Əli Həsənov problemlərdən yazdı
Ekoloji təhlükəsizliyimizi necə qoruyaq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Araza nəzarəti ələ keçirə bilər”
İranın Zəngəzur dəhlizi və “Böyük Azərbaycan” dərdi
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
... Qaldı dibi...
Xəzərin statusu müəyyənləşdi ...
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun «Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti» məqalə yazıb. «Vaxt.az» həmin məqaləni təqdim edir:
Son yüzillikdə dünyada elmi-texniki tərəqqinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə təsirinin artmasına və təbiətin həddən artıq istismarına səbəb olmuşdur. Müasir dövrdə Yer kürəsində iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirkləndirilməsi və s. dünyada qlobal ekoloji problemlərin yaranmasına, müxtəlif xəstəliklərin geniş yayılmasına səbəb olmuşdur. Vaxtında həllini tapa bilməyən və kiçik bir təbiət hadisəsi kimi izah olunan bəzi ekoloji problemlər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilmişdir.
Ekoloji təhlükəsizliyin təmin edilməsi hər bir dövlət üçün öz ərazisində və onun ətrafında təhlükəli ekoloji vəziyyətlərin qarşısının alınması, onların mənfi nəticələrinin maksimum aradan qaldırılması üzrə milli tədbirlər sisteminin yaradılması və həyata keçirilməsini ehtiva edir. Ekoloji təhlükəsizlik yalnız milli fəaliyyət deyil, qlobal geosiyasi məsələ olduğundan, onun əhatə dairəsi ayrıca götürülmüş bir ölkənin ərazisi, lokal strukturlar və yerli səviyyəli fəaliyyətlə məhdudlaşmır. Müasir dünya siyasətinin prinsiplərinə görə, bir ölkənin yaxud regionun iqtisadi-texniki inkişafı, digər dövlətlərin və bütövlükdə Yer kürəsinin ekoloji vəziyyətinin pisləşməsi hesabına təmin oluna bilməz. Belə hal bilavasitə beynəlxalq hüquq normalarına ziddir.
Azərbaycanın ekoloji vəziyyətinə gəldikdə, qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrü (1918-1920-ci illər) istisna olmaqla, XX əsrin sonlarınadək bu ölkənin əraziləri və təbii qaynaqlarının istismarı, xüsusən də neft sənayesi sahəsi əsasən xarici dövlətlərin və iş adamlarının əlində olmuşdur. 1920-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın neft-qaz sənayesinin inkişafı SSRİ-nin ittifaq strukturlarının birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. İttifaq miqyasında bu işə səthi yanaşılması ucbatından ölkə ərazisi, xüsusən Bakı şəhəri və Abşeron yarımadası bir sıra ciddi ekoloji problemlərlə üz-üzə qalmışdır. Müasir dövrdə Azərbaycanın yaşadığı əsas ekoloji problemlərin çoxu da məhz keçmiş SSRİ-nin enerji ehtiyaclarına uyğun olaraq, uzun müddət Abşeron yarımadasında, Xəzər dənizi və sahil ərazilərdə heç bir ekoloji tələb və nəticələr nəzərə alınmadan həyata keçirilmiş neft-qaz hasilatının acı nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Bakı və Abşeronun neft hasilatı və yanacaq-enerji kompleksinin qurulması ətraf mühitin çirklənməsinin əsas mənbəyi kimi çıxış etmişdir. Bu sahədə ən mühüm ekoloji problem ənənəvi neft çıxarılan ərazilərdə ətraf mühitin neft və neft məhsulları ilə çirklənməsi məsələsi olmuşdur. On illərlə həm ölkənin təbii ehtiyatları, neft məhsulları, faydalı yataqları, çayları, gölləri, torpağı, meşə örtükləri, flora-faunası və s. SSRİ-nin ittifaq nazirlikləri tərəfindən ekoloji nəticələr nəzərə alınmadan, vəhşicəsinə istismar edilmişdir, həm də onun ekologiyasına aradan qaldırılması çox çətin olan zərbələr vurulmuşdur.
