Sonuncu İran şahının sarayında saraydaxili intriqalar
Məhəmməd Rza Pəhləvinin anası Bakılı Tacülmülükün xatirələri
Farscadan tərcümə etdi: İbrahim QULİYEV, «Aydın yol» qəzeti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Bütün zamanlarda azərbaycanlılar İran taxt-tacında həlledici mövqeyə malik olublar. Bunu həm uzaq, həm də yaxın tarix əyani şəkildə göstərir. XVI əsrdə azərbaycanlı hökmdarlar tərəfindən başladılan və XX əsrin ilk onilliklərinədək uğurla davam etdirilən sinkretik dövlətçilik ənənəsi İranı dünyanın qüdrətli ölkələri sırasına çıxarmışdı. Azərbaycanlı hökmdarlar bu ərazidə yaşayan xalqların nümayəndələrinə bərabər şəkildə fəaliyyət göstərmək imkanı yaradır, bütün vasitələrlə mütərəqqi dövlətçilik ənənələrini qorumağa çalışırdılar. Hətta fars şovonizminə meydan verən Rza Pəhləvinin və onun oğlu - sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin də həm şəxsi, həm də siyasi həyatında azərbaycanlılar, xüsusən də azərbaycanlı qadınlar mühüm rol oynamışlar.
Məhəmməd Rzanın həyat yoldaşı Fərəh Pəhləvi öz ad-sanına və fəaliyyətinə görə həm ölkə içində, həm də xaricdə böyük nüfuz sahibi idi. Rza şahın həyat yoldaşı, Məhəmməd Rzanın anası Banu Tacülmülük Badkubeyi isə pəhləvilərin hakimiyyətinin möhkəmlənməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Ancaq azərbaycanlı Fərəh Pəhləvi bizim oxuculara təqdim edilsə də, Tacülmülükün həyatı və fəaliyyəti bu günədək oxucularımıza məlum deyil. Bunu nəzərə alaraq onun 1980-ci ildə Nyu Yorkda və elə həmin ildə Tehranda çap edilmiş «Pəhləvi kraliçası» adlı memuarından bəzi hissələri farscadan çevirib, oxuculara təqdim etməyi qərara aldıq. Kitabın üz qabığında kraliçanın kimliyini bəyan edən izahedici bir yarımbaşlıq da var: «Rza şahın həyat yoldaşı, Məhəmməd Rza şahın anası Tacülmülükün xatirələri». Titul vərəqində isə o, «Tacülmülük Ayrımlı» kimi təqdim edilir. Tacülmülükün daha çox işlənən soyadı isə «Badkubeyi»- yəni «Bakılı» olub. Bunu tərtibçilərin aşağıdakı təqdimatından da görmək olar: «Bu xatirələrin əsas dəyəri ondadır ki, onları danışan mərhum Banu Tacülmülük Badkubeyi (Pəhləvi) Rza şahın birinci həyat yoldaşı, Məhəmməd Rza şah Pəhləvinin, Əlirza Pəhləvinin, Əşrəf və Şəms Pəhləvinin anasıdır».
Naşir tərəfindən yazılan müqəddimədə isə saraydakı iki azərbaycanlı qadının - Tacülmülük və Fərəh Pəhləvinin münasibətlərinə toxunulub: «Bu kitabın mütaliəsindən aydın olur ki, Tacülmülük Pəhləvi ilə Məhəmməd Rza şahın üçüncü arvadı Fərəh arasında ciddi narazılıqlar olub. Tacülmülük şahın süqutunun səbəbini Fərəhin ölkənin siyasi işlərinə müdaxiləsində görürdü və buna görə də öz gəlininə qarşı əsəbi və qəzəbli idi. Fərəhin Avropa nəşrlərinə verdiyi müsahibələr bu konfliktləri daha da qızışdırmış, Tacülmülükü əks fəaliyyətə keçərək ona və Fərəhin anası Fəridə Dibaya qarşı sərt ifadələr işlətməyə məcbur etmişdi».
