vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜSAHİB  
11:54 | 10 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aprel döyüşlərindən sonra bizə olan münasibət dəyişdi»

Bədrəddin Quliyev: «Azərbaycana idxal olunan malların hamısı qanuni olmalıdır»

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

VAXT.AZ Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevlə müsahibəni təqdim edirik.

- 2016-cı il başa çatıb, artıq yeni 2017-ci ilin ilk ayını yaşayırıq. 2016-cı il yaddaşlarda necə qalacaq?

- 2016-cı ildə qürur verici hadisə kimi aprel döyüşlərini qeyd edə bilərik. Bu döyüşlərdən sonra ordumuz öz sözünü dedi, yüksək əhval-ruhiyyə yarandı. Ordumuz ermənilərin arxasında duran bütün mərkəzlərə göstərdi ki, Azərbaycan ayaq üstədir, döyüşür. Apreldə 20 ildən çox erməni tərəfinin qurduğu istehkam-müdafiə sistemini dağıtdı. Həmçinin Azərbaycanın hərbi sənayesi inkişaf edir. Azərbaycan-Türkiyə, Azərbaycan-Pakıstan, Azərbaycan-İsrail hərbi müttəfiqliyi inkişaf edir. Fikrimcə, aprel döyüşlərindən sonra bizə münasibət dəyişdi. Həmçinin2016-cı ildə MTN əməliyyatı, Beynəlxalq Bank əməliyyatı keçirildi. Bildiyiniz kimi Beynəlxalq Bankın aktivlərinin müəyyən hissəsinin ölkədən kənara çıxarıldığı bəlli oldu. 2016-cı il Azərbaycanın iqtisadi baxımdan çöküşünün başlanğıcı oldu. Sözsüz ki, 2015-ci ildə devalvasiya prosesi getdi, əhali bundan ziyan çəkdi.2016-cı ilin fevralında da devalvasiya oldu, sonra yenidən devalvasiya baş verdi, indi üçüncü devalvasiya ərəfəsindəyik. İnsanlar narahatçılıq içindədir, bir çox hallarda iş yerləri bağlanır. Vaxt vardı bizim büdcəmiz 24 milyard manat idi, indi isə 16,6 milyard manat civarındadır. Yəni büdcədə kiçilmə var, insanların alıcılıq qabiliyyəti zəifdir. Faktiki olaraq 2016-cı ildə yaranan durumdan 2017-ci ildən çıxış yolları axtarılmalıdır. Yeni bir dövrə, yeni bir sistemə biz çətinliklərlə gedirik. Başa vurduğumuz il həm də elektrik enerjisi və mavi yanacağın qiyməti qalxdı. Prezidentin özü də təbəqələşmə haqda danışdı, müəyyən fikirlər işlətdi. Söhbət yüksək, orta, aşağı təbəqədən gedir. Bizim cəmiyyətdə təbəqələşmə gedib. Fikrimcə, vətəndaşların gəlir mənbələri baxımından, yaşam tərzi baxımından Azərbaycanda sosial ədalət prinsipləri bir qədər kənarda qalacaq, gələcəkdə vəhşi kapitalizm sisteminin işartılarını görəcəyik. Yaşayış getdikcə çətinləşəcək. Həmçinin ölkədə 43 bank var idi, indi 33-ü qalır. Bu bankların da 13-nün lisenziyası ləğv edilib, bəzilərinin vəziyyəti ağırdır. Demək istəyirəm ki, maliyyə sisteminin özün də bir narahatçılıq var. Orta təbəqə ilə bağlı normal maliyyə və vergi sistemi oturuşmadığına görə, durum yaxşı deyil. Orta təbəqənin pulunu yığandan sonra bəyan olundu ki, vergi amnistiyasına gedirik. Biz əvvəllər də qeyd etmişdik ki, maliyyə amnistiyası olmalıdır. Sanki hakimiyyət içində hansısa bir əl idxalı azaldıb hər şeyi öz əlinə keçirmək istəyir. 2016-cı ildə referendum keçirildi. Biz arzu edirdik ki, Azərbaycan demokratik imicini gücləndirmək məqsədilə parlamentli respublika üsulunu seçsin. Ancaq biz prezidentlik üsul-idarəsinə keçdik, vitse-prezidentlər institutu tətbiq ediləcək. Fakt odur ki, regionda yaranan indiki durum, gələcəkdə siyasi, iqtisadi və hərbi baxımdan keçid dövrü üçün Azərbaycanın mərkəzləşmiş hakimiyyətinin formalaşdırılması məsələsi önə çıxdı. Amma nəzərə alın ki, həm də Azərbaycanın imici məsələsi var. Demokratik baxımından güclü imic olmalı, demokratik proseslər irəliləməli, şəffaf cəmiyyət qurulmalıdır, bu prosesdə hər bir vətəndaş iştirak etməli, qanunun aliliyi qorunmalıdır.