SSRİ-nin dağılmasından sonra digər postsovet ölkələri kimi, Azərbaycan da ekoloji təhlükəsizliyinin qeydinə qalmaq, məxsusi milli ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və mühafizəsi ilə bağlı ekoloji siyasət formalaşdırmaq və həyata keçirmək zərurəti ilə üzləşdi. İlk dövrdə məlum iqtisadi, siyasi və sosial böhranla əlaqədar ölkə rəhbərliyi ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi işlər görə bilməsə də, 1990-cı illərin sonundan başlayaraq, Azərbaycan özünün ekoloji təhlükəsizlik siyasətini formalaşdırmağa başladı. Bu sahənin işi tezliklə ölkənin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biri kimi dəyərləndirilərək, dövlət siyasəti səviyyəsinə qaldırıldı və ekologiya sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlandı.
«Ekoloji təhlükəsizlik haqqında» Qanunda Azərbaycanın ekoloji təhlükəsizlik siyasətinin əsas məqsədi - insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havasını, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq kimi xarakterizə edilmişdir.
Bu qanunda və sonrakı dövrdə qəbul olunmuş ekoloji tədbirlər haqqında milli fəaliyyət proqramında Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir:
• ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi;
• ekoloji təhlükəsizliyi ümumdünya, regional və yerli səviyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
• biosferin və onun bütün komponentlərinin qorunub saxlanılması və ekoloji cəhətdən təhlükəsiz şəraitin yaradılması;
• ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan ekoloji fəaliyyətinin təmin edilməsi;
• təhlükəli və fövqəladə ekoloji vəziyyətlərin qarşısının alınması, bununla bağlı tədbirlər planının hazırlanması və ardıcıl həyata keçirilməsi;
• ətraf mühitə mənfi təsir edən təsərrüfat və digər fəaliyyət növlərinə nəzarət olunması və s.
Ekoloji təhlükəsizliyin təmin olunması Azərbaycan dövlətinin və müvafiq strukturların qarşısında bir çox cari və strateji vəzifələrin həlli məsələsini qoymuşdur. Bunların sırasına aşağıdakılar daxildir:
• təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;
• təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;
• ekoloji təhlükəsizliklə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək;
• ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;
• ekoloji təhlükəsizliklə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s.
Azərbaycanın müstəqillik illərində formalaşdırdığı ekoloji təhlükəsizlik siyasətinin əsas istiqamətlərini respublika ərazisində ekoloji vəziyyətin sağlamlaşdırılması, su ehtiyatlarının çirklənməsinin və torpaqların aşınmasının qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye və məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. təşkil edir.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ekoloji təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biri
hesab olunur. Xüsusən, ətraf mühitin antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunması ölkənin ekoloji təhlükəsizlik siyasəti ilə sıx şəkildə bağlıdır. Lakin bu sahədə uzun illərdən bəri yığılıb qalmış problemləri yalnız ölkənin daxili imkanları hesabına qısa müddətdə həll etmək çox çətindir. Buna görə də ətraf mühitin mühafizəsi işində Azərbaycan hökuməti beynəlxalq, regional, ikitərəfli və çoxtərəfli dövlətlərarası əməkdaşlığın imkanlarından, qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində həyata keçirilən tədbirlərdən və digər vasitələrdən geniş istifadə edir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün beynəlxalq konvensiyalara qoşulmaqla, hər bir ölkə həm beynəlxalq tələblərə əməl etmək öhdəliyi götürür, həm də ekoloji siyasətini təmin etmək istiqamətində ciddi beynəlxalq dəstək qazanır. İndiyədək Azərbaycan Respublikası ekologiya sahəsində 20-dək beynəlxalq konvensiyaya qoşulmuş və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlara cavab verən milli qanunvericilik sistemi yaratmışdır.
Ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran əsas vəzifələrdən biri də Abşeron yarımadasının antropogen təsirlər nəticəsində çirklənmiş ərazilərinin təmizlənməsidir. Abşeronda belə ərazilərin ümumi sahəsi 33,3 min hektardır. Bunun da 10,6 min hektarı neft və neft məhsulları ilə çirklənməyə məruz qalmışdır. Bundan başqa, yarımadada 3325 hektar ərazini əhatə edən, tullantı və lay suları ilə çirklənmiş 200-ə qədər göl və gölməçə mövcuddur.
