vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
13:00 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 3242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müsavat şadlıq evi ilə müqavilə bağlayıb...»

«Onların xətləri tamam başqa cürdür, lakin məqsəd eynidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.

 

- YAP yarananda siz və digər gənclər partiyanın inkişafında fəal iştirak etdiniz. Həmin nəsil artıq gənc deyil, partiyadakı gənclər isə siyasi proseslərdə elə də aktiv görünmür. YAP gənclərinin partiyanın inkişafındakı rolunun artırılması istiqamətində hansı tədbirlər görülür?

- Ümumilikdə götürəndə, YAP yarandığı dövrdən bu günə qədər gənclər partiyada fəal olublar. Məhz ümummilli liderimiz tərəfindən partiyanın yaranması dövründə əsas məqsədlərdən biri kimi partiyanın gənclər qolunun yaranması idi ki, Naxçıvanda təsis konfransında birinci məsələ kimi bunu ortaya qoymuşdu. Partiya yaranıb formalaşdıqdan və qeydiyyatdan keçdikdən sonra Gənclər Birliyi formalaşdı. Bundan sonra Gənclər Birliyinin fəaliyyəti çox əsaslı şəkildə oldu və respublikada ən aparıcı gənclər təşkilatı kimi fəaliyyət göstərməyə başladı. Bunun nəticəsi olaraq müxtəlif dövlət strukturlarında, o cümlədən parlamentdə YAP Gənclər Birliyinin üzvləri təmsil olunmağa başladı. Mərhələli şəkildə, müəyyən yaş həddinə çatdıqda, bir nəsil digər nəslə tədricən öz yerini verir və rotasiya qaydasında da mütəmadi dəyişikliklər olur. Məsələn, biz bu il nəzərdə tutmuşuq ki, partiyanın Gənclər Birliyinin konfransı keçirilsin. Çünki əvvəlki konfrans 5 il bundan əvvəl keçirilib. Bizdə qayda belədir ki, Gənclər Birliyi və Qadınlar Təşkilatı 5 ildən bir öz konfranslarını keçirirlər və həmin konfransda təşkilatların tərkibində dəyişikliklər olunur. Yəni yaşı gənclik yaşını ötənlər partiyanın digər sahələrində fəaliyyətə başlayır, yeni gələn gənc nəsil isə partiyanın Gənclər Birliyinin ayrı-ayrı sahəsində aktiv fəaliyyət göstərməyə başlayır. Bu gün partiyanın Gənclər Birliyi həm virtual məkanda, həm yeni kommunikasiyaların öyrənilməsi və tətbiq olunmasında, həm də seçki texnologiyalarının öyrənilməsində çox fəaldır. Məsələn, ötən bələdiyyə seçkilərində, ondan qabaqkı dövrlərlə müqayisədə əgər bələdiyyələrə namizədliyin irəli sürülməsi və seçilməsində gənclərin iştirakı 3-5 faizi əks etdirirdisə, YAP-ın cidd-cəhdi və Gənclər Birliyinin fəallığı nəticəsində ötən bələdiyyə seçkilərində bu göstərici təxminən 30-32 faizə qədər yüksəldi. Həmçinin qarşıdan gələn bələdiyyə seçkilərində də əsas məqsəd gənclərin aktiv iştirakı və seçilməsidir ki, partiya nə qədər çox gənc namizədini irəli sürsə, bir o qədər seçilmək şansları üstün ola bilər. Bu baxımından gənclər arasında müxtəlif treninqlər keçirilir, həm burda, həm xaricdə Gənclər Birliyinin üzvləri öyrənir və onu yerlərdə də tətbiq edirlər. Eyni zamanda bizim Qış və Yay məktəblərimiz olur. Yay məktəblərində 600-dən çox gəncimiz bir həftə müddətində respublikanın müxtəlif bölgələrində olur və orada müxtəlif kurslar keçirlər. Həm siyasi texnologiyaların öyrənilməsi, həm namizəd kimi formalaşması, həm də seçki kampaniyasının aparılmasında iştirak, müxtəlif sahələrdə kurslar keçirlər.

 

- YAP Gənclər Birliyi üzvlərinin qarşıdan gələn parlament seçkilərində iştirakı nəzərdə tutulurmu?

- Təbii ki, gənclər mərhələli şəkildə formalaşır, yetişir. Əgər kifayət qədər potensialları varsa, hər hansı dairədən seçilmək şansları olursa, həmin sahələrdə də onların namizədliyi irəli sürülür. Yəni bunlar hamısı tədqiqatın nəticəsindən asılıdır.

