vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
20:12 | 20 iyun 2013 | Cümə axşamı Məqaləyə 3788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Eşşəkdən yıxılan aktyor»

«Poeziya buketi, nəğmə çələngi»

Murad KÖHNƏQALA

MÖVZU İLƏ ƏLAQƏLİ

Gözəl sovet dövrü! O zaman bütün şəhərlərdə, rayonlarda və hətta kəndlərdə belə teatrlar fəaliyyət göstərirdi. Teatrlar kənd yerlərində özfəaliyyət vəziyyətində olsa da ildə səhnəyə, heç olmasa, bir-iki dram qoyurdular. Belə teatrlar uzun-uzadı klassik dramlardan bezəndə rayon, kənd yazıçılarının qısa və çevik dramlarını səhnələşdirirdilər.

Əyalət teatrları səhnəyə əsər qoyanda aktyorlar üçün geyim və maskaları rayon dram teatrından icarəyə götürüb iri kisələrdə kəndə gətirirdilər. Ona görə bayram mövsümlərində rayonumuzun mədəniyyət sarayı binasının qarşısında yekə basabas olardı. Çünki klassik əsərlər səhnələşdirənlər üçün həmişə saray-xacə libasları çatışmaz, gah da saqqal, qoyma saç,  dəbilqə, qılınc-qalxan qıtlığı yaranardı. Odur ki, kənd teatrları ciddi qrimlərə o qədər də ehtiyacı olmayan müasir mövzulu dramlara daha çox üstünlük verirdilər. Bu teatrlarda aktyorlar əsasən kənd sakinlərindən ibarət olurdu. Lakin bizim kənd teatrının ən istedadlı aktyorlarından biri uzaq qonşu kənddə yaşayırdı. Məşqlər zamanı həmin aktyor uzaq yolu öz eşşəyinə minib gələrdi.
Günlərin bir günü, kəndimizdə rayonun birinci katibi qarşısında oynanılacaq dramın məşqləri başlayır. Məktəbli uşaqlar quyruğunun altına gicitkən sürtüb məşqə gələn aktyorumuzun eşşəyini qıcıqlandırırlar. Aktyorun istedadlı olmasına baxmayaraq qıcıqlanan eşşək şıllaq ataraq onu göylərə qaldırıb yerə çırpır.
Doğma eşşəyinin şıllağından yıxılan aktyorumuzun, tərs kimi, ayağı sınır. Bəd xəbəri eşidən rejissor, sabah səhnəyə qoyacağı dramda, sevdiyi pambıqçı qıza görə bir neçə rəqibini döyən, enlikürək, ucaboylu aktyoru əvəzləyəcək adam axtarışına çıxmalı olur. Sabah raykomun qarşısında biabır olmamaq üçün bütün kollektiv oturub kənddəki iri cüssəli adamları müzakirə edirlər. Çünki, səhərə qədər iri cüssəli birisini tapıb rolu onun boynuna qoymaq lazım gəlir. Uzun müzakirələrdən sonra həmin rola kəndin ucaboylu çobanını məsləhət bilirlər.
Gecə rejissor bir neçə aktyor dostu ilə naxırdan qayıdan çoban Əhmədin evinə gedib vəziyyəti ona başa salır. Qızğın izahat və mülahizələrdən sonra raykomun tamaşaya gələcəyini eşidən çoban razılaşmalı olur. Sən demə, Əhmədin qorxduğu şey oynayacağı qəhrəmanın sözlərini yadında saxlamamaq imiş. Başa salırlar ki, narahat olmasın, ona heç bir söz əzbərləmək lazım deyil, saman kisəsinin arxasında gizlənmiş suflyor bütün sözləri xəlvətcə diktə edəcək.
Aktyorlar, çobanın kəsdiyi quzunun ətini dişlərinə çəkə-çəkə bir neçə məqamı elə oradaca oynayıb süjeti ona başa salırlar. Çoban pis-yaxşı, bacardığından oynayıb gələnləri razı salır.