Ölkə əhalisinin 1/3-nin yaşadığı Bakı şəhəri və Abşeron yarımadasını illərlə toplanmış neft, istehsalat və məişət tullantılarından təmizləmək, ölkənin yanacaq-enerji və sənaye kompleksinin, məişət tullantılarının ətraf mühitə mənfi təsirini məhdudlaşdırmaq, şəhər təsərrüfatını və ətraf aləmin mühafizəsini Avropanın ekoloji normalarına yaxınlaşdırmaq vəzifəsi ölkənin ekologiya sahəsində həyata keçirdiyi ən önəmli layihələrdən biri olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Bakı və Abşeron yarımadasında «İllər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq». Son illər bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün dövlət səviyyəsində çox ciddi və bahalı ekoloji təmizlik layihələri həyata keçirilir, neftçıxarmada, neft-qaz və digər sənaye sahələrində ekoloji baxımdan səmərəli və təhlükəsiz istehsal texnologiyaları tətbiq olunur, enerji sektoruna və şəhər təsərrüfatına yönəlmiş investisiya layihələrində ekoloji məsələlərin qoyuluşuna xüsusi diqqət yetirilir.
Bütün ölkə ərazisində, xüsusən Bakı və digər sənaye şəhərlərində dövlət ekoloji ekspertiza sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı»na uyğun olaraq, Abşeron yarımadasında və ölkənin digər ərazilərində neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərinə 2007-ci ildən başlanılmış və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, «Bibi Heybət» zonasında 190 hektar torpaq sahəsi bərpa edilmiş və həmin ərazidə yaşıllıqlar salınmışdır. Neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində Suraxanı və Balaxanı ərazilərində də müəyyən işlər görülmüşdür.
Bundan başqa, «Böyük Şor gölünün təmizlənməsi, abadlaşdırılması və şəhər əhalisi üçün istirahət zonası kimi istifadə edilməsinə dair Konsepsiya» və gölün abadlaşdırılması istiqamətində pilot layihə hazırlanmışdır. Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması layihəsi də tərtib edilmişdir. Bu sahədə görülən işlərin səmərəliliyini artırmaq məqsədilə son zamanlar ölkə ərazisində bir çox işlər planlaşdırılmış və həyata keçirilməkdədir. Onların sırasında təhlükəli tullantıların ətraf mühitə zərərli təsirinin qarşısının alınmasına dair qanunvericiliyə əlavə və dəyişikliyin edilməsini, Gəncə şəhərində təhlükəli tullantılar meydançasının inşasını və mövcud tullantı yerlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasını qeyd etmək olar.
Azərbaycanda ekoloji təhlükəsizlik siyasətinin mühüm vəzifələrindən birini də SSRİ dövründən respublikanın sənaye müəssisələri ərazilərində yığılıb qalmış təhlükəli istehsal tullantılarının zərərsizləşdirilməsi təşkil edir. Bu tullantıların və istehsal qalıqlarının miqdarı və saxlanılma şəraiti ekoloji norma və standartlara cavab vermir, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi hesab olunur. Yaranmış vəziyyətin aradan qaldırılması üçün əsasən Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli istehsalat tullantıları Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzə daşınaraq basdırılır. O cümlədən, Sumqayıtda ətraf mühitin ciddi çirklənməsinə səbəb olan 287 min ton civə tərkibli toksiki tullantıların bir neçə il ərzində təhlükəli tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi prosesi 2009-cu ildə başa çatdırılmışdır.
