vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
10:28 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 2604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhbəsdən icra başçısına «zəhərli» məktub

Həbsdəki iş adamı Goranboyun başçısı Nizaməddin Quliyevə güllə kimi sözlər yağdırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslən Goranboy rayonundan olan tanınmış iş adamı Müqayis Verdiyev bir ildən artıqdır ki, həbsdədir. İş adamının özü və yaxınları iddia edirlər ki, onun həbsini Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev sifariş edib. İH başçısı indiyə qədər bu barədə deyilənləri inkar edirdi. Amma M.Verdiyevin yaxınları ötən həftə mətbuatda icra başçısının bir məktubunu yaydılar. Həmin məktubda N.Quliyev öz imzası ilə Baş Prokurorluğa müraciət edib. İH başçısı prokurorluğa ünvanladığı məktubda M.Verdiyevin dövlətə və hökumətə təhlükəli biri olduğu göstərilir və onun barəsində cinayət işinin qaldırılmasını istəyir. Bu məktubdan az sonra isə iş adamı həbs edilir.

M.Verdiyev Nizaməddin Quliyevə türmədən məktub yazıb. İş adamının yaxınları tərəfindən redaksiyamıza göndərilən məktubda deyilir: »İndiyə qədər deyirdin (Nizaməddin Quliyevi nəzərdə tutur-red.) ki, həbsimdə sənin heç bir rolun yoxdur. Amma əlimizdəki inkarolunmaz faktlar sübut edir ki, üzdə bir, arxada başqa işlər görmüsən. Üstəlik, sən və müavinin Baxış Abdullayev mütəmadi olaraq istintaqın gedişatı ilə maraqlanmaqla yanaşı, bu işlə məşğul olan yerli qurumlara da təzyiqlər edirsiniz. Baş Prokurorluğa ünvanladığın xahişdən də aydın görünür ki, təpədən dırnağa böhtan və şərlə dolu iddialar ortaya atmısan. Baş Prokurorluğa göndərdiyin imzalı, möhürlü məktubundan da açıq şəkildə görünür ki, mənə qarşı düşmən mövqe tutmusan. Amma mən bu düşmənçiliyin haradan və niyə qaynaqlandığını hələ də bilmirəm. Çünki sənə qarşı zərrə qədər pisliyim olmayıb». 

İş adamı daha sonra qeyd edir ki, barəsində qaldırılmış qondarma cinayət işindəki epizodlardan biri fəhlələrə əmək haqlarını verməməsi ilə bağlıdır: «Bunu sən də yaxşı bilirsən ki, yazdığın təpədən-dırnağa yalandır. Ona görə ki, mənim rəhbərim olduğum şirkətdə işləyən 27 fəhlənin əmək haqqı qəpiyinə qədər ödənilib. Bunu onların özləri də notarial qaydada imzaladıqları sənədlə təsdiq ediblər. Həmin zavalı fəhlələrdən 2-3 nəfər bayram ərəfəsində İcra Hakimiyyətinə gələrək, sizdən 50 manat yolpulu istəyiblər. Onu da verməmisiniz, sonra da haray-həşir salmısız ki, guya, mən rayonda iğtişaş törətmək istəmişəm. Axı, niyə iğtişaş törədəydim? 

Vaxtı ilə Ümummilli Lider Heydər Əliyevə qarşı qiyam edənlərin qarşısında duranda, Nizaməddin Quliyev, sənin harada olduğun məlum deyildi. Gəncədə dövlət çevrilişi edən Surət Hüseynovun qarşısına çıxanlardan biri mən olmuşam. Həmin vaxt cənab Prezidentimiz Heydər Əliyevin təyin etdiyi icra başçısına iş otağı və xidməti maşın vermişəm. Dövlətimi, hakimiyyətimi qoruyan bir halda, niyə iğtişaş törətməliydim? Halbuki həmin vaxt əlimdə imkan var idi ki, hakimiyyətə qarşı çıxım. Amma mən həmişə dövlətimə, onun başçısına sədaqətli olmuşam və bundan sonra da belə olacaq. Bəlkə, camaat sənin törətdiyin əməllərdən bezərək ayağa qalxırmışlar ki, bunu da mənim boynuma yıxırsan».

M.Verdiyev daha sonra icra başçısının ona böhtan atmasını təsdiq edən digər dəlillər gətirir: «İddia edirsən ki, «Fəqan Xidmət» MMC ilə sənin heç bir əlaqən yoxdur. Oğlun Ramalın da ona rəhbərlik etdiyini inkar edirsən. Bəs o zaman Goranboyda görülən işlərin müqabilində mən Müqayis Verdiyevin «Fəqan Xidmət» olaraq, oğlun Ramal Quliyevdən, müavinin Baxış Abdullayevdən və sürücündən niyə alırdım? Madam sizin bu işdən xəbəriniz yox idisə və tenderi «Fəqan Xidmət» MMC udmuşdusa, o zaman bu şirkətin yerinə pulları mənə siz niyə verirdiniz? Özü də əksər hallarda ya Baxışın otağında, ya da elə sənin otağında. Üstəlik, «Fəqan Xidmət»lə aramızda olan haqq-hesabları da Baxış Abdullayev aparırdı ki, o da sizin müavininizdir. Aydın məsələdir ki, bu MMC-ni məqsədli şəkildə yaratmısınız və həqiqətən də onu oğlunuz idarə edir. Sadəcə, quyruğunuz qapı dalında qalan kimi, hər şeyi boynunuzdan atmısınız». 

