vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜSAHİB  
11:58 | 20 iyun 2014 | Cümə Məqaləyə 1848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İraqın parçalanması real görünür»

Vəfa Quluzadə: «Əgər proses Yuqoslaviyadakı kimi olsa, buna şükür etmək olar»

İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqda vəhhabi-sələfi terror təşkilatı olan «İraq Şam İslam Dövləti»nin (İŞİD) törətdiyi qanlı terror aktları, Mosul, Tikrit və Samirə kimi böyük şəhərlərin ələ keçirilməsi, şiə məzhəbinə mənsub minlərlə müsəlmanın vəhşicəsinə qətlə yetirilməsi bütün dünya tərəfindən narahatlıqla izlənilir.


Ancaq maraqlısı budur ki, İŞİD-in meydana gəlməsi ilə bağlı müxtəlif iddialar irəli sürülsə də, hələlik bu terror qruplaşmasına «dur» deyən yoxdur. Terror təşkilatını sadəcə qınamaqla kifayətlənən böyük dövlətlər daha çox bir-birini ittiham etməklə məşğuldurlar. Hətta terrorçular tərəfindən təhdid edilən Türkiyə də müsəlmanların kütləvi şəkildə qırılmasına ciddi reaksiya vermir. Qanlı əməlləri ilə dünyanın diqqətini özünə çəkən İŞİD haqqındakı suallarımızı cavablandıran beynəlxalq məsələlər üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Yaxın Şərqdə yaşanan qaranlıq məsələlərə aydınlıq gətirib...


- Sizcə, İraqda İŞİD-lə bağlı baş verən hadisələrin kökündə nə dayanır?

- Məsələnin kökündə İraqdakı ədalətsiz müharibə dayanır. Mahiyyət ondan ibarətdir ki, İraq olduqca bədbəxt bir ölkə olub. Düzdür, uzun müddət İraqda ədalətsiz diktator rejimi fəaliyyət göstərib. Səddam Hüseyn qanlı diktator olsa da, İraqda stabilliyi təmin edirdi. Stabilliyi təmin etməklə bərabər Qərbə, Amerikaya meydan oxuyurdu. Ona görə də, öz ölkəsini və xalqını qanlı müharibəyə sövq etdi. Nəticədə Amerika İraqı darmadağın etdi. Elə ondan sonra İraqda bir daha sabitlik yarana bilmədi. Xarici müdaxilə nəticəsində qurulan hakimiyyət ölkədə stabillik yarada bilmədiyinə görə, indi İraqda belə hadisələr baş verir. Yəni İraqda baş verən İŞİD terroru faktiki surətdə Səddamın və Amerika müharibəsinin bir-birinə qatışıq təzadlarının nəticəsində əmələ gəlib.


- Bəs İŞİD-in arxasında hansı qüvvələr var?

- Bilirsiniz, biz öyrəşmişik ki, hansısa hadisənin arxasında ya ABŞ-ı, ya Rusiyanı, ya da başqa ölkələri axtaraq. İraqda baş verənlər ölkənin daxilindəki xaosun nəticəsidir. İŞİD-in Səudiyyə Ərəbistanı ilə də, Amerikanın kəşfiyyat idarəsi ilə də əlaqələri ola bilər. Burda Rusiyanın və Türkiyənin də marağı ola bilər. Amma bu, ölkədə olan vəziyyətdir. Daxili vəziyyətdən başqalarının öz xeyrinə istifadə etmək cəhdləri hər zaman mümkündür. Yenə deyirəm, məsələ İraqın düşdüyü bədbəxtçiliklə bağlıdır.


- İŞİD-in arxasında Türkiyənin dayandığı barədə iddialar nə dərəcədə inandırıcıdır. Artıq İraq hökuməti də Türkiyəyə yönəlik bu ittihamla çıxış edib...

- Mən inanmıram ki, Türkiyə İraqda bu cür genişmiqyaslı terror əməliyyatı apara bilsin. Axı, Türkiyənin marağı nədir ki, İraqda bu cür müharibə aparsın? Üstəlik, Türkiyə Qərbin müttəfiqidir, NATO-nun üzvüdür. Türkiyə İraqda Qərb tərəfindən hakimiyyətə gətirilmiş iqtidarı hansı səbəbə görə yıxmağa çalışsın? Bu versiya inandırıcı görünmür.


- İraq hökumətinə indiyədək hərbi dəstək verilməməsinin səbəbi nə ilə bağlıdır? Niyə hadisələr sadəcə kənardan seyr edilir?