Azərbaycanın şirin su ehtiyatlarının qorunması və səmərəli istifadəsi ekoloji təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biridir. Məlum olduğu kimi, Azərbaycanın istifadə etdiyi Kür, Araz, Samur və s. çaylardakı şirin su ehtiyatlarının böyük həcmi (70%) qonşu ölkələrdə - respublika sərhədlərindən kənarda formalaşır. Azərbaycan Respublikası ərazisinin ¾ hissəsi Kür çayının hövzəsinə düşür. Bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir. Qonşu dövlətlər tərəfindən təmizlənməmiş tullantı sularının Kür və Araz çaylarına axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə mənfi təsir edir. Belə ki, məsələn, Kür çayının suyunda mis, sink, fenol və neft məhsullarının qatılığı bəzi hallarda normadan 10 dəfələrlə çox olur. Ermənistan və Gürcüstan dövlətlərinin ərazilərindəki su mənbələrinin mövcud kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması Kür və Araz çaylarının çirklənməsinə səbəb olur. Bu da Azərbaycan əhalisinin içməli su ilə təmin olunmasında ciddi və təhlükəli problemlər yaradır.
Eyni zamanda, Cənubi Qafqaz regionunun həm ətraf mühitinə, həm də içməli su ehtiyatlarına Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası ciddi təhlükə törədir. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında ətraf mühitin qəsdən çirkləndirilməsi, münbit torpaqların aşınması, təbii ehtiyatlardan səmərəsiz istifadə, sənaye və məişət tullantılarının emal olunmadan çaylara axıdılması, ekosistemin məhv edilməsi, ərazilərin flora-faunasının talan edilməsi və səhraya çevrilməsi, genişmiqyaslı yanğınların törədilməsi və s. də ətraf mühitə, bölgənin su ehtiyatlarına, Azərbaycana axan çayların su mənbələrinə ciddi problem yaradır.
Azərbaycan Respublikasının şirin su ehtiyatlarına bir çox yerli təhdidlər də mövcuddur. Bunların sırasında ölkə daxilində su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsini, içməli su ehtiyatlarının keyfiyyətinin pisləşməsi və antisanitariya hallarının mövcudluğunu, sel və daşqınların intensivliyinin və gücünün artması nəticəsində ölkənin içməli su təsərrüfatında yaranan problemləri, dağ buzlarının əriməsi və bununla əlaqədar bulaqların qurumasını, qrunt sularının səviyyəsinin qalxmasını və s. aid etmək olar.
Son zamanlar əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatına dair Azərbaycan Prezidentinin sərəncam və göstərişləri çərçivəsində təmiz suya ehtiyacı olan yaşayış məntəqələri mərkəzləşmiş şəkildə təhlükəsiz içməli su ilə təmin edilmişdir. 12 rayonun 122-dən çox kəndində başa çatdırılmış işlər nəticəsində indiyədək 224 min nəfər əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bunun üçün 1300-ə qədər supaylayıcı məntəqə, 600 kilometrdən çox su xətti inşa edilmişdir.
Ekoloji təhlükəsizlik sahəsində Azərbaycanda ciddi narahatlıq doğuran məsələlərdən biri də ildən-ilə Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsidir. Mütəxəssislərin fikrincə, Xəzər dənizinin ekoloji vəziyyətinə mənfi təsir göstərən və onun çirklənmə mənbəyi hesab olunan dörd əsas amil mövcuddur. Bunlar: 1) Xəzər dənizində həyata keçirilən sənaye fəaliyyəti; 2) Sahil zonasında reallaşdırılan işlər və onların dənizə təsiri; 3) Suyun qalxması nəticəsində dənizkənarı sahələrin su altında qalması; 4) Xəzərə daxil olan suların və çayların həddən artıq çirklənməsindən ibarətdir.
Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsi dənizin bioehtiyatlarının məhvinə, dənizətrafı təbii və antropogen ekosistemin pozulmasına, ərazidə yaşayan əhalinin sağlamlığının və həyat tərzinin pisləşməsinə, dənizin hədsiz dərəcədə çirklənməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, hələ 1992-ci ildə - SSRİ dağılandan sonra Xəzər dənizinin çirklənməsinin qarşısını almaq və bioehtiyatlarını qorumaq məqsədilə Rusiya ərazisindən dənizə axan Volqa və Terek çaylarının hövzəsi həmin ölkənin müvafiq dövlət qurumları tərəfindən «ekoloji fəlakət zonası» elan edilmiş, ərazinin ekoloji cəhətdən təmizlənməsi proqramı tərtib olunmuşdur. Proqramda xüsusi qeyd olunurdu ki, həddən artıq çirkləndirilmiş Volqa çayı Xəzəri ən çox çirkləndirən fəlakət mənbəyidir.