İş adamı yazır ki, ortada başına gətirilən oyunların səbəbi Nizaməddin Quliyevin yediyi pulları ört-basdır etməsidir. «Oturub üz-üzə hesab kitab edərsək, sənin mənə borclu çıxacağın şübhəsizdir. Çünki mən üzərimə düşən bütün işləri görmüşəm, amma sən işin qarşılığı olaraq vəsaiti ödəməmisən. Təbii ki, mən sənin vəziyyətini anlayıram. Oğlun Ramal bir dəfə «Kapital Bank»ın Mingəçevir filialına rəhbərlik edərkən, səni 500 min manat ziyana salıb. Sonra da rayona ayrılmış pulların bir hissəsini eyş-işrətə sərf edib. Sən o Nizaməddin Quliyevsən ki, mənim qarşımda az qala ağlayıb deyirdin ki, oğlun Ramal başına müsibətlər açır və qarşısını da ala bilmirsən. İndi həmin pulların hesabını vermək lazım gəlib və belə olanda sudan quru çıxmaq üçün məni günahkar elən etmisən. Sadəcə bir şeyi anlamamısan ki, oğurluqla yalanın ömrü 40 gün çəkər. Necə ki, yaxın günlərdə bütün yalanların, sənə etimad göstərən hakimiyyəti necə aldatdığın üzə çıxacaq». 

İş adamı kimi, rayonun abadlaşmasında yaxından iştirak etdiyini, öz şəxsi vəsaiti hesabına bir çox işlər gördüyünü də vurğulayan həbsdəki iş adamı Nizaməddin Quliyevi qeyri-səmimilikdə və yalançılıqda ittiham edib. «Sən həmin Nizaməddin Quliyevsən ki, bir zamanlar mənə təriflər deyirdin. Deyirdin ki, Müqayis olmasaydı, mən yetim uşaq kimi ortalıqda qalardım. Mən həmin adamam ki, təmənnasız şəkildə Heydər Əliyevin nəhəng portretləri ilə rayonu bəzəyəndə az qalırdın uşaq kimi atılıb düşəsən. Mən həmin iş adamıyam ki, Goranboyun girişindəki keçid qapısını təmənnasız yüksək səviyyədə inşa edib, sənin ixtiyarına vermişəm. Rayonun mərkəzindəki «tülpan»ları alıb, sənə hədiyyə eləmişəm. Tonlarla sementi, yüz kvadrat metrlərlə üzlük daşları da sənin ixtiyarına vermişəm və heç bir təmənna güdməmişəm. Hələ sənə etdiyim digər yaxşılıqları demirəm. Bütün bunları etdiyim halda, mənə qarşı bu qədər böhtan atmağını nə Allah götürər, nə də bəndə». 

Müqayis Verdiyev daha sonra bir sıra xatırlatmalar da edib. «İndiyə qədər mən Kürdəmir, İmişli və daha bir neçə rayonda abadlıq və quruculuq işlərində iştirak etmişəm. Bu rayonların hər birində işlər ən yüksək səviyyədə həyata keçirilib. Hətta Yevlax və İmişlidə apardığımız tikinti işlərinə görə, cənab Prezidentimiz İlham Əliyev mənə təşəkkür edib. İndi sual verirəm, necə olur ki, bunca rayonlarda heç bir problem yaşanmır, amma məhz doğulduğum rayonda tam tərsi baş verir? Və bütün bunların hamısı da məhz sənin və oğlunun acgözlüyü və yalançılığı səbəbindən baş qaldırır. Madam, mən «fəhlənin haqqını yeyən», «iğtişaş törədən» biri idimsə, o zaman bunu digər rayonlarda niyə etmirdim? Həmin rayonlarda niyə məndən bir dəfə də olsun narazılıq edən olmadı? Əksinə, hamısı bu gün də məni hörmətlə, ehtiramla yada salırlar. Demək ki, problemin baiskarı sənsən və məqsədin də özünün çirkin niyyətlərini ört-basdır etməkdir». 

İş adamı sonra yazır: «Prezident İlham Əliyev bu yaxınlarda keçirdiyi müşavirələrindən birində bəyan etmişdi ki, bəzi rayonlarda sahibkarları incidirlər, onlara iş gördürəndən sonra pullarını vermirlər. Və ardından xəbərdarlıq da etmişdi ki, bu işləri görən məmurları cəzalandıracaq. Eyni zamanda, cənab Prezident onu da bəyan etmişdi ki, XALQIN XİDMƏTÇİSİdir. Və bütün məmurlar da ondan nümunə götürməlidirlər. Sən Nizaməddin Quliyevi həmin vəzifəyə Prezident təyin edib və Cənab İlham Əliyevin tələbi ortadadır. Bəs niyə hörmətli Prezidentimizin tapşırıqlarına əməl etməyib, onun tövsiyələrini dinləmirsən?! Sən niyə Prezident kimi sahibkarlara dəstək olmaq əvəzinə, onları incitmək, üstəlik, həbsə atdırmaqla məşğulsan? Sən niyə sənə etimad göstərmiş Prezident kimi, xalqın xidmətçisi yox, onun ağası olmağa cəhd edirsən?!» 

M.Verdiyev sonda Prezident İlham Əliyevə müraciət edərək, onun baş verənlərə müdaxilə etməsini xahiş edib: «Cənab Prezident, mən hər zaman Sizi dəstəkləmişəm və bundan sonra da mövqeyimdə zərrə qədər dəyişiklik olmayacaq. Sizə müraciət edərək xahiş edirəm ki, başıma gətirilən bu haqsız işi nəzarətinizə götürüb, konkret göstəriş verəsiniz. Mən Sizin necə ədalətli insan və dövlət başçısı olmağınızı yaxşı bilirəm. Ona görə də, əminəm ki, mənim haqq səsimi eşidib, öz köməkliyinizi göstərəcəksiniz».

P.S.: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (musavat.com)