Dramın sonlarında Əhməd, yəni sevən oğlan, sevgilisini gözləyərkən ağacın dibində uzanıb “Küçələrə su səpmişəm” mahnısını da oxumalı imiş. Həmin gecə yeyib-içib nə qədər məşq eləsələr də çoban mahnının sözlərini əzbərləyə bilmir. Ona həmin mahnını bir neçə dəfə zorla oxutduqdan sonra məclisi başa vururlar.
Səhər açılır, çoban naxıra öz əvəzində başqa birisini göndərib çomağı çiyninə alaraq kənd məktəbinin həyətinə, dram üçün səhnə qurulmuş yerə gəlir. Onu qarşılayan sənət yoldaşları Əhmədi birtəhər başa salırlar ki, burda çomağa ehtiyac olmayacaq. Çoban isə onlara çomaqsız üç-dörd nəfərlə dalaşa bilməyəcəyini söyləyir. Kollektiv ona təzədən izah edir ki, bu teatrdı, heç kim heç kimi döymür, sadəcə, sən qolunu qaldıranda rəqiblərin özü yerə yıxılacaq. İşin bu yerini birtəhər anlayan  çoban kolleqalarından  soruşur ki, dramda sevdiyi qız axırda onun olacaqmı? Gərgin izahatdan sonra alnının tərini silən rejissor birtəhər teatrın bir oyun olduğunu ona başa salır.
Deyilənlərdən bəzi şeyləri anlayan çoban çomağı qonşu uşaqlarından evə yollayır.
Nə isə, vaxt tamam olur, aktyorlar öz yerlərini tutur. Bir də baxırlar ki, qabaqda raykomun, arxasınca da kənd sovetinin maşını, budu haa, girdilər məktəbin həyətinə.
İri, dəmir solyarka çənlərinin üstündə taxtadan qurulmuş səhnəyə əvvəlcə qırmızı qalstuklu pionerlər dəvət olunur. Onlar vətənimizin cənnətin bir guşəsi olması, göy Xəzərin qoynundakı neft buruqları, anaların müqəddəs olması, pambıqçı qızların gözəlliyi haqda axıcı şeirlər söyləyirlər. Tədbirin deklomasiya hissəsi başa çatdıqdan sonra iri çit parçadan düzəlmiş pərdə açılır və aktyorlar səhnəyə daraşırlar. Əsərin ən maraqlı yerlərindən biri də çobanın öz rəqiblərini döyməsi səhnəsi olur. Çoban əsərdəki sevgilisi uğrunda öz tay-tuşlarının ağız-burnunu al-qana qərq eləyir. Əhmədin bu mərdanəliyindən xoşlanan  raykom gülərək oturduğu yerdə əl çalır. Raykomun əl çalmasını görən tamaşaçılar ayağa durub çobanın qəhrəmanlığını sürəkli alqışlayırlar.
Artıq dramın son səhnələri yaxınlaşır. Çoban ağacın dibində uzanıb sevgilisini gözləyərək avazla oxumağa başlayır:
 
“Küçələrə su səpmişəm...”
 
Mahnının sözlərinin arxasını unudan çoban sağ qulağını saman kisəsinin arxasında gizlənən suflyora tərəf tuşlayır. Suflyor çobanın eşidəcəyi bir səslə pıçıldayır: “İki dəfə, iki dəfə!” Yəni bu misranı iki dəfə oxu. Çoban təzədən avazla oxumağa başlayır:
 
“Küçələrə su səpmişəm,
İki dəfə, iki dəfə!”
 
Suflyor təzədən pıçıltı ilə onu başa salmağa çalışır:
“Ayə, bayaqkını bir də oxu, allah öyünü yıxsın!”
 
Çoban təzədən mahnının avazı ilə oxuyur:
 
“Ayə, bayaqkını bir də
Oxu, allah öyünü yıxsın!..”
 
Nə başınızı ağrıdım, kəndimiz həmin gün heç bir teatrın görmədiyi anşlaq yaşayır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)