 

- Bəzi rayonlarda icra başçılarının müavini vəzifəsinə xanımların təyinatı aparılır. Bu addım nə ilə əlaqədardır, xanımların dövlət vəzifələrində təmsil olunması nə dərəcədə perspektivli sayıla bilər?

- Güman edirəm ki, bu yaxşı bir addımdır. Çünki qadınların həm gender proqramının yerinə yetirilməsi, həmçinin qadınlarla ünsiyyətin qurulması baxımından vacib olan, düzgün addımdır. Xüsusilə də bu gün bildiyimiz kimi, təhsil və səhiyyə sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Gələcəkdə də hesab edirəm ki, bir neçə nəfər qadın bu vəzifələrə təyin oluna bilər. Yəni bu praktikadan istifadə etdikcə, bunun səmərəliliyini gördükcə, güman edirəm ki, gələcəkdə bu istiqamətdə artım olacaq. Ümumilikdə digər sahələrdə də bu mümkündür. Məsələn, əvvəlki seçkilərdə parlamentdə 125 deputatdan 13 nəfəri qadın idisə, indiki parlamentin 20 nəfəri qadınlardan ibarətdir. Yəni bu proses ardıcıl şəkildə davam edilir.

 

- Siz parlamentin sonuncu iclasında bəzi icra başçılarını tənqid etmişdiniz...

- Yox, bu başqa məsələ idi, onu düzgün anlamamışdılar. Sadəcə, orda söhbət bəzi adamlardan gedirdi. Bildiyimiz kimi, regionlarda çox böyük quruculuq, abadlıq işləri gedir. Hər yerdə yeni istehsal müəssisələri açılır. Cənab prezident təkcə keçən il ərzində regionlarımıza 100 dəfədən artıq səfər edib və hər səfərində də onlarla yeni müəssisələrin, məktəblərin, yeni mədəniyyət mərkəzlərinin, parkların, yolların açılışında iştirak edib. Bu gün Azərbaycanın regionları bizi əhatə edən dövlətlərin paytaxtlarından daha abad və yaraşıqlıdır. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən qaldırılan məktəbəqədər müəssisələrin inşası insanlar tərəfindən dəstəkləndi. Hər bir kəndin özündə də uşaq bağçalarının olması artıq dövlət proqramına daxil edilib, həm dövlət həm də özəl məktəbəqədər müəssisələrin tikilməsi nəzərdə tutulub. Həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti 5 ildə kəndlərin, kənd yollarının, məktəblərinin abadlaşdırılması nəzərdə tutulub. Bu baxımdan bu 10 ildə çox böyük işlər görülüb. Arada müəyyən nöqsanlar olur ki, o da aradan qaldırılır və qaldırılmalıdır. Yəni iş görülən yerdə nöqsanın olması təbiidir.

 

- Prezident çıxışında dəfələrlə məmurları təvazökarlığa çağırır. Ancaq bununla yanaşı, bəzi məmur övladları dəbdəbəli həyat sürməsinin göstəricisi olan şəkilləri müəyyən sosial şəbəkələrdə paylaşırlar. Buna münasibətinizi bilmək istərdik...

