vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
PARTİYALAR  
09:22 | 20 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərimək»də davam edəcək

EL Hərəkatı MŞ-dan çıxmanın məxməri variantını seçib; Sülhəddin Əkbərin partiyasının da gedəcəyi gözlənilir...

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Şuranın ötən həftə keçirilən sessiyasını qurumun rəhbərliyinə daxil olan bəzi şəxslər bütün problemlərin yoluna qoyulduğu sessiya kimi təqdim edirlər. Bildirirlər ki, son sessiyada Milli Şura ağır bir mərhələdən keçdi və təşkilatlanma məsələsində, qurumun fəaliyyətinə baxışda qurum üzvləri konsensusa gələ bildilər. Qurum daxilində hər hansı böhranın yaşana bilməsi kimi bir məqamın arxada qaldığını iddia edirlər.

Reallıq isə heç də deyildiyi kimi nikbin sayıla bilməz, problemlər həll edilməyib. Baş verənləri və prosesin gedişini təhlil etdikdə qurumdakı böhranın dərinləşəcəyinə şübhə yeri qalmır. 
Belə ki, El Hərəkatının Milli Şurada olan üzvlərinin faktiki olaraq yarısı artıq Milli Şuranı rəsmən tərk ediblər. Adı Milli Şuranın siyahısında qalan və hələlik istefa bəyanatını elan etməyənlər isə bir nəfər istisna olmaqla Milli Şuranın formal üzvləri sayıla bilərlər. El Hərəkatı faktiki olaraq formal şəkildə Milli Şurada qalır. Onun, demək olar ki, bircə nəfər üzvünün qurumda varlığı hiss edilir. Eldəniz Quliyev yeganə EL üzvüdür ki, Milli Şuranın qalmasının vacibliyini qəti şəkildə bəyan edir. Onun digər həmkarlarından başqa heç kim özünü Milli Şura fanatı kimi göstərmir, çıxanlar çıxıb, qalan bir neçə nəfər isə məsafə saxlamaq taktikası seçiblər. 
Bunu başda El Hərəkatının sədri Eldar Namazovun timsalında görürük. Milli Şuranın yaranmasında əsas iştirakçılardan olan və seçkilərə qədər qurumun İcra Aparatının rəhbəri olmuş Eldar Namazovun Milli Şura üzvlüyü hazırda birmənalı şəkildə formal adlandırıla bilər. 
Eldar Namazov son sessiyada yaradılan Koordinasiya Şurasına namizədlikdən imtina etdi. O, addımını rəhbərlik etdiyi El Hərəkatının işinə daha çox diqqət ayırmaq planının olması ilə əsaslandırıb. Lakin bəllidir ki, Namazov da Milli Şuradakı idarəçilikdən, qurumun bir partiyanın monopoliyasına keçməsindən narazıdır. Ona görə də haqlı olaraq kənarda dayanmağı üstün tutur.    
E.Namazovun Müsavatdan bir qədər fərqli taktika yürütdüyü də sezilməkdədir. Belə ki, El Hərəkatı Müsavat kimi konkret qərar və bəyanatla bütün üzvlərinin Milli Şuradan çıxdığını bəyan etmir. EL-in Milli Şuradakı üzvləri bir-bir, fərdi şəkildə özləri Milli Şuradan istefa verdiklərini elan edirlər. Belə davam etsə, qısa zamanda Milli Şurada uzağı bir nəfər El üzvü qalacaq. Eldar Namazov da rəhbərlik etdiyi qurumun təmsilçilərinin Milli Şuradan tədricən «buxarlanması»nı həmin şəxslərin öz qərarları adlandırır. Bu taktika ilə o, həm Cəmil Həsənli və dostu Rüstəm İbrahimbəyovla münasibətləri qorumağa çalışır, həm də Milli Şuradakı məlum qaraguruhun Müsavata qarşı kampaniyasının El-ə də yönəlməsini mümkün qədər neytrallaşdırır.
Eldar Namazovun Milli Şura ilə bağlı son bəyanatında yuxarıda qeyd etdiyimiz taktikanı seçdiyi təsdiqlənir: «Milli Şuranın fərdi iştirak prinsipi əsasında yaradılmış Nizamnaməsi, həm də El Hərəkatı daxilində işin demokratik prinsiplər baxımından qurulduğunu nəzərə alaraq, qurumun tərkibindən çıxmaq və ya orada iştirakı davam etdirmək barədə kollektiv qərar vermək düzgün deyil. Çıxmaq barədə qərarın verilib-verilməməsi hər kəsin özünün, fərdi qaydada qəbul etməli olduğu qərardır. Milli Şuranın yaradılması anons ediləndən ötən ilin sentyabrına kimi, 8 ay ərzində Milli Şuranın yaradılması və təşəkkülü üzrə təşkilatı və koordinasiya işlərini mən aparmışam. Amma ötən il eyni diqqəti və səyləri EL-ə qarşı göstərmək mümkün olmadı və bu da hərəkatın inkişafına mənfi təsir göstərdi. Odur ki, növbəti dövrdə mən əsas diqqəti hərəkatın fəaliyyətinə yönəltmək niyyətindəyəm. Çünki bu il hərəkat öz birinci qurultayını keçirməli, təşkilati quruculuq üzrə işlərini başa vurmalıdır. Bu məsələ ilə bağlı yekun qərarı yaxın gələcəkdə qəbul edəcəyəm».
E.Namazovun sonuncu cümləsi Milli Şuranın üzvlüyündən fərdi olaraq çıxmaq barədə qərarını elan edəcəyinin anonsu da hesab edilə bilər. 
Milli Şurada qalacağı hələ sual altında olan təşkilatlardan biri də Sülhəddin Əkbərin rəhbərlik etdiyi keçmiş Açıq Cəmiyyət, yeni Azad Demokratlar Partiyasıdır. S.Əkbər ötən həftə keçirilən sessiyadan iki gün öncə bəyan etmişdi ki, onun Milli Şura və Şuranın idarəçiliyi ilə bağlı hazırladığı təkliflər paketi var. Bildirmişdi ki, həmin təkliflər paketini sessiyada təqdim edəcək, qəbul olunmasa, Milli Şurada qalıb-qalmamaq məsələsi gündəmə gələcək. Sessiya keçirildi və Sülhəddin Əkbər yeni yaradılan idarəetmə orqanında - Koordinasiya Şurasında təmsilçilikdən imtina etdi. S.Əkbər imtinasını partiyasında quruculuq işlərinin çoxluğu və vaxtının bu işə sərf olunduğu ilə əsaslandırsa da bu addımı onun da Milli Şuradan məsafə saxlamaq yolunu seçməsi kimi qəbul edilə bilər. S.Əkbərin partiyasının daxilində Milli Şuradan hansı şəkildə ayrılmağın müzakirə edildiyi haqda da məlumatlar yayılıb.