vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
09:12 | 18 aprel 2014 | Cümə Məqaləyə 1718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mer xaosu aradan qaldıra biləcəkmi?

Üç aydır maaş almayan avtobus sürücüləri «BakuBus»un yaradılmasına sevinir; əmək haqları artırıla, olimpiya oyunlarına görə yeni avtobuslar gətirilə bilər

E.SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Üç aydır maaş ala bilmirik. Bəlkə bundan sonra vəziyyət düzələr, vaxtı-vaxtında əmək haqlarını verərlər. Canımızı boğazımıza yığmışdılar. Allah eləsin ki, bu müfəttişlərdən də canımız qurtarsın. Maaş ala bilmirik. Heç bilmirik necə olacaq». Bu giley-güzarı edən paytaxtın «Xalqlar Dostluğu» - «Komsomol dairəsi» istiqamətində hərəkət edən 23 saylı marşrut xəttində işləyən sürücü Kamaldır.

Onun sözlərinə görə, sərnişindaşımanın Nəqliyyat Nazirliyindən alınması sürücülər üçün şad xəbərdir. Şofer danışır ki, sürücülər maaşların verilməsini, əmək haqlarının artırılmasını gözləyirlər. Həmçinin Nəqliyyat Departamenti müfəttişlərinin özbaşına hərəkətlərinə, qeyri-qanunu xərac yığımına son qoyulacağına ümid yaranıb.

Sürücü Kamal deyir ki, əgər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onların əmək haqlarının artırılması işində müsbət addımlar atsa, daha yaxşı olar.

«28 May» - Bakıxanov üzrə hərəkət edən 49 nömrəli marşrutda işləyən sürücü Vaqifin gözləntisi isə maaş artımından əlavə yeni avtobusların gətiriləcəyidir.

Onun dediyinə görə, BŞİH şəhərə yeni avtobuslar buraxacaq. Köhnə marşrutlar xətdən çıxarılacaq, bəzi marşrut xətlərində qrafik və nömrə dəyişikliyi ediləcək. Sürücünün sözlərinə görə, avtobuslarda kart sisteminə keçid reallaşacaq: «Sürücülərin istəyi dolanışıqdır, bir də müfəttişlərin aldığı rüşvəti yığışdırmaqdır. Hər gün bizdən 1-2 manat rüşvət alırlar. Deyirlər ki, siqaret çəkirsən, geyim-keçimin səliqəsizdir, avtobus dayanacağından kənarda saxlayırsan. Heç birinin də əsası yoxdur. Nahaq yerə bizdən hər gün rüşvət yığırlar. Ona görə indi kart sistemi bizə sərf etmir. Gərək maaşlarımız artsın, sonra karta keçsinlər».

«Koroğlu» metrosu - Buzovna istiqamətində işləyən 136 saylı marşrutun sürücüsü Firdovsi ümid edir ki, tıxaclar aradan qalxacaq, interval problemi həll olunacaq, təzə gətiriləcək avtobuslardan istifadə edəcəklər:

«Nəqliyyat Nazirliyi Koreyadan avtobuslar gətirdi. Sonra çoxunu qəhətə çıxardılar. Heç bilinmədi ki, həmin avtobusları neylədilər. Bəlkə də pulunu yedilər. Bu qədər vaxt ərzində nazirlik ictimai nəqliyyat sistemini iflic edib. Təmiz xaosdur, qardaş. İndən belə o qədər iş görülməlidir ki, nisbətən vəziyyət yaxşılaşsın».

Sürücülər deyirlər ki, marşrutların qeyri-rəsmi olaraq «Transqeyt» şirkətinə verilməsi bu sahədəki problemləri daha da ağırlaşdırıb. Sürücülük hüququ olmayanlar, sürücü vəsiqəsi almadan avtobus sürənlərin sayı artmağa başlayıb.

Bakı meriyasının sərnişindaşımada hansı işləri görə biləcəyini sadalayan sürücülərin ehtimalına görə, nəzarət paytaxtın rayon icra hakimiyyətlərinə həvalə olunacaq: «Hacıbala Abutalıbov da onlardan hesabat tələb edəcək. «Transqeyt» nəinki rayonları, heç Bakıdakı marşrutları yığıb-yığışdıra bilmir. Əgər marşrutlar rayon icra hakimiyyəti orqanlarına verilsə, əvvəlki kimi sahibkarlara tapşırılar. Hər sahibkar bir marşrutu işlədəndə nəzarət güclü olar. «Transqeyt» əksər marşrutlara rəhbərlik etdiyindən bu şirkətə rəqib yoxdur. Bütün sahəni monopoliyaya almışdılar.

Bu şirkətin əlindən bir şirkət gələ bilmir marşrut sahəsinə. Düzdür, hələ Bakı meriyasında sərnişindaşıma üzrə strukturlaşma prosesi gedir. Hələlik Nəqliyyat Departamenti yenə də ictimai nəqliyyata nəzarət edir. Gözləyirik, görək necə olacaq. Bizə əsas lazımdır ki, maaşlar artırılsın».

Sürücülər isə iritutumlu avtobusların texniki keyfiyyət göstəricilərinin aşağı olmasından gileylənirlər. Rəyini öyrəndiyimiz sürücülər bildirirlər ki, əksəriyyəti Koreya istehsalı olan bu avtobusların mühərriklərindəki cihaz və qurğuların çoxu dözümsüz və qeyri-standartdır.

Hətta bu cihaz və qurğular arasında düzgün quraşdırılmayanlar da var. Bu isə avtobuslarda əyləc sisteminin, mühərrikdəki elektrik yükünü tənzimləyən relenin tez-tez sıradan çıxmasına səbəb olur.

Halbuki sərnişindaşıma xidməti göstərən avtobusların hamısı hər gün qarajlarda və texniki qulluq məntəqələrində yoxlanışdan keçməli, mühərrik sistemi bütünlüklə mexanik tərəfindən yoxlanmalıdır. Həmçinin sürücülər özləri də tibbi müayinədən keçməli, həkimin rəyi müsbət olduğu halda hər bir sürücüyə yol vərəqəsi verilməli və yalnız bundan sonra avtobuslar xəttə buraxılmalıdır.

BŞİH-in mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova «Yeni Müsavat»a bildirdi ki, hələlik strukturlaşma prosesi gedir: «Nəqliyyat Nazirliyi ilə birlikdə hazırlıq işləri gedir. Hələ bir ay vaxt verilib. Söhbət 200 avtobusdan gedir. Strukturlaşmadan sonra hər şey məlum olacaq. Bizə tapşırıqlar verilib və nazirliklə bir yerdə işləyirik». N.Mərdanova ictimai nəqliyyata nəzarətin hər bir rayon icra hakimiyyətinə həvalə olunmayacağını dedi.

Nəqliyyat Nazirliyi mətbuat xidməti rəhbəri Namiq Həsənov isə hələ ötən ay açıqlayıb ki, Avropa Olimpiya Oyunlarına qədər yüksək komfortlu avtobuslar gətiriləcək. Xüsusən qəsəbələrə gedən istiqamətlərdə yeni avtobuslara ehtiyac var.

Yada salaq ki, Nazirlər Kabineti BŞİH-in tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus «BakuBus» MMC yaradılması haqda qərar verib. Cəmiyyətə Ehtiyat Fonddan 30 milyon manat məbləğində vəsait ayrılacaq. («Yeni Müsavat»)