- Mən hesab edirəm ki, insanlar hamısı sadə yaşayış tərzinə üstünlük verməli, vətəndaşlar üçün açıq olmalıdırlar. Cənab prezidentin də tələbi ondan ibarətdir ki, hər şey xalq üçündür. Tikilən, qurulan, abadlaşdırılan hər bir müəssisələr, istirahət mərkəzləri insanlar üçün olmalı və yerlərdə rəhbər orqanlarda çalışanların vətəndaşlarla ünsiyyət qurması sadə olmalıdır. Görürsünüz, artıq ikinci ildir ki, ayrı-ayrı nazirlərin əhali ilə yerlərdə görüşməsi və onların şikayətlərin baxılması çox gözəl rezonans verib. Mən deyim ki, dünyanın heç bir yerində belə format yoxdur. Əvvəlcədən mətbuatda hansı nazirin hansı bölgəyə gəlməsi barədə elan verilir və kimin ona hansı sualı varsa, yerində baxılır və həll olunur. Artıq əhali müxtəlif bölgələrdən hansısa nazirliyə gəlib öz şikayətini çatdırmaq üçün bu qədər vaxt sərf etmir. Elə öz rayonunda bu məsələni həll edir. Hesab edirəm ki, bu cür görüşlər rayon rəhbərliyi ilə də keçirilir. Bunun nəticəsidir ki, Azərbaycanda sosial, mülkiyyət və digər problemlər getdikcə azalır. Bu baxımdan hesab edirəm ki, cənab prezidentin tapşırığı çox vacib olan elementdir və bundan hər bir dövlət vəzifəsində çalışan insan nəticə çıxarmalıdır. O cümlədən də onları ailə üzləri. İnsan azaddır, bilirsiniz, hər kəs istədiyi işlə məşğul ola, hər hansı biznesmen və ya onun övladı sosial şəbəkədə şəklini qoya, sahibkarlıq yolu ilə qazandığı vəsait hesabına istədiyi kimi yaşaya bilər. Amma heç onu da mən tövsiyə etmirəm. Çünki bunun özü də həm dini, həm etik, həm milli, həm də insaniyyət baxımından maraqlı deyil ki, şəxsi həyatını cəmiyyətə nümayiş etdirəsən. Məsələn, kimsə müğənnidirsə, ola bilər ki, bunu reklam üçün etsin. Mən başa düşə bilmirəm ki, bir vətəndaş, məsələn, aldığı saatı və ya nəqliyyat vasitəsini nəyə görə camaata göstərir. Bundan nə effekt qazanır, bu mənə çatmır. Əksinə, insanlar tərəfindən özünə nifrət qazanır. Bu baxımdan edirəm ki, bunların qarşısı kəskin şəkildə azaldılmalıdır.

 

- Azərbaycanda ali məktəblərin özəlləşdirilməsi təklifi irəli sürülüb. Necə düşünürsünüz, ali məktəblərin özəlləşdirilməsi təhsilin inkişafına nə dərəcədə təsir göstərə bilər?

- Azərbaycanda özəl və dövlət nəzdində ali məktəblər var. Yəni dünyanın hər yerində bu ikisi paralel olur. Hətta dövlət müəssisələrində belə özəl sektor var ki, vəsait ödəməklə orada təhsil almaq mümkündür. Bu, həm xarici, həm də yerli tələbələrə aiddir. Hazırda təhsil strukturunda islahatlar başlayıb və bu islahatlar axıra çatmalıdır. Çünki biz bir istiqamət götürməliyik. «Təhsil haqqında qanun» qəbul ediləndə də mən parlamentdəki çıxışımda fikirlərimi bildirdim. Orda da müəyyən qarışıqlıqlar var. Həm köhnədən saxlayıblar, həm də yenisini əlavə ediblər. Bu, mümkün olan sistem deyil. Bu sistemlərdən birini götürməli və bunların biri ilə fəaliyyət göstərməliyik. Ya bütövlükdə keçmiş təhsil sisteminə qayıtmalı, ya da bütövlükdə yeni təhsil sisteminə daxil olmalıyıq. Bu baxımdan hesab edirəm ki, yeni təhsil qanununda ciddi islahata ehtiyac var.

 

- Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Ümumilikdə seçki prosesini, nəticəsini necə qiymətləndirirsiniz?

- Mən mütəmadi olaraq Türkiyədə keçirilən bələdiyyə seçkilərini izləyirdim. YAP və AKP arasında müqavilə var, bununla əlaqədar bizim Gənclər Birliyinin bir qrup nümayəndəsi Türkiyədə ayrı-ayrı bölgələrdə bir həftə ərzində seçki prosesində iştirak etdilər. O cümlədən mütəmadi olaraq keçirilən mitinqlər, deyilən şüarlar, aparılan kampaniyalar bizi çox maraqlandırır və biz onların hər birini təhlil edirik, öz seçki kampaniyamızda ondan istifadə edirik. Bu baxımdan oradakı seçkiləri çox yüksək qiymətləndirirəm. Bütün dünyanın nəzəri Türkiyədə idi və oradakı hakim partiyaya, hakim partiyada təmsil olunan şəxslərə qarşı başqa-başqa dövlətlər tərəfindən bir təpki də hiss olunurdu. Bu dövlətlərin müxtəlif şantajları, aranı qarışdırmaq üçün ortaya atdığı fikirlər olsa da, türk xalqı öz müdrikliyini göstərdi və öz seçimini etdi.