- İraqa kim dəstək verəcək? ABŞ İraq müharibəsindən güclə canını qurtarıb, birtəhər ölkəni tərk edib. Bu səbəbdən indi Barak Obama yenidən ora qoşun yeritmək istəmir. Hələ görək onların pilotsuz təyyarələrlə əməliyyatları nəticə verəcəkmi? Bilirsiniz, İraq uzun müddət krallıq olub. Krallıqdan sonra əsgəri çevrilişlə İraqın başına Əbdül Kərim Qarsin gəlib. Burda sovetlərin əli var idi. Sovetlər də, İraqdakı kommunistlər də Əbdül Kərim Qarsini dəstəklədilər. Amma bu əsgəri çevriliş uzun müddət qala bilmədi. Ondan sonra hakimiyyətə Səddam Hüseyn gəldi. Səddam Hüseyn uzun müddət ölkəni saxladı. Amma İraqda kürdlər bir problemdi, türkmənlər də başqa problem. Ölkə sünni və şiə məzhəblərinə bölünüb. Dini baxımdan İraqda böyük ziddiyyətlər var. Ölkənin daxili vəziyyəti o qədər qaynayıb ki, proseslər özünü bu cür göstərir. Sözsüz ki, İraq varlı neft ölkəsidir. Buna görə bəzi xarici ölkələr, məsələn, ABŞ, Avropa dövlətləri, Rusiya, Türkiyə, İran, özünə xeyir götürməyə cəhd edəcək.


- Hazırkı durumla bağlı BMT Təhlükəsizlik Şurasının İraqa müdaxilə etməsinə ehtiyac varmı?

- Baxın, BMT Qarabağ məsələsində özünün fəaliyyətsizliyini göstərdi. Bu qurumun fəal olmadığı hər kəsə bəllidir. Həmçinin, təşkilatda Rusiya və Çinin olması da onu göstərir ki, BMT yalnız Qərbin maraqlarını ifadə edə bilməz. Qurumun Təhlükəsizlik Şurası isə ziddiyyətli bir orqandır. Ona görə də İraq məsələsində şuranın effektli olacağına inanmıram.


- İraqın parçalanma təhlükəsi nə qədərdir?

- İraqın parçalanması realdır. Hadisələr ona doğru gedir. İraq ərazisində neçə ölkənin olması isə xarici qüvvələrdən asılı olacaq. Sözsüz ki, kürdlər özləri üçün dövlət istəyəcək. Türkiyə də türkmənləri müdafiə edəcək, çünki türkmənlərin ərazisində neft qaynaqları var. Təbii olaraq, İran şiələri dəstəkləmək istəyəcək. Sünniləri də Səudiyyə Ərəbistanı və Qətər dəstəkləyəcək. Yəni vəziyyət çox dolaşıqdır. Əgər parçalanma Yuqoslaviyadakı kimi olarsa, buna şükür etmək olar. Çünki Yuqoslaviya demək olar ki, sülh yolu ilə parçalandı. Düzdü, müharibə oldu, etnik savaşlar yaşandı. Ancaq indi Avropa İttifaqına, NATO-ya daxil olub, dünya ilə əlaqələri yaxşıdır. Əgər müsəlman aləmindəki parçalanma da bu şəkildə olsa, müsbət nəticəyə ümid etmək olar. Amma çox təəssüf ki, müsəlman aləmi başdan-ayağa qana bulaşıb.


- Türkmənlərin İraqda dövlət yaratması mümkündürmü? Çoxları bunu qeyri-real görür...

- Qeyri-real görünür, çünki türkmənlər azdır. Gərək Türkiyə onlara qarantiya versin. Amma verə biləcəkmi, buna gücü çatacaqmı? Türkiyənin İraqda Türkmən dövləti yaratmağı məncə sual altındadır. Çünki Türkiyənin özü sərhədlərində kürd dövlətinin yaranmasından narahatdır. Halbuki kürdlərin uzun müddətli mübarizə tarixi var. Üstəlik, kürdlərin ruslarla, avropalılarla, amerikalılarla geniş əlaqələri var. Artıq kürdlərin faktiki surətdə ordusu, dövlət strukturları formalaşıb. Fikrimcə, elə ən birinci ayrılan Kürdüstan dövləti olacaq.


- İŞİD-in Azərbaycanı hədələməsini necə qiymətləndirirsiniz? Sözügedən qruplaşma Azərbaycan üçün ciddi təhlükə hesab olunurmu?

- Mən bunu əsassız bir şey kimi qiymətləndirirəm. Əgər Azərbaycanın daxilində xaos yaranmasa, İŞİD heç nə edəsi deyil. Düşünün, İŞİD İraqda Səddamın vaxtında bir şey edə bilərdimi? Əlbəttə, yox. Amma indi ölkə dağılıb və dağılan ölkədə hər nə istəsən baş verə bilər. Şükür ki, Azərbaycanda stabillikdir və hakimiyyət işğal olunmuş torpaqlar istisna olmaqla ölkənin bütün ərazisinə nəzarət edir. İŞİD-dən Azərbaycana heç bir təhlükə görmürəm.