vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
15:53 | 15 sentyabr 2013 | Bazar Məqaləyə 4176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Olacaqlar olacaqlar...»

Qurban YAQUBOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan öləndə mələyə çevrilmir, amma biz dünyasını dəyişənlərin haqqında yaxşı şeylər fikirləşməyə çalışırıq. Rəhmətlik Şaiq Vəliylə ilk dəfə 90-cı illərin əvvəllərində, yaddaşım aldatmırsa 1992-ci ilin havası dəyişkən fəslində - ya sonbaharıydı, ya da ilkbahar – üz-üzə gəldik. O, bir dəstə şairə qonaqlıq verirdi, başda məclisin yiyəsi statusunda əzəmətlə oturmuşdu. Mən gənc şair kimi onu diqqətlə seyr eləyir, üzünün hər mimikasını, sözünün hər çalarını qeydə almağa, əzbərləməyə çalışırdım.

Anası ölsün gənc şairin!
Ancaq o vaxtadək, yəni bu ilk qarşılaşmaya kimi Şaiqin son dərəcə istedadlı bir şair olması barədə Zahid Sarıtorpaqdan eşitmişdim. Deyəsən, Şaiq Vəli onda Rusiyada yaşayırdı, Bakıya vətən havası almağa qayıtmışdı. Sibirə işləməyə getmişdi, üstəlik, Sibir məşəqqətindən də roman da yazacaqdı. Özü belə deyirdi, ya mən Zahid Sarıtorpaqdan belə eşitmişdim, yaxşı xatırlamıram.
Yazıçının-şairin dəqiq bioqrafiyası-zadı olmur. Bu da bəlli...
Şaiqlə həmişə qəribə mehribanlıqla görüşürdük. Həmişə deyəndə ki, hərdənbir rastlaşanda. Bir dəfə qəflətən Nizami kinoteatrının yaxınında buruna-buruna gəldik, 2003, ya da 2004-cü iliydi. Mat-məəttəl qaldım.
Dedi, Rusiyadan Bakıya köçüb, dalıyca tez Zahidi soruşdu. Bizi bağlayan adam bəlkə də Zahidiydi.
***
Mən bir də Şaiq Vəli balalarını Yazıçılar Birliyinə töküb qalmağa yer, yaşamağa güc tapmadığını hamıya, bəli, artıq külli-aləmə bəyan eləyəndə sarsıldım. Bu, müdhiş durumuydu, bundan o yanası yoxuydu.
Bundan o yana içə-içə, yaza-yaza, oxuya-oxuya ölmək qalırdı. Ya da təzədən doğulmaq olardı.
Şaiq birincini elədi. Ölümünü yapdı.
***
Azərbaycanda bir teatrşünas vardı – Cabir Səfərov. Bir dəfə onunla təsadüfən redaksiyaların birində qarşılaşdıq. O, rus ədəbi mühiti haqda bir söz dedi. Daha doğrusu, Qorki adına Ədəbiyyat İnstitutunun bitirən azərbaycanlı şairlər barədə. Dedi, onları araq qırır, yəni Moskvadakı Ədəbiyyat İnstitutunda oxuyan istedadlı azərbaycanlı şairləri rus arağı sıradan çıxarır.
Sonra Əli Kərimi, İsgəndər Coşqunu misal gətirdi.
Şaiq də “Qorki”ni bitirmişdi. Mənə elə gəlir, onu da elə “Qorki” bitirdi.
İnsan yolunu, həyat tərzini, vərdişlərini dəyişməyi bacarmalıdı. Yoxsa onu bədəni cəzalandırır. Bunu anlamaq lazımdı! Bəzən adamın taleyini məhz cismi müəyyənləşdirir. Bunu da nəzərə almaq zorundayıq...
Bu adama tale, çərxi-fələk, Yaradan neçə kərə xəbərdarlıq eləyibmiş. Şaiqin “Gündəlik Teleqraf” qəzetinə danışan qardaş-bacılarının sözündən, dediyindən belə çıxır. İki cavan oğlu dünyadan köçüb, birinci arvadı evi satıb-soyub, qaçıb Fransaya.
Əminəm ki, Şaiq özü dəyişsəydi, taleyi də dəyişəcəkdi. Canını gözləsəydi, bədəni dartıb onu taleyin bataqlığından çıxaracaqdı.
Üç balanı alkoqolik arvadın öhdəsinə buraxıb ölmək olmazdı, dostum-qardaşım.
***
Şaiq Vəli artıq hamilə olan rus qadını özüylə Azərbaycana gətirməsini bacılarına belə izah eləyibmiş: “Dedik, ay qardaş, özünə layiq arvad alıb gətirə bilmirdin? Dedi, bacı, Moskvada bir gün yuxuda gördüm ki, Ülvi (vəfat eləmiş oğlu-Q.Y.) yapışıb ayaqlarımdan, deyir ata, mənəm ey, gəlmişəm. Rus qızı da hamiləydi məndən, atıb gələ bilmədim”.
O dünyadan soraq alan dirilər bu dünyada bir az ehtiyatlı olsunlar gərək...
İndi o dünyadan balalarına baxa bilirsənmi bəs? Balalarından muğayat olmağı bacarırsanmı, Şaiq Vəli?
***
Axırda vərəmlədi. Hər mərəzi insan halıyla əlaqələndirən mistiklər deyir ki, vərəm – qüssədən əmələ gəlir.
Sonuncu dəfə Şaiq Vəliylə 2010-cu ildə bir məclisdə olduq. Onda bu məşhur şeirini öz dilindən eşitdim:
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Onda hələ ümid vardı. Hələ bu dünyada qalmaq olardı. Amma o, cəmi 3 il qala bildi.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)