vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:00 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1461 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyə «hə» deməmiş başlamaq olmaz»

«Moskva Gürcüstanı əzib ora yiyələnsə, Azərbaycan yetişmiş alma kimi onun ətəyinə düşür»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla Putinin SSRİ-ni bərpa planları, Azərbaycan da daxil, postsovet məkanındakı müstəqil dövlətləri çökdürməklə bağlı Rusiyadan vaxtaşırı səslənən iddialar, Qarabağ münaqişəsi, Azərbaycandakı «beşinci kolon» təhlükəsi və digər məsələlər barədə danışdıq.

- Rasim bəy, şimaldan sonuncu hədə Rusiya hakimiyyətinin ideoloqlarından biri olan politoloq Dubindən gəldi. Rusiyanın Azərbaycanla bağlı nə planı var?

- Duqin qələt edir, kimdir ona fikir verən? Təəssüflənirəm ki, Rusiyanın bu dərəcədə ideoloji boşluğu var ki, Duqin kimi marginal, siyasi fəlsəfə ilə məşğul olan şəxs belə açıqlamalar verir. Bu, faşizmə meylli bir adam olub. İndi də sağ radikal mövqedə çıxış edən, mücərrəd yanaşmalarla tanınan şəxsdir. Əslində onu politoloq kimi təqdim etmək düzgün deyil. O, siyasi fəlsəfə ilə məşğul olan geopolitikdir. Duqin don geyindirən bir adamdır, real siyasətə onun heç bir aidiyyəti yoxdur.

 

- Amma bundan əvvəl təlxək, qeyri-ciddi adlandırdığımıza Jirinovskinin təhdidləri də oldu...

- Mənim cavabım odur ki, bu gün konkret olaraq Azərbaycanla bağlı Rusiyanın hansısa hərəkət edəcəyini gözləmirəm. Rusiya Krımı udandan sonra vaxt lazımdır ki, onu həzm etsin. Nəzərə almaq lazımdır ki, Qərb bu gün hər şeyi edir ki, Rusiya Krımı həzm etməsin, Krım Rusiyanın mədəsində bir daş kimi qalaraq ona daim əziyyət versin, bu mənada düşünmürəm ki, Rusiya yaxın zamanda Ukraynanın şərqi istisna olmaqla digər hansısa bölgədə lap fəallıq göstərsin, nəinki işğala bənzər hərəkət etsin.

 

- Amma Gürcüstan hadisələrindən 5 il sonra Krımın zəbti baş verdisə, deməli, bir neçə il sonra Rusiyanın növbəti işğal planı reallaşa bilər və Azərbaycan sarıdan narahat olmağa əsas var...

- Təbii. Ancaq söhbət yaxın zamanlardan gedirsə, bunu mümkün saymıram. Əksinə, Rusiya yaxın zamanlarda çalışacaq ki, hamını sakitləşdirsin. Gürcüstanda həmin hərəkətləri etdi, gördü ki, bu, keçdi və Ukraynada daha böyük paydan yapışdı. Ancaq indi həm hiss olunur ki, ilk növbədə ABŞ və Avropa ölkələri Rusiyanı bu hərəkətinə görə boş buraxası deyillər. İkincisi isə Rusiya ilə qonşu olan bütün ölkələr görürlər ki, narahatlıq üçün böyük əsas var. Ya gedib əllini qaldırmalı və özünü tam Rusiyanın ixtiyarına verməlisən-necə ki, Ermənistan bunu edib-ya da öz təhlükəsizliyinin təminatı üçün müəyyən qərarlar verməlisən. Hər halda, Azərbaycan da nümayiş etdirir ki, variantlar axtarır. Bu yol da Türkiyə ilə hərbi müttəfiqliyin möhkəmlənməsindən keçir.

 

- Sizcə, Ərdoğanın Bakı səfəri bu istiqamətdə ciddi addımların atılmasına gətirib çıxaracaqmı?