Xəzər dənizinin çirklənməsinə mənfi təsir göstərən əsas amillərdən biri də neft daşıyan tankerlər, bərə, barj və s. nəqliyyat vasitələridir. Mütəxəssislərin fikrincə, neft daşımalarında istifadə edilən tankerlərin geriyə hərəkəti zamanı başqa dənizlərdən öz boş çənlərinə doldurduqları suyu qayıdarkən Xəzərə boşaltmaları yad mikroorqanizmlərin dənizin suyuna daxil olmasına və onun bioehtiyatlarının məhvinə səbəb olur. Bundan başqa, dənizdə neft məhsullarının qalıqlarının suya buraxılması nəticəsində suyun xüsusi bioloji çirklənməsi də baş verir. Qeyd etmək lazımdır ki, Xəzər dənizində dünyanın nadir bioehtiyatlarının qorunması ilə sənaye potensialının istifadəsi arasında həmişə ziddiyyətli bir vəziyyət mövcud olmuşdur. Məsələ ondadır ki, dənizə axıdılan şirin sulu çay mənbələrinin yaratdığı və dənizdə yaşayan 23 növ nadir balığın yaşaması üçün lazım olan hidrokimyəvi tərkib neft və qaz sənayesinin tullantıları nəticəsində yaranan zərərli maddələrlə pozulur. Bu da dənizin bioehtiyatlarının getdikcə azalmasına və məhvinə səbəb olur. Hazırda Xəzər dənizinin balıq və kürü ehtiyatları getdikcə tükənir. Bunun əsas səbəblərindən biri dənizin çirklənməsi və suyunun biokimyəvi tərkibinin dəyişməsidirsə, digər səbəbi dənizə buraxılan balıq kürülərinin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə azalması, əvəzində isə balıq ovlanmasının intensiv xarakter almasıdır.
Azərbaycan Xəzərin ekologiyasının qorunması və yaxşılaşdırılması sahəsində hövzə ölkələri içərisində ən fəal siyasət yürüdən və real iş görən ölkə hesab olunur. Əslində, dənizin çirklənməsindən ən çox əziyyət çəkən də bu ölkənin əhalisi, xüsusən sahildə yerləşən Bakı, Sumqayıt, Lənkəran və b. şəhər və rayonların, yaşayış məntəqələrinin sakinləridir. Ölkə prezidentinin «Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında» 2007-ci il 20 iyun və 2008-ci il 13 iyun tarixli sərəncamlarından və «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair» Milli Strategiya və Fəaliyyət Planından irəli gələn vəzifələrin həyata keçirilməsi nəticəsində, Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudulmuş, ekoloji tarazlıq bərpa olunmuşdur. Bundan başqa, Abşeron yarımadasında modul tipli sutəmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq, «Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi» yaradılmışdır. Pirallahıdan Novxanıyadək 86 km məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmış, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan ekologiyasının sağlamlaşdırılması və bioloji müxtəlifliyin qorunub saxlanılması ölkənin ekoloji təhlükəsizliyinin mühüm məsələlərindən biridir. Hazırda antropogen amillərin təbii mühitə getdikcə artan mənfi təsiri nəticəsində ölkə ərazisində biomüxtəlifliyin azalması meyli müşahidə olunur. Azərbaycan Respublikasında bioloji müxtəliflik və meşə ekosistemlərinə təhdidlər aşağıdakı kimi dəyərləndirilir:
• köçəri ekstensiv maldarlığın sürətli inkişafı;
• elektrik enerjisinin və təbii qazın fasilələrlə verilməsi nəticəsində meşələrdə ağacların kəsilməsi;
• ekosistemlərin tərkibi və coğrafi yayılmasının dəyişməsi, ziyanvericilərin artması;
• səhra, quraqlıq və yarımquraqlıq ekosistemlərində şəraitin pisləşməsi;
• eroziya proseslərinin, dağlıq ərazilərdə sel, sürüşmə və qar uçqunlarının baş verməsi;
• buzlaqların əriməsi, bulaqların və çayların quruması;
• meşə yanğınlarının artması və s.