- Çıxış yolları sizcə, nədən ibarətdir?

- Biz vəziyyətdən çıxış yolu ilə bağlı təkliflər verdik. Eləcə də ayrı-ayrı mütəxəssislər müəyyən təkliflər irəli sürdü. Bildiyiniz kimi iqtisadiyyatla bağlı Yol Xəritəsi də hazırlandı. Məncə, bu daha çox maliyyə-pul imkanları güclü olduğu illərdə nəzərə alınmalı, bu tədbirlər görülməli idi. Həmçinin reallıqları nəzərə almaq lazım idi. Biz dünya bazarına brend markalarla çıxmalı idik. Amma bu dövrü artıq qaçırmışıq. Bizə yenidən 5-10 il vaxt lazımdır ki, bu bazarlara girək, rəqabətdə udaq və s. Ölkə daxilində belə normal rəqabət mühiti yoxdur. Bir daha qeyd edirəm ki, biz əl-ələ verərək ölkədə normal vergi qayda-qanunu yaratmalıyıq.


- Konkret nəyə nəzərdə tutursunuz?

- Azərbaycana idxal olunan malların hamısı qanuni olmalıdır. Yəni qanuni müqavilələr bağlanmalı, qanuni satış həyata keçirilməlidir. Təsəvvür edin ki, topdansatış mərkəzində qanuni satış yoxdur. İkincisi, market şəbəkələrində mal gətirirlər, amma heç kimə faktura verilmir. Yanvarın 1-də aksiz markalı məhsulları, məsələn spirtli içkiləri kartla satmaq istəyirlər. Onda siqareti də edin kartla. Deyirlər ki, Vergi Məcəlləsində 200-dən çox dəyişiklik edilib. Çox gözəl, əgər elektron vergi hesabatına keçirilirsə, elektron qaimə fakturalardan yazılırsa, bu zaman qanuni fakturalar verilməlidir. Topdansatış mərkəzlərində əlavə dəyər vergisi, elektron qaimə yazılmalıdır. Hər kəs də ölkəyə gətirdiyi məhsulun qaiməsini, fakturasını, gömrük bəyannaməsini göstərməlidir. Ancaq bunlar topdansatış mərkəzlərində yoxdur. Mənim təsəvvürümə görə, vergidən milyardlarla pullar yayınır. Əgər bazarda qayda-qanun yaratmaq istəyirlərsə, mən şəxsən dövlətə dəstək verməyə hazıram. Biz mühüm istiqamətlərdə ciddi sistem quraraq vəziyyətdən çıxa bilərik. Əlbəttə, həm də yeni kadrlar lazımdır. Xalqı düşünmək lazımdır. Bütün gəlirlər ədalətli paylaşmalıdır. Donor təşkilatlar da ayrı-ayrı məmurların və oliqarxların əlində olmamalıdır. Normal sistem qurmaq, hər bir vətəndaşın bu prosesdə iştirakını istəyiriksə, çalışmalıyıq ki, azadlıqlar olsun.


- Ancaq vergi amnistiyasından əvvəl iş adamlarına ciddi maliyyə sanksiyalarıma məruz qalmışdı...