- Düşünürəm ki, bu, baş verəcək. Ancaq hamı da anlamalıdır ki, Rusiya nüvə silahına malik bir ölkədir. Bu gün quru qoşunlarını götürsək, ordunun hazırlığı, silahı hər cəhətdən Türkiyə azı bölgədə Rusiyadan nəinki zəifdir, bəlkə də güclüdür. Ancaq ortada nüvə silahı var. Belə olan halda o komponenti neytrallaşdırmaq məsələsi var, onu isə yeganə bir ölkə edə bilər ki, o da ABŞ-dır.

 

- Görünən budur ki, ABŞ və ya Avropanın bir neçə nəfərə sanksiya tətbiq etməsi Moskvanı elə də narahat etmir. Qərb niyə Rusiyanın təcavüzkarlığını durdurmaq üçün ciddi və sərt addımlar atmır?

- Yox, söhbət təkcə bir neçə nəfərdən getmir. Sanksiyaya məruz qalan bir neçə nəfər gözlə görünəndir. Ancaq gözə görünməyən addımlar var. İndi deyiblər ki, Ukrayna və Gürcüstanın NATO-ya qəbulu gündəmdədir. Hətta Ukraynaya deyirlər ki, gələ bilərsən, amma hələlik özləri tərəddüd edirlər. Bunun da səbəbi məlumdur, çünki hələ seçki bitməyib, rus qoşun sərhəddədir, Ukraynanın vəziyyəti xeyli çətindir. Ona görə də əlavə gərginlik üçün bəhanə vermək istəmirlər. Ancaq fərz edirəm ki, Ukraynada hakimiyyət stabilləşəndən sonra bu məsələ ciddi şəkildə gündəliyə gələcək.

 

- Rusiya Ukraynanın yeni hakimiyyəti üçün növbəti sürprizlər hazırlaya bilməzmi?

- Rusiya Ukraynada ara qarışdırmaqla məşğuldur. Ukraynanın şərqini boynuna çəkməsi Rusiya üçün kifayət qədər ağır məsələdir. İndi özləri deyirlər ki, Krım illik 4-5 milyarda başa gələcək. Amma iqtisadçılar deyir söhbət 25-30 milyarddan gedə bilər. Krımın əhalisi 2 milyon, Donetsk vilayəti 5, Xarkov vilayəti 5 milyondur, Odessa və digər vilayətləri də üstünə gələndə 15 milyon əhalisi olan bölgədən söhbət gedir. Bu 15 milyon Rusiya büdcəsini çökdürə bilər. Federallaşma məsələsi əslində Ukraynanı daim çaxnaşmada saxlamaq deməkdir. Əslində Gürcüstanda da bunu etmək istəyirdilər, bacarmadılar. Lakin indi səylər göstərirlər ki, Gürcüstan daxilində daim qeyri-stabil səylər olsun. Azərbaycana əvvəl Türkiyədən qərargah rəisi gəldi, daha sonra baş nazir Ərdoğan səfər etdi. Bunun ardınca ABŞ dövlət katibi Kerri gələcək. Mənim düşüncəmə görə, Gürcüstan mütləq şəkildə təhlükəsizlik sisteminə daxil olmalıdır. Sabah Rusiyanın Azərbaycana hücum etməsinə ehtiyac yoxdur. Gürcüstanı əzib ora yiyələnsə, Azərbaycan yetişmiş alma kimi Rusiyanın ətəyinə düşür. Ələ keçirtmək üçün daha əlverişli Gürcüstandır.

 

- Bu arada xəbər yayıldı ki, Rusiya Cənubi Osetiyanın sərhədlərini Gürcüstanın içərilərinə doğru çəkir və Bakı-Ceyhan kəməri təhlükə ilə üzbəüz qalıb.

