vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜSAHİB  
11:07 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 2970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əgər jurnalistika obyektivdirsə, …»

Vüsalə Mahirqızı: «Media ilə sosial şəbəkələrin çox ciddi əməkdaşlıq etməsi artıq qaçılmazdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün «Azəri-Press» İnformasiya Agentliyi (APA) 12 yaşını qeyd edir. Bu münasibətlə «APA Holdinq»in prezidenti Vüsalə Mahirqızının «Trend» informasiya Agentliyinə müsahibəsini təqdim edirik.

- Sizcə, müasir Azərbaycan mətbuatının əsas uğurları və problemləri hansılardır?

- Hesab edirəm ki, bu gün mətbuatımızın kifayət qədər azad internet müstəvisində inkişaf etməsi yaxşı tendensiyadır. Demək olar ki, Azərbaycanda bütün internet resursları yaradılıb, çoxlu sayda aktiv internet istifadəçiləri var, xəbər portalları, informasiya agentlikləri, internet televiziyaları fəaliyyət göstərir. Son statistikaya görə, ölkədə 40-dan çox informasiya agentliyi, 15 internet televiziya və 300-dən artıq aktiv xəbər portalı fəaliyyət göstərir, o cümlədən ölkəmizin bütün regionlarında televiziyalar fəaliyyət göstərir, beynəlxalq müstəviyə çıxan media qurumlarımız var. Bütün bunlar Azərbaycan mətbuatının uğurudur. Ölkə mediasında artıq xarici dilli jurnalistlərin, strukturlaşmış, oturuşmuş media qurumlarının sayı artır. Xüsusilə öz sahəmizlə bağlı deyə bilərəm ki, internet mediada artıq maddi-texniki bazanın yaranması, zənginləşməsi prosesi uğurla gedir. Misal üçün, əgər bir müddət əvvəl bizim internet resurlarımız adi haker hücumlarına dözə bilmirdilərsə, artıq bu gün böyük hücumların qarşısında tab gətirə, böyük proseslərdə fasiləsiz çalışa bilirlər. Bütün bunların hamısı müsbət amillərdir.

Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Əlbəttə, reklam bazarının formalaşması və artması istiqamətində ciddi problemlərimiz var. Hesab edirəm ki, internet resurslarının bu istiqamətdə birgə müzakirələr aparmasına, dünyada yeni trendlərdən istifadə edərək öz tendensiyalarımızı formalaşdırmağa, internet medianın reklamvericilərə daha cəlbedici olması üçün iş aparmağımıza ehtiyac var. Təbii ki, xarici dilli media qurumlarımızın çoxalmasına da ehtiyac var.

Bu gün mediamızın bir sıra problemləri var, amma mən çox nikbinəm, çünki dünyada hazırda inkişaf tendensiyasında olan media vasitəsi internet mediadır. Eyni zamanda internet özü həmin media qurumlarına təkcə xəbər şirkətləri kimi yox, həm də internet biznes layihələri kimi fəaliyyət göstərmək imkanları yaradır. Hesab edirəm ki, biz bunlardan da yararlanaraq işlərimizi inkişaf etdirə biləcəyik.

 

- Bu gün Azərbaycan jurnalistikasının cəmiyyətdə nüfuzunu qənaətbəxş hesab etmək olarmı?

- Əgər jurnalistika obyektivdirsə, müəyyən problemləri qabarda bilirsə və müxtəlif məsələlərə təsir göstərə bilirsə, əlbəttə ki, nüfuzu da olacaq. Bu gün çox təəssüf ki, jurnalist adından sui-istifadə edənlər var, onların sayı çoxdur, böyük bir kütlədir. Bu da cəmiyyətdə jurnalistlərə qarşı bir nüfuzdan salma görüntüsü yaradır. Bəzi insanlar da bundan sui-istifadə edirlər. Əslində belələri ağla qaranın fərqini çox yaxşı bilirlər, amma özlərinə sərf edəndə hamını o kateqoriyaya daxil edirlər. Lakin düşünürəm ki, cəmiyyətin böyük hissəsi ayrı-ayrı qurumlarla, jurnalistlərlə bağlı çox yaxşı məlumatlıdır, jurnalistikanın hansı nüfuz dairəsinə məxsus olduğunu bilir. Son vaxtlar isə internet medianın nüfuzu kifayət qədər artıb. Belə ki, son zamanlar cəmiyyətimizdə müzakirə olunan və müsbət həllini tapan məsələlərin hamısını media qabardıb. Medianın qaldırdığı məsələlər cəmiyyət tərəfindən, dövlət strukturları tərəfindən, ayrı-ayrı institutlar tərəfindən nə qədər çox həllini taparsa, medianın da nüfuzu o qədər yüksələr. İstənilən cəmiyyətdə medianın nüfuzlu olması həmin cəmiyyət üçün, həmin ölkənin idarəetməsi üçün asanlaşdırıcı vasitələrdən biridir. Çünki media bütün hallarda cəmiyyətin idarə olunmasında əsas köməkçi vasitədir.

 

- Bəs sosial şəbəkələr internet mediaya rəqib ola bilərmi? Ümumiyyətlə, bu iki sahə arasında fərqi nədə görürsünüz?

- Mən buna rəqabət deməzdim. Çünki sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir. Lakin media ilə sosial şəbəkələrin çox ciddi əməkdaşlıq etməsi artıq qaçılmazdır. «Media sosial şəbəkələrə uduzur» fikri ilə razı deyiləm. Çünki medianın yayılma arealı, nüfuzetmə dərəcəsi, hadisələrə münasibəti sosial şəbəkələrlə eyni ola bilməz. Sosial şəbəkələrdə olan hər şey subyektivdir, amma medianın o subyektiv xammalı götürüb obyektiv işləmək və obyektiv bir xəbərə çevirmək imkanı var. Bu imkan hələ də medianın əlində qalır və qalacaq.