Yuxarıda sadalanan təhdidlərin qarşısının alınması üçün «Azərbaycan Respublikasında meşələrin bərpa olunması və artırılmasına dair Milli Proqram», «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı» qəbul edilmiş, onların çərçivəsində mühüm ekoloji layihələr reallaşdırılmış və işlər görülmüşdür. Belə ki, 2002-ci ildə xüsusi mühafizə olunan təbiət zonaları ölkə ərazisinin 4,5%-ni təşkil edirdisə, hazırda bu rəqəm 10,1%-ə çatdırılmışdır. Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin müasir tələblərə uyğunlaşdırılması, bütün vacib ekosistemlərin və əsas növlərin qorunması, dəhlizlərin və mühafizə zonalarının yaradılması məqsədilə son illər yeni 8 milli park, 4 dövlət təbiət qoruğu, 6 yasaqlıq və 3 təbiət abidəsi təşkil edilmişdir. Son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılmışdır. Bu da ölkəmizin örtülü ərazilərinin 11,4℅-dən 11,8℅-ə qədər, yəni 0,4℅ artması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin «Ekologiya ili» elan edilməsi ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm hadisə oldu. «Ekologiya ili»ndə Azərbaycanda 8 milyon 200 min ağac və kol bitkisi əkilmişdir ki, bunun da 1 milyon 540 mini Bakıətrafı ərazilərin payına düşür.
Son illərdə Azərbaycanda səhiyyə və sağlamlıq sahəsində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində xüsusi siyasət yürüdülür. Bu siyasətin əsas məqsədi ölkə ərazisində əlverişsiz ekoloji amillərin təsirini azaltmaqla, əhalinin uzunömürlüyünü təmin etmək, ətraf mühitin ekoloji göstəricilərini yaxşılaşdırmaq, əhalinin sağlamlığında ekoloji riskləri aşağı salmaq, istifadə olunan suyun və havanın keyfiyyətini ekoloji standartlara uyğunlaşdırmaq, əhalini ekoloji baxımdan təhlükəsiz qida məhsulları ilə təmin etmək, genetik modifikasiya olunmuş qida məhsullarına nəzarəti artırmaq və sairdən ibarətdir.
Müasir dövrdə yaranmış ekoloji və sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycanın ekoloji siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
• ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və onun mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulların tətbiq edilməsi;
• indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii ehtiyatlardan və tükənməyən alternativ enerji mənbələrindən istifadə olunması;
• qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi və s.
Ekoloji təhlükəsizlik sahəsində vəziyyət və aparılan işlərin qısa təhlilindən aydın olur ki, Azərbaycanın davamlı iqtisadi inkişafı ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasına, əhalinin sağlamlığının təmin edilməsinə, ardıcıl və səmərəli ekoloji təhlükəsizlik siyasətinin yürüdülməsinə və s. vacib həyati məsələlərin həllinə öz müsbət təsirini göstərmişdir. Hər bir ölkədə ekoloji təhlükəsizliyin təmin olunması yönündə atılan addımlar isə ümumdünya səviyyəsində qlobal ekoloji problemlərin həllinə və bütövlükdə bəşəriyyətin sağlam gələcəyinin təmin olunmasına layiqli töhfəsini verir.
Qeydlər:
1. Жилцов С.С.,Зонн И.С.,Ушков А.М. Геополитика Каспийского Региона. Москва, 2004
2. Казанчеев Е.Н. Рыбы Каспийского моря. Определитель.- Москва, 1981
3. Сохранение биологического разнообразия в Росии. Проекты главного экологического фонда. «Сохранение биоразнообразия», Москва, 1997
4. Государственный доклад «О состоянии окружающей среды Российской Федерации в 1992 году. Москва, 1993
5. «Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu. http://e-qanun.az
6. «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı». http://e-qanun.az/print.php?internal
7. www.eko.gov.az
8. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. http://e-qanun.az
9. «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı». http://e-qanun.az/print.php?
10. Bütün göstərilən faktlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi hesabatından götürülmüşdür.