- Sərhədi 100 metr irəli çəkirlər. Bakı-Ceyhana yaxınlaşmaq üçün xeyli məsafə var. Ancaq bütün bu addımlar əslində qıcıqlandırıcıdır.

 

- İddialar var ki, Ərdoğanın səfəri həm də kəmərə təhlükə ilə bağlı idi.

- Bəli, kəmərlərin təhlükəsizliyi gündəmdədir. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və yuxarıdan nüvə çətiri açan ABŞ olmalıdır. Bu, olduğu halda... Nəzərə almaq lazımdır ki, ABŞ-ın əfqan tranziti də burdan keçir. Yəni söhbət təkcə kəmərdən, Xəzərin ehtiyatlarından getmir. Müvəqqəti adı ilə də olsa, ABŞ-ın hərbi mövcudluğundan da söhbət gedə bilər.

 

- Rusiya təhlükəsindən qorumaq üçün Azərbaycanda NATO qoşunlarının yerləşdirilməsi barədə təkliflər də var. Bu, reallaşa bilərmi?

- Yox, onu gözləməyin. Türkiyə və ABŞ-dan söhbət gedə bilər. Ancaq hərbi güc sahibi kimi Türkiyənin çıxış etməsi mümkündür. Məsələn, Gürcüstana ABŞ Türkiyədən və dənizdən dəstək verə bilər.

 

- Sizcə, NATO və ABŞ Türkiyəyə Azərbaycanı qəfil təhlükədən qorumaq üçün nə dərəcədə mandat verib?

- Kifayətdir ki, ABŞ bunu etsin. ABŞ-ın Türkiyə ilə ikitərəfli hərbi müqaviləsi var. Ancaq Azərbaycanın buna nail olması üçün gərək Kerri də gəlib-getsin. Hələ Gürcüstanla da məsələlər mütləq şəkildə müəyyənləşməlidir. Saakaşvili olsaydı, bu, çox asan həll olunacaqdı. Təzə hökumətə nə dərəcədə etibar etmək olar, ya yox, ABŞ hökuməti bunu hələ özü üçün tam müəyyənləşdirməyib. Halbuki orda Alasani var, XİN və Müdafiə Nazirliyi kifayət qədər Qərbpərəstdir. Ancaq başqaları da var. Baş nazirin, İvanişvilinin mövqeyi vacibdir. Kerrinin aprel-may ayında bölgəyə gələcəyi deyilir. Onun Gürcüstan və Azərbaycana səfər etməsi, Ermənistana getməməsi mümkün görünmür. O halda erməni lobbisinin ürəyi partlayar. Hələlik Ermənistanın təhlükəsizliklə bağlı layihələrə qoşulmasından söhbət getmir. Sadəcə olaraq xəbərdarlıq edə bilərlər ki, rusun küyünə gedib sonra başınızı ağrıtmayın.

 

- Ermənistanın Gömrük İttifaqı ilə bağlı qərarından və Krımın Rusiyaya birləşməsinə səs verəndən sonra gözlənilən o idi ki, bu ölkəyə münasibət dəyişəcək. Amma yenə də işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgilənməkdədir.

- Kerri «907»- ci düzəlişin» müəllifi deyilmi? Özümüzü aldatmayaq. Hər bir halda onlar Ermənistanı təzyiq altında qoyan deyillər. Onları qorxudan odur ki, Rusiyanın küyü ilə ermənilər Qarabağ münaqişəsini yenidən hərbi müstəviyə keçirməsinlər, ya da Gürcüstanı arxadan, Cavaxetiya tərəfdən dağıtmasınlar.

 

- Moskvada Qarabağ danışıqları keçirildiyi saatlarda erməni ordusu işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirirdi. Bu, nə idi, erməni özbaşınalığı, yoxsa?..

