vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
18:43 | 20 dekabr 2012 | Cümə axşamı Məqaləyə 3737 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ədəbi qovğa, yoxsa əbədi qərəz?»

Anar YUSİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Qan Turalının Anardan müsahibə aldığını köşə yazısından öyrəndim. Amma Turalın ədəbiyyata xəyanətdə suçlanacağı və böhtanla üzləşəcəyi barədə xəbərdarlığını heç cür qəbul etmək istəmədim. İki ədəbiyyat adamının ədəbi söhbətində suçlanmalı nə ola bilər? Tamamilə əksinə, ədəbi zövqü fərqli olan – hər halda, belə bir təəssürat var – bir gənc yazarın yaşlı həmkarından müsahibəsi daha maraqlı olmalıdır.

Əlbəttə, Turalın «xəbərdarlıq» köşəsində yaşlı yazarlarla «sülh bağlamaq» təklifi mübahisə doğura bilərdi. Hər şeydən əvvəl ona görə ki, sülh – hərbdən sonra və hərbin nəticələrinə uyğun əldə olunur: məğlub tərəf qalibin şərtlərinə uyğun razılaşma imzalayır.
Bu «sülh sazişində» qalib kimdir, məğlub kim?
Ədəbi nəsillər arasında zövq toqquşmaları və ədəbi dəyər mübahisələri çox doğal bir olay, dialektik qanunauyğunluqdur; bunsuz ədəbiyyat inkişaf edə bilməz. Əgər yeni nəsil 60-cılar nəslinə (və nəsrinə) büt kimi baxsaydı, onların təsirindən çıxa bilməz və deməli, özlərindən əvvəlkilərin «pərvanələrinə», təqlidçilərinə çevrilərdilər.
İnkar mütləqdir və bu «mütləq inkar» yalnız ədəbi yazıların «müharibəsini» şərtləndirməlidir, fərdlərin və ədəbiyyat adamlarının deyil.
Tənqid olunası məqam da burdan başlayır: niyə atalar və oğullar arasında zövq fərqi bir-birinə qarşı şəxsi ədavət, düşmənçilik, «müharibə» şəklində olmalıdır? Zövq mübahisələri nə üçün ədəbi mətnlərdə deyil, şəxslər üzərində müharibəyə səbəb olmalıdır?..
Qan Turalının dediyi baş verdi – onu ittiham etdilər. Halbuki çox maraqlı bir müsahibə alınıb və bəlkə də ədəbi baxışları ilə bağlı Anar son illər belə müsahibə verməyib. Diqqət isə mətndən ayrıldı, ortaya qoyulan ədəbi baxışlar bir kənarda qaldı, mübahisə Sözün deyil, şəxslərin üstünə fokuslaşdı: Qan Tural müharibə zamanı düşmən tərəfə adlayan «xəyanətkar» elan edildi. Çünki onlar fərdlərin «müharibəsini» aparırlar və «bu müharibədə» sıralarında olan gənc birinin «qarşı tərəflə razılaşmaya getməsini» qəbul etmirlər.
Ədəbi nəsillər arasında «sülh bağlanmır» – doğrudur, amma ona görə «sülh» bağlanmır ki, şəxsi müharibə aparmırlar; bu «müharibədə» xəyanət, satqınlıq anlayışı yoxdur – çünki ədəbi sirlər mövcud deyil ki, onu əks tərəfə satmaqla xəyanətkar, satqın olasan. Əksinə, hər kəs özünün qəbul etdiyi «ədəbi sirri» izhar eləməyə çalışır, onu qəbul etdirmək üçün dəridən-qabıqdan çıxır, nəinki onu «bərk-bərk» qoruyur.
Ədəbi nəsillər arasında «ədəbi müharibə» var və bunun nəticəsində «qaliblər» də, qazananlar da olur: ədəbi mətnlər qalib gəlir, ədəbiyyat qazanır və sərhədlərini genişləndirir.
Təəssüf ki, bizdə ədəbi nəsillər arasında «müharibə» şəxsi müstəvidədir və ona görə də nə qalib var, nə də qazanan: yalnız didişmələr, şəxsi nifrət var və şəxsi müstəvidə bu didişmələrdən hər iki tərəf itirir, hər iki tərəf məğlub olur.
Qan Turalı o vaxt «ədəbi nəslə xəyanət» edərdi ki, «Ağ liman» və yaxud «Macal»ın təsiri altında, Anar yaradıcılığını təqlid edən bir əsər yazmış olaydı…
Nəsillərin bir masa ətrafında ədəbi baxışlarını bölüşməsi, kitab paylaşması, düşüncə mübahisəsi və qarşılıqlı şəxsi hörmət isə – indiyə qədərki yanlışlıqlardan xilas olmaqdır.
Çox adi və bəsit bir həqiqət…

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)