Qeyd edək ki, Əşrəf və Şəms Pəhləvilər də öz xatirələrində Fəridə Dibanı səltənətə zərbə vurmaqda və Pəhləvi hakimiyyətini sarsıtmaqda ittiham etmişlər. Amma bu ittihamlar öz-özünə yaranmayıb. Belə ki, Fəridə Dibanın «Qızım Fərəh» kitabının nəşri və həmin kitabda Məhəmməd Rzanın və ailə üzvlərinin ciddi şəkildə tənqid edilmələri onları hərəkətə keçməyə vadar edib. Onu da qeyd edək ki, memuarlardakı emosionallıq bu xatirələrin ciddi qəbul olunmasına mane olur. Xüsusilə də, Fərəhin xalası oğlu Əhməd Əli Məsudun iki cildlik xatirələr kitabında Pəhləvi ailəsinə subyektiv yanaşılma, ailə üzvlərinin şəriətə uyğun olmayan məsələlərdə ittiham edilmələri münasibətləri son dərəcə kəskinləşdirmişdi. Nəhayət, Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin memuarlar kitabı meydana çıxdı. O, bu kitabda həm Əhməd Əli Məsud Ənsariyə, həm də «Qızım Fərəh» kitabının müəllifi Fəridə Dibaya cavab vermişdi. Lakin adları keçən bu memuralar o qədər qəzəb və nifrətlə yazılmışdı ki, onların əsasında hansısa obyektiv qənaətə gəlmək mümkün deyil. Bunların içərisində ən mükəmməli yenə də «Tacülmülük Badkubeyinin memurları» hesab olunur. Bu xatirələr 1978- 1979-cu illərdə qələmə alınıb. Həmin dövrlərdə Tacülmülük Amerikada məskunlaşaraq hadisələri kənardan seyr etmişdi.
***
«Mənim mərhum atam kazak divizionunun yüksək rütbəli zabiti idi. Bu divizion rus generallarının komandanlığı altında olan nizami bir ordu hissəsi idi. Qacar sülaləsinin (xüsusilə də Məhəmmədəli şahın) hakimiyyəti dövründə İranın asayiş və əmniyyət işlərini qaydaya salmaq üçün yaradılmışdı. O zaman İranda nizami ordu yox idi, çar Rusiyası Qacar şahın xahişi ilə kazaklardan ibarət bir ordu düzəldib İrana göndərmişdi. Bu orduda xidmət edənlər əsasən Qafqaziyə təəbələrindən ibarət idilər, lakin onlara rus zabitləri komandanlıq edirdilər. Mənim Teymurxan Ayrımlı adı ilə tanınan atam həmin orduda xidmət edirdi və «mirpənc rütbəsi ilə» (o zamankı «mirpənc» indiki polkovnik rütbəsinə bərabər idi) yüksək zabitlər sırasına daxil olmuşdu.
Mən uşaq olduğum üçün yadıma gəlmir, amma anam deyirdi ki, atam İrana yola düşməzdən əvvəl xeyli müddət Bakıda ordu komandanının müavini, bir müddət isə Araz və Lənkəran bölgəsində zastava rəisi olmuşdu.
O da yadımdadır ki, mənim bütün əmilərim, hətta dayılarım da çar qüvvələrində xidmət edirdilər. Sabir xan adlı bir əmim bolşeviklərlə döyüşdə öldürülmüşdü. Mən Bakubədə (Bakıda) doğulmuşam. Təvəllüd tarixim kəlamüllahe- məcidin (Quran nəzərdə tutulur) bir cildinin birinci səhifəsinin arxasında yazılmışdı: 6 ordibehişt 1276-cı il. Atam onu öz xətti ilə yazdığı üçün mən həmişə ona baxıb atalı günlərimi xatırlayıram. Bu yazı zəhmli, ağıryana adam olan atamdan qalmış ən əziz yadigardır.