 

- Eyni zamanda Türkiyədə «nurçuluq» cərəyanı ətrafında yaranmış hadisələrə münasibətinizi öyrənmək istərdik. Sizcə, qardaş ölkədə baş verən bu hadisələrin Azərbaycana necə təsiri var və «nurçuluğu» Azərbaycan üçün təhlükəli saymaq olarmı?

- Azərbaycan üçün bunun o qədər də təhlükəsi olmaz. Çünki «nurçuluq» ilk növbədə Azərbaycana gələ bilməz. Ona görə ki, «nurçuluq» əsasən qeyri-şiələr yaşadığı ərazilərdə yayılır. İslamda vəhabilik, «nurçuluq», sələfilik və bu kimi digər təriqətlər var ki, buna yaxın yerlərdə daha çox yayılırlar. Ən azad, tolerant və ən düzgün olan dini sistem Azərbaycandadır. Azərbaycan hətta Sovetlər Birliyində öz inancından geri çəkilməyib, baxmayaraq ki, müəyyən qadağalar vardı. Bu baxımdan Azərbaycanda qadağan olunmuşları çıxmaq şərti ilə bütün dinlərə, təriqətlərə qarşı münasibət yaxşıdır. Türkiyədə «nurçuluq» cərəyanı təxminən 60-cı illərin ortalarında başlayıb. Yəni elə də qədim tarixi yoxdur. Bu, əsasən xaricdən yaradılmış mənbədir və əsas məqsəd müəyyən yollarla hakimiyyətə gəlmək və hakimiyyəti ələ almaqdan ibarətdir. Düzdür, «nurçuluq»da aqressivlik kimi hallar yoxdur, xətləri tamam başqa cürdür, lakin məqsəd eynidir. Azərbaycanda da müəyyən insanlar ola bilər ki, Türkiyədə təhsil alarkən müəyyən təsir dairəsinə düşüb və «nurçuluğu» qəbul edib. Eyni zamanda Azərbaycanda bəzi məktəblərdə oxuyaraq da «nurçuluğu» qəbul edənlər var. Bu da az miqdarda olan bir şeydir. Müəyyən təsir altına düşənlər olur, amma sonradan başa düşülməlidir ki, düzgün olmayan təsir altına düşüb. Bunların Azərbaycan dövləti üçün təhlükəsi yoxdur.

 

- Azərbaycan müxalifətinin hazırkı durumunu, xüsusilə Milli Şura ətrafında baş verənləri necə qiymətləndirirsiniz?

- Hərdən məndən soruşanda deyirəm ki, ölmüş bir təşkilat haqqında danışmağa vaxt sərf etməyin heç bir əhəmiyyəti yoxdur. Bu təşkilatın məqsədi, məramı əvvəlcədən bəlli idi. Burada Azərbaycan xalqının maraqları, demokratiyanın inkişafı, seçki texnologiyalarının təkmilləşməsi məqsəd qoyulmamışdı. Məqsəd o idi ki, öz təşkilatlarında namizədliyi irəli sürülməyən və hörməti olmayan adamlar bu təşkilata toplanmışdılar. Bir qədər əvvələ nəzər salsaq, görərik ki, 10-dan artıq təşkilat dəyişən adamlar Milli Şurada təmsil olunmuşdular. Hərə öz marağını ortaya qoymuşdu. Öz maraqlarını həll edənlər geri çəkildilər, ortada qalanların isə sadəcə gedəsi yeri yoxdur. Əgər hardasa yer tapsalar, dərhal Milli Şuranı tərk edəcəklər. Çünki bu gün Milli Şuranın Azərbaycanın ictimai-siyasi həyatına zərrə qədər də təsiri yoxdur. Bu baxımdan da o, ölmüş bir təşkilatdır. Hər hansı peşə məktəbi, uşaq bağçası daha effektlidir, nəinki Milli Şura.

 

- Milli Şuranın qurucularından biri və Rüstəm İbrahimbəyovun yaxın adamı sayılan «El» Hərəkatının sədri Eldar Namazovun Milli Şuranı tərk etməsi barədə nə deyə bilərsiniz? Rüstəm İbrahimbəyov son açıqlamalarından birində Eldar Namazovun artıq onunla əlaqə saxlamadığını deyib. Hadisələrin bu formada cərəyan etməsi, sizcə, nə ilə əlaqədardır?