- Onsuzda aldıqlarını almışdılar. Kamerial vergi sanksiyaları tətbiq edilmişdi. Ortada 626 milyon manat civarında sanksiyalar var ki, ödənməlidir. Belə götürəndə ümum daxili məhsulun həcminə uyğun olaraq dövriyyədə 30 milyard manat pul kütləsi varsa, bunlar götürüb onun 0,5 faiz qədər sanksiyalar tətbiq etmişdi. Belə olmaz. Ölkədə bütün işləri aparmaq üçün maliyyə amnistiyası olmalıdır. Həm də yuxarı eşelonda təmsil olunan, dövlətin rıçaqlarından istifadə edənlər pullarını ortaya qoysalar böyük maliyyə demək olardı. Məncə, yeri gələndə yenidən milliləşməyə getmək lazımdır. Kənardan mallar gəlir, ofşor hesablara köçürmələr olur. Bunun hesabını kim verir? Və ya Çin pul köçürmələri deyilən bir sistem var. Burada pulu verirsən onlara, Çində həmin pulu götürürsən. Bunu bilmirlər? Bir çoxları üçün də bu gəlir mənbələri olduğu üçün danışmırlar. Mənim sözüm odur ki, qanuni müqavilə bağlansa, qanuni pul köçürülsə, gömrükdə də ziddiyyətlər ortaya çıxmaz. Qanuni mal rəsmiləşdirilirsə, onun qanunu alqı-satqısı olur, vergi ödənişi məsələsində problemlər yaranmır. Və ən nəhayətdə bu gəlirlər büdcəyə axır. Məncə, bunları etmək üçün istək lazımdır. Normal rəqabət mühiti olmalıdır. Amma qiymətləri qaldırıblar, özləri də nə istəyirsə idxal edirlər.


- Daxili tələbatın ödənməsi məsələsində də problemlər var. Ölkə faktiki olaraq daxili tələbatını ödəyə bilirmi?

- Biz daxili tələbatımızın 45-50 faiz ödəyirik. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl demişdim ki, idxal edilən bəzi məhsulların gömrük rüsumlarına cəlb edilməsi yanlış addımdır. Artıq həmin məhsulların çoxu faktiki olaraq əlavə dəyər vergisindən azad edildi. Elə məhsullar var ki, mövsümü şəraitə uyğun olaraq ödəyə bilirik, amma mövsümdə 2-3 ay çəkir. Mövsüm başa çatdısa, kənar ölkələrə baxırıq. Əlavə olaraq idxal olunan ərzaq mallarının qiyməti qalxır. Bir çox qüvvələr də bundan istifadə edir. Mən daima deyirəm ki, ölkə daxilində keyfiyyətsiz mallar istehsal edirlər. Götürək meyvələri. Tərəvəzi saxlamaq üçün o qədər kimyəvi mal vurublar ki, sanki almanın üzərinə şam vurmusan. Söhbət yerli almadan gedir. Ölkəyə gətirilən dərman preparatlarından tutmuş ərzaq mallarına qədər daxili bazara uyğun olaraq tərkibi dəyişdirilib. Məsələn, kərə yağının keyfiyyəti, yağlılığı aşağı salınır. O cümlədən dərman məhsullarında. Bəzən dərman alırsan, amma görürsən ki, heç bir təsiri yoxdur. Belə şeylər olmamalıdır. Məncə, bu məsələlər komplekt həll edilməlidir. Bunun üçün lazımdırsa yeni qüvvələrdən istifadə edilməlidir. Dövlətin maliyyə dəstəyi ilə minlərlə tələbə xaricdə ali təhsil alıb. Və ya Asan Xidmət. Asan Xidmətinin kadrlarından istifadə etmək olar və s. Sistem oturuşmalıdır. Qarşıdan bizi hərbi, siyasi, iqtisadi baxımdan gərgin ab-hava gözləyir. Xalqı, dövləti sevən, bu işləri təmənnasız görən şəxslər lazımdır. Biz həmrəy olmalıyıq, qarşıdurmaya getməməliyik. 50 milyonluq azərbaycanlının bir dövləti var - Azərbaycan Respublikası. Biz nə qədər güclü olsaq, qanunun aliliyini qoruya bilsək, bir o qədər nümunə ola bilərik.