Məndən başqa mənim üç bacım və bir qardaşım var idi. Nəriman adlı qardaşım Qafqazda bolşevik iğtişaşlarında itkin düşdü və biz onun taleyindən heç bir xəbər tuta bilmədik. Atam bolşeviklərin qələbəsindən və çarın süqutundan bir neçə il əvvəl kazak divizionunda xidmətə göndərildi və bizi özüylə birgə İrana gətirdi. İndi tarixlər dəqiq, dürüst yadımda deyil, ona görə də ayağımızın hansı gündə, hansı ayda, hətta hansı ildə İran torpağına dəyməsini xatırlaya bilmirəm. Mən bacılarımdan kiçik idim, onların hər biri məndən ikii-üç yaş böyük idilər. İrana gəldiyimiz zaman anam yeganə oğlunun ayrılığına dözməyib, gecə-gündüz ağlayırdı. Sonralar onun Qafqaz iğtişaşlarında itkin düşməsi xəbəri gəldi və anam bu ağır xəbərdən yatağa düşüb, bir daha ayağa qalxmadı. O zaman Rusiyada vəziyyət qarışıq idi, kəndlilər bolşeviklərin himayəsi altında mülkədarlara qarşı qiyam edirdilər. Əks tərəfdə isə ağqvardiyaçılar fəaliyyət göstərirdi. Mənim gələcək ərim -Rza ağqvardiyaçıların tərəfini tutaraq qırmızılara qarşı şücaətlə döyüşürdü. Amma çox keçmədən qırmızılar Rusiyanın əksər bölgələrini işğal etdilər. Vəziyyəti belə görən çar generallarının əksəriyyəti və ümumiyyətlə, imperatora sadiq olan bəzi qüvvələr İran, Türkiyə və digər qonşu ölkələrə qaçmağa başladılar.
Atam bu hadisədən bir neçə il əvvəl İrana gəldiyindən, çar Rusiyasının daxilindəki hadisələrdən məlumatsız idi. Amma o, bu zaman İranda kazak divizionunda «mirpənc» olduğundan, qaçqın generalların əksəriyyəti bizim evə gəlir və təhrikedici məlumatlar verirdilər. Bu məlumatların əsasında Qafqaziyyə məntəqəsinin bütövlükdə İosif Stalin adlı bir gürcünün nəzarəti altında olduğunu öyrəndik. O, əvvəllər Tiflisdə dini məktəbin tələbəsi olmuşdu...
O zamanlar lampa üçün neft və benzin İrana Bakıdan gəlirdi. Xuzistan yolu keçilməz olduğundan ölkənin cənubu ilə əlaqə saxlamaq çox çətin idi. Rza şah olandan sonra ilk gördüyü işlərdən biri Luristana, Luristandan isə Xuzistana yol çəkmək oldu. Beləliklə, ölkənin cənub hissələrinə gediş-gəliş asanlaşdı. Bolşeviklərin qələbəsindən sonra İrana neft və benzin daşınması dayandırıldı. «Daşınma» deyəndə siz onu neftin tankerlərə doldurulub göndərilməsi kimi başa düşməyin. Bu, lampa neftinin 10-20 litirlik tuluqlara doldurulub qatırlarla müxtəlif şəhərlərə göndərilməsi idi. Həmin nefti isə evlərində neft çıraqları olan əyan və əşrəf təbəqə ala bilirdi. Çünki neft xeyli baha idi, onu ocağa töküb yandırmaq heç kəsin ağlına gəlmirdi.
Bu dövrdə Bakının neft quyuları bir neçə böyük kapitalistin əlində idi. Lakin qırmızılar hakimiyyətə gələn kimi onları ölkədən uzaqlaşdırıb, quyuları bağladılar. Yadımdadır ki, belə neft quyularından birinin sahibi olan bir erməni həmin dövrdə qaçıb İrana gəlmişdi. O, burada kazak qoşununa xeyli pul sərf etmişdi ki, həmin qoşun Bakıya hücum edib, onu tutsun.
... Atam axşamlar evə gələn kimi stolun başına keçib gün boyu eşitdiklərini bizə danışırdı. Bir gün atam evə gələndə dedi ki, çara sadiq kazaklar İranda xeyli qüvvətlənib, ingilislər də onlara silah və canlı qüvvə verməklə döyüş hazırlığını yüksəldib. Məqsəd Qafqaza hücum edib, həmin yerləri yenidən ələ keçirməkdir. Axırda özünün də ağqvardiyaçılarla bərabər Bakıya getməli olduğunu vurğuladı.