- Ermənilər deyirlər ki, Krım məsələsində dəstək verməsi üçün Rusiya Ermənistana peyklər vasitəsilə çəkilən, Azərbaycan ordusunun hücuma hazır olduğu barədə faktları göstərib və onları vahiməyə gətirərək özünə dəstək verməyə vadar edib. İstisna etmirəm ki, ermənilər müəyyən mənada ehtiyatlanırlar. Azərbaycan doğrudan da bölgədəki qüvvələrini hazırlıqlı vəziyyətə gətirib. Bunların təlimləri alay səviyyəsində keçirilib. Hər halda onlar müdafiəni möhkəmləndirməkdə maraqlıdırlar.

 

- Prezidentlərin növbəti görüşü barədə razılaşma əldə edilib. Düşünmək olarmı ki, bu, sadəcə Qarabağ münaqişəsindəki gərginliyin hərbi müstəviyə keçməməsinə xidmət edir?

- Yada salın, 2008-ci ildən sonra Rusiya hamını sakitləşdirmək, özünün sülhə meylli olduğunu göstərmək üçün Mayindorf görüşünü təşkil etdi. Xeyli səy göstərdi ki, münaqişənin həlli ilə bağlı nəticə əldə olunsun. Düşünürəm ki, biz bunun təkrar olunmasını müşahidə edəcəyik. Azərbaycanın ABŞ, Türkiyədən məsafə saxlaması, onların təkliflərinə razılıq verməməsi üçün cəhdlər ediləcək. Rusiya özünü elə göstərəcək ki, sanki Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəfsiz vasitəçi kimi ciddi məşğul olur. Yəni mən yaxın zaman üçün hərbi təhlükəni görmürəm.

 

- Belə yanaşma da var ki, ən azı Rusiyanın çöküşünə qədər Qarabağ məsələsində hərb qərarını vermək olmaz. Siz necə düşünürsünüz? 

- Təbii ki, təhlükəlidir. Ən azı Türkiyə bizə «hə» deməmiş bu işə başlamaq olmaz. Rusiya təhlükəsini nəzərə almayıb bu işə getmək ağılsızlıq olardı. Söhbət təkcə ermənilərə arxadan kömək edilməsindən getmir. Deyək ki, sabah sənə ultimatum verir... Sənin bütün sərhədin, Xudatdan tutmuş Astaraya kimi, paytaxtın da daxil dəniz sahilindədir. Bizim donanmanın Rusiyaya qarşı çıxması mümkün deyil. Donanmanı da gördük, nə gündəymiş ki, onun keçmiş komandiri, qərargah rəisi cəzalandırıldı. Düzdür, bizim kifayət qədər normal qüvvələrimiz də var. Ancaq ən azı müttəfiqliyimizi möhkəmlənməyincə hansısa riskli addım atmaq olmaz. Bu mənada Rusiya tərəfindən yenə də təkliflər ortaya çıxacaqsa, bundan qaçmamalıyıq, bütün imkanları nəzərdən keçirtməliyik. Ancaq təbii ki, təhlükəsizliyimizi möhkəmləndirməklə bağlı ciddi iş görməliyik. 

 

- Azərbaycanda Rusiyanın «beşinci kolon»unun hərəkətə keçməsini müşahidə edirsinizmi?

- Hanı «beşinci kolon?» Orda cılız, 5-10 nəfərlik Kommunist Partiyası var, quyruq bulayırlar. Onların Azərbaycanda 5 qəpiklik nüfuzu varmı? Bu da çox vacib amildir ki, Rusiyanın Krımda «beşinci kolon»u olmasaydı, belə vəziyyət yaranmazdı. Oradakı hərbçilərin bir çoxu sovet ordusundan Ukrayna ordusuna keçmişdilər. Biz daxildə Rusiyaya ictimai rəylə oyun oynamağa imkan verməməliyik.

 

- Günün birində təhlükə qarşısında qalıb Rusiyanın Gömrük İttifaqı ilə bağlı təklifinə «hə» deməsi Azərbaycan üçün nə deməkdir?

