vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
RƏY, REPLİKA  
16:35 | 17 mart 2019 | Bazar Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəli baxmağın zamanıdır

İslahatlara dəstək vermək, sabitliyi qorumaq, gələcəyin, inkişafın yanında olmaq lazımdır

Elçin MİRZƏBƏYLİ

Bütün dini kitablarda Tanrı insanlara bağışlamağı əmr edir. “Qurani Kərim”də “Əraf surəsi”nin 199-cu ayəsində “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər”, - deyə buyrulur.

Bibliyada “Bir-birinizə qarşı xeyirxah və mərhəmətli olun, bir-birinizi bağışlayın. Tanrının mərhəməti sərhədsiz olduğu kimi bizim bəxş etdiyimiz əfvin də sərhədi olmamalıdır” deyilir.

Bağışlamaq, əfv etmək bütün dinləri birləşdirən ortaq nöqtədir. Çünki nütfəsində yalnız İSLAM, yaxud xristian, iudizm və ya buddizm fəlsəfəsi deyil, İNSAN əxlaqı dayanır! Tanrının insana, insanın da Tanrıya olan sevgisi mərhəmətdən başlayır. Bu ƏBDin (kölənin) ƏBƏDİ olana zorən bağlılığı deyil, yaratdığına azadlıq verə biləcək qədər böyük olan YARADANla bu azadlığın sərhədlərinə əxlaqından sipər çəkməyi bacaranların bağlılığıdır.

 

* * *

 

Bu yazını qələmə almazdan öncə sevdiyim dövlət xadimlərinin, filosof və yazıçıların deyimlərinə yenidən nəzər saldım. Hər zaman olduğu kimi həyatımın bütün dövrlərinin idealı olan Mark Avrelidən başladım. Avreli “Özümlə üz-üzə. Düşüncələr” kitabında yazır: “Yolunu azanları, səhv edənləri sevmək və bağışlamaq yalnız böyük insanlara xas olan xüsusi keyfiyyətdir”.

Böyük alman şairi Fridrix Şillerə görə, “Bütün qələbələrin ən böyüyü bağışlamaqdır”.

Mahatma Qandi isə bağışlamaq bacarığının yalnız güclülərə xas olan bir xüsusiyyət oldunu yazır və hesab edir ki, zəiflər heç vaxt bağışlamağı bacarmırlar.

Kamyunun, Sartrın, hətta sərt xətt tərəfdarı Niçşenin belə bağışlamaq, əfv etmək bacarığı ilə bağlı çox maraqlı fikirləri var. Amma mənim ən çox bəyəndiyim və fikirlərimə körpü sala biləcək deyim böyük yazıçı, dramaturq, kultroloq, Nobel mükafatı laureatı Elias Kanettinin sözləri oldu: “Bağışlaya bilən hakimiyyət hər şeyə hakim olan hakimiyyətdir”. Mükəmməl deyimdi! Yalnız gerçək hakim güc, hakim iradə bağışlamağı, əfv etməyi bacarır.

Bu baxımdan, Azərbaycan Prezidentinin imzaladığı və 431 nəfərə şamil olunan və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının gerçək güc və iradənin növbəti təntənəsi olduğu qənaətindəyəm.

 

* * *

 

Əfv olunan şəxslərin kimliyinə xüsusi diqqət çəkməyəcəyəm. Onların adlarını artıq hər kəs bilir. Bu adların daha öncə kimin, yaxud kimlərin siyahısında və həm də hansı səbəblərdən yer aldığını da o cümlədən...

Bu hadisəyə isə yalnız humanizm nöqteyi-nəzərindən yanaşmağı da doğru hesab etmirəm. Qənaətimə görə, Azərbaycan Prezidentinin sonuncu sərəncamı daha böyük və uzaq hədəflərə hesablanan bir missiyaya xidmət edir. Bu sərəncam ölkədə həyata keçirilən genişmiqyaslı islahatların davamı, alt qatında olduqca ciddi siyasi və hüquqi islahatların anonsunu daşıyan bir addım kimi daha böyük dəyərə malikdir. Son 1 il ərzində ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan prezidentinin güclü, cəsarətli və qətiyyətli siyasi lider kimi ölkənin gələcəyinə olan baxışlarını da ortaya qoyur. Bu baxışlar dövlətçilik ənənələrinə və dövlət maraqlarına münasibətdə mühafizəkar, dövlət idarəçiliyinə münasibətdə isə islahatçıdır.