Az keçməmiş atam həqiqətən kazak və ingilislərlə bərabər, Bakıya yola düşdü. O, bir neçə ay fərqli cəbhələrdə döyüşüb, xəstə, əzilmiş halda evimizə qayıtdı. Atam dedi ki, Qafqaz döyüşlərində bir əsgər onu labüd ölümdən xilas edib. Həmin əsgər mənim gələcək həyat yoldaşım Rza idi. Rus inqilabçıları ilə döyüş cəbhəsində (Bakı ətrafında) olduğu müddətdə atamın həmin əsgərdən xoşu gəlmiş, onu şəxsi xidmətinə götürmüşdü.
... Rza İranda doğulub, orada böyümüşdüsə də, əslən bir bakılı mühacir ailəsindən idi. Türk dilini yaxşı bilirdi. Atamın qəlbində özünə yer eləmişdi. O, cəbhədə atamın yanında olmuş, atam bir neçə inqilabçı tərəfindən mühasirəyə alınanda Rza öz «altımışaçılan»ıyla onları gülləbaran edərək, atamı mütləq ölümdən xilas etmişdi. Əslində, Rza kazak divizionunda bir «altımışaçılan» pulemyota məsul idi, buna görə o, əsgər yoldaşları arasında «altımışgüllə Rza» kimi məşhur idi. O, bir «mirpəncin» diqqətini cəlb etdiyi üçün xöşbəxt idi və bununla fəxr edirdi. Rza bir neçə dəfə müxtəlif bəhanələrlə bizim evə gəldi. Biz onun cəbhədəki rəşadətindən, atamı xilas etməsindən xəbərdar olduğumuz üçün onu ayaq üstə qarşılayırdıq. Bu get-gəllər onunla yaxınlaşmağımıza və bunun ardınca nişanlanmağımıza səbəb oldu. O zaman bizim evimiz indiki Həsənabad meydanında idi... Çox keçmədən atamın köməkliyi ilə Rza irəli çəkilib kazak dəstəsinin komandiri oldu...
Bir neçə aydan sonra böyük bacıma elçi gəldi, oğlan atamın həmkarlarından olduğu üçün atam bacımın əlini onun əlinə verdi. Beləliklə, bacım Aləmtac polkovnik Minbaşıyanla izdivaca girdi. Burada onu da qeyd etməliyəm ki, atam Bakıda rusların tərbiyəsi altında böyüdüyündən, gəncliyində hərbi təlim almaq üçün Sankt-Peterburqda hərbi məktəbdə oxuduğundan, Avropa mühitinə bələd idi.
... O, yeganə oğlunu Qafqaziyyə inqilabında itirdiyindən, Rzaya «sən mənim üçün oğul əvəzisən, mən sənə hədsiz bağlanmışam», -dedi və «Taci (atam məni belə çağırırdı) ilə kəbin kəsdirəcəyin halda imkan daxilində sənə kömək edəcəyəm», deyə əlavə elədi. Beləliklə, bizim izdivacın bünövrəsi qoyuldu. Atam Həsənabadda bizim evin yaxınlığında Rza üçün kiçik bir ev tutdu ki, ərim məni oraya aparsın. Rza ilə mənim aramda iyirmi il yaş fərqi var idi: Rza 1257-ci ildə (1878), mən isə 1276-ci ildə (1897) dünyaya gəlmişdim. Amma bu yaş fərqi müştərək həyatımızın xöşbəxtliyinə və şirinliyinə heç bir maneə yaratmadı, biz gözəl bir həyat başladıq.