Media cəmiyyətlə dövlət arasında bir körpüdür. Sosial şəbəkələrin isə belə funksiyası yoxdur. Çünki sosial şəbəkələr cəmiyyətin virtual formasıdır. Medianın dövlətlə, digər institutlarla cəmiyyət arasında körpü olma funksiyası daşıyır. Sadəcə olaraq, bu körpü funksiyasını uğurla yerinə yetirmək lazımdır. Çox təəssüf ki, bu gün bizim bir çox saytlarımız sosial şəbəkələrdə nə varsa, eynilə yayırlar. Belə saytların sosial şəbəkələrdən fərqi yoxdur. Sosial şəbəkələr bizə daha çox insana, daha çox istifadəçiyə çatmaq imkanı verir. Amma bütün hallarda subyektivdir. Buna görə də sosial şəbəkələrin nə zamansa medianın yerini tutacağını düşünmürəm. Bu, sadəcə mediaya çox yaxşı bir dəstəkdir.

 

- Bu gün belə fikirlər var ki, çap mediası, demək olar, nüfuzunu itirib. Siz necə hesab edirsiniz?

- Əslində qəzetin qalmasının tərəfdarıyam. Bəlkə də qəzetçilikdən gəldiyim üçün belə düşünürəm. Amma qəzet tarixdir. Lakin internet mediada texniki nasazlıq baş verəndə hər şey məhv olub gedir. Qəzet isə yazılı arxivdir. Bu gün internet mediadan istənilən məlumatı silmək olar. Amma qəzetdə bunu etmək qeyri-mümkündür. Qəzet yaxşı bir ənənədir, sadəcə olaraq, düşünürəm ki, dünyada media öz fəaliyyətində yeniliklər edirsə, Azərbaycan mətbuatı da öz imkanları daxilində bu yeniliklərə getməlidir. Əminəm ki, bizim çox istedadlı qəzet baş redaktorlarımız var. Təbii ki, onlar dünyada gedən trendləri izləyirlər. Burada bir az maliyyə məsələsi də rol oynayır. Hesab edirəm ki, araşdırmaçılıqla məşğul olan, yeni mövzular ortaya çıxaran qəzetlər hələ yaşamalıdır.

 

- Məlumdur ki, Azərbaycanda çap mediasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Sizcə, internet mediaya da dövlət dəstəyinin göstərilməsinə ehtiyac varmı?

- Əlbəttə, dəstək göstərilsə, yaxşı olar. Amma düşünürəm ki, dövlətin mediaya yardım etmək kimi bir borcu, öhdəliyi yoxdur. Sadəcə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və çap mediasına bu dəstəyin göstərilməsi cənab Prezidentin bir humanizmi, mediaya olan diqqətidir.

Dövlət medianın inkişafı üçün şərait yaradıb. İnternet azaddır, ölkədə fəaliyyət göstərmək üçün heç bir problem yoxdur, internet media qurumlarının reklam alması üçün heç bir qadağa yoxdur. Mən dövlətdən əlavə köməyin olmasının ona görə tərəfdarıyam ki, internet medianın maddi-texniki bazasının yaradılması vacibdir. Çünki internet medianın maddi-texniki bazasının yaradılması həm də ölkənin milli təhlükəsizlik məsələsidir. Bizim ciddi server ehtiyatlarımızın olması vacibdir. Çünki biz başqa bir ölkə ilə müharibə vəziyyətindəyik. Tez-tez cəbhə bölgələrində insidentlər olur və çox təəssüf ki, həmin insidentlər zamanı düşmən tərəfin istifadə etdiyi silahlardan biri də kiberhücumlardır. Onlar bu hücumlar vasitəsilə bizim media qurumlarımızı və dünyaya çıxışımızı əngəlləmək istəyirlər.

Biz öz imkanlarımız hesabına çox böyük bir hissəni keçib gəlmişik. Böyük media qurumlarının maddi-texniki bazası formalaşıb. Amma informasiya texnologiyalarında hər gün bir yenilik olur. Mən dövlətdən daha çox bu istiqamətdə köməyi xahiş edərdim. Amma yenə də təkrar edirəm ki, dövlətin mediaya yardım etmək öhdəliyi yoxdur. Dövlət öz üzərinə düşəni edib, bizim üçün şərait yaradıb.

 

- APA yaranan zaman qarşıya qoyulan məqsədlərə nail oldunuzmu?

- Hesab edirəm ki, böyük əksəriyyətinə nail olunub. Tam nail olunduğunu deyə bilmərəm, çünki missiyası bitən qurumlar, adətən, məhvə məhkum olurlar. Düşünürəm ki, APA qarşısına qoyduğu məqsədlərin böyük bir hissəsinə nail oldu. Biz Cənubi Qafqazda və MDB-də kifayət qədər tanınmış bir agentliyik. Dünyanın aparıcı media qurumları bizə istinad edirlər, müxtəlif ölkələrin media qurumları ilə yaxşı əməkdaşlığımız var. Ölkənin tanınmış xəbər istehsalçılarından biriyik. Amma fikrimcə, APA daha çox analitik agentlik kimi fəaliyyət göstərməlidir. Bizim qarşıdakı hədəflərimizdən biri budur. Daha çox yerlərdə filial açmaq və daha çox dillərdə fəaliyyət göstərmək hədəflərimiz də var.