- Gömrük İttifaqı elə də böyük bir şey deyil. Bundan daha çətin məsələlər ola bilər. İndi Qazaxıstan Gömrük İttifaqının üzvüdür, onun Azərbaycandan müstəqilliyi azdırmı? Yox. Söhbət Gömrük İttifaqından getmir. Rusiyanın daha uzaqgedən iddiaları var. Keçmiş Varşava paktı var idi, onu gündəliyə gətirirlər. Yəni bura mənim təsir dairəmdir. Avrasiya İttifaqı Gömrük İttifaqından daha uzağa gedən layihədir. Ancaq ona imkan, şərait olsa, bu layihəni gündəmə gətirəcəklər. Mənim düşüncəmə görə Rusiyanın buna gücü yoxdur. Hərdən deyirlər ki, 20-ci ildə bolşevik Rusiyası indiki Rusiyadan güclü idimi ki, imperiyanın böyük bir hissəsini qaytarmışdı?

Yaddan çıxartmaq lazım deyil ki, o dövrdə bu cür kommunikasiyalar yox idi, yaxud ortada superdövlət yox idi, müharibədən yorulmuş Antanta var idi. Ona görə vəziyyət başqadır. Zəruri şərait olmadığına görə Rusiya harasa girib oranı işğal etmək iqtidarında deyil. Ancaq biz düzgün siyasət aparmasaq, bizim ordumuz, donanmamız, hava qüvvələrimiz müqavimət göstərmək iqtidarında olmasa, necə ki, bu, Ukraynada baş verdi, maliyyəmiz dağınız şəkildə olsa, kobud səhvlər nəticəsində daxildə çaxnaşma yaransa, təbii Rusiya ondan öz xeyrinə istifadə edəcək.

 

- Azərbaycanda sovet dövrünə həsəd aparanların faizi nə qədərdir?

- «Gellap» sorğu keçirib. Postsovet məkanında təkcə iki ölkədə əhalinin əksəriyyətinin sovet dövrü ilə bağlı nostalgiyasının olmaması məlum olub: biri Qazaxıstan, digəri Azərbaycan. Mən də o vaxt sorğular keçirirdim, sovet dövrü ilə bağlı nostalgiya daim aşağı düşürdü və 10-15 faiz arasında idi. Azərbaycanda sovetə meyllilik yoxdur. Vaxt var idi Azərbaycanda əhalinin 16 faizi rus və ruslara yaxın millətlər idi. İndi ölkədə rus əhali 1,5 faizdir. Vaxt var idi Azərbaycan ərazisində 4-ci ordunun 4 diviziyası, 1 desant diviziyası, donanma var idi və PVO dairəsi Azərbaycanda idi. Burada üst-üstə 70 mindən çox əsgər yerləşirdi. Biz keçən il sonuncu Qəbələ RLS-dəki əsgərləri də yola saldıq. Vaxt var idi iqtisadi dövriyyəmizin 85 faizi Rusiyaya bağlı idi. İndi Rusiyanın burdakı payı 7-8 faizdir. Bu, Gürcüstanda da eyni vəziyyətdir. Ermənistanda təbii ki, nisbətən daha çoxdur. Vaxt var idi ki, Rusiya Türkiyədən əhali baxımından 1-ə 10 böyük idi, iqtisadi baxımdan isə 1-ə 20. İndi Türkiyə Rusiya iqtisadiyyatının 60 faizini təşkil edir, əhalisi də 60-70 faiz həddədir. Yəni Türkiyə inkişaf edir, Rusiya isə o tənəzzüldən çıxa bilmir. Bu dəyişiklikləri Azərbaycanın müstəqilliyini möhkəmlətməsinə işləyir. Sadəcə olaraq səhvə yol vermək olmaz və inkişaf tempini saxlamaq lazımdır. Mənim fikrimcə, Rusiya Cənubi Qafqazdan gedir... («Yeni Müsavat»)