... Yaxşı bilirsiniz ki, o zaman qızları erkən ərə verirdilər və onların əksəriyyəti yaşlı kişilərə qismət olurdu. Adətən 10-11 yaşına çatan qızları «turşumuş» adlandırardılar. İndi evimizin avadanlıqlarının nədən ibarət olduğunu deyim: otağın ortasını bütünlüklə tutan bir həsir, bir teşt, bir kuzə, iki taxta sandıq, bir neçə dəst yorğan, bir döşək, bir kreslo üstlüyü və s. Mən həmin evdə, Məhəmməd Rzanı və Əşrəfi dünyaya gətirdim. Məhəmməd Rza Əşrəfdən bir neçə dəqiqə qabaq doğulmuşdu. Bəzi tarixi kitablarda yazılıb ki, guya Rzanın anası Nuşafərin xanım da bizimlə birgə yaşayıb... Allah ona rəhmət eləsin! O, həyatda çox əzab-əziyyət görmüşdü... Rza bizə deyirdi ki, o, dünyaya gələndən iki ay sonra atası Abbasəli xan vəfat etmişdi. Buna görə anası Rzanı ayağı ağır hesab edirdi. Abbasəli xanın 5 arvadı olmuşdu və bu arvadlardan ümumilikdə 32 övladı dünyaya gəlmişdi. Mən onlardan yalnız 11-ni (7 oğlanı, 4 qız) görmüşdüm. Hətta Rza xan özü də qalan bacı və qardaşlarının ölüb-qaldığını, harada yaşadıqlarını bilmirdi.
...Nuşafərin xanım ərinin ölümündən sonra Rzanı götürüb Tehrana yollanır. Bu əhvalatı hamı bilir. Mənə isə bunu Nuşafərin xanım özü danışmışdı. Mən də onu olduğu kimi nağıl edirəm: Rzanın atası 1257-ci ilin aban ayında vəfat edir, Nuşafərin xanım bir-iki ay Alaştda qalır, lakin ərinin ailəsindən mehribançılıq görmədiyi üçün Tehrana getməyi qərara alır. Bu ailə əvvəldən hərbçi ailəsi olmuşdu, onun babası da İran-Rusiya müharibələrində iştirak etmiş, hətta Heratda İran qoşununun hissələrinin tərkibində döyüşmüşdü. Nuşafərin xanım mərhum ərinin zülmkarlığından şikayətlənər və deyərdi ki, Abbasəli xanla qısa həyatında heç bir xoş gün görmədi. Nuşafərin xanım Tehran yolunda qara, çovğuna düşərək soyuqlayır, Haşim imamzadəsinin həndəvərində olanda oğlu Rzanın soyuqdan donduğunu, nəfəs belə almadığını görür. O, çox böyük hüzn və kədərlə, qəlbi qırılmış halda cansız övladını imamzadədəki qulluqçuya verir və xahiş edir ki, qar bir az səhliyəndən, hava açılandan sonra onu dəfn etsin. Özü isə yoluna davam edir. Amma bir neçə fərsəx gedəndən sonra analıq hissi ona güc gəlir və o, yenidən Haşim imamzadəsinə qayıdır. Amma bu dəfə möcüzə ilə qarşılaşır, imamzadədəki xidmətçiyə səhəri gün dəfn etmək üçün tapşırdığı cansız cəsəd cana gəlmişdi. O, dərhal uşağı yedirməyə başlayır və beləliklə, Rza ölülər aləmindən yenidən həyata qayıdır. Nuşafərin xanımın Tehranda qardaşı vardı, o, onun yanında yaşayarq Rzanı böyüdür. Od və ölümdən keçən Rza özü üçün bir dolanışıq yeri tapdıqdan sonra Nuşafərin xanım ikinci dəfə ərə gedərək qardaşının evini tərk edir. Nuşafərin xanımın ikinci izdivacdan övladı olmur, amma ikinci ərinin əvvəlki həyat yoldaşından Hədikcan adlı bir oğlu var idi. Bu oğlan Rza şahın ögey qardaşı olur. Hədikcan Atabay sonralar hərbi həkim oldu. Rza İranın yeni ordusunu yaradanda isə bu qardaşını ordunun dərman təchizatı idarəsinin rəisi təyin etdi və onun adını dəyişərək Hadi qoydu.
... Ümumiyyətlə Rza əcaib-qəraib adlara qarşı çox həssas idi və insanları məcbur edirdi ki, adlarını dəyişərək münasib ad seçsinlər. Məsələn, onun hakimiyyəti dövründə bir dəftərxana müdiri var idi ki, çox namünasib ada sahib idi. (Səhv etmirəmsə, Rəhiməli Fəqih Yəsubi idi). Rza onun adını dəyişib Rəhim Heyrad qoydu. Beləliklə, Hədikcanın da adını Hadi ilə əvəz etdi. Başqa bir ögey qardaşının adı Nabatəli idi, onu da dəyişib sadəcə Əli qoydu.