- Əslində Milli Şura layihəsi xaricdən ixrac olunmuş bir layihə idi. Burada da Rüstəm İbrahimbəyov, Eldar Namazov və bəziləri öz maraqları çərçivəsində burada təmsil olunurdular və maraqları ödənilən kimi ordan uzaqlaşdılar. Eldar Namazov Milli Şuranın İcra Aparatının rəhbəri kimi bir dəfə də olsun, mitinq təşkil edə bilmədi. Qurumun bir komissiyası da fəaliyyət göstərmədi. Onların hamısının Milli Şurada ancaq maddi marağı vardı. Bəzi adamlar nəsə əldə etdilər, bəziləri isə əldə etməyəndən sonra ordan uzaqlaşdılar. Xatırlayırsınızsa, Milli Şuranın Gürcüstanda keçirilən toplantısında Rüstəm İbrahimbəyovun yanında oturmaqdan ötrü Eldar Namazov və İsa Qəmbər dava salırdılar. Kim sağında oturacaq, kim solunda oturacaq. Sonradan isə hamısı elan etdilər ki, Rüstəm İbrahimbəyovun idarəetmə qabiliyyəti yoxdur və xarici ölkənin vətəndaşıdır. Sonra sədrlik məsələsi gələndə, Rüstəm İbrahimbəyovdan imtina etdilər. Niyə? Çünki əldə olan vəsaitdən bunlara pay vermədi və nəticə olaraq əlaqə saxlamırlar. Hərə öz oyununu oynadı və aradan çıxdı.

 

- Bəzi QHT-lər, ictimai birliklər, gənclər təşkilatları konfranslarını, toplantılarını Bakının mərkəzindəki geniş zallarda keçirdikləri halda, Müsavat Partiyası artıq bir neçə ildir ki, qurultay keçirməyə yer tapmadığını bildirir. Qurultaya yer ayrılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, yer ayrılmayıb. Bu günlərdə isə partiya Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib...

- Bu məsələ hələ iki il əvvəl ortaya atılıb. Müsavat əslində qurultay keçirmək istəmir və istəmədiyinə görə də şou düzəldirlər ki, bizə yer vermirlər. Çünki qurultay keçirilsə, ya orda saxtakarlıq olmalıdır ki, İsa Qəmbər vəzifəsində qalsın, saxtakarlıq olmadığı təqdirdə də İsa Qəmbəri yenidən sədr seçməyəcəklər. Çünki bu 20 ildə İsa Qəmbər Müsavat Partiyasını irəli yox, geri aparıb və partiya parçalanıb, yerli strukturlar yox səviyyəsindədir, ancaq qəzet səhifələrində 5-6 əməkdaşı ilə fəaliyyət göstərirlər. Əgər yeni qüvvələrə yer verilməyəcəksə, islahatlar aparılmayacaqsa, yenə partiyanı həmin aqibət gözləyir. Bunu onlar çox aydın şəkildə başa düşürlər, ona görə də partiya funksionerləri öz namizədliklərini irəli sürüblər. Nəticə etibarilə də yer məsələsini ortaya atmaqla, bu müddəti uzatmaq istəyirlər. Baxın, hələ bir il öncə Müsavat qurultayla bağlı müraciət etdi. Bakı Şəhər İcra Hakimiyyəti isə bir neçə yer təklif etdi. Çünki bu gün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında hansısa yer yoxdur. Hansı yer varsa, onu təklif edib. Bilirsiniz ki, bəzi yerlər, məsələn, mədəniyyət mərkəzləri Mədəniyyət və Turizm Nazirliyinin sərəncamındadır. Hotellərin əksəriyyəti özəl sahibkarlara məxsusdur. Gedib müqavilə bağlayıb, orada da tədbirini keçirə bilər. Yəni hardasa yazılmayıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin borcu Müsavatı yerlə təmin etməkdir. O da əlində olan yerləri vaxtilə təqdim etdi. Əgər Müsavat qurultay keçirmək istəyirsə, şadlıq evi ilə də müqavilə bağlayıb, qurultayını keçirə bilər. Məsələn, YAP öz qurultayını keçirəndə nə Bakı Şəhər İcra Hakimiyyətinə, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib. İqtidar partiyası olmasına baxmayaraq, özəl müəssisə ilə müqavilə imzaladıq və qurultayımızı keçirdik. Yəni məqsəd qurultay keçirməkdirsə, qurultayı çox yerdə keçirmək olar. Məqsəd yoxdursa, bəhanə çox olacaq.