Azərbaycanda yeni bir dönəm başlayıb və proseslər o qədər sürətlə inkişaf edir ki, bəzən bir an öncə baş verənləri belə təhlil etməyə, nəticə çıxarmağa vaxt tapmırsan. Dövlət başçısının atdığı addımlar bütün proqnozları, öncəgörmələri qabaqlayır. Ölkəmizdə inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklərin ideya müəllifi də, memarı da, idarəçisi də İlham Əliyevdir.

Bəşər tarixində real hakimiyyətə malik olduğu halda dövlətini, xalqını yuxarıdan aşağıya doğru həyata keçirilən inqilabi islahatlarla inkişafa aparan dövlət başçılarının sayı bir o qədər də çox deyil.

Maraqlıdır ki, inqilabi islahatlara imza atan dövlət başçıları ilə bağlı tarix qədim türk dövlətindən – eramızdan öncə 2319–2311-ci illərdə Şumerlərin qurduğu şəhər-dövlət Laqaşdan və onun hakimi Uruinimginadan başlayır. Daha sonra sırada qanunlar məcəlləsi yaradan Vavilyon hökmdarı Hammurapi (bizim eradan əvvəl 1793-1750 illər), Misir hökmdarı Exnaton (bizim eradan əvvəl 1375-1336-cı illər), Qərbi Avropanın qurucusu, Roma imperatoru Yulu Sezar (eramızdan əvvəl 102-44-cü illər), I Pyotr və təbii ki, Mustafa Kamal Atatürk gəlir...

Yuxarıdan aşağıya həyata keçirilən inqilabi dəyişikliklər dövlətə, cəmiyyətə ziyan gətirməməklə yanaşı daha böyük əzm, iradə, konseptual yanaşma, uzaqgörənlik tələb edir. Çünki bu halda dağıdıcı bir güclə mövcud olanları sökmək, yerində hələ perspektivi bəlli olmayan nələrisə inşa etmək barədə xəyallar qurulmur. Qurucu bir iddia, yaradıcı bir cəsarətlə köhnənin ən yaxşıları bərpa edilir, modernləşdirir və daha yaxşı alternativləri yarananadək qorunub saxlanılır.

Bəzən ölkəmizin keçdiyi yola nəzər salmadan, yaxın tarixi, regionda və dünyada mövcud olan reallıqları təhlil etmədən həyata keçirilən islahatlarla bağlı “nə üçün indi” sualını verənlər də tapılır... Bu da təbii qəbul olunmalıdır. Hər kəsdən eyni düşüncəni və eyni yanaşmanı gözləmək də olmaz.

Əslində “nə üçün indi” sualının cavabı çoxluğun gözü qarşısında cərəyan edən hadisələr, müasir dövrdə Azərbaycan dövlətçiliyinin keçdiyi yol, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, ordu quruculuğu, müasir çağırışlara cavab verə biləcək təhlükəsizlik mexanizmlərinin, ölkənin iqtisadi inkişaf modelininin təməl bazasının formalaşdırılması, iqtisadi və maliyyə müstəqilliyimizi təmin edə biləcək və kənar təsirlərdən sığortalanmış mexanizmlərin yaradılmasıdır. Bütün bunlar fundamental islahatların ağrısız, ciddi cərrahiyyə müdaxiləsi olmadan həyata keçirilməsi üçün ən vacib şərtlərdir.

Azərbaycan bu günə qədər yeni, inqilabi dəyişikliklər mərhələsinə qədəm qoymaq üçün toparlanıb, bu islahatları həyata keçirə biləcək işgüzar, intellektual, az danışıb çox işləyəməyi bacaran kadr potensialını formalaşdırıb. Bu prosesin çox, yaxud az vaxt apardığı, şübhəsiz ki, müzakirə oluna bilər. Amma burada söhbət islahat xətrinə islahat aparmaqdan yox, bu prosesi davamlı edə biləcək potensialdan, insan kapitalından gedir. Bu potensialın ortaya çıxarılması isə kifayət qədər zaman tələb edən prosesdir. Əgər indi ortaya çıxıbsa, deməli toplum olaraq potensialımız buna cavab verib!

İndi irəli baxmağın zamanıdır! İslahatlara dəstək vermək, sabitliyi qorumaq, gələcəyin, inkişafın yanında olmaq lazımdır!

Tanrı Azərbaycanı qorusun!