... Nə isə, deyəsən, mövzudan çox uzaqlaşıram. Rza anasını çox sevirdi. Baxmayaraq ki, onun ikinci dəfə ərə getməsindən narazı idi. O, deyirdi ki, heç vaxt atalığının üzünə baxmayıb, amma anasının da üzünə heç nəyi vurmurdu, mənə deyirdi ki, onun ərə getməyə haqqı var. Rza gəncliyində çox zəhmətlər çəkmişdi, özünün dediyi kimi bir müddət misgər şagirdi olmuş, işi atəşxanaya hava üfürmək olmuşdu. Sonralar bir çox başqa işlərdə çalışmış, nəhayət ingilis səfirliyində işə girmişdi. Burada vəzifəsi atları daramaq olmuşdu. Bundan sonra kazak divizionuna daxil olmuşdu. Və məlum olduğu kimi, burada olarkən bizim ailə həyatımız yaranmışdı. Amma onu da deyim ki, Rza məndən əvvəl də evli olmuşdu. O, sadəcə olaraq uzun illər bunu məndən gizlətmişdi. Ancaq bir gün o, bir qızı özü ilə şəhər sarayına gətirdi və dedi ki, bu mənim qızımdır. Bundan sonra hadisəni təfsilatı ilə mənə danışdı. Dedi ki, Həmədan dəstəsində xidmət edərkən Səfiyə adlı bir həmədanlı qadınla izdivaca girib və bu qız həmin izdivacdan doğulub. Mən o qadını heç vaxt görmədim. Rza hakimiyyətə gələnə qədər o qızı da görməmişdim. Amma Rza səltənətə gəlib, güc toplayandan sonra bunu mənə danışdı və qızını da saraya gətirdi. Onun adı sadəcə Həmdəm idi, lakin Rza onu dəyişib Həmdəmüsssəltənə qoydu.
Rza hakimiyyətə gələndən sonra bu Hədikcən Atabay atabay ailəsinin bütün üzvlərinin ayağını saraya açdı. Həmdəm Hədikcanla ailə qurandan sonra onların üç övladı oldu: Amirza, Sirus, Simin. Simin Atabay bir amerikalı ilə ailə qurdu və Amerikaya getdi. Rza büruzə verməsə də, hissiyyatsız deyildi, ailəsinə çox bağlı idi. Məhəmmədrzaya sözün həqiqi mənasında eşq bəsləyirdi, onu gözlərinin giləsindən də çox istəyirdi. Lakin həqiqət budur ki, Məhəmmədrza və Əşrəf doğulandan, ali baş komandan və ölkə padişahı kimi məsuliyyətləri artandan sonra bir həyat yoldaşı kimi mənə əvvəlki hərarət və məhəbbətlə yanaşmırdı. Sonrakı izdivaclar da hansısa qadına məhəbbətdən deyil, övladlarının sayını artırmaq məqsədi ilə yaranmışdı. Rza məndən sonra daha iki dəfə evləndi və bu dörd nigahdan 11 övladı oldu.
Rza ordu böyüyü olandan sonra həyatımız nisbətən yaxşılaşdı.O, xidmət işlərini görmək üçün evə bir nəfər qulluqçu gətirdi. Bu, Süleyman Behbudi adlı şəxs idi. Süleymanın vəzifəsi evə ərzaq almaq və yemək hazırlamaq idi. Az sonra Rza ordudan bir aşpaz da gətirdi. Bu adam biş-düşlə məşğul olurdu. Bu zaman mənim vaxtım ancaq Məhəmmədrza və Əşrəfə baxmağa çatırdı. Onların tərbiyəsində ciddiyyət göstərməyə çalışırdım. Rza artıq qoşun böyüyü də olsa, əvvəlki kimi bədxərcliyə yol vermirdi. Behbud əgər bir ay üçün nəzərdə tutulandan artıq pul xərcləyirdisə, onu bizim gözümüzün qabağında kötəkləyirdi. Bizə deyirdi ki, bu adamların üzünə gülməyin, xoş üz göstərsəniz dərhal sui-istifadə edəcəklər.