, “Ərəblərin qadınlarımıza əxlaqsız təklifi”,  “Ərəb öz təbii ehtiyacını küçənin ortasında ödədi”, “Ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçindi” məlumatları gün-gündən çoxalır.

Gördüyünüz kimi ərəblərin adı heç bir mədəni tədbirdə, kino, teatr, balet, kitab, rəsm sərgisi və sair kimi xeyirli-uğurlu, intellektual məzmunlu, əhval yüksəldən, pozitiv enerji verən xəbərlərlə yanaşı çəkilmir.

Məlumatları oxuyub bir anlıq düşüncəyə daldım.

Əslində, düzünə qalsa, onlarla bizim ümumi, oxşar cəhətlərimiz çoxdur axı!?

Din birliyimizi bir kənara, onlar da dəbdəbəli həyatı sevir, biz də. Onların da tükənməz neft, karbohidrogen ehtiyatları var bizim də. Onlar da şöhrətpərəstdir, biz də. Onlar da kitab-dəftərdən, mütaliədən gen gəzir, biz də. Onlar da oxuyub yazmaqdan, elmdən qaçaqdır,  elə biz də.

Bir tərəfdən, oxumağın, təhsilin yaxşı olduğunu guya anlayırıq, fəqət eyni zamanda pulumuzu kitaba, elmə xərcləməyə heyfsilənirik.

Ərəblər kimi, elə bizim də həyata verdiyimiz qiymət, “həyat qısadır, oxuyum, öyrənim”dən deyil, “dünya beş günlükdür, ye-iç, kef elə”dən keçir.

Bir az dərindən fikirləşəndə, ərəb görərkən, güzgüdə özümüzü görmürükmü?

Biz də məsələn, elə ərəb ölkələrinə istirahətə getsək, oradakı çimərlikləri - qarpız qapığı, plastik butulkalarla, küçə və prospektləri - zibil, siqaret kötüyü, tum qabığı ilə dolduran elə biz olmarıqmı?

Sadəcə, onların pulu-parası, malı-dövləti çoxdur və əslində bizi qıcıqlandıran da, əsəbiləşdirib cin atına mindirən də elə budur.

Vəssalam- şüttəmam.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)