vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAHİBKARLIQ  
10:52 | 22 oktyabr 2016 | Şənbə Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarlada üzüm qaldı

Fermerdən 40 qəpiyə alınan üzüm niyə 3 manata satılır…

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında üzümçülüyün inkişaf etdirilməsi üçün görülən tədbirlərdən danışdı və ölkə başçısı növbəti dəfə hökumət qarşısında konkret tələblər qoydu. Bu tələblərin icrası yaxın 1-2 ildə üzümçülüyün inkişafının yeni mərhələyə qədəm qoyacağına ümidləri artırır.

Bəllidir ki, vaxtilə Azərbaycanda kənd təsərrüfatından əldə edilən gəlirin 30 faizi üzümçülüyün payına düşürdü. Elə təxminən 30 il əvvəl üzüm istehsalı illik 2,1 milyon tonu ötmüşdü. Azərbaycanın şərab və konyakları Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Kuba və Monqolustana ixrac olunurdu. Sonrakı prosseslər də bəllidir. Digər ənənəvi sahələr kimi, üzümçülük də məhv edildi.

Artıq üzüm yığımına başlanılıb. Bu il üzüm istehsalının artacağı proqnozlaşdırılır. Bəs nə qədər məhsul istehsal ediləcək? Yığılan məhsulun satılması üçün bazar varmı? Fermerlər bu sahədən gəlir əldə edə biləcəklərmi? Üzümçülüyün inkişafı ilə birbaşa bağlı olan yerli şərabçılığın inkişafı üçün hansı tədbirlər həyata keçiriləcək?

Virtualaz.org saytı bu suallara cavab axtarıb.


Proqnoz –165 min ton

 

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsi müdirinin müavini Seymur Səfərlinin sözlərinə görə, ötən il 16,097 hektar sahədə üzüm əkilib. 157,76 ton məhsul istehsal edilib. «Bu il 17 min hektar sahədə üzüm əkilib. İstehsal həcminin 165 min tona çatdrılacağı proqnozlaşdırılıb. Məhsuldarlığın 88 sentner olacağı gözlənilir. Hələlik yığım gedir», - S.Səfərli deyib.

Nazirlik əməkdaşı qeyd edib ki, bu il də üzüm istehsalçılarına yanacaq və mühərrik yağları 50 faiz güzəştlərlə satılıb: «Üzüm istehsalçılarına hərtərəfli dəstək göstərilir. Gübrələr 70 faiz güzəştlə verilir. Bundan əlavə, texnikanın 40 faiz dəyəri də dövlət tərəfindən ödənilir».


Üzümün kiloqramı 3 manat

 

Pambıq və tütündən fərqli olaraq, üzümün alıcısı çoxdur. Bunu da Səfərli deyir. Onun sözlərinə görə. süfrə sortu bazara çıxarılır, texniki sortu isə yerli şərab zavodları alırlar. Üstəlik, həm üzüm, həm də şərab xaricə ixrac edilir.

Hazırda ölkə bazarında üzümün kiloqramı 1,20 qəpikdən 3 manatadəkdir. Nazirlik əməkdaşı üzümün fermerlərdən neçəyə alındığını dəqiq söyləyə bilməsə də, fermerlərdən alış qiymətinin artdığını deyir.


«Üzüm fermerdən 40-50 qəpiyə alınır»

 

Bunu isə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov söyləyir. Onun sözlərinə görə, yerli istehsal üzümü uzun müddət saxlamaqda problemlər var. Buna görə də, fermerlər məhsulu tez satmağa çalışırlar. Amma çox zaman bazar tapmaq da problemə çevrilir. «Fermerlər çox zaman məhsul satmaq üçün bazar tapmırlar. Bu isə qiymətlərə təsir edir. İndiki halda üzüm satışı yalnız topdansatış müəssisələrinə qazanc gətirir», - V.Məhərrəmov əlavə edir.

 

«Yerli üzümü uzun müddət saxlamaq mümükün olmur»

 

Bunu da Vahid Məhərrəmov deyir. Ekspertin sözlərinə görə, elə sortlar var ki, qısa müddətdə istifadə olunmalıdır. Amma məhsulu uzun müddət saxlamaq üçün ucuz soyuducu anbarlar yoxdur: "Soyuducu anbarlar, məsələn, 40-50 ton məhsulu saxlamaq üçün nəzərdə tutulub. Fermerlər isə o qədər məhsul istehsal etmir. Təsəvvür edin, 2-3 ton məhsulu saxlamaq üçün o anbarları işlətmək lazımdır. Bu isə mümkün deyil. Məhsul saxlanılması üçün fermerlərin verdiyi aylıq məbləğ anbarın bir ayda sərf etdiyi enerjinin haqqını ödəmir. Nəticədə, fermer məhsulunu tez satmağa çalışır», - Məhərrəmov söyləyib.

Ekspertin fikrincə, İrandan, Türliyədən gətirilən üzümü uzun müddət saxlamaq mümkündür. Buna görə də, Azərbaycanda yeni sortların yetişdirilməsinə ehtiyac var. Bundan əlavə, Azərbaycanda sort müxtəlifliyi var. Yığım zamanı bu nəzərə alınmalıdır. Amma bizdə bunu nəzərə alan yoxdur.


Fermerlər bilməlidirlər ki…

 

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov da yeni üzümlüklərin salınması zamanı bir çox nüansların nəzərə alınmasının vacibliyindən söz açır. «Yeni üzümlüklərin salınması zamanı torpaqların düzgün seçilməsinə, üzüm sortlarının ərazinin torpaq-iqlim şəraitinə uyğun olub-olmamasına diqqət yetirmək lazımdır. Üzüm bağları salınarkən əkin materialının keyfiyyətini yoxlamaq lazımdir», - direktor deyir.


Məhsul artır, amma ixrac zəifləyib

 

Tariyel Pənahovun sözlərinə görə, ölkədə üzümçülüyün inkişafı üçün hər cür şərait var. «Üzümçülük və şərabçılığı yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün «2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı» qəbul olunub. Dövlət Proqramında üzüm bağlarının salınması, yerli üzüm sortlarının artırılması və digər müddəalar əksini tapıb. Bu proqram üzümçülüyün inkişaf mərhələsini göstərir».

T.Pənahov institutda yeni sortların yetişdirildiyini də deyib. «Bizim institutda təcrübə təsərrüfatı var, mütəxəssislərimiz xarici ölkələrdə kurs keçiblər. Yerli üzüm sortlarının artırılması üçün elmi əsaslarla iş aparılmalıdır. Bunun üçün institutda yetərli qədər imkanlar var. 2 minə yaxın ting, 40-dan çox üzüm sortumuz var. İnstitumuz dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq edir», - direktor söyləyib.

İnstitutda «Şirvan Şah», «Mədrəsə» və digər bu kimi ənənəvi sortların bərpası üçün iş aparılır.


Azərbaycan Çinə, Yaponiyaya və Amerikaya məhsul satır

 

Üzümçülüyün inkişafı birbaşa şərabçılıqla bağlıdır. Yerli şərab zavodları xammal kimi yerli məhsuldan istifadə edir. Çoxları, elə T.Pənahov da yerli konyak və şərabların keyfiyyət baxımından digər ölkələrin məhsulundan geri qalmadığını düşünür. Hətta şərab məhsulları üzümdən 2 dəfə çox gəlir gətirir. Amma təbii ki, müəyyən problemlər də var. Məsələn, məhsulların ixracında problemlər yaşanır. İnstitut direktoru deyir ki, bu məhsulu alan ölkələrin iqtisadiyyatı ilə bağlıdır. Yəni həmin ölkələrdə alıcılıq qabiliyyəti azalıb. «Daha əvvəlki kimi məhsul ala bilmirlər. Ona görə də, üzümün yeni alıcıları müəyyənləşdirilir. Azərbaycan indiyədək Polşa və Almaniyaya məhsul satırdı. Fransa, Çin, Amerika, Yaponiya, Vyetnama da məhsul satılacaq. Çalışacağıq ki, məhsullar Azərbaycanın öz brendi altında satılsın. Azərbaycan şərabı öz keyfiyyətinə görə digər məhsullardan geri qalmır. Bu şərabların tanıdılması üçün tədbirlər həyata keçirilməlidir», - Pənahov şərh edib.


Yenə də problemlər…

 

Vahid Məhərrəmov deyir ki, üzümçülərin problemlərinin biri də suvarma ilə bağlıdır. Bundan başqa, mineral gübrələrin keyfiyyəti məsələsi, ərazilərin ziyanvericilərdən təmizlənməsi üçün fermerlərin dərmanla təminatı da zaman-zaman çətinliklər yaradır.

İqtisadçı Nübar Seyidova isə bildirir ki, üzümçülərin problemlərinin biri də təsərrüfatlarının inkişafı üçün güzəştli kredit ala bilməmələri ilə bağlıdır. «Fermerlərə güzəştli şərtlərlə uzunmüddətli kreditlər verilməlidir. Onların bazara çıxmasına vasitəçi olmaq lazımdır. Doğrudur, bazar iqtisadiyyatında məhsulun satışı dövlətin üzərinə qoyula bilməz. Dövlət yalnız yanacaq, gübrə, texnikada güzəştlər edir. Amma bu sahənin yenidən dirçəldilməsi üçün üzümçülüklə yeni məşğul olanlara köməklik lazımdır», - iqtisadçı deyir.

Digər tərəfdən, az tutumlu soyuducu anbarların tikintisinə ehtiyac yaranıb. N.Seyidova deyir ki, 90-100 min ton tutumlu anbarların tikintisi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılıb. Bu anbarlardan yalnız iri fermer təsərrüfatları istifadə edə bilirlər. Kiçik təsərrüfatları olan fermerlər məhsullarını dəyər-dəyməzə satmağa çalışırlar.

Mütəxəssislər onu da deyirlər ki, Dövlət Proqramında üzümçülük və şərabçılığın inkişaf yolları əksini tapıb. Bircə bu proqramın icrası qalır. Nəzərdə tutulan tədbirlər həyata keçirilərsə üzümçülük nəzərdə tutulduğu kimi inkişaf etdirilsə, dövlət büdcəsinin 45 faizini üzümçülük verə bilər. Şərab, sirkə, kişmiş və daha neçə-neçə başqa məhsul hazırlayıb satmaq büdcəyə əlavə gəlirlər yanaşı həm də yeni iş yeri deməkdir. Bircə qalır problemlərin həllinə cəhd göstərmək…